Məmməd Araz haqqında monoqrafiyanın təqdimatı olub
AMEA-nın
Naxçıvan Bölməsində İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Ramiz Qasımovun "Milli yaddaşın məhək
daşı: Xalq şairi Məmməd Araz" adlı
monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri institutun
direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev açaraq Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən olan Xalq
şairi Məmməd Arazın çoxcəhətli və zəngin
yaradıcılığına həsr olunan və müəllifin
sayca 7-ci monoqrafiyası haqqında fikirlərini bildirib. Alim
Xalq şairinin anadan olmasının 87-ci ildönümünə
təsadüf edən bir gündə təqdimatın
keçirilməsini xüsusi vurğulayıb.
Daha sonra institutun
Folklorşünaslıq şöbəsinin müdiri, filologiya
üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov
"Məmməd Araz milliliyinə elmi baxış"
mövzusunda məruzə ilə çıxış edib. O
vurğulayıb ki, sözügedən monoqrafiyada tədqiqatın
obyekti bədii yaradıcılıq nümunələri
olduğu üçün araşdırmanın ümumi
ruhunda da elmiliklə yanaşı bədiilik mühüm yer
tutur.
Ədəbiyyatşünaslıq
şöbəsinin böyük elmi işçiləri, dosent
Aygün Orucova və filologiya üzrə fəlsəfə
doktoru Nərgiz İsmayılova çıxış edərək
monoqrafiyanın ayrı-ayrı məziyyətlərindən
söz açıblar.
Sonda müəllif
Ramiz Qasımov çıxış edərək şairin ədəbi
irsinin bundan sonra da araşdırılması istiqamətində
tədqiqatlarını davam etdirəcəyini diqqətə
çatdırıb.
525-ci qəzet.-2020.-16 oktyabr.-S.16