"Atamın gördüyü
və arzuladığı işləri davam
etdirəcəyəm"
MƏRHUM ALİM VƏ
İCTİMAİ XADİM İRFAN
ÇİFTÇİNİN OĞLU, İSTEDADLI
MUSİQİÇİ OLAN ATAHAN ÇİFTÇİ
SƏNƏT LAYİHƏLƏRİNİ DÜNYA
SƏVİYYƏSİNDƏ TƏQDİM ETMƏYƏ
ÇALIŞIR
Müsahibimiz
Atahan Çiftçi türkiyəli gənc
musiqiçi, gitara və ud ifaçısıdır. O, həm
də Türkiyənin
Azərbaycandakı səfirliyinin
keçmiş Mədəniyyət
müşaviri, Azərbaycan
ədəbiyyatı və
mədəniyyətinin fədakar
dostu, mərhum İrfan Çiftçinin
oğludur. Atahan bəylə musiqi fəaliyyəti haqqında
danışarkən, atası
İrfan Çiftçini
də hörmət və məhəbbətlə
yad etdik:
- Atahan bəy, azərbaycanlı oxucuların
sizi daha yaxından tanımağı
üçün özünüz
haqqında məlumat verməyinizi istərdik.
- 1995-ci ildə İstanbulda anadan olmuşam. Türk musiqisi, caz və
çağdaş musiqi
janrlarında ifa edirəm. Əsasən, bas gitara və
ud çalıram.
Əvvəllər saydığım bu musiqi janrlarıyla
bağlı bir çox layihədə və qruplarda iştirak etmişəm.
Hazırda daha çox
məşğul olduğum,
üzərində çalışdığım
"Udgang" adlı
layihədir. Bu, mənim özümün şəxsi layihəm olduğu üçün
xüsusi bir yeri və məsuliyyəti
var. Türk musiqisinin təməl formasına xələl gətirmədən
onu caz səhnəsinə
daşıyırıq.
- Niyə musiqi?
- Əslində, bir
çox uşaq kimi, mən də ailəm tərəfindən bir musiqi aləti ifa etməyə yönləndirildim və kursa başladım. Hekayənin qalanı
öz-özünə yarandı.
Musiqidə yaradıcı yönlərimi
göstərə bildiyimi
və nələrisə
yaratmaq potensialımı
gördükcə daha
da bağlandım, sevdim.
- Türkiyədə musiqi bazarında vəziyyət
necədir?
- Musiqi bazarının öz içində bir çox sahəyə ayrıldığını
unutmamaq lazımdır.
Musiqi istehsalçısı, studiya
musiqiçiliyi, canlı
musiqi icraçılığı
və sair. Əlbəttə, bunlar da janrlara görə ayrılırlar. Mən ümumi
olaraq canlı musiqi dünyasından danışa bilərəm
bəlkə. Yaşımın yetdiyi qədəriylə illər içində musiqi bazarının, təəssüf ki, pisləşdiyini görürəm.
Artıq musiqiylə məşğul olub pul qazanmaq 10 və ya 20 il öncəyə nisbətən daha çətindir. Xərclər gün keçdikcə
artdığı üçün
məkanların fəaliyyətini
davam etdirməsi çox çətindir.
İstanbul çox rəngli
və zəngin bir şəhərdir.
Amma məncə, musiqiçilər
bu zənginlikdən layiq olduqları payı ala bilmirlər.
Musiqiçilər tərəfindən baxsaq,
Türkiyə həqiqətən
də çox istedadlı, peşəkar
sənətçilər yetişdirir. Gələn hər
nəsildə özünəməxsus
tərzdə və çox istedadlı insanlar görürəm.
Burada ehtiyacımız olan əsas şey daha çox ixtisaslı təhsildir.
Yəni daha çox konservatoriyaya və öz mədəniyyətini
sevərək, sahiblənərək
fəaliyyət göstərən
musiqiçilərə ehtiyac
var.
- Gənc musiqiçi olaraq ən böyük dəstəyi
kimlərdən görmüşünüz?
- Təbii ki, ən birinci dəstəkçim ailəm
olub. Atam və anam bəstələdiyim, ifa etdiyim musiqini ilk eşidən insanlar olublar. Qardaşım və sevgilimin
dəstəyi, təbii
ki, ilk mərhələdə
mənə böyük
güc verir. Onlardan başqa, bir çox dəyərli musiqiçi dostlarım məni dəstəkləyirlər.
İstanbulda çox gözəl
bir musiqiçilər
mühiti var və onlar mənim
dəyərli dostlarımdır.
Bir də əlbəttə, musiqi məkanlarını
da unutmayaq.
- Daha çox caz musiqisi ilə
məşğulsunuz. Caz sizinçün
nə ifadə edir?
- Caz insanın özünü inkişaf
etdirməyinə ən
çox kömək edən musiqi janrlarından biridir. Həm nəzəriyyəsi, həm
də ifası səndən çox çalışmağını tələb edir. Buna görə də
onunla məşğul
olmaq zövqlüdür.
Cazla öyrəndiyim bilgi və üsulları məşğul olduğum
digər janrlarda da istifadə edirəm.
- Bir az da rəhmətlik atanız - görkəmli alim və ictimai
xadim İrfan Çiftçi haqqında
danışaq. Azərbaycanda mərhum atanıza böyük sevgi və ehtiram var. Ata kimi onu necə
xatırlayırsınız?
- Atam müstəsna bir insan idi.
Bir çox ixtisası və sonsuz xidmətləri var, amma ata tərəfi
ayrıdır. Bizi sırf
övladları olduğumuz
üçün deyil,
dəyərli insanlar olduğumuzu düşündüyü
üçün sevərdi.
Bizdən çox şey
öyrəndiyini deyərdi.
Bizə verdiyi nəsihətlər
hər zaman ağlımda, ürəyimdədir.
Təhsilimiz və inkişafımız
üçün həm
maddi, həm də mənəvi olaraq atamın dəstəyini görmək,
varlığını bilmək
ən önəmli yol xəritəmiz idi.
- Yəqin ki, Azərbaycanı da onun sayəsində tanımışdınız. Azərbaycanla bağlı nələr danışırdı?
- Azərbaycan bizim üçün çox müstəsna bir yerdir. Çünki kökdən ata
tərəfimdən qarslıyam
və ulu babalarımız Qarapapaq tərəkəməsidir. Bu vasitəylə Azərbaycan mədəniyyətinə
vaqif bir ailəyik. Orda qohumlarımız da var. Atam bu
yaxınlığa görə
İstanbul Böyükşəhər
Bələdiyyəsi Mədəniyyət
İdarəsinin işçisi
olanda başda Azərbaycan olmaqla, ümumən türkdilli ölkələrlə güclü
bağlar, əlaqələr
qurdu. Tez-tez səyahətlərə çıxdı, İstanbulda
və bu ölkələrdə çoxlu
tədbirlərə, mərasimlərə
qatıldı və layihələr həyata keçirdi. Biz də övladları olaraq onsuz da
yaxından tanıdığımız
Azərbaycan mədəniyyətini
daha da yaxşı
tanıdıq. Aşıq
ədəbiyyatı, şeirlər,
tamaşalar, siyasət...
Ağlınıza gələ biləcək
bir çox mədəni motivlə yoğrulduq sanki. Atam hələ kiçik yaşlarından neçə-neçə
toyda və məclislərdə iştirak
etdiyi üçün
bu mədəniyyəti
ən orijinal şəkildə görən
və öyrənən
biriydi. Musiqi sahəsində isə
Azərbaycan uşaqlıqda
çox da marağıma səbəb
olmamışdı. Amma böyüdükcə
çox sevməyə
və təbii olaraq, bir bağlılıq
hiss etməyə başladım
deyə bilərəm.
Aşıq Ədalət, Alim
Qasımov kimi sənətçilər isə
ən çox dinlədiyim və təsirləndiyim musiqiçilərdəndirlər.
- İrfan bəyin
siz övladlarıyla bağlı ən böyük xəyalı nə idi? Yetə bildimi
o xəyalına?
-
Böyük qardaşım ixtisas olaraq atamın sahəsinə
daha yaxındır, beynəlxalq əlaqələr kimi
mövzularla məşğul olur. Metedən atam çox razı idi və onunla qürur duyurdu. Ondan çox şey öyrəndiyini də həmişə
deyirdi. Mənimlə bağlı xəyalları
isə musiqi yönümlü
idi. Daha doğrusu, əvvəllər həkim
olmağımı istəyirdi, amma mən
istəmədim. Sonradan mənim həkimliyi
seçməməklə doğru qərar
verdiyimi gördü və
qəbul etdi. Musiqidə də gördüyüm işlərlə həmişə
qürur duyar və məni
dəstəklərdi. Mən atamın gördüyü
və arzuladığı işləri davam
etdirməyi düşünürəm.
-
İrfan bəy mədəniyyət və türk
dünyanın ədəbi-mədəni əlaqələrinin
inkişafı yönündə çox mühüm işlər
görürdü. Gələcəkdə atanızın
yolundan getmək və bu işləri davam etdirmək kimi bir
fikriniz ola bilərmi?
-
Atam insanları bir-biriylə tanış etməyi, əlaqələndirməyi,
doğru insanları bir yerə toplayıb gözəl işlər
görməyi özünə mənəvi vəzifə kimi
seçmişdi. Bundan başqa, xarakter
və üslub olaraq da bunları etməyə çox
uyğun biri idi. Şübhəsiz, bu
işləri onun qədər yaxşı
görmək mümkün olmaz,
ancaq biz də öz sahələrimizdə əlimizdən gəldiyi
qədər Türk dünyası üçün
çalışacağıq. Bu miras bizim üçün
çox önəmlidir və eyni zamanda, böyük
məsuliyyətdir.
-
Ən böyük xəyalınız və gələcəklə
bağlı planlarınız nələrdir?
- Ən böyük xəyal deyilən bir şeyə o qədər də inanmıram, açığı. Özüm üçün hədəflədiyim bəzi mərhələlər var. Hər şeydən əvvəl ilk hədəfim "Udgang" layihəsini dünya səviyyəsində tanıtmaq və Avropa başda olmaqla, hər yerdə konsertlər verə bilməkdir. Ondan sonra isə bədii və sənədli film musiqisiylə bağlı layihələrdə iştirak etməyi çox istəyirəm.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.20.