Dözmək?! Ayrılmaq?! Bir yol daha
varmı?!
İldən-ilə
boşanmaların sayı sürətlə artır, yüzlərlə
ailə yarıda dağılır. Bu boşanmalarda ən çox zərər
çəkən də, şübhəsiz, uşaqlar olur.
Tərəflər
ayrıldıqdan sonra fərqli həyatlar qurub, fərqli həyat
hekayələri yaşaya biləcəkləri halda, bir
uşağın həyat hekayəsinin əsas sivmolu valideynləridir.
Bu səbəblərdən,
ailə bütövlüyünün pozulmasının fəsadları
ən çox o ailənin uşaqlarının taleyində
özünü göstərir. Ailə böyük dəyərdir.
Bu mənada düzgün təməllər üzərində
qurulmayan ailələr cəmiyyət üçün
böyük zərər deməkdir.
Qoşqar
Məhərrəmov və Samirə Məhərrəmova cəmiyyətdə
bu tipli problemlərin yaranmaması, ailələrin
dağılmaması üçün ən başdan
düzgün insan seçmək, insanların doğru evliliklərə
nail olmalarına yardım göstərmək məqsədilə
"Evlilik məktəbi" yaradıblar.
Bu məktəbin
layihə rəhbəri Qoşqar müəllim və onun həyat
yoldaşı Samirə xanımla söhbətimizi təqdim
edirik.
***
- Evlilik məktəbi fikri necə
yarandı? Evliliyin də məktəbimi olar?
Qoşqar
Məhərrəmov: - Biz yoldaşımla illərdir müxtəlif
ailələrlə tanış oluruq, bu ailələrin fərqli
problemləri ilə qarşılaşırıq. Yaxın
çevrəmizdə yeni ailə quran, qurmaq istəyən
insanlar da olur. Və biz istər-istəməz bu proseslərlə
yaxından əlaqədə oluruq. Ailə məsələlərində
təcrübəmizə, bilgimizə arxalanan bu insanlar tez-tez
bizə suallar ünvanlayırlar. Düzgün həyat
yoldaşı, tərəf müqabili seçmək, ailədə
müəyyən problemlərin necə həll olunması, ailənin
necə idarə edilməsilə bağlı bizə tez-tez
suallar verilir. Biz də əlimizdən gələn qədər
bu sualları cavablandırmağa
çalışırıq. Bu zaman ərzində anladıq
ki, cəmiyyətimizdə Evlilik məktəbinin olmasına
böyük ehtiyac var. Çünki insanların evliliklə
bağlı biliklərinin azlığı onların bu qədər
problem yaşamasına yol açır. Evlilik bir
ömürlük çıxılan yol, marafondur. Bu yola
çıxarkən müəyyən bilik və bacarıqlara
sahib olmaq vacibdir. Əks halda, bu münasibətlər avtomobil
sürməyi bacarmadan sükan arxasına əyləşib
yola çıxmağa bənzəyir. Mahiyyəti tam anlamadan,
möhkəm təməlləri olmadan qurulan ailələrdə
konfliktlər, ailədaxili narazılıqlar çox olur.
Bunların düzgün həll edilməməsi,
böyüdülməsi də ailənin dağılmasına
gətirib çıxarır. Biz həm də cəmiyyətimizdə
ailəyə kənar müdaxilələrin çox
olduğunu görürdük. Bu mənada, evliliyin çoxtərəfli
mahiyyətini müxtəlif yönlərdən izah etmək,
yaxşı təcrübələri insanlarla
bölüşmək üçün bu məktəbi qurduq.
- Siz bu məktəbdə insanlara nələr
öyrədirsiniz?
Samirə
Məhərrəmova: Evlilik məktəbində biz insanlara ailədaxili
problemlərin həllində dəstək olmağa
çalışırıq. Layihəmiz yalnız ailəli
insanlara yox, ailə qurmaq istəyən, nişanlı olan
cütlüklər, eyni zamanda, tərəf müqabili
seçimində çətinlik çəkən insanlara da
dəstək məqsədlidir. Ailə qurduqdan sonra konfliktlərin,
sıxıntıların yaranmaması üçün ortaya
çıxan suallara birlikdə cavab tapmağa
çalışırıq. Evlilik ancaq toy və nigah mərasimi
ilə bitmir, onu davam etdirmək ən çətin, məsuliyyətli
işdir. Ailə daxilində, əlbəttə, kiçik
mübahisələr olur və bunlar qaçılmazdır.
Amma önəmli olan bu kiçik krizis hallarının
düzgün idarə olunması, həllinin tapmasıdır.
Ailənin mərkəzində sevgi dayanır, amma bu, hər
şeyi həll etmir. Bir ailənin düzgün təməllərlə
qurulması üçün tərəflər arasında
qarşılıqlı anlaşma, bir-birinin istəklərinə
hörmət, səmimiyyət, fədakarlıq, güvən
olmalıdır. Biz bu məktəbdə insanlara bunların
önəmini öyrətməyə
çalışırıq.
- Son bir ildə boşanma
hallarının artması adətən karantin ilə əlaqələndirilir.
Yəni günümüzdə evliliklər bu qədər səthi
münasibətlər üstündə qurulur ki, belə səbəblərdən
yüzlərlə evlilik bir gündə
sonlandırılır?
Qoşqar
Məhərrəmov: Bu, təkcə karantinlə bağlı
deyil, ümumiyyətlə, dünyada ildən-ilə
boşanmaların artması müşahidə olunur. Burda
individuallaşma da xüsusi yer tutur. Əvvəl cəmiyyətlər
kollektiv cəmiyyətlər adlanırdı, geniş ailələr
var idi və insanlar həmin geniş ailələrdə
özlərini xoşbəxt hiss edirdilər. İllər
keçdikcə insanlar fiziki olaraq bir-birlərinə
yaxınlaşsalar da, vahid bir ərazidə daha çox insan
yaşasa da, sıxlıq artsa da, insanlar mənəvi olaraq
bir-birindən uzaqlaşırlar. Bəzən hətta insanlar
eyni evin içində yaşasalar da, mənəvi olaraq
bir-birlərindən uzaq ola bilirlər. Burda bir çox fərqli
faktor rol oynayır. Nəticə olaraq, günümüzdə
insanlar çox tez və asan şəkildə ailələrini
dağıdırlar və bunun da əziyyətini uşaqlar
çəkir. Bu o demək deyil ki, müəyyən hallarda,
ailəni davam etdirmək xətrinə insanlar bir-birlərinə
dözməlidirlər. Biz demirik ki, boşanma ümumiyyətlə,
çox pis bir haldır. Əgər boşanma halı bir zərurətin
nəticəsində ortaya çıxırsa, bu, doğru
addım ola bilər. Zərurət nədir? Əgər tərəflər
bir-birlərinə tamamilə əks insanlardırsa və
onların birlikdə xoşbəxt olması mümkün
deyilsə, bir-birlərinə və böyütdükləri
uşaqlara zərər verəcəklərsə, o ailənin
davam etməyindənsə, etməməyi yaxşıdır.
Biz Evlilik məktəbi olaraq insanlara bunları göstərməyə
çalışırıq. Bizim şüarımız budur
ki, "Dözmək?! Ayrılmaq?! Bir yol daha
varmı?!" Daha bir yol o ola
bilər ki, insanlar, həqiqətən peşəkarlara
müraciət edib öz problemlərini həll edə bilərlər.
- Boşanmaların artmasının
bir səbəbi də birgə yaşayışın çətinləşməsi
ola bilərmi? Bu məsələdə fərdləşmənin
rol oynaması mümkündürmü?
Samirə
Məhərrəmova: Boşanmaların fərqli səbəbləri
olur. Ən birinci məsələ tərəflərin
bir-birini tanımadan, xarakterlərinə bələd olmadan ailə
qurmalarıdır. İnsanlar bəzən maddi durumuna, ya xarici
görünüşünə görə özünə həyat
yoldaşı seçir. Bu cür təməllər üzərində
qurulan ailələrdə müəyyən müddət sonra
boşanmalar qaçılmaz olur. Çünki bir müddət
sonra artıq tərəflərdən biri anlayır ki, evləndiyi
insan ona uyğun deyilmiş. İnsanlar boşanma hadisəsini
yaşamamaq üçün bir-birlərinə güzəştə
getməlidirlər. Mən bəzən problemli ailələrin
tərəflərinə bu fikri deyəndə, qadın bunu
özünü qarşı tərəfə əzdirmək
kimi anlayır. Kişi də deyir ki, mən yoldaşıma
çox şans verdim, amma bu işin axırı
yaxşıya doğru getmir.
Tərəflər
anlamalıdır ki, güzəştə getmək
özünü, öz istəklərini ailəli qalmaq xətrinə
qurban vermək deyil. Bu o deməkdir ki, sən yerindən, şəraitdən,
mövzudan asılı olaraq güzəştə getməyi
bacarmalısan. Əks halda, tərəflərdən biri daima
susdurulmuş mövqedə qalır və o birinin isə ailədəki
rolu daha üstün olur. Yəni güzəştə getmək
məsələsində də balansı qorumaq
lazımdır. Əks halda, müəyyən müddət
sonra münasibətlərdə qəfil partlamalar olur. Buna
görə tərəflər bir-birlərinə istəklərini,
arzularını deməyi bacarmalıdırlar. Xüsusilə
bu mövzuda təkbətək danışmalı, hətta
bir-birlərinə məktub yazmalıdırlar. Mən ən
çox bu üsulu bəyənirəm və bu metodu insanlara
da tövsiyə edirəm. Evli cütlər "Mən səndən
nə gözləyirəm"
mövzusunda məktubları bir-birinə yazıb həyat
yoldaşlarından gözləntilərini səmimi şəkildə
bildirsələr, bu, qarşılıqlı münasibətlər
üçün daha effektli olar.
Bəzən cütlüklərin elə bəsit səbəblərdən boşandığına şahid oluram ki, bu, həqiqətən çox üzücüdür. İnanın ki, düzgün ünsiyyətlə, danışaraq çox şeyi həll etmək olar. Ən azından, o ailələrdə doğulan körpələr var və onlar gələcəkdə öz valideynlərinin ayaq izləri ilə hərəkət edəcəklər. Ona görə də biz valideynlər addımlar atmalıyıq ki, onların da gələcəyi yaxşı olsun.
- Qloballaşan
dünyada əcnəbilərlə evliliyin ailə mühitində
ortaq dəyərlər yaratmaq, milli mənsubiyyətini hiss etmək
baxımından nə kimi təsirləri var? Bu dəyərləri
qoruyub saxlamaq və nəsildən-nəsilə düzgün
ötürə bilmək üçün gənclərə
məsləhətiniz nə olardı?
Qoşqar Məhərrəmov: Ümumiyyətlə,
dünyada sərhədlər artıq simvolikləşir və
insanlar transmilli evliliklər həyata keçirirlər. Bu
zaman müxtəlif dinlər, mədəniyyətlər
arasında bağlar, körpülər qurulur. Bu, əslində,
bir mozaikadır. Dünya qloballaşır və bu
qloballaşmanın içərisində öz rəngini
qoruyub saxlayan insanlar, cəmiyyətlər bu mozaikanın bir
naxışı olacaqlar. Digərləri isə bu
mozaikanın içərisində öz rənglərini itirəcəklər
ki, bu, hazırda dünyada yaşanan haldır. Əsrlər
öncə müxtəlif
el-obaların fərqli geyimləri, öz adət-ənənələri
var idi və bu simvollardan insanların milli mənsubiyyətini
müəyyən etmək olurdu. Artıq bu, çox çətindir.
Çünki indi anqlasakson bir Qərb mədəniyyətinin
dünyaya hakim olduğunu müşahidə edirik. Artıq
dünyanın hər tərəfində insanların geyim və
davranışları bir-birinə bənzəməyə
başlayıb və müəyyən cəmiyyətlərin
milliliyi bir ritorika halını alıb. Yəni onların
öz dəyərləri, simvolları ancaq müəyyən
tədbirlərdə, rəqslərdə nəzərə
çarpır, gündəlik həyatın gedişatında
isə həmin izlərə rast gəlinmir. Bu, təkcə
transmilli ailələr yox, digər ailələr
üçün də keçərli reallıqdır.
Milliyyətcə fərqli insanların evliliklərində mənfi bir hal yoxdur. Ailə münasibətlərində insanların bir-birinə oxşaması, eyni millətdən olması yox, eyni yönə baxması önəm daşıyır. Bu cür ailələrdə insanlar əgər bir-birinin milli dəyərlərinə hörmət etməyə, onu öyrənməyə açıqdırlarsa, o ailənin uşaqları tolerant, beynəlmiləl və multikultral mühitdə böyüyə bilər. Belə mühitdə böyüyən uşaqlar özünü hansı mədəniyyətə daha yaxın hiss edirsə, o mədəniyyəti mənimsəyib onun dəyərlərinə görə yaşaya biləcəklər. Dünyada bu kimi nümunələr var. Bu cür ailə quran tərəflərin, sadəcə, özünü bilən, öz milli dəyərlərini qoruyub-saxlamağı bacaran və həm də multikultural dəyərlərə sahib şüurlu insanlar olması önəmlidir. Bu insanların öz mədəniyyətini bir dəyər olaraq bilib onu qoruyub-saxlaması çox önəmlidir. Əks halda, dediyim o mozaikanın içində itib batacaqlar. Bu da bir reallıqdır ki, bir çox insan Qərbə inteqrasiya olmaq niyyətiylə özünü, öz milli kimliyini tamamilə unudur və böyük bir okeanda itib yox olur. Anlamaq lazımdır ki, bu, geniş bir portretdir və bunun içərisində insanın öz rəngi ilə yer alması daha dəyərlidir. Milli mənsubiyyəti, dəyərləri qorumaq, bu mənada, çox əhəmiyyətlidir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 16 oktyabr.-
S.13.