Millət və vətən
anlayışları özünüdərkin atributu kimi
IV məqalə
Ədəbi düşüncədə
milli özünüdərk problemləri
Bir əsrdə
iki dəfə müstəqilliyini qazanmış Azərbaycan
xalqı buna qədər böyük bir milli özünüdərk
prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən
keçərək milli özünüdərkin ən
yüksək səviyyəsinə çatıb və dövlətçiliyini
formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi,
bədii, mədəni fəaliyyət potensialı artaraq milli
ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında
keçdiyi özünüdərk prosesi həm də ədəbi
düşüncədə öz əksini tapıb.
Özünütanımanın
və dərketmənin ən böyük faktorlarından biri
Millət, Vətən anlayışlarının cəmiyyət
tərəfindən qəbul edilməsidir. Millət təsəvvürünün
formalaşması üçün əvvəlcə cəmiyyətin
hazırlanması lazım gəlir. Millət və millətçiliyin
mənası və məzmunu zaman keçdikcə xalqı
dövlətçiliyə aparır. Millətin
formalaşmasında özünütanıma və dərketmə
mühüm rol oynayır. Milli bütövlüyü təmin
etmənin yolları özünüdərketmədən
keçir. Bu zaman millətçilik konsepti müxtəlif
formalarda üzə çıxır. Millət xəyali bir
komponent deyil, real bir varlıqdır. Zaman keçdikcə millət
anlayışı siyasi olaraq vacibliyini təsdiq edir.
Bu
baxımdan cəmiyyətdə Millət və millətçilik
anlayışlarının formalaşmasında bədii
düşüncənin də böyük rolu vardır. Ədəbi
düşüncədə milli özünüdərk
bütün janrlar üzrə müxtəlif formalarda təzahür
edir; istər publisistika, istər poeziya, nəsr və
dramaturgiyada hadisələrin təsvirində xalqın ictimai
şüurunun formalaşdırılması ön plana
çıxır. Milli özünüdərkin əsas
atributlarından biri kimi Vətən, Millət və Dil amili
xüsusi yer tutur. Bu triada XX əsrin əvvəllərində
ədəbi düşüncədə sintez olaraq birləşir
və həm ayrı-ayrılıqda, həm də bir yerdə
tənqid və tərənnüm obyektinə çevrilir; tənqidi
realizmdə tənqid, romantizmdə isə tərənnüm
olunur. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə,
N.Nərimanov, A.Şaiq, M.Hadi, A.Səhhət, Ə.Hüseynzadə,
Ə.Ağayev və başqaları
yaradıcılığında ya bu triada, ya da triadanın hər
hansı bir prinsipi milli ictimai şüurun və əxlaqın
formalaşmasında ən mühüm amil kimi təqdim olunur.
Bu zaman millət məfhumu hələ bədii mətnə gəlməmiş,
obrazlar məişət qayğılarından millət, vətən
qayğılarına keçməmişdi. Vətən, dil,
milli kimlik məfhumlarını çək-çevir edən
anadilli mətbuat olmadığından meydana bədii
düşüncə girir. XIX əsrin son onilliyində N.Nərimanovun
"Bahadır və Sona" romanında xalqın kimliyi,
düşüncəsi, həyatı müzakirə predmeti
olur. Romanın bu problemləri əhatə etməsi müxtəlif
faktorlarla şərtlənirdi; N.Nərimanov Tiflis mühitində
doğulmuş və böyümüş, Qori
seminariyasının məzunu kimi rus ədəbiyyatına dərindən
bələd idi. N.Nərimanovun özü kimi qəhrəmanı
da millətin geridə qalmasının səbəblərini
yalnız qəzetlərin olmamasında görməklə
yanaşı, həm də milli tərbiyədə
görürdü. Millətin tərbiyəsində müsəlman
xanımlarının da rolu az deyildi. Ancaq müsəlman
xanımları içərisində oxuyanların az olması
yeni nəslin formalaşmasında özünüdərk
amilini zəiflədirdi. Bahadırın dostu Sultan ilə söhbəti problemin daha dərin
qatlarına işləyir, burada müsəlman qadınları
və dil faktorunu önə çıxarır: "Bir dilin qədrini millət o
vaxt bilər ki, həmin dildə yazılan inşalar millətin
həm bədəninə və həm ruhuna tərbiyə verə.
Və bir dilin o vaxt qiyməti olar ki, o dili təlim verənlərdə
qeyrət, insaf ola..."
Beləliklə,
N.Nərimanovun "Bahadır və Sona" əsərində
ilk dəfə olaraq millət məfhumunun bu şəkildə
qoyuluşunu görürük. Bahadır bir ziyalı kimi
xalqının düşdüyü vəziyyəti
yaxşı dərk edir və onun yolunda işlər görməyə
çalışır. Dövrün digər qəhrəmanları
kimi həlak olur (Fəxrəddin ("Müsibəti-Fəxrəddin",
N.Vəzirov), Fərhad ("Bəxtsiz cavan", Ə.Haqverdiyev),
lakin onlardan fərqli olaraq Bahadır vətən və millətin
tərəqqi yolunu aydın görürdü. Millət
sözü heç zaman onun dilindən
düşmürdü. Bu da onu göstərir ki, N.Nərimanov
millət sözünü qəhrəmanının aydın
proqramına çevirən ilk
yazıçılarımızdan biridir.
Zeynalabdin
Marağayinin "İbrahim bəyin səyahətnaməsi"
romanının qəhrəmanı da romantik arzularla
yaşayan, vətənini, xalqını çox sevən və
onun dərdlərini, problemlərini dərk edən bir vətənpərvərdir.
Bahadır kimi, o da başqa millətlərin
inkişafının səbəbini mətbuatda
görürdü. Yazıçı qəhrəmanını
müxtəlif situasiyalardan keçirir və onun vətən
anlayışının mahiyyətini təsvir edir. Vətən
anlayışı onun düşüncəsində müqəddəs
bir şeydir, hətta o dərəcədə müqəddəsdir
ki, şəxsi həyatından,
sevgisindən irəlidir. Onun qəlbində iki məhəbbət
vardır; vətən və şəxsi məhəbbəti.
Lakin vətən məhəbbəti onun üçün hər
şeydən üstündür. O, vətənini,
xalqını çox sevir, hətta o dərəcədə
çox sevir ki, yanında üzünü görmədiyi vətəni
haqqında kimsə nə isə bir söz söyləsə,
acığı tutar, o adamda vətənə qarşı bu
münasibətin səbəbini başa düşməzdi.
Yazıçı qəhrəmanının vətənə
münasibətini iki aspektdə verir; birincisi, vətəni
görməyib onu sevən İbrahim bəy; ikincisi, vətəni
və onun problemlərini görüb onu bu vəziyyətdən
çıxarmaq haqqında düşünən İbrahim bəy.
Birinci İbrahim bəyin millət, vətən təəssübkeşliyi
gözünü qapamışdır; vətəni ilə
bağlı gerçəklikləri görmür, onu tənqid
edənlərdən də xoşu gəlmirdi.
İbrahim
bəy təkcə vətən deməklə kifayətlənmir,
həm də bu vətənin bir parçası olan fərdlərin
taleyini və məsuliyyətini düşünür.
Onların da görməli olduqları vəzifələri dilə
gətirir. Onun fikrincə: "Vətənin ümumi hüquqları bu cəmiyyətin
hər bir fərdinin hüququna şamil olan ayrı-ayrı
xoşbəxtliklərin məcmusundan ibarətdir. Lakin cəmiyyətin
ayrı-ayrı üzvləri o səadəti ələ gətirmək
istəsə də, ona təklikdə nail ola bilməzlər.
Fəqət birləşdikdə bu səadəti əhya edib,
onun ümumi səmərəsindən faydalana bilərlər.
Vətəndaşlar vətən torpağını öz
övladlarından daha artıq sevməlidirlər. Dini
qorumağa borclu olduqları kimi, vətəni qorumağı
da özlərinə vacib bilməlidirlər. Beləliklə də,
"vətənə məhəbbət-dinə məhəbbət
deməkdir" kimi müqəddəs vəzifəni yerinə
yetirmiş olarlar". Lakin bütün bu hüquqları
heç yerdə eşitmirlər, hər yerdə onu
söyür, döyür və qovurlar. Bu təhqirlərə
məruz qaldıqca bəzən özünü
qınayır, bəzən də çıxış yolunu
zülm altında qalan insanların birləşib onlara
qarşı çıxmasında görürdü.
Yazıçı əsərdə mədəni cəmiyyətlərdə
tərəqqinin, yüksəlişin çox vacib şərtlərindən
və şəxsiyyət azadlığının qiymətli
amillərindən olan fikir, vicdan, söz
azadlığının İranda boğulması əleyhinə
çıxırdı, insan hüquqlarını ehtirasla
müdafiəyə qalxırdı.
Z.Marağayinin
"İbrahim bəyin səyahətnaməsi" əsərində
vətən və millət faktoruna tamamilə yeni yanaşma
var; bu yanaşma qərbçilik meyllərindən irəli gəlir.
İbrahim bəy istəyir ki, onun da milləti tərəqqi
etsin, qəzetləri həqiqəti yazsın, dövlət
xalqı zəlil günə qoymasın, ayrı-ayrı fərdlər
də cəmiyyətə olan borcunu ödəsin, vətənini
sevsin.
XX əsrin
əvvəllərində siyasi, ictimai təfəkkürün
formalaşdırdığı azadlıq, istiqlal məsələləri
milli mücadilənin komponentlərindən birinə
çevrilir. Vətənin azadlığı və tərəqqisi
məhz bu üç amildən - triadadan keçir. Bu mənada
C.Məmmədquluzadənin
yaradıcılığının ana xəttini Vətən,
Millət, Dil triadasının təşkil etdiyini görmək
olar. Üstəlik, C.Məmmədquluzadə
yaradıcılığında həm də milli
özünüdərk problemi ən yaxşı şəkildə
ifadə olunur. Necə deyərlər, C.Məmmədquluzadənin
bütün əsərləri xalqın düşüncəsi,
əxlaqı, təfəkkürünün dəyişiminə
və tərəqqisinə yönəlmişdir. Tənqidçi
Elnarə Akimova Vətən, Millət, Dil triadasının C.Məmmədquluzadə
yaradıcılığındakı yerini düzgün ifadə
edərək yazır: "Cəlil Məmmədquluzadə
yaradıcılığı bizdə estetik özünüdərkin
faktıdır. Milli ədəbiyyatımızın təkamül
tarixini adətən, üç mərhələdə
xarakterizə edirlər: islama qədər olan, islamla
başlayan və Avropa ilə başlayan üç dövr. Cəlil
Məmmədquluzadə yaradıcılığı bu
üç qütbü birləşdirən
yaradıcılıq faktı kimi doğuldu".
C.Məmmədquluzadə
istər publisistikasında, istərsə də bədii nəsr
və dramaturgiyasında xalqın cəhalətdən
qurtuluşuna gedən yolda bu üç amili əsas
götürmüş və bu komponentlərə söykənmişdir.
Onun istinad etdiyi bu triada isə ən yaxşı şəkildə
"Anamın kitabı" tragikomediyasında təzahür
edir. Burada baş verən hadisələr müstəqilliyini
qazanmaq ərəfəsində olan Azərbaycanda cərəyan
edir. Əsərin özü isə məhz Azərbaycanın
müstəqilliyinə çatdığı dövrdə
yazılmışdır ki, bu da bədii mətnə təsirsiz
qalmamışdır. Əgər "Ölülər"də
dramaturq eyni cür düşünən, yaxud ümumiyyətlə
düşünməyən bir cəmiyyəti göstərirdisə,
burada müxtəlif cür düşünən və ortaq
bir məxrəcə gələ bilməyən bir cəmiyyət
görürük. Burada ortaq məxrəc ona görə
vacibdir ki, söhbət bir xalqın milli varlığından,
onun vətənindən və dilindən gedir. Əsərin
yazıldığı dövrü və mühiti nəzərə
almış olsaq, hadisələr konkret bir zaman və məkan
daxilində baş verir. Zəhra bəyim ananın üç
oğlu, bir qızı var. Oğlanları Rüstəm bəy,
Səməd Vahid və Mirzə Məhəmmədəli hər
biri cəmiyyətin bir qütbünü təşkil edir.
Onların daxili də zahirlərinə bənzəyir və hər
biri bir-birinə zidd dünyagörüşlüdürlər.
Qardaş olmalarına rəğmən, təmsil etdikləri
dünyagörüş onların bir-birinə qarşı
düşmən mövqelərdə olmalarını tələb
edirdi. Dramaturq üç qardaşın tipik xarakterlərini
yaratmaqla əsrin əvvəllərində Azərbaycan
ziyalılarının vahid ideya ətrafında birləşə
bilməmələrini vermək istəmişdir. Tənqidçi
Əli Nazim əsərin ideyasını təhlil edərkən
belə bir doğru qənaətə gəlir: "Mirzə Cəlil
onlardan hər birinin peşəsini göstərərək hər
üçünün də görmədiyi,
hesablaşmadığı qoca, sadə və xəstə
ananın ehtiyac və tələblərindən, arzu və istəklərindən,
ana dilindən uzaqlaşdıqlarını, mənalı və
kinayəli, hətta rəmzli bir şəkildə təsvir
edir; bu vəziyyətin həm fəcaətini, həm də
gülünclüyünü göstərir".
Qardaşların
zahiri görkəmindəki müxtəliflik dramatik-komik
konfliktdə onların məsləkində də davam edir; ailəni
ictimai-siyasi proseslərdən keçirmək
üçün verilmiş kolliziyada onların xarakteri və
mövqeləri bütün çılpaqlığı ilə
ortaya qoyulur. Əsərin əsas ideyası bir başqa dramatik
konfliktdə özünün ictimai məzmununu qazanır. Yəni
ideyanı məişət hadisəsindən
çıxarıb ictimai mənaya yönəldir. Fikir
ayrılıqları Cəmiyyəti-xeyriyyənin iclasında
da davam edir. Rüstəm bəy
çıxışının əvvəlində hər kəsin
"mümkünsə müsəlmanca
danışması"nı xahiş etsə də, heç
kim buna əməl etmir. Rüstəm bəyin, Mirzə Məmmədəlinin,
Səməd Vahidin çıxışları zamanı
hamı mürgüləyir, heç kəs bir-birinə qulaq
asmır ki, bu da danışılan dilin başa
düşülməməsindən irəli gəlir. Əsərin
əsas ideyası üçüncü məclisdə bir qədər
də konkretləşir və siyasi məzmun qazanır. Bir nəfər polis məmuru və
iki nəfər polis fərraşı ilə Zəhra bəyimin
evinə gəlib üç qardaşın kitablarını
yoxlamaq üçün gələn senzor məqsədini belə
izah edir: "Sizin bir para bədxahlarınız hökumət
nəzərində sizi belə qələmə veriblər ki,
siz üç qardaş sözbir və həmfikir
olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə
dövlətinə tərəf çəkib,
ittihadi-müslimin cəmiyyətinə iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda
əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət
firqəsinin amalı yolunda çalışmaqdasınız
ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər
tərəfdən İran Azərbaycanını ki, ibarət
olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran
Kürdüstanı, Urmu və qeyriləri-bu vilayətləri
bir-birinə ilhaq edib müstəqil Azərbaycan hökuməti
əmələ gətirəsiniz. Və salisən bu fikirdən
də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını
kəndli və əhli-kəsəbə içində
müntəşir edəsiniz ki, min il yuxuda olan camaat hökumətin
əsarət zəncirini qırıb, özləri
üçün bir nicat yolu tapsınlar".
Burada iki
məsələyə diqqət yetirmək lazım gəlir; yəni
senzorun bu sözlərində həm əsərin
yazıldığı dövr, zaman göstərilir, həm də
onun ana xətti ideyası açıqlanır. Məlumdur ki,
sovet ədəbiyyatşünaslığı əsərdə
baş verən hadisələrin zamanını 1905-ci il
inqilabından sonraya aid edirdi: "Hadisələrin cərəyanından
aydın olur ki, əhvalat 1905-ci il inqilabından sonraya aiddir.
Maraqlıdır ki, həyat irəlilədikcə, inkişafa
doğru getdikcə C.Məmmədquluzadənin əsərlərindəki
süjet dairəsi də konkretləşir. Ədib daha az hadisə
ilə çox mətləb, zəngin məzmun, dərin fikir
əhatəsinə çalışır". C.Məmmədquluzadənin
daha az mətləblə zəngin məzmun və fikir əhatə
etməsi doğrudur. Lakin əsərdə baş verən
hadisələrin 1905-ci il inqilabı ilə əlaqələndirilməsi
doğru deyildir. Nədən ki, burada Hübbi-vətən və
Türk ədəmi mərkəziyyət-müsavat firqəsindən
danışılır. Üstəlik, Azərbaycanın
müstəqil olması ideyası səsləndirilir ki, bu
ideya 1917-1918-ci illərdə səslənməyə
başlamışdı. Buna görə də əsərdə
baş verən hadisələrin elə həmin dövrü əks
etdirdiyini söyləmək mümkündür. Həm də
tragikomediyanın ana xəttində də məhz Azərbaycanın
gələcək yönünü, istiqamətini kiminlə
müəyyən etməsi məsələsi durur ki, bu da
müstəqillik ərəfəsində baş vermişdir.
Senzorun bu
sözlərindən doğan ikinci əsas ideya, üç
qardaşın məhz Azərbaycanın müstəqilliyi
uğrunda çalışmalı olmaqlarını göstərmək
istəməsidir. Bu ideyanı yazıçı
"Nigarançılıq"
felyetonunda da vermişdir; müsəlmanların
mehmanxanada toplaşaraq yığıncaq keçirməsindən
narahat olan qaradovoyun arzusu puç olmuş, müsəlmanların
adi məişət zəminində söhbət etməsi
aydınlaşmışdı. Əslində, senzorun bu
ittihamı qardaşlara istehza kimi səslənir; yəni
onların gördüyü və görmək istədiyi (mənasız
lüğət hazırlamaq, təşkil etdikləri cəmiyyətdə
ciddi bir iş görməmək, xalqın mənafeyini
düşünməmək və s.) işlərin mənasız
olduğuna işarə edir. Bacılarını ərə
vermək, xüsuf-küsuf məsələsində bir-birinə
düşmən kəsilən qardaşlar hökumətin
şübhələndiyi "əsarət zəncirini
qırıb milləti nicat yoluna çıxarmaq" onlar
üçün böyük ittihamdır. Ona görə də
kitablar arasında rus lüğətlərindən, Osmanlı
şeir kitabından və xüsuf-küsuf kitablarından
başqa bir şey tapmayan senzor elə
"Nigarançılıq"dakı qaradovoy kimi xəyal
qırıqlığına uğrayır.
Senzor qardaşların
özünə də müraciət edir və öz
aralarında ittifaq bağlayıb İran və Rusiya azərbaycanlılarından
bir müstəqil hökumət gətirəcəklərini
xatırladır və kitablarını nişan vermələrini
istəyir. Senzor əlini hər kitaba atıb xəyalları
puç olunca məyus olur. Çünki o
düşünürdü ki, qardaşlar öz aralarında
ittifaq bağlayaraq Azərbaycanı müstəqilliyə
çıxarmaq istəyirlər. Senzorun qardaşlara son
sözlərində o, cəmi bir qədər əvvəl
onlar haqqında başqa fikirdə olduğunu, ancaq indi fikrini dəyişdiyini
və hökumətə də qardaşları "ümənayi
vətən yanında ən səlamət və zərərsiz
bəndələr" kimi təqdim edəcəyini bildirir.
İttiham ünvanı olan qardaşlar indi dərk edirlər
ki, onların gördükləri işlərin xalq
qarşısında heç bir əhəmiyyəti yoxdur.
Əsərin
dördüncü məclisində Zəhra bəyim ana xəstə
vəziyyətində təsvir edilir; qardaşların hər
biri etiqad etdikləri kitabı yığışdıraraq
analarından bağışlanmalarını istəyirlər.
Lakin heç cür yollarından dönə bilməyəcəklərini
deyib çıxıb gedirlər. Ana oğlanlarının evi
tərk etməsindən narahat olur, çobanlar gəlib
ananın könlünü alır, tütək çalır
və bayatı oxuyurlar. Qardaşların göndərdiyi
hamballar onlara məxsus olan kitabları
yığışdırıb aparır. Evdə tək bir
kitab qalır: ananın kitabı. Qardaşların evə gəlişi
zamanı artıq ana can verirdi. Gülbahar isə
anasının verdiyi kitabdan parçaları oxuyurdu. Bu
parçalarda ata Əbdüləzimin övladlarına vəsiyyəti
yazılmışdı. Atanın vəsiyyəti qardaşlara
fikir birliyinə aparan yolu göstərir: "Mən etiqad edirəm
ki, mənim də balalarım dünyada hər yanı gəzib
dolansalar, genə əvvəl-axır anaları Zəhranın
(əlini anasına tərəf tutur) ətrafında gərək
dolanalar; çünki ay və ulduz şəmsin
parçaları olan kimi, bunlar da analarının ayı və
ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin
qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona
müdamül-həyat əziyyət edəcək; nə qədər
canında nəfəs var, peşman olacaq".
Dramaturq
Azərbaycanda mövcud olan ideoloji fikirləri bir ailənin
timsalında verir. Bununla ananın kitabına
tapınmağı, onun dediyi yolla getməyi təlqin edir.
Anamın kitabı burada bir simvol rolu oynayır. Bir ailənin
timsalında Azərbaycanda baş verən ictimai-siyasi proseslər
ümumiləşdirilir. Qardaşların simasında
üç mədəniyyəti və bu üç "cəbhə"nin
millətin gələcəyi yolunda birləşə bilməmələrini
göstərir. Bununla belə, qardaşları birləşdirən
bir cəhəti aydın görürük; o da qardaşlar
arasındakı bütün ziddiyyətlərə baxmayaraq,
bir məsələdə birləşmələri, eyni
xüsusiyyətə malik olmalarıdır. Bu xüsusiyyət
məşğul olduqları işin mənasızlığı,
xalqa heç bir xeyir verməməsi, siyasi cəhətdən
savadsızlığı və səbatsızlığı
idi. Onlar xalqını, millətini, vətənini
düşünmür, yalnız özlərinin kiçik,
cılız mənafelərindən çıxış edirlər.
Elə buna görə də dramaturq qardaşlara qarşı
həmişə ananın, Gülbaharın yanında olan sadə
çobanlara üstünlük verir.
Fikrimizcə,
C.Məmmədquluzadənin "Anamın kitabı"
tragikomediyasının alt qatında gizlənən mesajlardan
biri müstəqillik və milli istiqlaldır. Əsərin
yazıldığı dövr və əsərdə baş
verən hadisələr bunu deməyə əsas verir. Senzorun
müstəqil Azərbaycan (o taylı, bu taylı) qurmaq
şübhəsi ilə qardaşların evində
axtarış aparması da buna işarədir.
Qardaşların vətənçilik, azərbaycançılıq,
istiqlalçılıq ideyasından uzaq olmalarına istehza edən
müəllif, əslində, onların qarşılarında
belə bir vəzifənin durduğunu xatırlatmaq istəmişdir.
Bu isə milli özünüdərkin dövlətçilik
istiqamətindən ən yüksək ifadəsidir. Deməli,
C.Məmmədquluzadə bu əsərinin əsasında aktual bir məsələni, milli
ideya-istiqlalçılıq ideyasını qoymuşdur.
XX əsrin
əvvəllərində bədii düşüncədə
milli özünüdərk probleminin müxtəlif rakurslardan
qoyuluşu və bədii həlli xalqın sonrakı ictimai
hadisələrə münasibətini
formalaşdırmış oldu.
Timuçin ƏFƏNDİYEV
Bakı Xoreoqrafiya
Akademiyasının rektoru,
Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.10-11.