Üzeyir Hacıbəyli publisistikasinda
milli özünüdərk
V məqalə
Ədəbi düşüncədə
milli özünüdərk problemləri
Bir əsrdə iki dəfə müstəqilliyini
qazanmış Azərbaycan xalqı buna qədər
böyük bir milli özünüdərk prosesindən
keçib. Zaman-zaman xalq bu mərhələlərdən
keçərək milli özünüdərkin ən
yüksək səviyyəsinə çatıb və dövlətçiliyini
formalaşdırıb. XIX əsrin
ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət
potensialı artaraq milli ideya ətrafında birləşib.
Xalqın milli ideya ətrafında keçdiyi
özünüdərk prosesi həm də ədəbi
düşüncədə öz əksini tapıb.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin
publisistikası və felyetonları milli özünüdərk
baxımından da mühüm əhəmiyyət kəsb
edir. Belə
ki, onun müxtəlif mətbu
orqanlarda -"Kaspi", "Həyat", "Tərəqqi",
"Tərcüman", "İrşad",
"İqbal", "Yeni iqbal", "Həqiqət" qəzetlərində,
eləcə də "Molla Nəsrəddin" jurnalında
"Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən"
və digər başlıqlar altında "Ü.",
"U", "U. Qadjibekov", "U.Q.",
"Ü.H.", "Ü.Hacıbəyov",
"Üzeyir", "Y.", "Filankəs", "Yazan
Filankəs" və başqa gizli imzalarla dərc etdirdiyi
xeyli məqalə, oçerk, felyeton və satirik miniatürlərdə
milli ictimai şüurun formalaşması məsələləri
qoyulur. Bu yazılarında xalqın gündəlik
həyatı, baş verən hadisələrə münasibəti
və bu münasibətlərdə üzə çıxan cəhalət,
biganəlik, bir-birinin ayağından çəkmək vərdişləri
duzlu yumorla, yüksək bədiiliklə öz əksini
tapır.
Ü.Hacıbəylinin məqalə və felyetonları
"Ordan-burdan", yaxud "O yan, bu yan"
başlıqları altında dərc edilirdi. Bu
felyetonların və məqalələrin böyük bir hissəsi
Rusiyada və dünyada baş verən ictimai-siyasi proseslərə
həsr olunurdu. Lakin bu yazıların
özündə belə publisist hadisələri Azərbaycanla
və yaşadığı cəmiyyət hadisələri ilə
əlaqələndirirdi. Yazılarında
hadisələrə münasibətində aydın təhlillər
verir, dövrün xarakterini uzaqgörənliklə dəyərləndirirdi.
Ən mühümü isə hadisələrə
münasibətinin əsasında vətəndaşlıq cəsarəti
dayanırdı. "Rusiyaya dair" məqaləsində
açılmaq üzrə olan Dövlət Dumasından
danışır, dərhal da Qafqaz deputatlarının vəzifələrinə
keçir. Ona görə ki, Dumada Qafqaz məsələsinin
də danışılacağını istisna etmir.
Ü.Hacıbəyli ümumrusiya müsəlman
deputatlarının keçən iclaslarda elə bir iş
görməməsinə diqqət çəkərək
yazır: "Qoy müsəlman məbusları burasını
həmişə nəzər önündə tutsunlar ki, 30
milyonluq müsəlmanların bütün ehtiyacati-milliyyə,
diniyyə, iqtisadiyyə, elmiyyə və sairlərinin rəfi
yalnız bir dumaya bağlıdır. Duma isə
bu məsələdə müsəlman məbuslarının
ağzına baxacaqdır. İştə
o ağız sahibləri öz vəzifələrini pişəzvaxt
yaxşıca düşünsünlər".
Millət Dumanın naqis seçkisinə bir o qədər
əhəmiyyət verməyib ondan islahat gözləyirdi. Lakin onun bu
axırıncı ümidi də Duma buraxıldıqdan sonra
puça çıxır. Rusiyada baş
verən bu hadisələr Azərbaycan üçün də
son dərəcə gərəkli olduğundan siyasi prosesləri
milli düşüncə baxımından təhlil edirdi.
Bu təhlillər yerli ictimai proseslərdəki
hadisələrə də öz təsirini göstərirdi.
İran və Osmanlıda gedən proseslər də
bu məqalələrin əsas tənqid hədəflərindən
olurdu. Məqalələrdə bu ölkələrə
nəzər edir və "Millətin qoyun sürüsü
kimi dolanıb pərişan və sərgərdan
qalmağının" səbəbini "bürokratiyanın
gücü və ixtiyaratı"nda görürdü.
Ü.Hacıbəylinin felyetonlarının böyük
bir qismi milli düşüncəni oyatmağa,
özünütanımaya yönəlmişdir. O, hər bir felyetonda bir
problem qoyur və ardıcıl olaraq həmin problemə bəzən
bir neçə felyeton həsr edirdi. Bu felyetonlarda xalqın,
millətin özünü tanıması üçün
ayrı-ayrı problemlər qoyulurdu; cəhalət, geridə
qalmışlıq, maarif, cəsarət, ləyaqət, mərifət,
cəmiyyət və s. "Təəssüflər olsun"
məqaləsində publisist üzlərinə bağlanan
maarif və mədəniyyət qapılarının xalqı "cəhalət və vəhşaniyyət
vadisində" sərgərdan qoyması təsvir olunur. Müəllifin keçmişə lənət
oxumasının əsasında uzun zaman "içimizdən
millət, camaat qəhrəmanı olacaq" bir adamın
çıxmamasıdır. Əgər
çıxmış olsaydı, bu gün xalqın
qarşısında duran sədləri aşıb keçə
bilər, indiki kimi yazıq olmazdıq. Onu narahat edən
odur ki, XX əsrdə qeyri millətlər baxmayaraq ki, bizdən
yaxşı vəziyyətdə yaşayırlar, bununla belə,
özlərinə yeni yollar axtarır, məişət və
güzəranlarını düzəltməyə
çalışırlar: "Amma biz... Biz də
qeyrət edirik. Lakin nəyə? Öz-özümüzü bundan daha zəlil və
rəzil hala salmağa". Üzeyir bəy
daha dərin qatlara enərək bizim bu halımızın səbəblərini
özünütanımamaqda, həyat və məişət
haqqında öz yolunun olmamasında görürdü.
Yaşadığı müsəlman cəmiyyətinin ən
böyük qüsuru ayrı-ayrı fərdlərin cəmiyyətin
rifah halını düşünməməsidir: "Odur ki,
heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə
almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik".
Üstəlik, öz xüsusi mənfəətimizi
arayan zaman yoldaşımızın zərər və
ziyanını özümüz üçün böyük
bir vasitə hesab edirik. Buna əyani misal
kimi Rusiyanın Yaponiyaya müharibədə məğlub
olmasını göstərir. Onun fikrincə,
heç bir cəmiyyətdə ümumi üzvlərin mənafeyi
nəzərə alınmadığı halda ayrı-ayrı
fərdlərin vəziyyəti yaxşı olsun. Vəziyyətin
bu şəklə salınmasında anlaya bilməməyimiz, anlaya
bilməməyimiz isə elmimizin olmamasından irəli gəlir.
Ü.Hacıbəylinin "Ordan-burdan"
felyetonlarında özünüdərk bir neçə istiqamətdə
verilir. Bunlardan biri də müsəlman aləminin daxilində
ittifaqın olmamasıdır. Milli birliyin
olmaması xalqın ictimai-siyasi və gündəlik güzəranına
da təsir edir. Çox zaman publisist fikrini
müqayisə yolu ilə çatdırır. "Dərin quyular" məqaləsində Rusiyada
yaşayan müxtəlif millətlərin həyatı
müqayisə edilir. Məlumdur ki, Rusiyada
müxtəlif millətlər yaşayır. Bu millətlər ayrı-ayrı cəmiyyətlərdən
ibarət olub "zahirdə müttəhid və müttəfiq
göründükləri kimi, batində, yəni öz
üzvləri arasında" da müttəfiq və müttəhiddirlər.
Bu vəziyyət isə onların milli bir ittifaq
təşkilində olmalarını şərtləndirir.
Üzeyir bəyin bunu deməkdə məqsədi
odur ki, Rusiya bu millətlərin ayrı-ayrı cəmiyyətləri
və üzvləri arasında dərin quyular qaza bilmir. Bu fərdlər və cəmiyyətlər
arasında boşluq tapa bilmir. Lakin Rusiya mütləqiyyətinin
bu millətlər içində quyu qazan aləti millətlərin
içində daşa və qayaya çırpılsa da,
"biz müsəlmanların içində quyu
qazılmağa qabil olan yerlər" tapıldı: "Bizə
qalırsa, biz müsəlmanların arasında quyular
qazımaq üçün Rusiya hökuməti bir o qədər
zəhmət çəkmədi, çünki bizim
aramızda şərir əllər əvvəldən quyu
qazıb hazır qoymuşdular. O quyunu ancaq bir qədər də
dərinləşdirmək və lazım olsa, digər bir quyu
qazımaq kifayət idi. Rusiya hökuməti onu
da elədi, bunu da".
Ü.Hacıbəyli Rusiya hökumətinin müsəlman
aləminin içində qazdığı quyuların
ünvanını da göstərir; bunlar şeyxülislam təyini,
müfti nəsbi, "Ömər" şkolası,
"Əli" şkolası, şiə zakonauçiteli,
sünni zakonauçiteli təsisləridir. Daha dərin quyular da var ki,
bunlar da tatar, ləzgi və s. kimi ibarələrdən istifadə
etməsidir. Qazılan bu quyular Rusiya hökumətinin
rahat oturmasına imkan vermişdir.
Göründüyü kimi, problem çox dərindədir və
publisist bu quyuların aradan qaldırılması ilə
bağlı yollar axtarır və tapır:
1.
Quyuları tapıb kənardan bir yol aramaq; bu yol ilə nə
cür olur-olsun birtəhər ittifaq yaratmaq;
2. Quyular
üzərindən bir körpü salmaq, yəni həmən
məsələni həll etmədən birdən-birə
özgə məsələlərə keçmək;
3.
Quyuları doldurub bilmərrə basdırmaq, yəni illər
sərf edib bu məsələni bilmərrə aradan
götürmək.
Ü.Hacıbəyli müsəlman cəmiyyətlərinin
ən zəif tərəflərini axtarıb tapır və həmin
ünvanı tənqid atəşinə tuturdu. Əgər əvvəlki
felyetonda müsəlman cəmiyyəti "quyu" detalı
üzərindən tənqid olunurdusa, "Nərdivan"
felyetonunda eyniadlı detaldan istifadə edilir. Burada da yenə özünütənqid elementinə
yer verilir, çünki özünütənqid sosial
baxımdan sağlam cəmiyyətin əsas inkişaf
kateqoriyalarından biridir. Ona görə də
mövcud cəmiyyətdə olan "xəstəlikləri"
kökündən aradan qaldırmaq üçün
Ü.Hacıbəyli ən kəskin üsuldan istifadə edir.
Felyetonun əvvəlində "O şey nədir?
O şey nərdivandır! Necə yəni nərdivan?
Nərdivan nədir?", - suallarına
cavab axtarılır. Əlbəttə, nərdivan
bir alətdir və onun vasitəsilə adamlar yuxarı
çıxa bilərlər. Yəni nərdivansız
yuxarı çıxa bilməzsən. Əgər
nərdivansız yuxarı çıxmaq istəsən
yıxılarsan. Bu adi həqiqətlə
bağlı informasiya təsadüfi verilməyib. Hər
bir iş görüldükdə, nərdivanı pillə-pillə
çıxdığın kimi, gərək
gördüyün işi də sistemli şəkildə
görə biləsən. O zaman uğur qazana bilərsən.
Məsələn, qonşular əvvəlcə siçan,
sonra keçi, sonra eşşək, camış və sonra da
fil boyda iş görürlər. Ancaq müsəlman cəmiyyəti
belə etmir, həmişə başından böyük
iş görür. Gözünü ovxalayıb görür
ki, qeyri millətlər iş görür və o da iş
görmək istəyir. Özlərinin
gücünü hesablaya bilməyən toplum fil boyda işlər
görməyə başlayır. Axırı isə
yaxşı olmur, işi yarımçıq qoyurlar: "Filin
bir ayağını qayırmamış yoruluruq və durub
qaçırıq. Sonra utanırıq, deyirik,
gəlin təzədən başlayaq, ancaq burasını iqrar
eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə,
dəvə. Qərar qoyuruq ki, dəvə
boyda qayıraq, başlayırıq. Amma
yenə dəvənin ayağı tamam olmamış yorulub
qaçırıq. Sonra yenə
yığılırıq deyirik ki, dəvə iridir, ondan
balacasını başlayaq. Ondan balaca nədir?
Camışdır. Başlayırıq
camış boyda iş görməyə, lakin camışa da
gücümüz çatmır. Aşağa
enirik (halbuki qonşular fildən yuxarı
çıxırlar). Deyirik ki, eşşək boyda
iş görmək, amma eşşək də bizə güc
eləyir. Tuturuq keçini. Görürük
yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda
da görürsən ki, içimizdən bir pişik
çıxdı və siçanı yedi!..
Biz belə
iş görürük".
Müsəlman cəmiyyətnin tərəqqisinə,
qabağa getməməsinə mane olan digər faktorlar da
Ü.Hacıbəylinin felyetonlarında tənqid hədəfinə
çevrilir.
Əgər tərəqqinin bir ölçü
vahidi olsaydı, o zaman cəmiyyətin bir addım qabağa,
iki addım geri getməsini görmək olardı. Publisist cəmiyyətin irəli getməsini yeni yerimək
öyrənən uşağa bənzədir. Təzə yerimək istəyən uşaq necə
yıxılıb durursa, müsəlman cəmiyyəti də
eləcə ayaqları bir-birinə dolaşıb
yıxılır. Felyetonçunun fikrincə,
uşağın bu cür yıxıla-dura getməsinin səbəbi
əzaların cismani qüvvətsizliyidir. Müsəlman
cəmiyyətinin də yıxıla-dura, bir addım
qabağa, iki addım geri getməsinin səbəbi əzaların
- yəni iş başında duranlarımızın qüvvətsizliyidir:
"Amma bizim əzalarımızın qüvvətsizliyi
cismani qüvvətsizlik deyildir. Yəni əzalarımız
çolaq, şil və şikəst deyildirlər.
Onların qüvvətsizliyi mənəvi qüvvətsizlikdir!
Mənəvidə qüvvətsizlik budur: Səmimiyyət - yəni
cani-dildən işə girişməklik yox, fəaliyyət -
yəni oyaq və ciddi cəhd ilə iş görmək yox,
hamısından bədtər mətanətli qəlb, yəni
cürət, ürəklilik yox, şövq yox, arzu yox... Vallah mən bilmirəm ki, bu əzalarımız
öz xüsusi işlərindən nə törədirlər.
Amma onu bilirəm ki, millət işinə
qalanda, bunlar mənəvi qüvvətsizdirlər ki, rusca buna
besxarakternost deyirlər. Türkcəsinin
dürüstlüyünü bilmirəm".
Müsəlman cəmiyyətinin başqa bir problemi isə
bəzi adamların dalınca getdikləri işin nədən
ibarət olduğunu doğru-dürüst bilməmələridir. Ona görə
də onların gördükləri işin heç bir xeyri
olmur. Burada "Ördək, balıq və xərçəng"
təmsilini yazan Krılovun başqa bir təmsilindən
"Əgər başmaqçı durub bulka çörəyi
bişirə və bulkaçı da başlayıb başmaq
tikə, bu cürə işdən əziyyətdən
başqa bir şey çıxmaz" - sözlərini
xatırladaraq adamlarımızın məqsədi iş
görmək olmayıb, özünü iş görən
kimi göstərməkdir. "Odur ki, deyiblər:
"Bülbülümüzdə həvəs yox,
qarğamızda səs". "Hər işi
öz əhlinə tapşırmalı" felyetonunda bir daha
bu məsələyə qayıdaraq cəmiyyətlərimizin,
ittifaqlarımızın camaatımıza heç bir mənfəət
verməməsinin, yaranan kimi də pozulub
dağılmasının ictimai səbəblərini
axtarır. Onun fikrincə, çox vaxt bu cəmiyyətlərin
başında duranlar yanlış adamlar olublar. Yəni bu işi öz üzərlərinə
götürdükləri vəzifənin funksiyalarını
bilmədikləri ilə yanaşı, məsuliyyətini də
dərk etməyiblər. Yəni bu kimi
adamlar gücünü boş yerə və boş şeyə
sərf edirlər. Çünki üzərinə
götürdükləri işin əhli deyillər. Məşrutəli dövlətlərdə işi
bacarana verdikləri üçün həmin dövlətlərdə
millət və dövlət inkişaf edir, irəliyə
gedir. Başqa bir səbəb isə seçdiyimiz, yaxud
seçilmiş adamı rahat buraxmamaq və onun işinə
qarışmaqdır: "...madam ki, bu işə əhl adam seçildi və iş də ona
tapşırıldı, ondan sonra həmin əhl adamı
tamam və kamal sərbəst buraxmalıdır. Heç bir halda onun işinə
qarışmamalıdır. Onun əl-ayağına
dolaşmamalıdır" (Yenə orada, s. 147).
"Halımıza dair" felyetonunda da Ü.Hacıbəyli
yenidən həmin problemə qayıdaraq,
başqalarının (qeyri-millətlərin!) "əjdaha
qədəmi" ilə irəliyə getdiyi halda, bizim
"tısbağa addımı", bəzən isə
"xərçəng kimi" geri getməyimizin ümdə
səbəbini gördükləri işin mahiyyətini bilməməsinə
bağlayır. İronik dil və üslub
problemin ciddiliyini bütün mahiyyəti ilə üzə
çıxarır. Cəmiyyətin öndə gedənlərinin
öz tutduğu iş barəsində heç vaxt
düşünmədiyini, dərindən fikir və
mülahizə etmədiyini önə çəkən müəllif
yazır: "Dəlil istərsiniz? - Buyurun: camaat yolunda
tutduqlarımız işin nətiçələri
öz-özlüklərində şafi bir
dəlildir. Gizlətmək lazım deyildir; biz camaat işlərinə
qarışıb "islahat" əmələ gətirmək
istədikdə, iki məqsədin dalına
düşürük, daha doğrusu, bir məqsədi, yəni
ümumən xoşuna gələn məqsədi ancaq xalqa elan
edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədlərimizi
təqib edirik. Çünki bu məqsədin
hüsuli, əvvələn, bizim üçün şəxsi
bir mənfəət qazanır və saniyən onun təriqi-üsulu
da asandır. Və bu şəxsi mənfəət,
görünür ki, bizdən ötrü o qədər arzu
olunacaq mərtəbə əzizdir ki, biz bunun hüsulundan ibarət
olan xüsusi məqsədimizi ümumi camaatın mənafeyinə
tuş olan digərpəsəndi də məqsəd içində
gizlədib, "üzü bürünmədən" meydana
atılmağımızı məsuliyyətli və xatər-nak
bir şey hesab etməyirik". Lakin bu
"cəsarətin" axırı nə olur? Hər bir biabırçılığı
ötmüş bir ürəksizlik, qorxaqlıq və lap
axırda, müvəqqəti də olsa, boynu buruq qulluq.
Ü.Hacıbəyli yumor, gülüş hissinin
müxtəlif formalarından istifadə edərək müsəlman
cəmiyyətinin qüsurlarını satirik düşüncə
tərzi ilə tənqid edir. Satiranın
yaradıcı qüdrəti xalqın mənəvi
dayaqsızlığını, iztirablarını, geriliyinin səbəblərini
ifşa vasitəsilə ortaya çıxarır.
"Halımıza dair", "Övzamız", "Xəbərdarlıq",
"Rəhbərlərimiz", "Öz
halımızdan", "Halımız" və s. silsilə
felyetonlarında da oxşar vasitələrlə cəmiyyəti
içindən qurd kimi söküb dağıdan məsələlərə
münasibətini bildirir. Tənqid etdiyi bu məsələlərə
xalqın, millətin sıradan bir qüsuru kimi baxmır, onun
inkişafına, tərəqqisinə, maarifə, mədəniyyətə
mane olan faktor olaraq baxır. Bu faktorlar
bütövlükdə cəmiyyətin mahiyyətini təmsil
edir, onun inkişafındakı radikal, mürtəce forma kimi
üzə çıxır. Cəmiyyət
üçün çox təhlükəli olan bu məsələlərdən
biri də müsəlmanlarda rəhbərliyin olmaması, yaxud
zəif olmasıdır. Çünki hər
bir millətin təkamülünə və tərəqqisinə
səbəb o millətin başında duran, rəhbəri olan
bir və ya bir neçə tərəqqipərvər firqələrin
başında duran adamlardır. Həmin
firqələrin öz millətini müxtəlif yollarla irəli
aparmaq yolunda ciddi-cəhd və mərdanəliklə fəaliyyət
göstərməsidir. Lakin müsəlman
cəmiyyətlərində hələ elə rəhbərlər
yoxdur. Bunun da əsas səbəbi
camaatımızı bürüyən ətalət və kəsalətlə
bərabər, rəhbərliyə layiq olan şəxsiyyətlərimizin
"məişətcə dar gün keçirmələri"dir.
"Əhvalımızdan" və "Öz
halımızdan" felyetonlarında yenə də millət və
onun tərəqqisini satirik tənqid hədəfi edir. Ü.Hacıbəyli
birinci felyetonda müqayisə yolu ilə tərəqqi nəticəsində
mədəniyyət sahibi olmuş məmləkətlərdə
əhalinin həyat və məişətinin dəfələrcə
bizdəkindən yaxşı olmasına diqqət çəkir.
O xoşbəxt yerlərin əhalisinin "rəfah hal" ilə
yaşayıb da rahatca öz qəsbkarlarına məşğul
olmalarını həsəd ediləcək bir iş hesab edir.
O yerlərdə hər bir kəs insanlığın və
insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə
sərbəst və müstəqil yaşayırlar. Belə rahat və azad yaşamaq sayəsində
günü-gündən bir şey ixtira edirlər ki, özlərinə
və bütün insaniyyətə mənfəət yetirir.
Publisist ad çəkməsə də, söhbətin
Avropadan getdiyi anlaşılır. Burada
insanlar təzyiq altında deyil, hər kəs sərbəstdir,
kimsə kimsənin haqqını tapdalamır, hər kəsə
verilmiş hürriyyətdən lazımınca istifadə
edilir, hökumət isə insanın rahatlığını
pozan hadisələrin dəfi üçün
çalışır. Buna görə də
burada cəmiyyət inkişaf edir. Hürriyyətdən
məhrum olmuş cəmiyyətlərdə isə bu nemətdən
məhrum qaldığı kimi, müdafiə və məsuliyyətdən
də məhrumdular. Onların asayiş və
təhlükəsizliyini qoruyacaq heç bir qüvvə
yoxdur. Belə cəmiyyətlərdə
insanın dəyəri olmur, məişət insanlar
üçün çətinləşir. Heç kəs öz canından, övladından və
malından əmin olmur. Qeyd etmək
lazımdır ki, Ü.Hacıbəylinin bu təsvirləri
demokratik cəmiyyətə aid idi. Onun
yaşadığı cəmiyyətin bu cür nemətdən
məhrum olduğunu nəzərə almış olsaq, deməliyik
ki, müəllif bu cəmiyyəti nəzəri cəhətdən
əsaslandıra bilirdi. Felyetonda antidemokratik cəmiyyətin
də tərifi verilir: "Hürriyyət nemətindən məhrum
qalmış ölkələrdə isə bu əhvalat tərsinədir.
Əhali mədəniyyətsiz və mərifətsiz
olduğuna görə insanlığın və insan kimi
yaşamağın yolundan çıxıb axşam sağ və
salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb
ev-eşiyini öz yerində görəcəyini də bilmir.
Çünki bu yerlərdə hər kəs, hər yerdə
və hər bir an hər bir cürə vəhşiyanə tərizlərə
düçar ola bilər.
Söz, hərəkət, gediş, gəliş, pul,
dövlət, büxl-həsəd, din, əqidə, aclıq və
bu kimi səbəblər ucundan hər kəsin canı fənaya
gedə bilər. Və belə fənalıqların
vüquini dəf etməyə də heç bir tədbir
görən olmur. Odur ki, bu yerlərdə
də hər nə pis və murdar əməl varsa,
hamısı baş verməyə başlayır" (Yenə
orada, s. 186).
"Öz halımızdan" felyetonunda isə millətpərəstliyin
nə olduğunu başa salır. Müəllif
xalqın ağzından düşməyən, yerli-yersiz
işlətdiyi millətpərəstlik məfhumunu yenə də
"Avropada və bizdə" formulu ilə müqayisə
edir. Avropa ilə müqayisəyə
Ü.Hacıbəylinin millətlə, cəmiyyətlə və
millətin özünü dərk etməsilə bağlı
yazdığı felyetonlarda sıx-sıx rast gəlinir.
Bu da təbiidir; müqayisə problemin
anlaşılamasını asanlaşdırır və daha da
görümlü edir. Çünki həmin dövrdə
millət və millətpərəstlik haqqında hər yerdə
söhbət getsə də, onun nə olduğunu anlayanlar az idi. Müəllifin də əsas
məqsədi əsl millətpərəstliyin necə
olduğunu ortaya çıxarmaq idi. Onun
fikrincə, "Millətpərəst olmaq, yəni millətin
xeyirxahı olmaq. Millətin xeyirxahı isə
millətin hər biri barədə tərəqqisini arzu
edir". Buna misal olaraq Avropa əhalisini
göstərir. Çünki buradakı tərəqqi
nəticəsində Avropa əhalisi dünyanın
bütün maddi, mənəvi və ruhani nemətlərinə
nail olub. Lakin millətin inkişafını arzu edən
şəxs bir arzu ilə kifayətlənməyib, bu yolda
iş görüb. Felyetonçu nümunə
olaraq bir şəxsi götürür. Bu
şəxs xalq, millət yolunda əgər öz
canını fəda edirsə, lazımdır ki, millət də
ondan sonra onun ailəsinə baxsın, dayaq olsun. Müqayisənin ikinci tərəfi öz cəmiyyətimizdir.
Müəllif burada da tənqid silahından istifadə edərək
ünvanı düzgün müəyyənləşdirir:
"Lakin bizlərdə millətin tərəqqi və təməddününə
böyük bir ehtiyacı olan zamanda, bu cürə tərəqqi
və təməddün mənbəyi olan şəxslərə
heç bir qədr və qiymət qoyan yoxdur. Onlara vüsət
verən, qabaqlarına tiz bir meydan açan adam
yoxdur. Biləks, istedad sahiblərinin
başından vururlar, həvəsdən salırlar, incidirlər,
haqqında bir çox narəva və nagüvəra işlər
görürlər".
Müəllifin gəldiyi nəticə məntiqi
olduğu kimi, oxucunu düşündürməyə sövq
edir. Bu cür cəmiyyətlərdə hər bir istedad
sahibi həvəsdən düşərək adi adamlar cərgəsinə
girir, adi işlər, yəni özündən başqa
heç kimə lazım olmayan işlərlə məşğul
olur. Felyetonçu nəticədən
alınan təəssüf və təəccübü də
onun öhdəsinə buraxır. Felyetondan
çıxan bu nəticə milli gerçəkliyi əks
etdirirdi.
"Öz
qədrimizi bilmirik" felytonunu bu mövzunun davamı hesab etmək
mümkündür. Buradakı kinayə problemə bu dəfə
başqa rakursdan baxmağı və qiymət verməyi şərtləndirir.
Bakının keçmişinə ekskurs edən müəllif
yüz il bundan əvvəl burada ot bitməmişdir, indi isə
hətta onun ətrafı da qiymətə minərək
insanlar üçün möhtərəm və əziz olub.
Nəinki öz millətimiz, hətta başqa millətlər
də bizdən xeyir götürür. Lakin nədənsə
bizim camaatın içindən Yevropadakı kimi adamlar
çıxmır. Müəllif sual edir: "Məgər
allah-taala bizi qabiliyyətsiz, istedadsız
yaradıbdır?" Özü də cavab verir: "Xeyr,
bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan
şərait bizim dahilər üçün müsaid dəyildir.
Bizdən də ümuminsaniyyət dahiləri
çıxmağa yol vermirlər. Və işıq gələn
yerləri bərk-bərk bağlayırlar. Doğrudan
da, növicad və ehtiram edilib də xalqa mənfəət
yetirən şeylərin adına "min əməli
şeytan" deyəndə, hankı müsəlman oğlu
müsəlman telefon, teleqraf, maşın və sair bu kimi
şeylər icad etmək fikrinə düşərdi?!"
Şübhəsiz ki, Füzuli kimi, Üzeyir bəy kimi
dahilər yetişdirən bir xalqın daha çox dahilərinin
olması üçün "işıq gələn yerləri
açmaq", cəhalətdən qurtulmaq lazımdır.
Üzeyir
Hacıbəyli üçün xalqın, millətin ən əsas
xəstəliklərindən biri cürətsizlikdir. Bu
sifət çox adamın bədbəxtliyinə səbəb
olur, çünki cürətsiz adamdan yaxşı iş
baş verməz, bəlkə də başqalarının bədbəxtliyinə
bais olar. Cürətsiz adam heç nəyə təşəbbüs
etməz, başqalarına fayda verməz və s. Hər
işdə cürət lazımdır, uğura gedən yol
cürətdən keçir. Bundan başqa, cürətsiz həmişə
cürətlinin ayaqaltısı olar. "Təəssüflər
olsun" felyetonunda yenə də milli özünüdərkə
üz tutur. Onun lənət oxuduğu ünvan xalqın
düşüncə tərzinə birbaşa təsir edir. Müəllif "Lənət olsun o günə ki,
maarif və mədəniyyət qapıları bizim
üzümüzə bağlanıb, bizi cəhalət və
vəhşaniyyət vadisində sərgərdan qoydu",
- içimizdən millət,
camaat qəhrəmanı olacaq bir dahi çıxara bilməməyimizi
lənətləyir: "Bir dahi ki, həqiqi
ömür sürmək üçün,
qabağımızı kəsib duran sədləri nistü
nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə
və cismaniyyəyə malik olub, bizi zülamicəhalətdən
nuri-maarifə tuş edə biləydi! Onda biz indiki kimi
yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi
şək və şübhə ilə dolu qalmazdıq...
Lakin olmuşuq və qalmışıq!" (Yenə orada, s.
388).
Ü.Hacıbəyli
məqalə və felyetonlarında xalqın təfəkküründə
baş verən prosesləri araşdırır və
gülüş, ironiya projektorlarını təfəkkürdəki
ən gizli nöqtələrə tuşlayır. O, bu
xüsusiyyətləri tənqid etməklə cəmiyyəti
dəyişmək istəyir. Bu isə ancaq cəmiyyətin
özünüdərketməsi yolu ilə baş verə bilərdi.
Publisistin bu tənqidləri olduqca kəsərlidir,
düşündürücüdür və islahedicidir. O
şeyə ki, sənətkar gülür, tənqid edir, onu
islah etmək mümkündür.
Bu islahın əsasında isə xalqın
özünü tanıması və dərketməsi
dayanırdı.
Timuçin ƏFƏNDİYEV
Bakı Xoreoqrafiya Akademiyasının rektoru,
Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2020.- 15 oktyabr.-
S.12-13.