Qurtuluşun yaxındır, Zəngəzur!
Birinci yazı
ƏZƏLİ
YURD YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS
Azərbaycan dövləti və xalqının 27 sentyabr
2020-ci ildə işğalçı
erməni faşistlərinin
növbəti təxribatına
cavab olaraq başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələr ilə
bizi qəti qalibiyyətə - Zəfər
gününə aparır.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla ölkəmizin ərazi bütövlüyünün
bərpası uğrunda
aparılan döyüşlər
artıq Azərbaycanın
tarixi Zəngəzur bölgəsinin Zəngilan,
Qubadlı, Laçın
rayonlarının sərhədlərinə
yaxınlaşır.
2011-ci ilin 5 iyulunda Dünya azərbaycanlılarının
III qurultayındakı nitqində
Prezident İlham Əliyevin dediyi bu sözlər Qarabağ, Zəngəzurla
bağlı tarixi həqiqəti dolğun, düzgün əks etdirir: "Tarix tarixdir. 1978-ci ildə
Qarabağda məskunlaşmalarının
150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu
torpaqlara qonaq kimi gəlmişlər.
Nəinki Dağlıq
Qarabağ, bugünkü
Ermənistan tarixi Azərbaycan torpaqlarında
formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur
mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik
ki, vaxtilə Zəngəzuru Azərbaycandan
ayırıb Ermənistana
vermək nəticəsində
böyük türk dünyası coğrafi cəhətdən parçalandı.
Yəni,
Zəngəzurun Ermənistana
verilməsinin çox
böyük mənfi mənası var idi".
Xatırladaq ki, tarixi Zəngəzur mahalı Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını və Azərbaycanın Zəngilan,
Qubadlı, Laçın
rayonlarını əhatə
edib. Hazırda Ermənistanın hərbi nəzarətində
olan və intizarla əsirlikdən qurtuluşunu gözləyən
Zəngəzur elləri
ən qədim dövrlərdən Azərbaycan
ərazilərində təşəkkül
tapmış dövlətlərin
tərkibində mövcud
olmuşdur. Çox
sayda yaxın, uzaq tarixi mənbələrdə,
o cümlədən, erməni,
rus, fars
mənbələrində bu
barədə birmənalı,
təkzibolunmaz faktlar,
məlumatlar mövcuddur.
Adlar yerin, torpağın danışan
dilidir, onun üstündə yaşamışların
ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli toponimik adların mütləq çoxluğu
da bu fikri
təsdiqləyir. Toponimin adındakı
"zəngi" leksik
vahidi də türk tayfa adıdır. Türkdilli
respublikalarda və Azərbaycanın çoxlu
yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay,
Zəngitəpə, Zəngərik,
Zəngişamlı, Zəngənə,
Zəngilan, Zəngəran,
Zəngənə, Zəngişalı,
Zəngidərə çayı,
Zəngibasar, Zəngilər,
Zəncan, Zəngilli,
Zəngi çayı
və sair.
Mahmud Kaşğari, Rəşidəddin,
Əbdülqazi, A.Bakıxanovun
əsərlərində və
bir çox digər yazılı mənbələrdə oğuz-türk
tayfasından biri olan "zəngi"nin adı keçir. Zəngi tayfaları Azərbaycan
Atabəylər, Səfəvilər
hakimiyyətlərinin əsas
sütunlarından olub.
Xatırladaq ki, məngi,
səngi, vəngi adlı qohum türksoyların da adları mənbələrdən
keçir və türksoylarının yaşadıqları
yerlərdə çoxlu
izləri qalmaqdadır.
Ziya Bünyadovun "Azərbaycan Atabəylər
dövləti" kitabında
(səh.26, 42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz
açılır: "Xəlifə
özünün bütün
planlarının yerinə
yetirilməsini Zəngiyə
həvalə etdi. Beləliklə, Bağdadda üçlər
- Xəlifə, Davud, Zəngi - birliyi yarandı. Məsuda qarşı yönəldilmiş
bu birlik əslində İraq sultanlığının mərkəzi
hakimiyyətinə qarşı
çevrilmişdi. Xəlifənin müttəfiqləri arasında
atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin
belə addım atmasına yol vermədi, Sultan Zəngini
Farsa və onun nahiyələrinə
hakim təyin etdi".
Zəngəzurdakı ikinci leksem əski türkcəmizdən bu günə qədər dilimizdə işlənən
"sır" sözünün
fonetik dəyişikliyə
uğramış formasıdır,
asan tələffüzə
görə s-z-yə çevrilib, yəni dağlıq, daşlıq,
sırsıralı, qayalıq
yer, təbii hasar, qala, bürc
deməkdir. Bu iki söz ərazinin
relyefini düzgün səciyyələndirir-yəni zəngilərin yaşadığı
dağlıq yer.
Zəngəzur ərazisindəki
adların bir çoxunda sır-sur-zur-zor
daşlaşıb qalıb,
"zor" sözü
Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük,
gözəl mənasında
da gen-bol işlənməkdədir; güclü,
qüvvətli, zor yer, zor kişi,
zor adam və sair.
Bu baxımdan rus,
erməni elmi dairələrinin belə fikirləri etibarsızdır.
"Kitabi-Dədə Qorqud"dan
(X boy) bir yarpaq: "Oğuz igidi Usun oğlu Əkrək dədə-baba,
el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə üç
gün- üç gecəyə yortaraq Əlincə qalaya çatdı...". Zəngəzurun baş kəndi
Gorus -Us, Uş tayfasının yaşayış
yeri, yurdu, gorgahı olub. Qafqaz Albaniyasının tərkibində
mövcud olmuş Sünik knyazlığı
da əsasən Zəngəzurun Sisian və Gorus bölgələrini
əhatə edirdi.
Sisianın adı ilkin
yazılı mənbələrdə
"Sisakan"dır. Moisey Xorenatsi, Musa Kağankatlıda bu ad çox işlənib.
"Alban tarixi"ndən sətirlər:
"...Qoxtan əhalisi
Sisak nəslinin varisləridir. (Arşak-
Alban sülaləsi də
vardı-H.N)...V əsrin
əvvəllərində Qor
və Qazan adlı iki qardaş
böyük ordu ilə gəlib Sünikdə məskən
saldı". Qor-əski
türkcəmizdə həm
də igid, cəsur adam
deməkdi. Gorus bəzi mənbələrdə
Qorus kimi də gedib - "igid uslar yurdu".
Qazan köklü 30-dan çox
toponim var Zəngəzur ellərində.
Zəngəzurun 20 yer-yurd, dağ-dərə,
el-oba adı Ana Kitabımız "Kitabi-Dədə
Qorqud"dakı adlarla
eynidir. Sisakan toponimində həm
də türk-oğuz
mənşəli arxaik
söz daşlaşıb
qalıb; "kan"
-hündür dağ silsiləsi, dağlıq yer anlamında gen-bol işlənmişdir, yəni Sisakan -"Sisak nəslinin yaşadığı dağlıq
yer" mənasındadır.
Sisianda Şirikan adlı kənd də vardı. Müqayisə
et: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin
vilayətləri Atropatakan,
Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan...Bunlar islamiyyətdən əvvəlki alban mənşəli yer adlarıdır. Albanların
türk mənşəli
olmasına şəkk-şübhə
edənlər var. "Kitabi-Dədə
Qorqud"un əlyazmada
adı "Kitabi-Dədəm
Qorqud əla lisani-tayifeyi-oğuzan"-Oğuzların
kitabının, oğuzların baş qəhrəmanı, başçısı
kimdir?! "alpanlar
başı Qazan xan" hər boyda işlənir, Kitabımızda alp(p-b)anlar,
alplar elə oğuzların özüdür.
"Sünik" toponimi
(knyazlığı, vilayəti,
bu adda kənd
də olub) sak türkdilli tayfa adı ilə bağlıdır. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri
adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi,
ümumtürk tarixi üçün əhəmiyyəti
ilə "Orxon-Yenisey"
abidələrindən geridə
qalmırdı. Bərgüşad çay və ərazi adında atəşpərəstlərin inandığı Bərgu
peyğəmbərin adı
qalıb. Qubadlının Əliquluşağı kəndində
V əsin yadigarı olan Göyqala albanların ən möhtəşəm məbədlərindən
biri olub, geniş ərazidə izləri qalmaqdaydı.
Zəngəzurun ən böyük
şəhərləri Qafan-qaf
türk etnosunun, Qacaran-qacar tayfalarının
yurd yerləri olmuşdur, an-əski türkcəmizdə cəmlik,
çoxluq bildirir.
Türk etnoslarının
qədim və erkən orta əsrlərdə Azərbaycan
ərazisində Manna və
Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə.
VII-V əsrlər), Atropatena
(e.ə. IV eranın
III əsrləri), Albaniya
(e.ə. IV eranın VIII
əsrləri), Cənub-Şərqi
Avropada Skif çarlığı (e.ə.VII-III
əsrlər), Sannat çarlığı (e.ə.
III - eranın III əsrləri),
Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə.
VI-IX əsrlər), Mərkəzi
və Orta Asiyada Hun xaqanlığı
(e.ə. III-I əsrlər),
türk xaqanlıqları
(VI-VIII əsrlər) və
digər çoxlu türk dövlətləri
Sünik-Zəngəzuru da
əhatə etmişdi
və bunlar mövcud olanda ermənilərin bu ərazilərdə heç
bir izi olmayıb.
Zəngəzur Cavidan, Cavanşir,
Babək dövründə
xürrəmilər hərəkatının,
ərəblərə qarşı
savaşların əsas
mərkəzi, 30 ildən
artıq sürən qanlı döyüşlərin
son məkanı olmuşdur.
Həm də ona
görə ki, atəşpərəstliyin
ən məşhur məbədgahları bu
yerlərdə idi və neçə-neçə
abidədə izi yaşamaqda
idi. Ərəblər məhz Arazı
keçərək, Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə
istiqaməti ilə hərəkət edib o vaxt Alban,
Arran adlanan Şimali Azərbaycanı zəbt
etmişdilər.
1065-ci
ildə Səlcuq-türk imperiyasının şanlı
hökmdarı Alp-Arslanın başçılığı
ilə 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur
ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi.
1236-cı
ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxanilər, Hülakilər, Şeyx
Həsən Çoban, Məlik
Əşrəf, Əmir Əxicuq, Şeyx
Üveys Cəlairin hökmranlığı
dövrlərinə aid bütün
yazılı məxəzlərdə Zəngəzurdakı
türk-Azərbaycan mənşəli yer-yurd
adlarının adı keçir, bu yerlər qanlı savaşlar
meydanına çevrilmişdi.
"...1359-cu ildə Varzaqun
yaxınlığında Cəlairi əmiri Məhəmməd
bin Müzəffər tərəfindən
məğlub edilən Əxicuq böyük
itki verərək Qafana
qaçmışdı. Çobanilərin Qafanda
sığınacaq tapması hər şeydən əvvəl
Qafan qalasının hərbi-strateji
baxımdan alınmaz mövqeyi ilə
bağlı idi....Əxicuq Qafana, ona ata
kimi olan Sədrəddin
Qafaninin yanına getdi.
Üveys elçi
göndərib Əxicuqu gətirdi və onunla
barışdı" (XIV əsr salnaməçisi Zeynəddin
bin Həmdullah Qəzvini,
"Zeylü-tarixi-güzidə" əsərindən). Foma Mesoplu yazır:
"...1386-cı ildə Qızıl Orda
xanı Toxtamışın qoşunları Sünikin
12 vilayətini talan etdilər, əhalisinin
çoxunu qılıncdan keçirdilər
və əsir götürdülər". Salnaməçi onu da qeyd
edir ki, aprelin 7-də qəflətən güclü qar
yağması əhalinin bir hissəsini labüd ölümdən xilas
etdi, çünki qoşunlar belə dağlıq ərazilərə
çıxmağı, vuruşmağı bilmir,
çoxlu itki verirdi.
1395-ci
ildə Əmir Teymur Zəngəzuru özünə tabe etdi,
bu ərazilər daha sonra Qaraqoyunlu (1410-68),
Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi
qızılbaşlarının hakimiyyəti altına
düşdü, Osmanlı və İran xanədanları
arasında bir neçə əsr savaş meydanına
çevrildi.
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri
Birliyinin sədri,
tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 16 oktyabr.-
S.14.