Tarixin dərslərindən ibrət
almalıyıq
Keçmiş səhvlər təkrarlanmayacaq
10 minlik
erməni nizami ordu hissəsinin başında Zəngəzurun
yuxarı hissəsini qan içində məhv edən general
Andronik Ozanyanın seçmə qoşun hissələrini xalq
qəhrəmanı Sultan bəyin (Azərbaycan Xalq Cümhuriyyətinin
ilk hərbi naziri Xosrov bəy Sultanovun qardaşı)
başçılıq etdiyi silahlı könüllülər,
partizan dəstələri Laçının Zabux dərəsində
mühasirəyə alıb qırmış, ələ
keçirdiyi ən yüksək strateji əhəmiyyətli
yüksəklikləri azad edərək möhkəmlənmişdi.
Təəssüf ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin Zəngəzur qəzasına
göndərdiyi qoşunların rəhbərliyindəki erməni
əsilli xəyanətkar zabitlər Baş qərargahda
hazırlanmış planı - "Zəngəzur əməliyyatı"nı
200 min rubla ermənilərə satıb qazanılmış qələbələri
heçə endirmiş, qoşunu acı məğlubiyyətə
düçar etmişdilər.
Sisian, Gorus, Laçın, Qubadlıda - yuxarı Zəngəzurda
axıdılan qanlar hələ qurumamışdı. Bunun ardınca 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin
Zəngəzur qəzasının aşağı hissəsində
Qafan bölgəsinə bağlı Oxçu kəndində
tariximizin ən faciəli günlərindən biri
yaşanmışdı. Qaniçən,
qisasçı erməni başçılarından biri
Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə
alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin
əhalisini də kəndin ortasındakı meydana topladıb,
heç kimin qaçıb sağ qurtulmaması
üçün kənddə bütün yol,
cığırları kəsdirib. Kişilər
karvansaraya doldurularaq qapılar bağlanıb, dörd tərəfdən
düzülmüş dinamitlərlə partladılıb,
yaralılar daş-qalaq olunub, son nəfərədək
öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi
əleyhinə çıxan hörmətli ağsaqqal, din
xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin
ayaqları altında başları kəsilib. Qocalar,
uşaqlar və qadınları məscidə doldurub diri-diri,
tikə-tikə doğrayıblar, hər yandan insan qanı sel
suları kimi axıb gedib.
Çarəsiz, köməksiz, əliyalın insanlar ələ
keçirdikləri ağac, daş, dəmir parçaları
ilə gənc qız-gəlinlərin sir-sifətini,
qarnını, əzalarını dəlik-deşik ediblər
ki, namusları gözəl görkəmdə ləkələnməsin,
manyak vəhşilərin əlinə diri, sağ-salamat
keçməsin. Analar quyulara, yanar təndirlərə
atılan körpələrinin dalınca özləri də
odun içinə tullanıb balaları ilə birgə
diri-diri yanıblar, neçəsi bu vəhşətdən
çıldırıb dəli olub, xəstə, əlil,
ahıl, ana qucaqlarındakı südəmər körpələrə
belə aman verilməyib. Həmin dəhşətli
gündə 1400 müsəlman-türk, o cümlədən, təkcə
Çaylı və Oxçu kəndlərindən 400-ü
uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində
görünməmiş amansız vəhşiliklə,
güllə, mərmi işlənmədən məhv edilib.
Qaniçən
quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə
şahidini sağ buraxıblar ki, gedib gözləri ilə
gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə
ümid olub gözləyən müsəlman kəndlərində
hər kəsi belə sonun gözlədiyini söyləsin.
Çoxsaylı müraciətlərdən sonra
Cümhuriyyət qoşunları aşağı Zəngəzurda
hərbi əməliyyatlara başlamayıblar. Dərhal məkrli,
bic erməni başbilənlərini bu dəfə başqa yol
seçiblər. Erməni xisləti bu dəfə
də başarılı olub. Cümhuriyyət
hökuməti və Parlamentinin rəhbərlərinin humanist,
insani, səmimi, əxlaqlı mənəviyyatına
yaxşı bələd olan ermənilər Azərbaycan tərəfini
bu dəfə yalançı sülh sazişi ilə aldada
biliblər.
1919-cu il noyabrın 23-də
Tiflisdə Azərbaycan və Ermənistanın hökumət
başçıları ABŞ və Gürcüstan təmsilçilərinin
də iştirakı ilə atəşi dayandırmaq barədə
sazişə qol çəkirlər. Sazişi
Ermənistan hökumətinin nümayəndəsi, baş
nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi,
baş nazir Usubbəyov imzalayıblar. Bu
saziş o günlərdə imzalanmışdı ki, dörd
gün qabaq Qafan kəndlərində axıdılan qanlar hələ
qurumamışdı.
Saziş
imzalanan kimi AXC hökuməti az sayda hərbi
qüvvələrini Zəngəzurdan geri çəkdi. Bu zaman Erməni Milli Şurasının
açıq dəstəyi ilə qaniçən Qaregin Njdenin
quldur dəstələri Zəngəzurun aşağı Qafan,
Meğri, Qubadlı bölgəsini qan içində boğmaq
üçün bütün qüvvələrini səfərbər
etməkdə, vaxt qazanmaqda idi. Hücum Njdenin 1919-cu il noyabrın 30-da verdiyi bu bədnam əmrlə
başladı: "Qafan, Gorus, Meğri hərbi hissələrinə
ƏMR. Əsgərlər, sabah
Gığı dərəsinə qarşı bizim
hücumumuz, səlib müharibəmiz başlayır. Sabah
sizin güclü hücumunuz və zərbələrinizdən
ağlını itirən düşmən öz kəndlərini
buraxıb gedəcək... Sabah bu vadidə
ayaqlarınızın taqqıltısı,
silahlarınızın gurultusu eşidiləcək...
Bütün kəndləri yandırın, talan edin, hücum
zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən
istifadə edin... İrəli, Allah və Davud bəyin
qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi
qüvvələrinin ümumi komandanı Njde".
Hücumda Naxçıvanla Azərbaycanın qalan hissəsi
ermənilərin əlinə keçmiş, 4 mindən
çox insan amansızlıqla qətl edilmişdi.
Cümhuriyyətimizin Xarici İşlər Nazirliyi isə
nota dalınca nota verməkdə idi. Azərbaycanın
Xarici İşlər naziri Məmmədyusif Cəfərov
noyabrın 29-da Ermənistan xarici işlər nazirinə Ermənistan
hökumətinin 23 noyabr sazişinə xilaf
çıxdığına görə etiraz teleqramı
göndərdi.
Amma artıq gec idi. Artıq Zəngəzurda barmaqla
sayılacaq qədər salamat kənd qalmışdı.
Erməni həmin ermənidir...
101 il əvvəlin bu tarixinə ekskurs etməkdə
məqsədim ermənilərin, erməniliyin mahiyyətini bir
daha xatırladıb, yada salmaqdır. Bu gün Paşinyan, erməni
lobbisi, xalqı dünya liderlərinə, az
qala, diz çöküb yalvarır, sürünür, atəşkəs
amanı diləyir. İkinci Qarabağ savaşında da xeyli belə
aldanışlarımız olub. Hər
rayonu təkləyib almadan qabaq digər sərhədyanı
qonşu rayonların inzibati-hərbi rəhbərliyi ilə, həm
də Bakıdakı havadarları ilə paralel sülh,
mehriban qonşuluq danışıqları aparırdı.
AZƏRTAC-ın sərhəd bölgələri
üzrə zona informasiya mərkəzinin rəhbəri kimi
çox sayda belə epizodlar yaddaşımdadır.
Qubadlı, Zəngilan, Laçın və Cəbrayılın
özünümüdafiə batalyonlarının eyni vaxtda
birgə hücum, əməliyyat aparmaq barədə
danışıqları hər dəfə uğursuzluğa
düçar olurdu. Hərbi hava, artilleriya
bölükləri Gəncə və Beyləqandan verilən əmrə
tabe idi.
Birini də xatırladım. 1918-19-cu illərdə müsəlman
kəndlərinə türk-Azərbaycan geyimlərində
"Allahü-əkbər!" nidaları ilə, əllərində
"Quran" girən erməni quldurları, 1993-cü ilin
30-31 avqustunda Cəbrayılın dağ kəndlərindən
7 batalyonun hamısının yuxarıdan verilən əmrlə
çıxarılıb əliyalın insanları
azğın düşmənlə üzbəüz
buraxdığı Qubadlının Həkəri çayı
boyu kəndlərinə üstündə "Lənkəran",
"Qusar" yazılmış tank, BMP-lərlə, Azərbaycan
musiqisinin sədaları altında girmişdi. Təkcə işğalın son iki
günündə, yəni 30-31 avqustda qətlə yetrilmiş
mülki şəxslərin sayı 183 nəfər,
işğal zamanı güllə yarası və ya digər səbəbdən
əlil olanların sayı 238 nəfər, işğal
zamanı aldığı zərbədən sonralar vəfat
etmiş şəxslərin sayı 9 nəfər, ermənilər
tərəfindən girov götürülmüş və
işgəncələrə məruz qalmış şəxslərin
sayı 49 nəfər, rayondan məcburi köşkün
düşmüş əhalinin sayı 29997 nəfər olmuşdu.
Bəllidir ki, 802 min kvadratkilometr ərazisi olan rayon,
şəhər, kənd, qəsəbə uğrunda
savaşda ilk növbədə və ən çox
döyüşçü, əsgər savaşıb həlak
olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi
heyətinin cəmi 5 nəfər şəhidi, 3-4 də
yaralısı olmuşdu. Bunlar da ərazini
döyüşsüz tərk etmək haqqında verilmiş əmrə
tabe olmayıb doğma yurdunu, el-obasını, darda
qalmış ailələrini, həmvətənlərini
labüd ölümün əllərindən xilas etmək
üçün fərari ordudan yayınanlar idi...
Vətənə qayıdış və
qisas zamanıdır
Artıq o dövrün 28-30 illik
acı tarixi arxada qalıb. 27 sentyabrdan
başlanan əks hücum Azərbaycan xalqının, Dövlətinin,
Ordusunun, Prezident və Ali Baş Komandanının güc,
qüvvət, hərbi-siyasi iradəsinin aynasıdır.
Sentyabrın 27-dən 30-u səhər saatlarınadək
düşmənin 2300 nəfərədək canlı qüvvəsi
məhv edilib və yaralanıb, 130-dək tank və digər
zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli
raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə
vasitələri, 6 komanda-idarəetmə və
komanda-müşahidə məntəqələri, 5 silah-sursat
anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd
avtomobil texnikası məhv edilib və sıradan
çıxarılıb. Murov yüksəkliyi,
xeyli strateji əhəmiyyətli mövqelər ələ
keçirilib. Erməni panika içində Qarabağdan
qaçır, indi ona çatır ki, ev
yiyələri geri dönüb, bura onlar üçün məzar
olacaqdır, bu torpaq erməninin deyil.
Ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... alınmadan durmaq yoxdur. Durmaq yox, son qələbəyədək davam.
Prezidentimizin
qürur doğuran cavabları
Sentyabrın 29-da
"Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə"
proqramında Azərbaycan-Ermənistan təmas xəttində
baş verən son hadisələrə həsr olunan
verilişdə Prezident İlham Əliyevin suallara cavabı hər bir azərbaycanlının
qəlbini qürur, fəxarət
hissi ilə doldurdu. "Natsionalnaya oborona"
jurnalının baş redaktoru İqor Korotçenkonun verdiyi
bu qiymətləndirmə, həqiqətin çoxmilyonluq
rusdilli auditoriyaya çatdırılması baxımından
da bənzərsiz effekt verdi və ondan sonra müzakirəyə
qatılanların arqumentlərinə də yön verdi: "Mən
Azərbaycan və Ermənistan liderlərinin
çıxışlarını diqqətlə dinlədim.
İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli,
düzgün, ardıcıl çıxış etdi. Bu,
MDBMİ məktəbidir. MDBMİ doğrudan da, böyük
kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə
gələk. Prezident Əliyev haqlıdır və
tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat
texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə
alsaq, Azərbaycan ərazisinə doğrudan da türk
qırıcıları göndərilsəydi, bu faktı gizlətmək
mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən
ölkə aşkar edə bilər. Bu gün isə
Dağlıq Qarabağ bölgəsi dünyanın
bütün aparıcı ölkələrinin sıx
müşahidəsi altındadır. Həmkarlarımın
diqqətini bir məqama çəkmək istərdim. Biz
hamımız beynəlxalq hüququn tərəfdarıyıq.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən,
döyüş əməliyyatları Azərbaycanın ərazisində,
Azərbaycan hərbi qüvvələri və erməni hərbi
birləşmələri arasında aparılır".
Cənab
Prezident, Ali Baş Komandan! Bütün diləklərimiz,
xeyir-duamız Sizin üçündür! Azərbaycan Ordusu,
yolun açıq olsun, xalq səndən zəfər gözləyir,
sənə inanır!..
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri
Birliyinin sədri,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.14.