Avrasiya Yazarlar Birliyindən Azərbaycanın haqq savaşına dəstək

 

Avrasiya Yazarlar Birliyi Ermənistanın hərbi hücumlarını dayandırmaq tələbi ilə bəyanat qəbul edib.

AYİB-in sədri, yazıçı-publisist Yaqub Öməroğlunun imzası ilə yayılan bəyanatda deyilir:

"Təcavüzkar Ermənistan ordusu illərdən bəri Azərbaycana qarşı davam etdirdiyi hücumları sentyabrın 27-də daha da intensivləşdirərək yenidən yaşayış məskənlərini dinc əhalini hədəf alıb. Bir ailədən ikisi uşaq olmaqla beş nəfər və ayrı-ayrı bölgələrdə çoxsaylı azərbaycanlı mülki əhali bu hücumlar nəticəsində şəhid olub və yaralanıb. Otuz ildən bəri Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayan Ermənistan günahsız insanların ölümünə səbəb olur, təcavüzkar, cinayətkar və azğın mövqeyini daha da genişləndirir.

Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, bir sıra beynəlxalq qurumların dəfələrlə qəbul etdikləri qərar və qətnamələrdə Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu təsdiqlənib. Ermənistan bu torpaqlarda işğalçıdır. Bu vəziyyət vicdanı olan hər kəsin, hətta vicdanı olmayanların belə inkar etməsi mümkün olmayan həqiqətdir.

Avrasiya Yazıçılar Birliyi olaraq otuz ilə yaxındır ki, Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edən, bu zaman kəsiyində çox sayda günahsız insanı qətlə yetirən, şikəst edən, sülh prosesini bütün vasitələrlə əngəlləyən və bu cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyinin təxribatçı əməllərini ən kəskin şəkildə qınadığımızı bəyan edirik. Türkdilli dövlətləri və icmaları, dünya ictimaiyyətini, xüsusilə də qələmini sülh və ədalət üçün çalışdıran şair və yazıçıları Azərbaycanla həmrəyliyə dəvət edirik. Danışmaq gərək olduğu yerdə susanların sabah söz söyləməyə haqqı olmayacaq.

Uzun illərdən bəri davam edən insanlığa yaraşmayan təcavüzə son vermək üçün beynəlxalq ictimaiyyəti öz vətən torpağını qoruyan Azərbaycan dövlətini dəstəkləməyə dəvət edirik.

Bizim qələmimiz bu haqq mübarizəsini yazacaq, dilimiz bu haqlı mübarizənin mahiyyətini izah etməyə davam edəcək.

Azərbaycan Ordusunun bu gün yürütdüyü mücadilə ədalətin və sülhün mücadiləsidir.

Prezidentdən sıravi vətəndaşına qədər bütün Azərbaycanın tək ürək və tək varlıq olaraq başlatdığı bu mücadiləni bütün qəlbimiz və könlümüzlə dəstəkləyirik".

Bəyanatda diqqətə çatdırılır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin və dövlətlərinin haqsızlıq qarşısında qardaşcasına və dostyana həmrəyliyini Avrasiya Yazarlar Birliyi ürəkdən alqışlayır, bütün dünya ictimaiyyətini bu həmrəyliyə dəstək verməyə dəvət edirik.

Bəyanat "Zəfər Azərbaycan Ordusunun olacaqdır!" nidası ilə tamamlanır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.9.