Şanlı bayrağımızın əzəmətli təsviri Qoşa Qala qapısında
Məlum olduğu
kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri
genişmiqyaslı təxribat törədərək cəbhəboyu
ərazilərimizi, Azərbaycan Ordusunun mövqelərini və
yaşayış məntəqələrimizi intensiv atəşə
tutub.
Düşmənə
qarşı əks-hücum tədbirləri
başladılıb və işğal altında olan bir
sıra torpaqlarımız mənfur düşmənlərdən
azad edilib. Bu gün də bu tədbirlər Ali Baş
Komandanın əmri ilə müzəffər ordumuz tərəfindən
davam etdirilir. Bununla əlaqədar bütün ölkədə
binaların fasadlarında və digər görünən yerlərdə
əsgərlərimizə dəstək və vətənpərvərliyin
təbliği məqsədi ilə bayraqlar asılıb, digər
ruhlandırıcı tədbirlər həyata keçirilir.
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu tədbirlərin icrasında
yaxından iştirak edir.
İdarədən
bildirilib ki, Azərbaycanın, Bakının qədim məkanı
olan İçərişəhərdə bir neçə
yaşayış və tarixi abidələrimizin üzərində
şanlı bayrağımız dalğalanır, müxtəlif
vətənpərvər ruhlu foto və informativ tablolar ərazini
daha da zənginləşdirir. Görülən işlərin
davamı kimi idarənin dəstəyi ilə Azərbaycan rəssamları
Vüsalə Ağarazıyeva, Daşqın Bayramov və
Ağayar Bayrışovun Qoşa Qala meydanında çəkdiyi
üçrəngli bayrağımızın möhtəşəm
rəsmi ziyarətçilərin, eləcə də sakinlərin
böyük marağına və sevincinə səbəb olub.
Azərbaycan torpağının övladı olaraq, onun
dövlət rəmzini qədim İçərişəhərdə
təsvir etməyin onlarda inanılmaz hisslər
doğurduğunu bildirən əsərin müəllifləri
"Vətənimiz qarşısında baş əyirik. Divar
üzərində bu rəsmlə sevgi və qürur hisslərimizi
göstərmişik", - deyə sevinclərini ifadə
ediblər.
525-ci qəzet.-2020.-16 oktyabr.-S.16