Udum-udum Qələbə
İstər qədimliyin təsəvvüf
bucağından yanaş,
istər müasirliyin
kvant nəzəriyyəsindən
vurub-çıx: insanın
DNT-sini belə dəyişməyə qadir
bir enerji var - ruhən, qəlbən hiss etdiyin şükranlıq duyğusu.
Minnətdarlıq hissi
misilsiz dərəcədə
güclü frekans yaradaraq ən ali hədəfi
reallaşdırmağa malik
qüvvədir. "Qarabağ
Azərbaycandır!" dedirdəcək və bunu reallıqda da sübut edəcək
qədər qüvvətli
bir hissiyyatdan danışıram...
Elə
o nöqtədən başlamaq
- Yaradana təşəkkür
etmək istəyirəm:
Bir igidin ömrü qədər daşçatladan səbirdən
sonra bizi çatlatmayıb haqqımız
olana çatmaq naminə bu mübarək zəfər
günlərinə açdığın
bütün yollar üçün minnətdaram
Tanrım! Sən necə haqsan, 30 ildir haqqı yeyilənlərin Haqqı!
Bizə şah damarından da yaxın olduğundan sənə ki əyandır illərdir haqqın yanında durmayan ədalətsiz dünyanı qarşımıza
alıb bu Vətən uğrunda sözün hər mənasında haqqa yürüdüyümüz!
Növbəti minnətdarlığımı dövlətin Ali Baş Komandanına ünvanlayıram:
Erməni terrorçuları
Şuşada yallı
gedib festivallar keçirəndə, şərabdan
içib Qarabağ çəmənliklərində ağnayanda (məhz ağnayanda!) peşmanlıq, ağrı, əlacsızlıq,
ümidsizlik hisslərinin
sarmaş-dolaşından ibarət qarışıq
bir qəhər kələfi düyünlənmişdi
boğazımda. Göz
yaşlarım ürəyimdə
göllənəndə asilənməyə
macal tapmamış energetik bir şəkildə
hiss etmişdim Ali Baş
Komandanın tipik erməni həyasızlığı
qarşısındakı müvəqqəti
susqunluğunun tufanqabağı
sakitlik olduğunu! İllərdir bizim tarixi torpağımızda
ağnayanları ağlatdığınız
üçün, beynəlxalq
ikili standartlar və haqsız təzyiqlər qarşısındakı
dik duruşunuzla, mərdanəliyinizlə, dönməzliyinizlə,
siyasi iradənizlə
Vətənimizin ərazi
bütövlüyü uğrunda
yorulmadan apardığınız
bu mücadilə üçün, qopardığınız
bu tufan üçün
Sizə minnətdaram,
Ali Baş Komandanım!
Ən dəruni minnətdarlığım
isə sənin payına düşür
- sıralarında gözümün
ağı-qarası hərbçi
qardaşımla yanaşı,
minlərlə mənəvi
qardaşımın olduğu
Ordum! Müqəddəs
şəhidlərimizin, qəhrəman
qazilərimizin qanıyla
silələnmiş minillik
Vətən torpağını
qarış-qarış, arşın-arşın,
fərsəx-fərsəx, zirvə-zirvə, kənd-kənd,
qəsəbə-qəsəbə, rayon-rayon işğaldan
azad etdiyin üçün minnətdaram,
igid Azərbaycan əsgəri! Sən sevgilərin ən ülvisinə, fədakarlığın
ən alisinə, eşqlərin ən gözəlinə layiqsən! Milli qürurumuzun qəddini dikəldən, gələcək
nəsillər üçün
yenidən şərəfli Vətən tarixi yazan Azərbaycanın
türk, talış,
tat, ləzgi, yəhudi,
rus, ingiloy övladı, sənə eşq olsun! Qanını töküb canını verib əbədiyyətə yol
aldığın Qarabağda
sən indi həm də bir qurtum Şuşa
Turşsuyusan, bir tutam Xarı bülbülsən, bir ovuc Laçın torpağısan, bir udum Xankəndi havasısan, Ağdam daşısan, Murov zirvəsindəki bıçaqkəsməz dumansan,
Xocalı harayısan,
Cəbrayıl üçün
axıdılan sevinc göz yaşısan, Suqovuşan qalibiyyətisən!
Uğrunda nər
canların qurban
getdiyi üçrəngli
bu gözəlim bayraq təkcə işğaldan qurtardığımız
yüksəkliklərə sancılmır,
həm də sənin ucaldığın şəhidlik zirvəsində dalğalanır!
İki il öncə dünyasını
dəyişmiş "Savalan"
qrupunun bədii rəhbəri mərhum Novruz Novruzlunun "Oğlum" ifası səslənir bu günlərdə qulağımda...
Vətənpərvər ifaçının
yanğı ilə ifa etdiyi duaqarışıq,
ərkyana, ümid dolu o misralar Ali Baş Komandanın hər qələbə müjdəsi ilə bağlı xalqa müraciəti zamanı güvənc yerim, dayağım, fəxrim olan Azərbaycan Əsgərinə
ünvanlanan zikrə dönür dilimdə:
Səndən gedər sonsuzluğa
yol, oğlum,
Bir yol vardır, haqq yoludur, bil,
oğlum!
Çabuk böyü, çabuk
yetiş, tez, oğlum,
Qarabağa göz dikəni
əz, oğlum!
Dostun kimdi, düşmənin kim? - Sez,
oğlum,
Tarixini şərəfinlə yaz,
oğlum!
Qəlbim
dolusu minnətdarlığım
həm də sənədir, əsas da sənədir uca Millətim! Çünki bu qətiyyətli Ali Baş
Komandanı da, bu qəhrəman oğulları da yetirən sənsən! Yanğını söndürmək
məqsədilə dimdiyində
su daşıyan qaranquş misalı
bu günlərdə hər kəs qulpundan çıxan, qəlbindən qopan, əlindən gələn
hər şeyi edərək bir daha millət olmağın, dövlət
olmağın kitabını
yazdı. Qarabağda doğulub orada böyüyən ortayaşlı
nəsillə yanaşı,
"Z" nəsli dediyimiz
ən son nəsil, yaşı yenicə iyirmiyə adlayan və Qarabağı görmədiyi üçün
oranı unutduğunu sandığımız oğullarımız
1992-93-cü illərdə döyüşən
qeyrətli sələflərinin dəyərli genlərini daşıdıqlarını yenə
də döyüş
meydanlarında sübut
edirlər. 92-ci illərdə
sinələrinə qana
bulaşmış oyuncaqlarını
basıb doğma yurd-yuvalarından didərgin
salınan körpələr
28 illik səbirlə sülh istəklərinin bir qocaman heçlik
olduğunu görüb
əllərində silahla
və üçrəngli
bayraqla geri qayıdırlar!
Bilirlər ki, bundan sonra mütləq şəkildə o silahın
yeri sinəmizdi, o bayrağın da yeri Qarabağ zirvələri! Qarış-qarış
dönürük, illərdir
torpağına, suyuna,
havasına həsrət
qaldığımız, dilimizdə
bitən "Qarabağa
qurban olum" kəlməsinin sözün
həqiqi mənasında
haqqını verərək
Vətən torpağının hər qarışına qurban ola-ola qayıdırıq!
Qələbələrə qurtum-qurtum sevinirik, hər zəfəri damla-damla qarşılayırıq,
gözümüzün sevinc
yaşı şəhid
xəbərlərinin dözülməz
ağrısına qarışa-qarışa
dönürük: təkcə
dədə-baba torpağımıza
deyil, həm də özümüzə,
tariximizə, qürurumuza!
Udum-udum qazanırıq
qələbəni, udduğumuz
hər döyüşün
sevincinə udduğumuz
acı və fəxarət göz yaşlarımızın duzlu
tamı da qarışır. Amma yol irəliyədir, biz doğma torpağımıza
qayıdırıq! "Vətən
bağının al-əlvanlığı"nı
şəhidlərimizin qanının
rəngindən alacağını
da bilirdik, "kiş deməklə donuzun darıdan çıxmayacağını"
da... Ancaq indi reallaşması gerçək olan böyük bir ümid var: Bu udum-udum qələbələr "Ömür
sürməli dövran"ın
irəlidə olduğuna işarədir!
P.S. Gerçək hisslər idarə olunmur. Gen yaddaşı elə möcüzədir ki... Söhbət Vətəndən
gedəndə təmkin və susqunluq abidəsi olduğumuz məqamlarda belə varlığımızı
qarşısıalınmaz və iradəmizdən kənar bir coşquya təslim edirik. Bu nə gözəl təslimiyyət!
Mövzu Vətəndirsə,
təfərrüata çevrilən
nə qədər mətləblər gözümüzün
önündəcə baş
verdi və
baş verməkdədir. Elə şükranlıqla da bitirmək istəyirəm
fikrimi: hər tərəfdən öz tarixi torpaqları ilə əhatələnmiş,
nəsibinə "belə
qonşu düşmən
başına" deyiləcək
qədər üzdəniraq
"qonşular" düşən,
"bağrına şəhidlərimizin
cəsədləriylə azadlıq
tumu əkilən"
və bu gün udum-udum qələbələnən Azərbaycan
üçün minnətdarıq
uca Yaradan! Biz ölümünə qədər
bu Vətən üçün varıq!
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2020.- 16 oktyabr.- S.9.