Oçerkist

 

Qüdrət Piriyev-70

 

Tam səmimiyyətlə deyirəm ki, bu qeydlərimi yazmağa başlayarkən xeyli tərəddüd etdim. Görkəmli bir portret ustasının rəsmini yaratmaq rəssam dostu üçün nə qədər çətindisə, imzası brendə çevrilən bir publisist barədə yubiley məqaləsi yazmaq mənə də bir o qədər müşkül görünürdü.

Qələmini klassik jurnalistikanın, demək olar ki, bütün janrlarında sınamış və hər birində dəyərli nümunələr ortaya qoymuş həmkarım barədə yazıma nədən başlamaqda, hansı sahəni önə çıxarmaqda xüsusilə çətinlik çəkirdim. Nəhayət, oçerkləri diqqətimi daha çox cəlb etdiyi üçün yazıya, istər-istəməz "Oçerkist" sərlövhəsi seçdim. Və zənnimcə, bu söz ona köhnə kişilərə buxara papağı yaraşan kimi yaraşır. Ömrünün 70-ci zirvəsinə çatmış həmkarımız Qüdrət Piriyev bu haqqı çox sayda parlaq oçerkləri ilə qazanmışdır. Bir sözlə, yazının sərlövhəsi artıq hazırdır. Ardını yazmaq isə o qədər çətin olmadı. Mən onu - köhnə dostumu artıq 47 ildir ki, az qala özüm kimi tanıyıram.

Qüdrət Ağsu rayonunun Növcü kənd orta məktəbində oxuduğu illərdə jurnalistikaya mehr salmışdı. İlk cəhdlərdən BDU-ya daxil olmaq arzusuna qovuşa bilməsə də, ruhdan düşməmiş, bir müddət Bakının tikinti idarələrində fəhləlik etmiş (bunun gələcəkdə sadə əmək adamlarının həyat və düşüncələrini dərindən əsk etdirməsi üçün ona böyük faydası olacaqdı), sovet ordusunda əsgəri xidmət keçdikdən sonra, nəhayət, 1973-cü ildə məqsədinə çataraq jurnalistika fakültəsinə daxil olmuşdur. Burada oxuduğu beş il ərzində bir çoxları kimi vaxtını fövtə vermədən, kifayət qədər ciddi nəzəri və təcrübi biliklərə yiyələnmişdir.

1978-ci ildə ali təhsilini başa vurub "Azərbaycan gəncləri" qəzetində əmək fəaliyyətinə başlayanda bu sakit, mülayim təbiətli, zahirən iddiasız gənc tezliklə "qələmli" jurnalist kimi özünü təsdiq edərək, çalışdığı kollektivdə rəğbət və etimad qazana bilmişdir.

Mən "zahirən iddiasız gənc" ifadəsini təsadüfən işlətmədim. Qüdrət Piriyev qəzetçilik peşəsinə idman qaçışı üzrə kiçik məsafələri qət etməyə çıxan sprinter kimi gəlməmişdi. Heç vaxt tez və ucuz şöhrət axtarmadı. O, jurnalistikada marafon yarışlarına çıxaraq, parlaq və davamlı uğurlar qazanmaq arzusunda idi.  Bu yolda hər cür zəhmətə qatlaşır, daim axtarır, öyrənir, yaxşı mənada fərqlənməyə çalışırdı.

"Azərbaycan gəncləri" qəzetində gənc jurnalistin öz təşəbbüsü ilə Smolensk vilayətinə səfərindən reportajları, ilk kosmonavt Yuri Qaqarinin anası ilə görüşdən hazırladığı material, Desnaqorsk şəhərində inşa olunan Smolensk Atom Elektrik Stansiyasının tikintisində çalışan azərbaycanlı gənclərin çətin və fədakar əməyindən bəhs edən maraqlı məqalələr onun parlaq istedadından xəbər verdiyi kimi, imzasını da geniş oxucu auditoriyasına tanıtdıraraq sevdirirdi. 

"Bakı və Baku" axşam qəzetlərinin baş redaktoru, görkəmli jurnalist Nəsir İmanquliyev keçmiş tələbəsi olan Qüdrətin yaradıcılıq uğurlarını yaxından izləyir və buna çox sevinirdi. Nəsir müəllim fürsət düşən kimi, Qüdrəti öz kollektivinə dəvət edərək onun yaradıcılığının daha da püxtələşməsi üçün imkan yaratdı. Piriyev "konveyer" kimi yorulmaq bilmədən çalışan redaksiyada karıxmadı, əksinə, abırlı,  məsuliyyətli davranışı ilə seçildi, ən başlıcası, qəzetin sanbalını daha da artıran maraqlı yazılar ortaya qoydu.

"Bakı" qəzetində ilk illər Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Əliabbas Əliyev və digər təcrübəli jurnalistlərdən qəzet işinin təşkili və ədəbi redaktənin sirlərini dərindən öyrənərək, bunları özü üçün həmişəlik əxz etməyə çalışan Q.Piriyev, təsadüfi deyil ki, bu gün ölkəmizdə ən yaxşı redaktə qabiliyyəti olan jurnalistlərdən biri sayılır.

"Bakı" qəzetinin redaksiyasında heç kimi ən xırda korrektə və üslub səhvinə görə bağışlamırdılar. Bu sərt və ədalətli cəza prinsipinin hökm sürdüyü qəzetin "şinelindən çıxmış" Piriyev bu gün də hər bir sözün, ifadənin düzgün yazılışına, dəqiq, yerində işlənməsinə dərin məsuliyyət hissi ilə yanaşır.

1980-ci illərin əvvələrində ölkənin "bir nömrəli qəzeti" sayılan "Kommunist"in "İnsanlar və talelər" rubrikası altında elan etdiyi ən yaxşı yazı müsabiqəsində "Atasının oğlu" oçerki ilə ("Kommunist" 23 sentyabr 1980-ci il) Qüdrət Piriyev imzası, heç şübhəsiz ki, daha çox tanındı və sevildi. Bir müddət sonra həmin kollektivə dəvət olundu və o vaxtdan burada  "külüng vuraraq" baş redaktorun birinci müavini vəzifəsinə qədər yüksəldi.

Qüdrət Piriyev klassik jurnalistika məktəbindən çox şey götürmüş, bir yerdə işlədiyi Nəsir İmanquliyev, Rəfael Nağıyev, Əşrəf Hacıyev kimi ustad qələm sahiblərinin təcrübəsindən yararlanaraq, fərdi yaradıcılıq üslubuna yiyələnmişdir. Məhz bu qabiliyyəti sayəsində Qüdrət müəllim öz yazılarına cəlbedici forma və cazibədar deyim tərzi tapmaqla, oxucuların diqqətini cəlb etməyi bacarmışdır.

Qüdrətin 60 illik yubileyində onun uğurları barədə söz açan tələbə yoldaşımız, professor Qulu Məhərrəmli onun yaradıcılıq məziyyətlərini geniş təhlil etmiş, çeşidli janrlarda parlaq nümunələr yaratdığını xüsusi qeyd edərək belə yazmışdır: "İndi xarici ölkələrdən səfər təəəssüratları yazmaq, hansısa regiondan reportajlar vermək dəbdədir. Mənim düşüncəmə görə, bu tip yazılar çox az jurnalistdə Qüdrətdəki qədər yaxşı alınır. Onun şirin təhkiyəsi, maraqlı epizodlar seçib təqdim etməsi, oxucunu drammatik situasiyalarla üzləşdirmək məharəti bu silsilədən olan yazılarını xeyli oxunaqlı edir."

Mənim zənnimcə isə oçerk janrı Qüdrətin yaradıcılığında daha qabarıq üzə çıxır. Bu janrdakı yazılarının hər biri təkcə zövqlü oxucu auitoriyasında deyil, eləcə də jurnalist cameəsində hər dəfə parlaq bir mədəniyyət hadisəsinə çevrilmişdir. Bu oçerklərin gücü nədədir? Şəxsən mənim üçün bu sual heç vaxt ritorik olmayıb. Ona görə ki, mənə çox vaxt gözəl hekayələr qədər güclü təsir bağışlayan Qüdrətin  oçerklərinin sirrini tam dərk etməkdə çətinlik çəkmişəm.

Jurnalistikanın "şah janrı" sayılan, bəzi tədqiqatçıların "sənədli hekayə" adlandırdıqları oçerk janrında kamil nümunələr ortaya qoymaq hər kəsə nəsib olmur. Bir vaxtlar hər bir nüfuzlu qəzetdə oçerk yazmağı bacaranlar olurdu, onları, teatrda Hamlet, yaxud  başqa bu qəbildən olan böyük səhnə obrazlarını canlandıran aktyorlarla müqayisə edənlər də tapılırdı.

Qüdrət Piriyevin bu qabiliyyətini zərrə qədər şişirtmirəm və kiminsə etiraz edəcəyini düşünmürəm. Bəli, tam məsuliyyətlə demək olar ki, o, bu sahədə "as"lardan biridir. Heç vaxt bir-birinə bənzəməyən bu publisistika nümunələri təhkiyəsinin ifadəliliyi, obrazların psixoloji dərinliyi, dilinin oxunaqlığı, struktur orijinallığı və digər üstün cəhətləri ilə fərqlənib.

Müəllif oçerklərinin qəhrəmanlarının üzləşdikləri real hadisələrin fonunda daxili dünyalarını, arzu və düşüncələrini, psixoloji durumlarını elə ustalıqla təsvir edir ki, bunlar uzun müddət oxucunun yaddaşından silinmir. 

Qüdrət Piriyevin bu qabiliyyəti Nəsir İmanquliyev, Rəfael Nağıyev, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Şakir Yaqubov və başqa görkəmli jurnalistlər tərəfindən hər zaman yüksək dəyərləndirilib. Yuxarıda adını çəkdiyim "Atasının oğlu" oçerkinin müəllifini təbrik etmək üçün "Bakı" qəzeti redaksiyasına gələn görkəmli pedaqoq və publisist Nurəddin Babayev baş redaktor Nəsir İmanquliyevin kabinetində Qüdrəti bağrına basaraq, "mən bunu sənin kimi belə gözəl yaza bilməzdim" deyib.

Görkəmli yazıçı Cəmil Əlibəyovdən Q.Piriyevin parlaq istedadına heyran qaldığını, "belə bir güclü jurnalist"in özünün rəhbərlik etdiyi "Kommunist" qəzetində çalışmasından qürur duyduğunu söyləməsini qulağımla eşitmişəm.

Bugünkü kimi yadımdadır. 1989-cu ilin payızında Bakı Ali Partiya Məktəbində bir qrup partiya və mətbuat işçisi üçün mühazirə kursları təşkil olunmuşdu. Cəmil Əlibəyov auditoriyadakı çıxışı zamanı baş redaktoru olduğu qəzetdə "Meydan hadisələri"nin işıqlandırılması prinsiplərindən söz açarkən redaksiyanın iki əməkdaşının (onlardan biri Qüdrət Piriyev idi) bu kifayət qədər çətin və mübahisəli mövzunu oxuculara böyük məharətlə təqdim etdiklərini aşkar hiss olunan fəxrlə söylədi.

O, həmçinin, Qüdrət Piriyevlə Elman Qədirovun Xəzərətrafı bölgələrə - Azərbaycanın, Dağıstanın və Həştərxanın (Rusiya Federasiyası), Qazaxıstanın və Türkmənistanın sahil şəhərlərinə, Qaraboğazqol körfəzinə səfərinin nəticəsi kimi meydana çıxan silsilə yazılarından ağızdolusu danışdı.

O da yadımdadır ki, Bakı Dövlət Universitetinin professoru Yalçın Əlizadə 1990-1995-ci illərdə "Xalq qəzeti"nin baş redaktoru olmuş görkəmli jurnalist, rəhmətlik Tofiq Rüstəmovun anadan olmasının 80 illiyi ilə bağlı yazının "qələminə tanıdığı jurnalistlər arasında hamıdan çox güvəndiyi" Qüdrət Piriyevin qələmə almasını arzu və tövsiyə etdi. Mən bu ismarıçı Qüdrətə çatdıranda, o, həyəcanla bunun son dərəcə böyük məsuliyyətli və şərəfli vəzifə olduğunu bildirdi. Məsələ burasındadır ki, Qüdrət çoxumuz kimi mərhum Tofiq müəllimin həm tələbəsi olmuş, həm də qəzetdə onunla rəhbərliyi altında çalışmışdı. Piriyev yüksək mədəniyyəti və mənəviyyatı ilə sonsuz qürur duyduğu müəllimi barədə gözəl bir oçerk ərsəyə gətirə bilmişdi.

Bu yerdə bir təklifimi dilə gətirmək istəyirəm. Hesab edirəm ki, Qüdrət Piriyev kimi zəngin yaradıcılıq təcrübəsinə malik olan jurnalistlərin həyatlarını qəzetçilik peşəsinə həsr etməyə hazırlaşan tələbələr üçün "ustad dərsləri" keçməsinə şərait yaradılmalıdır. Xarici  ölkələrdə çoxdan belə bir uğurlu praktika var. BDU-nun jurnalistika fakültəsinin rəhbərliyi də bu barədə düşünsəydi, pis olmazdı.

Q.Piriyev hər hansı bir mövzuda və janrda yaxşı yazmağı bacaran universal jurnalistdir. Lakin qeyd etdiyim kimi, oçerkləri onun yaradıcılığında xüsusi yer tutur. Oçerk janrı, həqiqətən onun stixiyasıdır. Dəfələrlə şahidi olmuşam ki, ən dar məqamlarda belə o, kabinetində qapanıb 4-5 saat ərzində sujet və məzmun baxımından mükəmməl oçerklər ərsəyə gətirib. Bu yazıların üzərində təzədən işləməyə, nəyisə dəyişib əlavə etməyə ehtiyac olmayıb.

O, dərin inam inanc sahibidir. Hacıdır. 1999-cu ilin baharında  müqəddəs Həcc ziyarətində olmuş, oradan qayıdandan sonra "Xalq qəzeti"ndə bu barədə olduqca duyğulu xatirələrini gözəl bir tərzdə qələmə almışdır. Etiraf  edim ki, həmin silsilə  yazılar bu mövzuda oxuduğum çox sayda məqalələr arasında hələlik ən parlağıdır.

Hacı Qüdrət Piriyev həyatda uca Allahın lütfü ilə halallıq, mənəvi təmizlik, ədalət yolunu tutaraq, bu gün özü, ailəsi, savadlı, bilikli, ən başlıcası yüksək tərbiyəli övladları ilə bərabər, xalqımıza, millətimizə, dövlətçiliyimizə sidq-ürəklə xidmət edir, dostun-tanışın, qohum-qardaşın xeyrində-şərində yaxından  iştirak etməyi özünə borc bilir. Buna görə də, o, el-oba arasında həqiqi ağsaqqallıq səviyyəsinə yüksələ bilmişdir.

 

Məsaim ABDULLAYEV

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.21.