"Geri dönmə son qələbə xəttinəcən!.."

 

ULU MƏMMƏD ARAZIN HƏR MİSRASINDA ANA VƏTƏNİN, DOĞMA XALQIN NƏBZİ DUYULUR

 

16 ildən bəri cismən aramızda deyilsə , qəlbimizdə daim yaşayan Xalq şairi Məmməd Arazın anadan olmasından 87 il ötür. Çox keşməkeşli, məşəqqətli bir həyat yaşayıb ömrünün sonunadək əyilməyən, sınmayan, haqdan dönməyən böyük insan, sözünün qüdrəti sayəsində ölməzlik qazanan əbədiyaşar şairdir Məmməd Araz.

Xalq şairinin yaradıcılığının əsas cəhəti onun torpağa bağlılığı, vətəndaşlıq qayəsi, ən başlıcası isə yüksək sənət dilində sadə danışmağı bacarması, adi hadisələri yüksək sənət dilində oxucuya çatdıra bilməsidir.

Məmməd Araz həyatı boyunca öz misilsiz yaradıcılığına görə bir çox mükafatlara, fəxri fərmanlara, ordenlərə, Xalq şairi adına layiq görülüb. Şairin öz sözlərindən belə nəticəyə gəlmək olur ki, Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafata layiq görülməsi onun üçün xüsusi əhəmiyyət kəsb edib. Buna görə Araz müsahibələrinin birində deyib: "Son illər mən bir-birinin ardınca fəxri fərmanlara, fəxri adlara mükafatlara layiq görülmüşəm. Bunun üçün əlbəttə, məni bu adlara təqdim edənlərə təltif edənlərə təşəkkürümü yetirmişəm. Ancaq hamıya məlum olan hadisələrin sadəcə mənim ürəyimdən keçdiyi üçün  Nəriman Həsənzadə demişkən, "heç bütöv sevinməmişəm". Son vaxtlar elə kövrək olmuşam ki, hər bir hadisə mənə yeddi qat təsir edir. Göz yaşımı içimdə gizlədib özümü danlayıram. Niyə sən silah götürə bilmirsən? Niyə sən yazılarınla komanda verməməliydin? Hanı sənin cəbhədə əsgər yerin? Ancaq Hacı Zeynalabdin Tağıyevin - böyük maarifçi, xeyriyyəçinin adını daşıyan Milli Mükafata layiq görüldüyümü eşidəndə kövrəkliyim tez keçdi, sevindim. Mənə elə gəldi ki, bu mükafat dünyanın bir çox nüfuzlu mükafatı ilə eyni səviyyədə dayana bilər".

Əlbəttə ki, hər sözü, hər cümləsi vətənlə başlayıb vətənlə bitən, yalnız xalqının, vətəninin gələcəyini düşünən böyük şairin milli çağırış, milli haray, milli qurtuluş, vətəndaş yolu olan şeirlərinə görə aldığı mükafatın sevinci böyük idi.

Ancaq mənə elə gəlir ki, Məmməd Araz üçün ən böyük mükafat ona elə Vətən tərəfindən verilən ali, müqəddəs mükafat idi:

 

Qol verdin boynunu qucaqlamağa,

Göyünə baxmağa göz verdin, bəsim...

Kürək söykəyənin ana torpağa

Haqqı yox ayrı bir təltif istəsin.

 

Hələ 1990-cı il hadisələri zamanı vətənimizin üzərini qara buludlar alanda Məmməd Araz səngərlərə gedir, əsgərlərlə görüşür, onlara mənəvi dayaq olurdu. "Hanı sənin cəbhədə əsgər yerin?" deyən şair onda bilmirdi ki, özü olmasa da, şeirləri illər sonra belə səngərlərdə əsgərlərə silah olacaq, xalqının dilində şüar olacaq. Məmməd Araz müstəqilliyimizin əbədiliyi keşiyində həmişə ayıq duran əsgərlərimizə müraciətlə deyirdi: "Şərəfli əsgər adını daşıyan, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacaran, hər an şəhidlik zirvəsinə qalxmağa hazır olan balalarım! Başınızın üstündə Allah, arxanızda Vətən, ayağınız altındakı müqəddəs torpaq həmişə sizinlədir!

 

Bu torpağın daşı ollam,

Bu torpağı sevmək azdı...

 

İnanıram ki, siz torpağın daşı olmağa layiq övladlarsınız, çünki Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".

Xalq şairi Məmməd Arazın istər şeirlərinə, istər yazılarına nəzər salanda görürsən ki, şairə görə vətəndaş olmağın bir neçə şərtləri var. Vətən üçün, torpaq üçün, xalq üçün lazım gələndə özünü qabağa verib, canından belə keçməyə hazır deyilsənsə, bu yurdun vətəndaşı olmağa da qadir deyilsən:

 

Bu torpağın son nəfəsi olsan belə,

Son dirisi, son əsgəri olsan belə,

Geri dönmə son qələbə xəttinəcən,

Son qələbə həddinəcən, səddinəcən.

Dönmə geri üfüqəcən...

 

Xalq şairi Məmməd Arazın illər əvvəl yazdığı "Ayağa dur Azərbaycan", "Vətən desin", "Bizi Vətən Çağırır", "Mürgüləmə", "Əsgər oğul" kimi şeirləri bu gün torpaqlarımızın azad olunması uğrunda mübarizədə qəhrəmanlıq göstərən igid oğulları, həmçinin, bütün Azərbaycan xalqını birliyə səsləyir, onlarda ruh yüksəkliyi yaradır, onlara mənəvi dayaq olur:

 

Bu səsdi, hənirdi

Vətən deyir,

O, Xocalı harayıdı,

O, Xocalı dərdidi

Vətən deyir.

Xəndəklərdə dəfn olunmuş

Əsir qoca Vətən deyir.

Əli kəsik, dili kəsik

Uşaqlar var - hələ dustaq,

Körpə dustaq, Vətən! - deyir.

 

Parlaq yaradıcılığı ilə yanaşı, məhz bu yüksək vətəndaş mövqeyinə görə Xalq şairi Məmməd Araz yüz illər bundan sonra da Azərbaycan xalqının qəlbində yaşamaqda davam edəcək.

 

Əzizə SÜLEYMANOVA

Məmməd Arazın Şahbuz rayonu Nursu kəndindəki

Ev Muzeyinin direktoru

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.14.