"Ədəbi proses
- 2019" bu dəfə fərqli təqdimatda
ƏDƏBİYYAT
İNSTİTUTUNDA ÖTƏN İLİN ƏDƏBİ
YEKUNLARI İLƏ BAĞLI HAZIRLANMIŞ MƏRUZƏLƏR
İCTİMAİYYƏTƏ MƏTBUAT
VASİTƏSİLƏ ÇATDIRILIB
2014-cü
ildən start götürən
və hər il ənənəvi
olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
təşkilatçılığı ilə keçirilən
"Ədəbi proses"
elmi-yaradıcılıq müşavirəsi
ictimaiyyətdə müsbət
əks-səda doğurub.
Artıq
hər ilin sentyabr ayında bütün ədəbi cameənin gözü Ədəbiyyat İnstitutuna
dikilir.
İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən bu müşavirəyə ölkənin
bir sıra ədəbi qurumlarının
və mətbuat orqanlarının da marağı yaranıb. Hər il məruzəçilərin
sayı artaraq ədəbi prosesin müxtəlif istiqamətlərini
daha dərindən araşdırırlar. İ.Həbibbəylinin də dediyi kimi, bu müşavirələr
müasir ədəbi
prosesi dərindən və hərtərəfli
öyrənməyə stimul
verir.
Hər il olduğu
kimi, bu il də AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu
ötən ilin ədəbi yekunlarıyla
bağlı ənənəvi
tədbir keçirməli
idi. COVİD-19 pandemiyasına görə
onlayn şəkildə
baş tutacağı
gözlənilən konfrans
son günlər Qarabağ
cəbhəsindəki savaş
səbəbindən ləğv
edilməli oldu. Lakin institutun əməkdaşları
və dəvət olunan ədəbiyyatşünaslar
2019-cu ilin ədəbi
yekunlarına aid məruzələrini
hazırladılar. Həmin
məruzələr "Ədəbiyyat
qəzeti"nin 26 sentyabr tarixli xüsusi buraxılışında
çap olundu.
Hər zamanki kimi, bu
il də
ilk söz AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbbibəylinindir.
O, "Bütövlük və
genişlik" adlı
məqaləsində institutun
"Ədəbi proses"
hərəkatı və
"Ədəbi proses-2019" yaradıcılıq müşavirəsindəki
məruzələrdən bəhs
edib. O, builki müşavirənin özəllikləri
haqqında bunları qeyd edib: "Ədəbi proses-2019" Azərbaycan
ədəbiyyatşünaslıq elmində "görünməz
dalğa" kimi təzahür edən yeni elmi mərhələnin
daxili qatdan elmi-ədəbi mühitin
açıq meydanına
çıxmasının başlanğıcıdır.
Təqdim olunan məruzələrin demək
olar ki, hamısında ədəbi
proses əsasən dərin nəzəri təhlillər və geniş elmi ümumiləşdirmələr səviyyəsində təqdim
olunur. "Ədəbi
proses"çilər sanki
ədəbi prosesi nəzəri cəhətdən
dəyərləndirmək yarışına çıxmışlar.
Yaxşı cəhətdir ki,
ədəbi prosesin qiymətləndirilməsində nəzəri dərinliklə
geniş elmi dünyagörüş bir-birini
tamamlayır. Yeni
nəsil ədəbiyyat
nəzəriyyəçiliyinin ön mövqeyinə çıxmış Maral
Yaqubovanın "Bədii
nəsr nəzəriyyə
işığında" adlı məruzəsinin sərlövhəsində səslənən
"nəzəriyyə işığında"
ifadəsi geniş mənada bütövlükdə
"Ədəbi proses-2019" yaradıcılıq müşavirəsinin
cəmi materiallarının
aparıcı xüsusiyyəti
kimi təzahür edir. Nəzəriyyəçilik bədii mətnin
daxili məntiqindən,
ədəbiyyatda gedən
təkamül proseslərindən
çıxarılan elmi
nəticələr əsasında
keyfiyyət dəyişmələri
səviyyəsində təzahür
edir. "Ədəbi
proses" hərəkatının
bütün tarixi ərzində ilk dəfə
olaraq 2019-cu ilə həsr olunmuş yaradıcılıq müşavirəsində
professor Tahirə Məmmədin
"Ədəbiyyat nəzəriyyəsi"
adında məruzə
ilə çıxış
etməsi də tənqid və ədəbiyyatşünaslıqda genişlənməkdə olan nəzəri dərinlik və genişlik dövrünün
əhəmiyyətli addımlarındandır".
Filologiya elmləri doktoru Elnarə Akimova
"2019-Kitab ili" məruzəsində
geridə qoyduğumuz
ilin kitabla bağlı layihələrindən,
mükafatlarından, çap
olunan nəşrlərdən
söz açıb. Məqalənin
əvvəlində müəllif
yazır: "2019-u daha
çox "Kitab ili" kimi
səciyyələndirməyi geridə qalan çağın faktları,
gedişatın özü
labüd edir. Bu zaman kəsimi daha çox üç ədəbi-mədəni
hərəkat dalğasında
dövr etdi: Nəsimi ilə əlaqədar olaraq böyük şairə həsr olunmuş kitab və məqalələrin
ərsəyə gəlməsi,
XX əsr aydınlarından
bir çoxunun -Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əhməd
Cəfəroğlu, Əhməd
bəy Ağaoğlu,
Cəlil Məmmədquluzadənin
yubileyləri ilə əlaqədar olaraq həmin dövrə aid yazıların sistemliliyi,
eləcə də şəxsi və müəyyən qurumların
ayırdığı vəsait
hesabına çap olunan bir sıra
gərəkli kitabların
çapı ilə".
İlk dəfə olaraq,"Ədəbi
proses" hərəkatına
N.Gəncəvi adına Ədəbiyyat
İnstitutundan kənarda
fəaliyyət göstərən
tənqidçi və
ədəbiyyatşünaslar da qoşulublar. Bu, yaradıcılıq müşavirəsinin
il keçdikcə
hüdudlarının genişləndiyinin
bariz nümunəsidir.
Professor Rüstəm Kamal "Şeir cəbhəsində
nisbi sakitlikdir. Poeziya-2019" məruzəsi ilə ilk dəfə bu yaradıcılıq hərəkatında yer alır. Onun sanballı məruzəsi
ilə ilin poeziya mənzərəsi aydın şəkildə
görünür. Müəllif
məqaləsinin sonunda
müşahidələrini belə yekunlaşdırır:
"Ötən ilin poeziyası bizdə belə bir qənaət
yaratdı ki, şairlər janrdankənar
situasiyada yazıb yaradırlar. Poeziya məkanında bir
janr-forma yeknəsəqliyi
hökm sürür.
Artıq
şairlər sanki gerçəkliyi "janr
gözü" ilə
görmürlər. Şeir şəkillərinin
kasadlığının bir
səbəbi sərbəst
şeirin total müdaxiləsidir.
Əslində, poetika elə janr hadisəsidir..."
"Ədəbi proses"
hərəkatının altı
illik "ömründə"
birinci dəfədir ki, "sosial şəbəkə ədəbiyyatı"
mövzusuna müraciət
edilib. Ədəbiyyatşünas
Qismət Rüstəmov
"Sosial şəbəkələr
dövründə ədəbiyyat"
məqaləsində Rəşad
Məcidin "Qələmsiz
yazılanlar" və
Vüsal Həmzəyevin
"Facebook gündəliyi"
kitablarından söz
açır: "...həm
Rəşad Məcidin,
həm də Vüsal Həmzəyevin kitabı ənənəvi
mediadan sonrakı dövrün informasiya vasitəsi olan sosial şəbəkədə
yayımlanmış yazılardan
ibarət olsa da, hər iki
müəllif elektron dünyaya, virtual məkana
etibar etməyərək,
"arxivləşdirərək qoruyub saxlamaq" instinkti ilə bu yazıları yenidən konvensional formada-kitab şəklində
çap etdiriblər.
Elektron kitab kimi də
yox, məhz kağız kitab kimi. Bu fakt
bizi yeni dövrün məşhur
mübahisələrindən biri olan "elektron kitab kağız kitabı, onlayn satış mərkəzləri klassik
kitab dükanlarını
sıradan çıxaracaqmı?"
sualına doğru aparır".
"Ədəbi proses-2019"da həmçinin,
professor Vaqif Yusifli ömründə
ilk dəfədir ki, dramaturgiyaya müraciət
edib. Onun "Dramaturgiyamızın axtarışları" məruzəsi
ciddi elmi araşdırmadır. Tənqidçi
hər kəsin ümidsiz olduğu, çox da diqqət
görməyən çağdaş
Azərbaycan dramaturgiyası
ilə bağlı heç də bədbin fikirdə deyil: "Son illərin dramaturgiyası haqqında
bu icmal yazımızı nikbin notlarla bitirmək istəyirik: Azərbaycan dramaturgiyası yeni bir inkişaf mərhələsindədir. Dramaturgiyada
yeni imzalar, yeni adlar görünür,
teatrda isə klassik ənənələr
də yaşayır, yeni, novator meyllər
də... Oxucuları
dram əsərləri ilə
tanış olmağa,
tamaşaçıları isə teatra dəvət edirik..."
Dosent Pərvanə
Məmmədli "Cənubda
ədəbi proses-2019" məqaləsi
ilə ənənəvi
Cənubi Azərbaycan
ədəbiyyatı mövzusuna
nəzər salır. Məqalənin
əvvəlində müəllif
öncə əsas problemdən söz açır: "Məlum
siyasi məhdudiyyətlər,
azsaylı nəşrlər,
qəzet və dərgilər Cənubdakı
ədəbi prosesin
tam mənzərəsini yaratmağa
imkan vermir. Heç kəsə sirr deyil ki, Ana dilində
rəsmi təhsil almamaq problemi ilə üz-üzə qalan güneylilərin, ədəbiyyat dünyası
mütaliə və oxucu gərginliyi ilə hələ də əlbəyaxadır.
Bu dildə oxuyub
düşünmək çoxlarına,
təbii ki, çətindir. Bütün bunlara
rəğmən, bu gün Azərbaycan ədəbiyyatına maraq
artmaqdadır. Güneydə demək olar ki, öz ana
dilində işıq
üzü görən
kitablar ən azı kəmiyyət baxımından çoxalmaq
üzrədir".
Sonra müəllif Güney Azərbaycan ədəbiyyatının,
xüsusən şeirinin
təsirləndiyi qaynaqlardan
danışır: "Güney
Azərbaycan şeirində
dövrün sosial və mənəvi təsiri ilə baş vermiş məzmun yenilikləri formaya, lirikanın ifadə imkanlarına da təsirsiz qalmamışdır. Poeziyada,
eyni zamanda, nəsrdə
klassik ənənələrlə
yanaşı, müasir dünya
poetik fikri zəminində
də nümunələr yaranıb. Bu gün bir çox
cənublu şairlərin əsərləri xalqın ən vacib mənəvi qayğılarını əks
etdirir. Ancaq ifadə
baxımından lirik əhval-ruhiyyənin
bədii təsviri, sənətkarlıq fərdiyyəti, üslub əlvanlığı nəzərə
çarpır. Bu, iki
ədəbi təsirlə baş verir. Bir tərəfdən
Quzey Azərbaycan ədəbi təcrübəsi,
digər tərəfdən Avropa ədəbiyyatının,
şeirinin üslubları bu
gün Güneydə ədəbi
üslubların formalaşmasının əsas qaynaqlarıdır".
Bunlardan
başqa, "Ədəbi proses- 2019" elmi
yaradıcılıq müşavirəsində Nərgiz
Cabbarlı "Roman janrının hüdudsuz eksperiment
imkanları...", Tehran Əlişanoğlu "Tənqid və
ədəbi proses-2019. ("şikayət"
tezisləri)", Cavanşir Yusifli "Ədəbi gənclik-İntibah
şəfəqinin həsrətində", Tahirə Məmməd
"Ədəbiyyat nəzəriyyəsi-2019: istiqamətlər
və problemlər", Salidə Şərifova "Azərbaycan
ədəbiyyatı tarixçiliyi", Mehman Həsənli "Ədəbiyyatda esse", Nərmin Cahangirova
"2019-cu ilin hekayələrinə nəzər",
Aynur Xəlilova "Mövcud
zamanın görünmədiyi ədəbiyyat. Povest-2019",
Maral Yaqubova "Nəsr
və nəzəriyyə: müəllif, oxucu
və "dördüncü divar", Esmira Fuad "2019-cu ilin epik şeiri: tarixi yaddaşın, gerçəkliklərin
və milli ruhun
inikası...", Gülnar Səma "2019-cu ildə Azərbaycanın bölgələrində
yaranan ədəbiyyata bir
baxış", Gülnar Qəmbərova
"2019-cu ilin uşaq
poeziyası", İlhamə Ağazadə "Uşaq nəsri və
dramaturgiyası-2019", Elçin Mehrəliyev
"Bədii publisistika-2019", Lalə Həsənova "Azərbaycanın
rusdilli ədəbiyyatı-2019",
Gülbəniz Babayeva "Çağdaş satiranın mövzu və ideya qaynaqları" Qürbət Mirzəzadə
"Tənqiddə ədəbi portret
janrı", Bəsirə Əzizəliyeva "Azərbaycandan
Uzaq Şərqə açılan pəncərə",
Zəkulla Bayramlı "Alimlərimizin bədii
yaradıcılığı", Eşqanə Babayeva "Azərbaycan-türk dünyası əlaqələri
2019-cu ildə", Xanım Zairova
"Ədəbi əlaqələr: Azərbaycan-Avropa-Amerika-2019",
Mərcan Sofiyeva "Bədii tərcümənin
yeni üfüqləri-2019" məruzələri
ilə çıxış ediblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.15.