Xarı bülbül əfsanəsi
Əfsanəyə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə
getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri
qarşısında alçaltmaq
imiş. Külək öz
gücünə, qüvvəsinə
həddindən artıq
inanırmış. O əsəndə, hərəkətə
gələndə, aləmi
tozanağa bürüyəndə
bütün canlılar
onun qarşısında
əyilərmiş. Müqavimət göstərmək istəyənləri
isə yerlə-yeksan edərmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə
əyilirdilər. Yalnız zərif,
gözəl, ətirli
gül küləyin azğınlığına, yekəxanalığına
tabe olmurdu. Bunu görən külək qəzəblənir:
- Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə
mənə baş əymirsən? Sən bu gücü
hardan alırsan?
Gül inamla cavab verir:
- Məhəbbətdən! Məhəbbətin
gücü yenilməz
olur. Sevən vüqarlı olur,
o, heç kəsə
baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti
məni baş əyməyə qoymaz.
- Baxarıq! Sən məhəbbətini sına,
mən də gücümü...
Külək bu sözləri deyib kükrəyir. Elə bu
vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi.
Küləyin qəzəbi
qarşısında gül
dözə bilməyib bir
yarpaq əyilir. Külək qələbəsindən sevinərək
daha bərkdən uğuldayır. Bülbül özünü vaxtında
gülün harayına
çatdırır. O, sinəsini yavaş-yavaş
əyilən gülün
köksünə söykəyir.
Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir.
Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur.
Elə həmin vaxtdan özünü məhəbbət
uğrunda fəda edən bülbülün
adı Xarı bülbül qalır.
Qarabağı Şuşasız, Şuşanı
Cıdır düzüsüz,
Cıdır düzünü
də Xarı bülbülsüz təsəvvür
etmək mümkün
deyil. Tarixən bu gül Şuşanın rəmzi
olub, haqqında bir çox əfsanələr, rəvayətlər
söylənilib. Həmin rəvayətlərdən
biri də budur.
Nikah diplomatiyasının
qurbanı, ömrünün
sonuna qədər vətən həsrəti
çəkən İbrahimxəlil
xanın qızı, Fətəli şahın arvadı Ağabəyim ağanın könlünü
şad etmək, üçün Fətəli
şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətizdirib
əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər.
Əkilən hər şey bitir, təkcə Xarı bülbüldən
başqa. Onu dəfələrlə gətirib əksələr,
nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı
deyir:
Vətən bağı al-əlvandır,
Yox içində
Xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?
Bəs həqiqətənmi
Xarı Bülbül təkcə Şuşada bitir? Bir çox mənbələrdə
bu gülün yalnız Şuşada bitdiyi deyilsə də, digər ərazilərdə də
Xarı bülbülə
rast gəlinir. Bəzi alimlər isə bunu təkzib edərək Şuşada
bitən Xarı bülbülün naxışının
fərqli olduğunu və təbii şəkildə orada geniş yayıldığını
deyir. Ümumiyyətlə, bu gülü
digər ərazilərdə
yetişdirmək asan başa gəlmir. Xarı bülbül ofrisilər cinsinə aiddir. Göbələklərdən və müəyyən
növ cücülərdən
asılı olması
ofrisləri ətraf mühitin dəyişilməsinə
qarşı çox həssas edir. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur. Xarı bülbülün "yaşadığı" yerə
sədaqəti ilə
bağlı başqa bir əfsanə də var. Hər gün sübh tezdən bülbül çiçəyin üstünə
qonub ona məhəbbət mahnısı
oxuyarmış, gül-çiçəklər
də bu nəğmənin təsirindən
rəqs edər, şənlənərmiş. Amma xar belə
bir şadyanalığa
tab gətirə bilmir.
Çiçəyi bülbüldən ayırmaq üçün
gəlib ona öz sevgisini bildirir. Çiçək xarın sevgisinə
qarşılıq vermir.
Acıqlanan xar çiçəyin
saplağı ilə yuxarı dırmaşır,
onun bir ləçəyini yeyir.
Bülbül gülün məhv
olduğunu görüb
fəryad qoparır.
Bütün gül-çiçəklər
də bu fəryada qoşulur.
Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi
yeməkdə davam edir, onda hamı
Tanrıya yalvarır ki, onların canını alsın, amma çiçəklə
bülbülün eşqinə,
məhəbbətinə qıymasın.
Tanrı
onların səsini eşidir. Beləliklə, hamısı sadəcə,
bitkiyə çevrilir.
Çiçək, bülbül və
xar - üçü bir çiçəyə
çevrilirlər. Xarı bülbül də bu fədakarlığın
qarşısında çiçəklərə
söz verir ki,
yalnız onların
bitkiyə çevrildikləri
yerdə bitəcək.
Kimi Xarı
bülbülü əfsanələrdən,
kimi bayatılardan, kimi də xanəndə
Səxavət Məmmədovun
səsi ilə tanıyıb. Haqqında nə qədər
danışılıb hər
ləçəyinə qədər
öyrənilsə də,
Xarı bülbülü
öz yurdunda görməyincə bu gül vətən həsrətli nəğməsini
xatırladacaq. İnanırıq
ki, Cıdır düzündən qucaq-qucaq
Xarı bülbül toplayacağımız günlərə
çox az
qalıb. Çox
az...
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.17.