Dərvişanə Qarabağ
qazisinin çubuğu...
Cəbhə
bölgəsindən reportaj
Bizdən qabaqda gedən hərbi maşının
yük yerindəki əsgərlərə uzaqdan
əl yelləməyimiz
və onların
"Biz güclüyük" anlamında yumruq göstərmələri reportaj
üçün ilk qeydim
olur. Əgər ermənilərin Füzulidə mülki yaşayış yerlərinə
atdığı artilleriya
mərmilərinə tuş
gəlməsək, bu
yazını yazıb
tamamlayacağam. "Bu
yol Zəngilana aparır, İrəvana gedən yoldur" - dostumuz və müşayiətçimiz Ruslan,
elə bil, ağzıyla yol çəkir.
Amma Zəngilana uzanan
bu yol bizi
hələlik əsgərlərimizin
yanına gətirir.
Qalaqlanmış təkərləri posta daşıyırlar.
Maşından düşüb
onlarla söhbətləşməyə
tələsirəm:
- Yorulmayasınız!
- Gecikmisən, artıq yorulmuşuq - əsgər
zarafatla cavab verir.
Dostum Fehruz yoldan aldığımız
siqaretləri əsgərlərə
paylayır:
- Siz bir siqaret
çəkib dincinizi
alın, onacan biz daşıyarıq.
Ruslan, Fehruz və mən qalaqlanmış təkərlərə
girişirik.
- Onsuz da bu
təkərləri boş
yerə daşıyırıq,
1-2 günə erməniləri
Laçından o yana kürüyəcəyik,
təkərlər orada
lazım olacaq. - Əlindəki alışqanla
qolundakı bayrağın
kənarlarında tiftiklənmiş
sapları yandıran əsgər deyir. - Bax, bu şəkili
bizim snayperçidir,
- əslən Şəkidən
olan əsgər dostunu göstərir - sentyabrın 27-dən bəri
13 erməni başı
diyirləndirib.
Şəkili düzəliş edir:
- 14!
- Hə, 14. Uşaq vaxtı ona
çox "gözuu
yiyim" deyiblər, ona görə gözləri şahin kimi görür, səngərin içindəki
ermənini kəmərindən
vurub şalvarını
salır aşağı
- əsgərlər gülüşürlər.
Əsgərlərdən biri siqaretin kötüyünü dincini
aldığı qayanın
üstünə basıb
mənə yaxınlaşır. Əlinə
bir təkər alıb böyrümcə
addımlaya-addımlaya yavaşca
deyir:
- Anam-atam narahatdır, nömrələrini versəm,
zəng edib deyə bilərsən ki, oğlunuz salamatdır, heç bir şey yoxdur?
- Əsgərin gözlərində gördüyümü
burada yazıb janrı korlamaq istəmirəm. Bir hekayə,
ya da şeirimdə
mütləq ki baxacaq o gözlər.
- Niyə demirəm, nömrəni ver.
Əsgər bizi görəndən bəri yaddaşında təzələdiyi nömrəni
deyir.
Ruslan bizi çağırır, artıq
getmək vaxtıdır. Atasına zəng
etməyimi istəyən
əsgər məni qucaqlayır. O biri əsgərlər gözlərimin
içinə baxır.
Yaxınlaşıb hamısını bir-bir qucaqlayıram.
- Allah amanında!
Ruslan bizi ermənilərin artilleriya
və raket atəşindən dağılmış
kəndə aparır. Qəsəbənin mərkəzindəki çayxananın
önündə maşından
düşürük. Buradakı əhval-ruhiyəni və dağıntılar haqda öyrənmək üçün
çayxana ideal yerdir.
Sakinlərin baxışlarından
bizim bura adamı olmadığımızı
hiss etdikləri aydın
duyulur. Ruslan bizi təqdim edir:
- Müxbirlərdir, Bakıdan
gəliblər.
- Xoş gəliblər, buyurun, əyləşin.
- Döşündən orden
və medallar asılmış ağsaqqal
bizi masasına dəvət edir. O biri masadakılar da yavaş-yavaş ətrafımıza yığışırlar.
Hiss edirəm ki, hamısı bir suala bənddir, ürəkləri doludur.
Çay gətirirlər.
- Axırıncı dəfə
kəndə nə vaxt mərmi düşüb? - Bu sual söhbətimizin havaya açılan "start" atəşi
olur.
- Dünən gecə. Qabilgilin həyətinə
top mərmisi düşüb.
Bir xeyli heyvanı, toyuq-cücəsi qırılıb,
pəncərələrinin şüşələri çiliklənib,
yaxşı ki, özlərinə bir şey olmayıb. - Ağsaqqal masanın üzərinə yayxanıb
gecədən qalma həyəcanla danışır.
Top səsləri eşidilir.
- Bizimkilərdir, - çayxana
sahibi çay süzə-süzə deyir.
- Bunu necə bilirsiniz?
- Gurultu eşidəndə fikir ver, əgər
yer silkələnirsə,
demək, o haramzadalardır,
kəndlərə atırlar.
Yox, əgər yer silkələnməsə, denən,
Allah qolunuzu var eləsin, demək, bizimkilərdir, haranısa
şumlayırlar.
Çayxana həyətinin uzaq
küncündə oturub
əlindəki çubuqla
yerə nəsə cızan dərvişanə
bir kişi
diqqətimi çəkir.
Öyrənirəm ki, Birinci Qarabağ müharibəsi
qazisidir. Heç kimi
yoxdur. Sözü
sakinlərə verirəm:
- Birinci Qarabağ
müharibəsində əsgər
dostları gözünün
önündə şəhid
olublar, o vaxtdan psixoloji travma alıb, kənd içinə çıxmır. İndi neçə
gündür, döyüşlər
başlayandan buşlatını
da geyinib ortalıqda sərgərdan
kimi dolaşır.
Bəlkə də, onun çubuqla
yerə çəkdiyi
Qarabağın xəritəsidir. Əlindəki çubuqla rayonları bir-bir işğaldan azad edir.
- Kənddə təxminən
neçə ev ziyan görüb? - Qeyd üçün dəftər
qabağımda hazırdır.
- 40-50 ev
- Masaya yeni yaxınlaşmış adam
dillənir.
- Yox, 50-dən çox olar, hardasa 60-70 ev. - Ağsaqqal
əminliklə deyir.
- O gün Kərimgilin
sahəsinə raket atmışdılar. Düşdüyü yerdə necə çökək yaradıbsa,
boy vermir. Allah üzlərinə
baxıb, sahə evdən bir az aralıdır,
yoxsa, bala, hamısı qırılardı.
- Kərimin balaca gədəsinin dili qatlanıb. - Hamımız çayxana həyətinin çəpərinə
söykənib bayaqdan
bizi dinləyən qadına sarı boylanırıq. - Bəs xəstəxananı niyə
demirsiniz? Xəstəxanaya da atıblar.
- Xəstəxana haradadır,
bibi? - Nə olsun, jurnalistəm, "bibi" xitabı bu cür səmimi
ortamda qəbahət deyil, məncə.
Bizi xəstəxanaya
gətirirlər. Xəstəxananın özü indi
ağır yaralı xəstəyə oxşayır
- çiliklənmiş şüşələr,
qopmuş pəncərələr,
qapılar, qəlpələrin
divarlardan qopardığı
hissələr, sınıb
yerə düşmüş
ağac budaqları və sair. Ağsaqqal "Yeriyə bilmirəm, yoxsa mən də döyüşə gedərdim"
anlamına gələn
heroqlif kimi əlində gəzdirdiyi əsasını top mərmisinin
yaratdığı çökəyə
salır. Burada bir köpək
də var, yaralıdır, ağrı
çəkir. Ona
"Atəşkəs" adı verirəm və Tanrıya dua edirəm ki, onun canını
bu əzabdan qurtarsın...
Xəstəxanadan çıxırıq. Yenə
top səsləri eşidilir
və bu dəfə, deyəsən,
yer silkələnir. Sakinlər təxminlərini
yağdırırlar:
- Qrad idi.
- Öyrənə bilmədin
də, qradın səsi belə olmur, bu, top idi.
Yan tərəfdəki həyətdə bir qadın artilleriya səslərini eşitmirmiş
kimi fikirli-fikirli yer süpürür, amma həyət tər-təmizdir. Bəlkə də, oğlu
əsgərdir.
Bayaqkı qazinin çubuğu
bir az
da irəli uzanıb, deyəsən, Şuşaya çatır.
Artıq getmək vaxtıdır. Kənd əhalisi
ilə xudahafizləşirik.
Ağsaqqal son dəfə əlindəki
heroqlifi pankart kimi yuxarı qaldırıb arxayınlıqla
bizi yola salır.
Maşına minirik.
- Ruslan, biz çayın pulunu vermədik! - Elə bil, içimdəki
işıqforun qırmızı
işığı yanır.
Ruslan gülür:
- Elə bilirsən, pulu versəydin, götürəcəkdilər?
İndi fərqinə varıram, orada elə əhval-ruhiyyə yaratmışdılar
ki, özümü çayxanada yox, evdə hiss edirdim, ona görə pul yadımdan çıxmışdı.
Yolların kənarına səpələnmiş
boş su butulkaları, sellofanlar kənd yerlərində görməyə öyrəşdiyim
mənzərə olmadığı
üçün səbəbini
Ruslandan soruşuram.
- Əsgərlər buradan
keçməmişdən bir
neçə saat öncə kənd camaatı su, şirniyyat, şokolad və sair ərzaq
alıb yolların kənarına düzülürlər. 1-2 kilometrlik insan tunelinə dönür bura. Əsgərlər gələndə alqışlarla, vətənpərvər
şüarlarla onları
qarşılayıb ərzaq
paylarını verirlər.
Ərzaq demişkən, indi sizi camaatın əsgərlər üçün
göndərdiyi ərzağın,
pal-paltarın saxlandığı
anbara aparıram.
Ruslan arxadan sürətlə gələn təcili yardım maşınına
yol verib söhbətə davam edir:
- Baxın, burada hamı belədir, təcili yardım maşını görən
kimi hamı kənara çəkilib yol verir.
Anbara gəlirik. Burada əsgər
üçün lazım
olan hər şey var - qalın geyimlər, əl fənərləri,
paketlərlə siqaret,
generatorlar, enerji daşları, "Snickers" şokoladları
və sair.
- Hələ bunların yarısından çoxunu
əsgərlərə göndərmişik.
Bilirsiz nə qədər idi?! - Ruslan ərzaqları göstərir.
Anbardan çıxırıq. Fin qəsəbəsindən
keçəndə Ruslan
buranın nəyə
görə belə adlandırıldığını izah edir:
-
90-cı illərdə Füzuli
işğal olunanda Finlandiya buraya gələn məcburi köçkünlər üçün
daşınan evlər
göndərib. Camaat ona
"Finski evlər"
deyir. Elə o vaxtdan da bu qəsəbənin adı "Fin qəsəbəsi"
qalıb.
Yenə qarşımızda əsgər
dolu maşın gedir. Əsgərlərdən biri başını
silahının lüləsinə
keçirdiyi papağına
söykəyib.
- Müharibə dövründə
əsgərə əl
yelləməkdən daha
gözəl bir şey varsa, o da əsgər olmaqdır - Fehruz qabağımızdakı əsgərlərə
əl yelləyə-yelləyə
deyir.
Ruslan:
- Darıxma, Fehruz, biz Şuşaya gedəndə
həmin yola saldığımız əsgərlər
də bizə əl yelləyib qarşılayacaqlar.
... Görəsən, mərmi düşən
kənddə gördüyüm
o dərvişanə Qarabağ
qazisinin çubuğu
indi haralardadır?
Rəhman MİRZƏLİZADƏ
525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.7.