Söz ilə əbədi yolçuluq və yaxud poetik bütövlük
"Çeşmələrdən
dəryalaşan" (M.Şəhriyar) Azərbaycan şeirinin
indiki mərhələsində poeziyamızın güclü ənənələrindən
bəhrələnən, ona yaradıcı yanaşan və
onun poetik bütövlüyünü özünəməxsus
şəkildə təmin edənlər sırasında
çağdaş lirik-fəlsəfi şeirimizin
tanınmış simalarından Mahirə
Nağıqızının imzasını da
görürük.
M.Nağıqızının ruhuna hopdurduğu milli-mənəvi duyğular,
onda yaratdığı
milli-psixoloji və milli-estetik keyfiyyətlər
şair-vətəndaş olaraq
onu daim keçmişinə üz
tutmağa, qəlbinə
hakim kəsilən bu duyğuların təsiri ilə keçmişdən
bu günə, bu gündən gələcəyə boylanmağa
sövq edib. Bu səbəbdən onun şeirlərində vətənimizə,
tariximizə, təbiətimizə,
mədəniyyətimizə, milli varlığımıza
şair-vətəndaş mövqeyindən
yanaşılma sənətinin
milli təəssübkeşlik
amillərini çoxaldıb,
mövzu, ideya və forma baxımından
yaradıcılığındakı milli komponentləri qabardıb.
Min illərdir zaman adlı imtahanda
Dayanıbsan, sınağına salam olsun!
Uca millət, qan qoxuyan bu cahanda,
Ayaqdasan, hər anına
salam olsun.
Tanrı yurdu Mövlanaya
qucaq açan,
Yunus İmrə ocağına
işıq saçan,
Göytürklərdən üzü bəri
çiçək açan,
Elm-sənət gülzarına salam
olsun.
Mahirə Nağıqızının yaradıcılığı
mövzu məhdudiyyəti
tanımır. Forma rəngarəngliyi
və ideya-məzmun çalarları ilə zəngin olan bu poeziyada gözəllik
ilə ülviyyətin,
sevgi ilə məhəbbətin, vətənpərvərlik
ilə qəhrəmanlığın
vəhdəti, tərənnüm
və paralelliyi həm diqqəti cəlb edir, insanı əbədiyaşar
ideallarla baş-başa
saxlayır, həm də oxucunu sirli dünyanın ağuşuna ataraq düşündürür:
Salma məni bu sualın bərkinə
Hər cavabın içində sirr görünür.
Ömür atı alıb gedər tərkinə,
Gəlib keçən ordan bir-bir görünür.
Bildiyimiz
kimi, əksər sənətlərdə onu
yaradan müəlliflərin
iç dünyasının
ifadə olunması önəmli yerlərdən
birini tutur. Sənət aləmində əsl sənətkarlar öz talelərini yazırlar desək, yəqin ki, səhv etmərik.
Mahirə Nağıqızının şeirlərində də
həm onun taleyi ilə bağlanan, həm də tərcümeyi-hal faktına çevrilən
çoxsaylı nümunələrə
rast gəlmək mümkündür. "Qəlbində
əkdiyim ağac",
"Sənsən", "Al bayrağım", "Ömür
yolu", "Məhəbbət",
"Alça çiçəyi",
"Mənəm", "Ana dilim", "Anama",
"Əliyə", "Könülə" və
s. kimi onlarla şeirdə Vətənlə,
torpaqla, xalqla, tariximizlə, milli dəyərlərimizlə, doğma
insanlarla üz-üzə
dayanan, bütün varlığı ilə onlara bağlanan, ən başlıcası isə səmimi duyğularını ortaya
qoyan sənətkarın
Vətəndaş, İnsan,
Ana və Şair obrazını görə
bilirik. Bu məqamda
oxucu Mahirə Nağıqızının şairlik
istedadı ilə yanaşı, onun sənətində mahiyyət
dəyişikliyinə yol
açan Analıq, Vətəndaşlıq və
İnsanlıq istedadları
ilə də üz-üzə dayanır,
paralel şəkildə
həmin keyfiyyətləri
müşahidə edə
bilir. Nəticə etibarilə bu
müstəvidə şairin
təqdim etdiyi istənilən ifadə və deyimlər (hətta ilk baxışda sadə görünənlər
də) ideya-bədii çəkisinə görə
fərqlənir, mahiyyətin
estetik dərinlikdə
çatdırılmasını təmin edir.
Belə düşünürəm ki,
Mahirə Nağıqızının
şeiriyyəti həyatın
gerçəklikləri ilə
birbaşa bağlansa da, bir sıra
məqamlarda sanki sirli-sehirli aləmlərin
ruh pıçıltıları
şəklində təsirindən
də yan keçə bilmir. "İsa
bil, bir də çək çarmıxa məni",
"Dünyanın", "Billəm", "Getmədik",
"Yolların", "Dənizə
bənzər adam"
və s. şeirlərində
şair düşüncələri
insan xəyalının
sərhəd tanımayan
intəhasızlığında bizi narahat edən,
eyni zamanda, maraqlandıran məsələlərlə
üz-üzə saxlayır.
Nəticə etibarilə
bu tipli nümunələrdə müəllif
oxucunu "kiçik dünya"nın "böyük problemləri"
ilə üz-üzə
saxlamağı bacarır,
orijinal deyim və ifadələr vasitəsilə diqqəti
daha qlobal məsələlərə yönəldə
bilir. Şairin özünəməxsus fəlsəfi münasibətlərini
təfəkkür süzgəcindən
keçirən oxucu həm düşünür,
həm də dünya sirlərindən agah olmağa başlayır.
Dünya bir ağır şələdi,
Güc eləmə, boş
yerədi.
Kim deyir ki, Yer kürədi,
Düşən qalxa bilmir axı...
Və yaxud:
Gələndir, gedəndir varı
dünyanın,
Ən böyük neməti tək adın-sanın.
Üzü Nuh nəbidən
gələn insanın
Nəsibi bir əlçim
bez idi, billəm.
Həyat hadisələrinə fəal
müdaxilə şairin
yaradıcılığı üçün xarakterik məsələlərdən biridir. M.Nağıqızının bir vətəndaş-şair
olaraq mənsub olduğu millətin taleyüklü məsələləri
fonunda sinəsini qabağa verib öndə görünməsi
və qələmini süngüyə çevirməsi
sənətində milli
təəssübkeşlik amillərinin
bariz göstəricisi
kimi diqqətdən yayınmır. Milli təəssübkeşlik və
vətənpərvərlik ruhunda yazılmış şeirlərində keçmişdən
bu günə, bu gündən gələcəyə ünvanlanan
çağırış və haray səslərində
Mahirə Nağıqızının
ürəyində və
zərif çiyinlərində
gəzdirdiyi yükün
ağırlığını, müsəlləh əsgər
kimi döyüşə
atılmaq istəyini,
göynəyən yaralarını,
düşmənə nifrətini
görmək və
hiss etmək o qədər
də çətin deyil. Çünki onun qələmindən qopan bu cür
misralar gözü ilə gördüyü, ruhu ilə duyduğu,
xəyalında qurduğu real poetik nümunələr kimi dəyərlidir.
Göynəyən yaraynan yatmaqmı
olar,
Dərd, çara axtarır ahu-zarıynan.
Qəlbmi dözər buna,
yaşadı ancaq
Dalıyca getdiyi arzularıynan.
Burda, Alxanlıda fəryad
səsi var,
Bir ana çağırır haqqa
dünyanı.
Almasa bədəlin erməni
xunkar,
Boğar hamımızı
Zəhranın qanı.
Elə bilirəm
ki, Mahirə Nağıqızının Vətənə,
Vətənin bütövlüyünə,
Vətənin böyüklüyünə
həsr edilmiş şeirlərində Vətən
sevgisi intəhasızlığı
hansı səviyyədədirsə,
düşmənə nifrəti
də sözün ifadə etdiyi mənadan üstün səviyyədədir. Ona görə də
şairin vətənpərvərlik
duyğularının ifadə
olunduğu və düşmənə nifrət
aşılanan şeirlərində
"son döyüşə hazır ol" çağırışlı (həm də mövzulu) şeirləri daha çox diqqət çəkir.
Bu tipli şeirlər şairin milli duyğu və milli istəyini əsk etdirmək baxımından xarakterikdir:
Azərbaycan əsgəri, yolun
Şuşaya gedər,
O yürüşün
naminə son döyüşə
hazır ol!
İntizarda Laçındı, Zəngilandı,
Kəlbəcər,
Pir görüşün naminə son döyüşə
hazır ol!
Sən Vətənin gücüsən,
vətənin əsgər
oğlu,
Vətən haya çağırmaz,
haraylamaz hər oğlu,
Qızlar gül-çiçəyiylə süslər müzəffər
oğlu,
O gəlişin naminə son döyüşə
hazır ol!
Mahirə Nağıqızının şeirlərində
müşahidə edilən
vətəndaş cavabdehliyi
və məsuliyyəti
məsələləri onun
poeziyasında bir poetik keyfiyyət olaraq şair fərdiyyətini əks etdirən ən xarakterik cəhətlərən
biridir. Onun yüksək mənəviyyatlı,
qədirşünas insan
olması, yaşadığı
gündəlik həyat
hadisələrinə özünəməxsus
müdrik münasibəti,
adilikdə (sadəlikdə)
böyük mahiyyət
axtarışları və
s. keyfiyyətləri poeziyasındakı
şair fərdiyyətinin
estetikasından söz
açmağa imkan verir. "Lap uzaqlara",
"Sənsən", "Göyərər", "Onun
daş nağılı",
"Vətən", "Qəlbimdə əkdiyim ağac", "Əmanət
eşq", "Ad günün",
"Qalmaz", "Heydər
babanın dastanı",
"Atama", "Sərhəd
qapısı", "Şəbnəmə",
"Sayın Yılmaz
Çakaloğluna", "Zəlimxan", "Anama",
"Əliyə", "Gülbəyaz nənə" kimi şeirlərində heç
bir təmtəraq və hay-küy olmadan fərdiləşdirmə
və ya ümumiləşdirmə yolu
ilə poetik təəssüratlarını qələmə almış
və şeiriyyət
üçün vacib
olan psixoloji incəlikləri ifadə edə bilmişdir:
Musa Yaqub, göyərməyən nə
var ki,
Baxma duzdu, gözün
yaşı göyərər.
Göyərməyən
qara daşın nisgili,
Baxta düşən qara
daşı göyərər.
Geniş mövzu dairəsi ilə
seçilən Mahirə Nağıqızının
poeziyasında türk ruhuna,
onun qəhrəmanlıq tarixinə, mənəvi
ucalığına hörmət, bu gününə
və gələcəyinə böyük
inam bu sənətin bədii
dəyəri ilə yanaşı, onun milli-estetik mahiyyətini xeyli artırır. Şair
"haqq-ədalət qalası",
"elm-sənət gülzarı" hesab
etdiyi türk yurdu və "ədaləti zülmətə
işıq olan", "yer
üzünün ədalət
carçısı hesab edilən"
türklər haqqında danışarkən özünün
lirik duyğularını ictimai
mənalandırmada təqdim edir, öz keçmişinin qüruru ilə yaşamağından zövq alır. Mahirə
Nağıqızı bir neçə min il öncə Altaylardan "yola
çıxan" türkün Metenin,
Atillanın, Alp Ər Tonqanın qüdrətilə
artan şöhrətinə,
Göytürklərin yaratdığı elm-sənət kəhkəşanına,
türkün alqırmızı
bayrağına, şəhid məzarlarına olan
hörmət və salamlarını incə ruhlu bir türk
qadınının öz şərəfli
milli kimliyinə səcdəsi kimi təqdim etməyi bacarır.
Əlbəttə,
kiçik bir yazıda formaca rəngarəng, məzmun və
ideya baxımından zəngin olan Mahirə
Nağıqızı poeziyasının özünəməxsus
xüsusiyyətlərini geniş təhlil obyektinə
çevirə bilməsəm də, təhlil prosesində bu sənət
üçün xarakterik olan bir sıra cəhətləri əhatə
etməyə çalışdım. Qeyd etməliyəm ki, çağdaş Azərbaycan
poeziyasında məxsusi yeri olan, məhsuldar, eyni zamanda, orijinal yaradıcılıq irsinə sahib Mahirə Nağıqızının
poeziyası özünün
poetik bütövlüyü,
dərin lirizmi, lirik-epik
çalarların zənginliyi ilə fərqlənən ciddi poetik sənət kimi
dəyərlidir. Şübhəsiz, Mahirə
Nağıqızının şairlik
istedadının təməlində gen, qan və ana südü ilə keçən poetik ruhun mövcudluğu
ona poeziya sahəsində
uğurlar qazandırdığı kimi, bundan sonra
da şeirimizin
inkişafı yollarında söz ilə əbədi
yolçuluğunun
davamlılığını
təmin edəcəkdir. Böyük
Şəhriyarımızın dediyi kimi: "Şair ola bilməzsən, anan doğmasa şair".
Elman QULİYEV
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin
professoru, "Türk araşdırmaları"
bölməsinin müdiri
525-ci qəzet.-
2020.- 16 oktyabr.- S.12.