"Çox şükür ki,
ömrüm çatdı, bu günləri gördüm"
80 YAŞLI USTAD REJİSSOR VASİF
BABAYEV: "QARABAĞDAKI UĞURLARIMIZA BAXIRAM,
ÜRƏYİM DAĞA DÖNÜR, BU QƏLƏBƏ
XƏBƏRLƏRİ AĞSAQQAL YAŞIMDA MƏNİ UŞAQ
KİMİ KÖVRƏLDİR"
Tanınmış
rejissor, Xalq artisti, Beynəlxalq Televiziya və Radio
Akademiyasının akademiki Vasif Babayevin sentyabrın 16-da 80
yaşı tamam oldu.
Yubileyilə
bağlı sənətkarla görüşüb həyatının,
yaradıcılığının ən maraqlı məqamlarını
birgə vərəqlədik. Uşaqlığı, sənət
mühiti, yaradıcılıq yolu haqqında ətraflı
danışan ustad rejissor, ordumuzun Qarabağa doğru zəfər
yürüşündən də qürurla söz
açdı.
- Vasif
müəllim, 80 yaşınız münasibətilə sizi
ürəkdən təbrik edirik. Necəsiniz, bu
yaşda özünüzü necə hiss edirsiniz?
- Təşəkkür
edirəm. Pis deyiləm. 9 ay
öncə ürəyimdən əməliyyat olundum. Ondan sonra koronavirus pandemiyası zamanı, karantinin ən
sərt vaxtlarında da altı ay bağda qaldım, istirahət
elədim, müalicəmə davam etdim. Şəkərim
də var. İndi qaydasına düşür hər şey,
problem yoxdur.
-
Uşaqlığınızı necə
xatırlayırsınız?
- İçərişəhərdə doğulub
böyümüşəm. Nəslim ordandır.
Orda Ağa Mikayıl hamamı var. O hamam həftənin
5 günü qadınlar, 2 günü kişilər
üçün olurdu. Az-maz
xatırlayıram ki, 3-4 yaşlarımda anam məni də
götürüb hamama aparanda qadınlar zarafatla deyərdilər
ki, ay Səriyyə xanım, sən yenə bu kişini bura gətirmisən?
O da deyərdi ki, ay xanımlar, bu ki uşaqdı hələ. Deyirdilər, nəyi uşaqdı, görmürsən
necə baxır bizə? (gülürük)
Müharibə vaxtı idi. Mənim də gözlərim
zəif idi, ağrıyırdı. O vaxt çox
uşaqların gözündə problem vardı. Gəzmədiyimiz həkim qalmamışdı,
heç biri dərdimə əlac edə bilmirdi. Qonşular atama deyirdilər ki, apar Mirmövsüm
Ağanın yanına, əlini çəksin. Atam isə qoymurdu ki, NKVD oranı güdür, gedəni
tutur. Anam dindar, elə şeylərə
inanan qadın idi. Bir gün ağanın
bacısıyla danışır, o da deyir, axşam
qaranlıqda dar küçələrlə gətir. Anam iki gecə aparır ağanın yanına.
Vallah, ondan az zaman sonra gözlərim
düzəlir. Onda böyüklər zarafatla
deyirdilər ki, Vasif hamıdan çox yaşayacaq, ona
ağanın əli dəyib. Nə qədər
doğrudur, bilmirəm, amma həqiqətən də, atam,
qardaşlarım tez köçdülər dünyadan, mənsə
80-ə çatdım.
O zaman Azərbaycan
SSR-in birinci katibi Mircəfər Bağırovla da maraqlı
hadisə gəlib başıma. Təxminən
7-8 yaşlarında idim. Məktəbə
getməyəndə Filarmoniya bağında oynayardıq.
Bir gün "Azneft" tərəfdən həmin
bağa doğru qaçanda bir nəfərlə toqquşdum.
Mürəkkəb qabımı anam
çantamdan asardı. Toqquşanda bu qab
qırıldı, mürəkkəb həmin adamın
üstünə dağıldı. Yanındakı
adamlar məni tutdular, başladım ağlamağa. O
dedi ki, buraxın onu. Məni buraxdılar,
başladıq söhbətə. Adımı,
soyadımı, yaşadığım yeri soruşdu. Atamın adını deyəndə soruşdu ki, əminin
adı Əliağadır? Sevindim ki, tanıyan
adamdır, dedim hə. Saçımı
sığalladı, göndərdi evə. Ağlaya-ağlaya gəldim, hər şeyi
danışdım anama. Amma kimlə
toqquşduğumu bilmirəm axı. Təsadüfən
Bağırovun divardan asılmış şəklini
görüb dedim, bu kişidir.
Qardaşım Arif dedi ki, nə danışırsan, bu, Mircəfər
Bağırovdur. Mənə inanmırdılar.
Sən demə, qonşulardan görən olub, o,
gəldi anama danışdı ki, oğlun Filarmoniya
bağında Mircəfər Bağırovla
danışıbmış. Tez atamı, əmimi
çağırdılar, hər şeyi danışdım.
Sonra bilmədim nə oldu. Bir də 1975-ci
ildə əmimlə söhbət vaxtı dedi ki, atanla mən
o hadisədən sonra iki ay evdə qalmadıq. Çünki
o vaxt işdən yox, evdən aparırdılar. İki aydan sonra hansısa iclasda Bağırov əmimi
çağırır yanına. Deyir, bilirsənmi ki, mən
sənin qardaşın oğlunla tanış
olmuşam? Əla oğlandır. Ondan sonra atamla əmim evə gəlməyə
başlayıblar.
"Uşaqlığın
son gecəsi" filmindəki ev bizim evdir. Davud da qardaşım Asifin prototipidir. O da
quşbaz idi, göyərçin saxlayırdı. Mən də ona kömək edərdim.
- Köhnə
İçərişəhərlə indiki İçərişəhərin
fərqi nələrdir?
- Köhnə
İçərişəhərin tərbiyəsi,
insanların bir-birinə münasibəti başqa idi. İndi o hörmət yoxdur, böyük-kiçik
saymırlar. Bizdə heç vaxt pəncərələrdə
dəmir barmaqlıqlar olmayıb, gecə-gündüz
qapı-pəncərəmiz açıq olardı. Ürəyimizə heç nə gəlməzdi.
O boyda yerdə bir telefon bizdə idi, bütün qonşular
üçün bizə zəng edərdilər. Hamı bir ailə kimi, xeyirdə-şərdə bir
idik.
-
Reijssorluğu seçməyinizə nə səbəb oldu?
- 1958, ya
da 59-cu ilin təxminən payız ayları idi. Günlərin
bir günü mən evə qayıdanda, Arif qardaşım
manqalda kabab hazırlayırdı. Məni görən
kimi sevindi və eyvanda əyləşmiş dörd qonağa
təqdim etdi, iki nəfəri mənə qoşub dedi:
"Apar bunları Şirvanşahlar sarayına, onlar minarəyə
qalxıb oradan çəkiliş aparacaqlar. Mən
oradan icazə almışam!"
Minarəyə qalxdıq və onlar çəkiliş
apardılar.
Evə qayıdanda, qonaqlar yeyib-içərkən, mənim
sağlığıma da badə qaldırdılar, böyüyəndə
kim olacağımla maraqlandılar. Mən
də dedim ki, qardaşım Akif kimi sürücü
olacağam. Axı Akif
qardaşım sürücü kimi həmişə
Azərbaycanın rayonlarına, daha çox uzaq mənzillərə
yola düşəndə məni özü ilə
aparardı. Mən də elə bilirdim ki,
mütləq sürücü olmalıyam. Gələn
qonaqlardan biri bunu eşidən kimi dərhal etiraz etdi:
- Arif, bu
nə danışır? Sən rejissorsan, böyük
qardaşsan, bu niyə sürücü olmalıdır, - sonra
cidd şəkildə dedi. - Yox, sən bizə söz ver ki,
Arif qardaşın kimi rejissor olacaqsan.
Mən də
dedim "Baş üstə".
Bu hadisədən
xeyli sonra Arif mənə dedi ki, bizə gəlmiş məşhur
qonaqların ərsəyə gətirdikləri "Dənizi
fəth edənlər" sənədli filmi ekranlara
çıxır. Heç demə, onlar filmin ssenari müəllifi
və rejissoru Roman Karmen, operatorları Sergey Medınski,
Cavanşir Məmmədov, bəstəkarı Qara Qarayev, mətnin
müəllifi İmran Qasımov imiş. O zaman mən, sənətdə
ilk xeyir-duamı vermiş bu insanların adlarını
yalnız filmin titrlərində oxuyub, bundan qürur duydum.
- Bəs
niyə televiziya rejissoru? Bədii film çəkmədiniz?
- Cəmi
bir dəfə çəkmişəm. 1966-cı ildə,
çox gənc idim, televiziyaya iki il idi gəlmişdim.
Şair Nəbi Xəzri televiziyanın rəhbəri
idi. Bir gün mənə ssenari verdi
ki, bunu sən çəkəcəksən. Filmin
adı "Sahil bağı" idi. Sadə
süjeti vardı. Baş rolda Ofelya Sənani
və Kamal Qasımov oynayırdılar. Musiqisini
Emin Sabitoğlu yazmışdı. Heç
düşünmədiyim halda, film o dövrdə
ümumittifaq festivallarında çox yüksək
mükafatlara layiq görüldü. Azərbaycan
Televiziyasının ilk mükafatlarını o film aldı.
Ondan sonra mənə münasibət dəyişdi,
ən məsuliyyətli işləri mənə verirdilər.
Sonra Ulu öndər Heydər Əliyev işimi
bəyənmişdi deyə, onunla çalışmağa
başladım, haqqında sənədli filmlər çəkdim,
beləcə yönəldim bu sahəyə.
- Bu
istiqamət sizin yaradıcılıq ideyalarınıza mane olmurdu?
- O qədər
öyrəşmişdim, həyatımı sənədli
filmlərə o cür həsr eləmişdim ki, onlar
yadıma da düşmürdü. Amma indiyə
kimi də hər zaman bədii filmlərlə
maraqlanmışam.
-
Böyük qardaşınız Arif Babayevin karyeranızın
əvvəlində dəstəyi necə idi sizə?
- Mənim
elə bu sənətə gəlməyimin birinci səbəbkarı
Arif olub. Televiziyaya da o gətirib məni. Sonra da həmişə dəstəyini, köməyini
görmüşəm. Mən Azərbaycan
Televiziyasına baş rejissor təyin olunanda da Ariflə məsləhətləşmişdim.
-
Televiziyanın yolunda 20 Yanvar hadisələrində həbsə
də düşmüşdünüz hətta...
- Pis
vaxtlar idi, gərgin günlər yaşayırdıq. Ermənilər torpaq iddia edir, burda da mitinqlər səngimirdi.
20 Yanvar hadisəsindən bir gün qabaq
Televiziyanın enerji bloku partladıldı. Mən və bir neçə işçimizi yanvarın
26-dan 27-nə keçən gecə evdən apardılar,
çünki bizdə Sovet hökumətinin günahkar
olduğunu sübut edən materiallar var idi. Qara şəhərdəki təcridxanada mənə
guya günahkar olduğum barədə sənəd təqdim
etdilər. Televiziyanın işinə
maneçilikdə, mitinqlərə çağırışda
çəkilmiş videokasetlərin gizlədilməsində
günahlandırırdılar. Əlbəttə,
belə bir ittihama imza ata bilməzdim. Sonra
bizi Ulyanovsk şəhərinə göndərdilər. 46 gün orda həbsxanada qaldıq.
Bu xalq çox çətin günlərdən
keçib. İllərdir torpaqlarımıza həsrətik biz.
İndi Qarabağdakı uğurlarımıza
baxıram, ürəyim dağa dönür. Bütün gün televizorun qarşısında cəbhədən
xoş xəbərlər gözləyirəm. Sevinirəm, deyirəm, ay Allah, çox
şükür ki, ömrüm çatdı, bu günləri
gördüm. Məni döyüblər də,
incidiblər də, amma heç vaxt ağlamamışam.
Amma indi bu qələbə xəbərləri
ağsaqqal yaşımda məni uşaq kimi kövrəldir
(kövrəlir).
-
Rejissorluq hardan başlayır?
-
Rejissorluq həyatdan başlayır. Stanislavski
deyirdi ki, rejissor həyatı bilən adamdır.
-
Televiziyanın əsas problemi nə idi?
- Əsas problemimiz texnika idi. Texniki baxımdan
çox kasad idik. Bu məsələdə
bizə Heydər Əliyev kömək elədi, hakimiyyətə
gələndən sonra. O, dövlət
televiziyasını texnikayla təmin etmək üçün
vəsait ayırmışdı. İndi isə
artıq televiziyamızın bu cür problemi yoxdur. Azərbaycan Dövlət Televiziyası bu gün
dünyanın ən müasir texnikasına sahibdir.
Həm də indi beyinlər dəyişib, inkişaf
edib. Əsas da beyinlərdir. Tək
öz peşəni bilmək vacib deyil. Gərək
bütün sahələrdən az-çox başın
çıxa, məlumatlı olasan ki, bu sahədə işləyə
biləsən. Bu baxımdan, bəzi
televiziya kanallarımız indi xoşuma gəlir, yaxşı
işləyirlər. Az qala
bütün kanallarda dostlarım, tələbələrim
çalışırlar.
- Bayaq
söhbət vaxtı dediniz ki, kitab
hazırlayırsınız.
- Bəli,
on ildir üzərində çalışıram. Həyatımı,
yaradıcılığımı əhatə edən bir
kitab olacaq. Həm öz xatirələrim
yer alıb, həm də dəyərli
ziyalılarımızın haqqımdakı məqalələri.
Səhhətimə görə ləngidi,
yubileyimə çatmadı, çox güman, bu yaxınlarda
çap olunar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.18.