Xaricdə doktorantura təhsili proqramı
böyük perspektivlər vəd edir
KÖLN
UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN
ASİF MUSTAFAYEVİN FİKRİNCƏ,SÖZÜGEDƏN
PROQRAM AZƏRBAYCANIN GƏLƏCƏYİ ÜÇÜN
MÜSTƏSNA ÖNƏM DAŞIYIR
Azərbaycanlı
gənclərin xaricdə doktorantura səviyyəsi üzrə
təhsili üçün prioritet ixtisas istiqamətlərinə
uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə
peşəkar mütəxəssislərin hazırlanması
dövlətin əsas hədəflərindən biridir.
Bu məqsədlə 2018-ci ildə Prezident İlham
Əliyevin müvafiq sərəncamı ilə
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"
qəbul edilib.
Dövlət Proqramının həyata
keçirilməsində əsas məqsəd elm sahəsindəki
qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil
mütəxəssislərin yetişdirilməsidir.
"2019-2023-cü illər üçün Azərbaycanda ali
təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən
sahələr üzrə milli kadrların yetişdirilməsi
baxımından çox mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycanın
ali təhsil sisteminin daha da gücləndirilməsinə
yönələn bu proqramın icrası nəticəsində
təhsilin doktorantura səviyyəsində xaricdə təhsil
və təcrübənin maliyyələşdirilməsi ilk dəfə
həyata keçirilir.
Bu gün
Azərbaycanda ölkənin ali təhsil
sisteminin dünya standartlarına uyğun kadrlarla təmin
olunmasına, dünyanın ən yaxşı ali təhsil
müəssisələrinin doktorantura səviyyəsini bitirən
kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində
xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi
olan yüksək ixtisaslı kadrlar təhsillərini başa
vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı
olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə
cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın
ali təhsil müəssisələrinın
kadr potensialı gücləndiriləcək.
Dövlət Proqramının icrasını Azərbaycan
Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili
üzrə il ərzində 100 tələbənin
maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə
müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə
edilib. Bu vəzifələrin
yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən
həyata keçirilir.
Bu il 34 nəfər proqram çərçivəsində
11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində
doktorantura səviyyəsində təhsil almaq hüququ
qazanıb.
Proqram çərçivəsində doktorantura təhsili
almaq hüququ qazanan gənclərimizdən biri də Asif
Mustafayevdir.
O, hazırda Almaniyanın Köln Universitetində, kibercinayətkarlıqla
mübarizə üzrə PhD/doktorantura təhsili alır.
A.Mustafayev Dövlət Proqramına qəbul
olunmağını özü üçün böyük
bir nailiyyət hesab edir:
"İstər sənəd qəbulu, istərsə də
ümumilikdə qəbul prosesi həqiqətən yüksək
səviyyədə təşkil olunmuşdu. Öncə
bildirim ki, sənəd qəbulu beynəlxalq səviyyədə
təqaüd fondlarının sənəd qəbulu şərtləri
və prosesləri ilə müqayisədə daha asan, əlçatan
və praktik xarakter daşıyırdı. Qəbul prosesi və müsahibə mərhələsi
öz yüksək keyfiyyətli təşkilatçılığı
ilə yadımda qaldı".
Onun
sözlərinə görə, universitetlərin elmi
bazasının zənginləşdirilməsi
üçün bu proqram xüsusi önəm
daşıyır, çünki doktorantura təhsili
üçün göndərilmiş şəxslər
dünyanın ən qabaqcıl universitetlərində elmi
işlərini müdafiə edəcəklər:
"Bu universitetlərin hər biri yüksək elmi-tədqiqat
ənənəsinə, seçilmiş professor-müəllim
heyətinə malik olduqları üçün qabaqcıl
universitetlər sırasındadır".
A.Mustafayev
bildirib ki, elmi işi hazırda daha çox aktuallaşmaqda
olan kibercinayətkarlıq mövzusundadır:
"Doktorluq işimdə kibercinayətkarlığın
və bu sahədəki Almaniya, Azərbaycan və beynəlxalq
qanunvericiliyin müqayisəli təhlilini
araşdırıram. Kibercinayətkarlıq tarixi
baxımından yeni, yəni informasiya texnologiyalarının
ortaya çıxması ilə bərabər yaransa da,
hazırda ən sürətlə inkişaf edən, tədqiqatına
ciddi elmi potensial ayrılmalı olan bir sahədir. Kibercinayətkarlıq və onun tədqiqatı
hazırda dünyanın ən qabaqcıl universitetlərinin,
elmi-tədqiqat institutlarının diqqət mərkəzindədir.
Proqram
üzrə tərəfdaş ali təhsil
müəssisəsi olan Bakı Dövlət Universitetinin
hüquq fakültəsində kibercinayətkarlıq sahəsi
yeni bir sfera sayılır və ona görə də ciddi tədqiqatı
diqqətdə saxlamaq zərurəti yaranır. Doktorluq
dissertasiyamı uğurla başa vurduqdan sonra bu sahədə
ixtisaslaşmış elm adamı kimi ilk görmək istədiyim
işlərdən birincisi fakültəmizdə bu sahəyə
diqqətin artırılmasına, bu sahənin ayrıca, yaxud
media cinayətlərinin tərkibində tədris edilməsinə
nail olmaqdır. Bundan başqa, Almaniyada təhsil
aldığım müddətdə yiyələndiyim elmi
biliklərimi, metodologiyanı, araşdırma təcrübəsini,
elmi işgüzarlığı, elmi intizamı və məsuliyyəti
də Bakı Dövlət Universitetindəki tədris
işimdə bacardığım qədəri ilə
aşılamağa, tətbiq etməyə
çalışacağam".
A.Mustafayev vurğulayıb ki, biz artıq informasiya
texnologiyasının çox sürətlə inkişaf
etdiyi bir dövrdə yaşayırıq. Bu inkişaf o
qədər sürətlidir ki, adi bir texnoloji yenilik bir ildən
sonra xeyli köhnəlmiş hesab oluna bilir. Süni intellekt, robot texnologiyası artıq elə
bir inkişaf həddindədir ki, yavaş-yavaş bu texnologiya
artıq insanları əvəz etməyə başlayıb.
Əksər peşə sahibləri bu dəyişikliyə
məruz qalacaq. Kibercinayətlərin
meydana çıxması təxminən elektron
hesablayıcı maşınların yaranması və
inkişafı ilə eyni dövrə təsadüf edir.
İnformasiya texnologiyaları inkişaf etdikcə
kibercinayətkarlıq, onun törədilmə üsulları,
məsuliyyətdən yayınma imkanları da inkişaf etməkdə,
dəyişməkdədir. Burada ortaya
çıxan ən böyük problem ondan ibarətdir ki,
kibercinayətkarlıq hüququ informasiya texnologiyasının
inkişafı ilə ayaqlaşa, onun yüksək inkişaf
sürətinə yetişə bilmir. Bu isə
öz növbəsində bu sahədəki qanunvercilikdə
xeyli boşluqların, bəzən ziddiyyətlərin əmələ
gəlməsinə səbəb olur. Artıq robotlar tərəfindən
törədilən əməllərə (“robot crime”), eləcə də
süni intellektin səhvlərinə görə məsuliyyət
məsələsi yeni hüquqi problem sayılır. İnsanlar artıq günlərinin xeyli hissəsini
virtual aləmdə keçirir, öz işlərini internet
üzərində görməyə başlayıb. Son illər ölkədə onlayn alğı-satqı
kifayət qədər artmağa, müxtəlif yerli və
xarici saytlar vasitəsilə vətəndaşlarımız
dünyanın istənilən ölkəsindən müxtəlif
mallar sifariş etməyə başlayıb. Bu tendensiya xüsusilə mövcud pandemiyaya görə
daha da sürətlənmiş oldu. Bu,
özlüyündə rahatlıq, stressiz bir
alğı-satqı növü olsa da, təbii ki, mənfi tərəflərini
də özü ilə gətirməkdədir. Belə ki, internet üzərindən sifariş verən
hər bir şəxs öz şəxsi məlumatlarını,
bank hesab nömrələrini bəyan etməlidir. Bu da öz növbəsində “pishing” (müxtəlif
manipulyasiya vasitələrilə şəxsi məlumatların
ələ keçirilməsi) üçün əlverişli
imkan deməkdir. Artıq insanların bank
hesablarından cüzi məbləğlərin naməlum
formada yoxa çıxması ölkədə nadir
qarşılanacaq bir hadisə deyildir. Şübhəsiz ki, bunların əksəriyyəti
avtomatlaşdırılmış formada aparılan “pishing”
hücumlarının nəticəsidir. İnformasiya
texnologiyasının, digitallaşmanın yüksək sürətli
inkişafı, real əməliyyatların artıq internet
üzərindən həyata keçirilməsi internet və
kompüter cinayətlərinin sayının və
çeşidlərinin artması ilə nəticələnəcək.
Qeyd edilənlər xüsusilə hazırkı dövrdə
pandemiya səbəbilə daha da sürətli bir hal alması
ilə bizim kibercinayətlərə hazırlıqsız məruz
qalmağımıza, habelə mübarizə
strategiyamızı formalaşdırmaqda ləngiməyimizə
səbəb ola bilər. Bu
da öz növbəsində strateji baxımdan həssas olan
sözügedən sahəyə xüsusi diqqətlə
yanaşılmasını labüd edir.
O qeyd edib
ki, kibercinayətkarlıq durmadan sürətlə inkişaf
edir, şaxələnir, mücərrədləşir. Bu cinayətlərə qarşı mübarizənin
ən effektiv üsulları, texniki, təşkilati və digər
bu kimi sahələrə aid tədbirlərdən ibarətdir.
Ancaq yalnız texniki tədbirlər kifayət
etmir. Kifayət qədər effektiv, adekvat
qanunvericilik aktları işləyib hazırlamaq, qəbul və
tətbiq etmək baxımından ictimai-hüquqi münasibətlər
də bu mübarizədə önəmli rol oynamaqdadır.
Burada xüsusilə qabaqcıl ölkələrin
qanunvericilik, hüquqi təcrübəsini araşdıran, bu
təcrübəni mənimsəyən
hüquqşünasların yetişməsi çox önəmlidir.
Bu, həm də ona görə önəmlidir ki, kibercinayətkarlıq
transmilli cinayətlər kateqoriyasına daxildir və onlara
qarşı mübarizə beynəlxalq əməkdaşlığı
vacib edir:
"Məsələn, bizə qarşı hər
hansı bir ölkədən törədilən kiber hüquq
pozuntusunun cəzalandırılması üçün
vacibdir ki, həmin ölkədə də bu əməl cinayət
sayılsın. Bu isə ölkə qanunverciliklərinin
beynəlxalq normalara uyğunlaşdırılmasından
keçir. Beynəlxalq təcrübəyə,
beynəlxalq hüquqi aktlara kifayət qədər bələd
olan hüquqşünas-ekspertlərə sahib
olmağımız imkan verəcək ki, öz qanunverciliyimizi
beynəlxalq standartlara uyğunlaşdıra, qanunvericilikdəki
hər hansı bir boşluğu müəyyən edib aradan
qaldıra bilək. Bu, çox önəmlidir".
Gələcək
hədəflərindən söz açan A.Mustafayevin sözlərinə
əsasən, hazırda kibercinayətkarlıq sahəsində
qanunverciliyini və təcrübəsini
araşdırdığı Almaniya bu cinayət əməllərini
müəyyən edərək öz milli qanunverciliyinə
daxil edən ilk ölkələrdəndir. Bir çox ölkələr
Almaniyanın bu sahədəki təcrübəsindən
geniş faydalanır:
"Qeyd edim ki, oxuduğum Köln Universitetinin hüquq fakültəsi hüquq tədrisi baxımından Almaniyada 5-ci sırada dayanır. Hesab edirəm ki, ölkəmizin bu sahədəki qanunverciliyinin, hüquq ədəbiyyatının zənginləşməsi üçün faydalı işlər görə bilərəm. Fikrimcə, elmi fəaliyyətimin ilk obyekti birbaşa cinayət hüququ ilə bağlı ədəbiyyat olmalıdır. Bu baxımdan istərdim ki, əldə etdiyim nəzəri və praktiki biliklərimi hüquq ədəbiyyatlarında, kommentariyalarda və digər qaynaqlarda əks etdirərək, internet və kompüter cinayətlərinin həmin qaynaqlarda daha aydın və dolğun formada təsvir olunmasına nail olum, eyni zamanda, həmin mənbələrin zənginləşdirilməsinə, həmçinin, qanunverciliyimizin təkmilləşdirilməsinə öz töhfəmi verim. Mənim Almaniyada özümü daha rahat, qayğısız hesab etdiyim, getmək üçün darıxdığım, saatlarla məhsuldar elmi işlə məşğul olduğum yer Köln Universitetidir. Bunu, fikrimcə, əksər alman universitetlərinə şamil etmək olar. Alman universitetləri öz elmi aurası, pozitiv enerjisi ilə tələbələri təhsilə, elmə cəlb etməkdədir. Bu, mənim arzum və uzaq hədəfimdir ki, doğma Bakı Dövlət Universiteti də bu xüsusiyyəti ilə həmişə seçilmiş olsun. Ümidvaram ki, universitetimizin bundan sonrakı inkişafı da uğurla davam etdiriləcək, milli tariximizin dəyərli bir hissəsi olan bu təhsil ocağı yalnız öz tələbə kontingentinin deyil, bütün Azərbaycan gəncliyinin intellektinə işıq tutacaqdır. İnanıram ki, doktorantı olduğum proqram bu arzumun reallaşmasına öz töhfəsini verəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.13.