"Ədəbi düşüncələr"
BİR DAHA
"ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA
ELÇİN
"Ədəbi
düşüncələr"in Azərbaycan dilindəki ilk
nəşrinə yazdığım kiçik ön sözdə
həmin kitabın mənim üçün tamamilə
gözlənilməz bir hadisə olduğunu demişdim.
Dediklərimi
təkrar etmək istəmirəm və yalnız bir cəhəti
bir daha vurğulamağı lazım bilirəm ki, kitaba
toplanmış ədəbi qeydlərdə - esseciklərdə
oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi
hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə,
fərqli müqayisələrə, bir-biri ilə
üst-üstə düşməyən yanaşmalara,
münasibətlərə, hətta bir-biri ilə zidd
mülahizələrə rast gələ bilər və bu təbiidir,
çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif
onilliklərdə!) yazılmış yazılardan gedir.
Bədii
zövq də, dünyagörüşü və
düşüncələr də, aydın məsələdir
ki, zamana bağlıdır və hər hansı bir kitab
haqqında, yazıçı haqqında 25 yaşında, 45
yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə
və müəlliflərə münasibətin - dinamik bir
şeydir, dəyişir, başqalaşır.
Ancaq güman edirəm ki, dəyişməyənlər
daha çox olur.
Koronavirusla bağlı uzunmüddətli "Evdə
qal" kampaniyasından istifadə edərək, mən yenə
(neçənci dəfə?!) səliqəsiz,
qatmaqarışıq arxivimi səliqə-sahmana salmaq istədim
və bu zaman yenidən yadımdan çıxmış
cürbəcür yazılar, o cümlədən də, ədəbiyyatla
bağlı qeydlər ortaya çıxdı.
Oxuduğum kitablar, əsərlər haqqında qısaca
qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən
mənim vərdişim idi (elə indi də davam edir) və
bunlar mənim bilavasitə təəssüratlarımdır,
özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.
Mən bunların haçansa çap
olunacağını düşünməzdim.
Əslində, bunlar yazıçının qeydləri
yox, oxucunun qeydləridir.
Bu qeydlərin də bəziləri gənclik illərində,
bəziləri aradan keçən onilliklərdə
yazılıb və onların başlıqlarını isə
mən sonradan - çapa hazırlayanda yazmışam.
Bunu da deyim ki, "Ədəbi düşüncələr"
tam şəkildə, yəni bu yeni əlavələrlə
birlikdə Azərbaycan Tərcümə Mərkəzində
nəşrə hazırlanır.
Birinci nəşrdən
isə artıq 18 il keçib və o zaman "Ədəbi
düşüncələr" oxucuların, mətbuatın
diqqətini cəlb etdi, bir çox məqalələr
yazıldı, müzakirələr keçirildi.
Həmin
birinci nəşrin tarixçəsi isə belə oldu ki,
"Ədəbi düşüncələr"i mətbuatda
oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur
teatr xadimimiz və rejissorumuz) mənimlə söhbət əsnasında:
"- Mütləq kitab kimi hazırlamaq lazımdır" -
dedi və kitab nəşr olunandan sonra o, özü də bu
kitabı mükəmməl bir səriştə ilə rus
dilinə tərcümə etdi - Vaqif çox mütaliəli,
geniş dünyagörüşlü bir sənətkar idi.
Tərcümə
etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə
dedi.
"Ədəbi
düşüncələr" Vaqifin tərcüməsində
Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən,
"Literaturnaya qazeta"da) çap edildi, kitab kimi nəşr
olundu və aradan keçən bu illər ərzində isə başqa
dillərə də çevrildi.
...O ki
qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz
qaldı.
8 iyul 2020
Bilgəh
ROMAN YAŞAYACAQ, YOXSA YOX?
Bu gün mən bildiyim dərəcədə dünya ədəbi
prosesinin əsas mövzularından biri budur ki, roman janrı
XXI əsrə gedib çatacaqmı və ümumiyyətlə,
bu janr yaşayacaq, ya yox?
"İnostrannaya
literatura"nın təzə nömrəsinə
baxıram: bu mövzuda konfranslar keçirilir, müxtəlif
fikirlər söylənir, bu suala "hə" deyənlər
də var, "yox" deyənlər də.
Apuleyin romanı yadıma düşür.
Antik roman "Qızıl eşşək"in
timsalında zirvəyə qalxdı və ondan sonra uzun
müddət boyunca bu janrdan səs gəlmədi (hər halda,
mən "eşitməmişəm"), nəhayət, cəhdlər
başladı, nümunələr yarandı və "Don
Kixot" meydana çıxdı.
"Don Kixot"dan sonra isə bu günə qədər
möhtəşəm romanlar yaranır.
Mövzular dəyişdi, yeni-yeni mərhələlər,
cərəyanlar yarandı və s.
Ancaq "Qızıl eşşək"in bədii mətn
kimi strukturu, arxitektonikası necə varıydısa,
aşağı-yuxarı eləcə də qalıb, yəni
bünövrədir.
Bunları yazıram, indi də Mirzə Əbdürrəhim
Talıbovun "Kitab yüklü eşşək"* əsəri
yadıma düşür.
Bu romanların arasında iki min ildən artıq uzun bir
tarixi məsafə var, ancaq müqayisədə demək olar
ki, "Qızıl eşşək" köhnəlib,
primitiv görünür?
Yox, əksinədir və yəqin belə bir müqayisə,
ümumiyyətlə, düzgün də deyil.
Yəni dediyim odur ki, ədəbiyyatın (indiki halda
romanın) yolu gələcəyə pauzalarla gedir və bu
pauzaların müddətindən asılı olmayaraq o yol
davam edir.
Yəqin, beləcə də davam edəcək.
___________________
* Bizim ədəbiyyatşünaslığımız
indi belə hesab edir ki, bu romanın əsl müəllifi Pol
de Kokdur. Ola bilsin ki, belədir. P. de Kokun əsərləri XIX əsrdə Rusiyada
çox populyar idi, hətta rus ədəbiyyatşünaslığı
belə hesab edir ki, F.Dostoyevski "Əbədi ər"
povestinin süjetini onun "Ər, arvad və məşuq"
romanından götürüb.
MOTL VƏ MƏHƏLLƏ
UŞAQLARI
"Motl adlı oğlan"ı oxuduqca mənim də
Motl kimi 9-10 yaşım olan zaman Mirzə Fətəli
küçəsindəki məhəllə dostlarım
yadıma düşürdü.
Yəhudi Motl ilə o azərbaycanlı məhəllə
uşaqları arasında çox sıx bir doğmalıq
var.
Bu doğmalıq haradan yaranır?
Şolom Aleyxemin təsvir etdiyi tipik yəhudi mühiti ilə
Bakıdakı "yuxarı məhəllə"
uşaqlarının yaşadığı mühit tamam fərqlidir.
Ancaq niyə Oliverdə, yaxud Qavroşda* nə qədər
təsirli olsalar da, belə bir doğmalıq hiss olunmur?
Bəlkə, Motl mühitinin də kökləri isti
Şərqlə, Cənubla bağlıdır, buna görə
belədir?
___________________
* Dikkensin
və Hüqonun qəhrəmanları.
AŞIQ QƏRİBİN QOŞMASI
Bizim ədəbiyyatşünaslığımız
Aşıq Qəribi "sufi-dərviş
dünyagörüşünün
daşıyıcısı" kimi təqdim edir.
Bu gözəl
qoşmaya (ancaq onu da deyim ki, son bənddəki "heykəl"
məsələsini başa düşə bilmədim) fikir
verin:
Məni
oda salan gözəl Sənəmi,
Sevsəm öldürərlər, sevməsəm ölləm.
Ürəyimi
yaxan gizli dərdimi
Desəm öldürərlər, deməsəm ölləm.
Qurban olum
yarın qəddü boyuna,
Görən kimsə valeh olur muyuna.
Hərdən
xəlvət gedib onun kuyuna
Varsam öldürərlər, varmasam ölləm.
Gəlin,
qulaq verin yarın oynuna,
Qızıl, gövhər heykəl salıb boynuna.
Mən Qəribəm,
Şahsənəmin qoynuna
Girsəm öldürərlər, girməsəm ölləm.
Bu necə "sufi-dərviş
dünyagörüşüdür"?
"TÜTÇEVA SAKİTCƏ
XOŞUMA GƏLMƏYƏ BAŞLAYIR"
Lev Tolstoyun gündəliyində F.Tütçev və
onun evi (məşhur qələm sahiblərinin tez-tez
yığışdığı yer idi), ailəsi barədə
xeyli qeydlər var.
Məsələ
yalnız onda deyildi ki, Tolstoy bu şairin poeziyasını
yüksək qiymətləndirirdi, bununla bərabər,
başqa bir səbəb də var idi: Tütçevin
qızı Yekaterina onun diqqətini cəlb etmişdi.
1857-ci
ilin son günündə 29 yaşlı Tolstoy gündəliyində
bu qız barədə yazır:
"Tütçeva
sakitcə (!- E.) xoşuma
gəlməyə başlayır."
Yekaterina Tütçeva rus kübar cəmiyyətindəki
gənc qızların əksəriyyətindən fərqli
olaraq, geniş mütaliəsi və
dünyagörüşü ilə seçilirdi və yəqin,
Tolstoy diqqətinin səbəblərindən biri, hətta mənə
elə gəlir ki, birincisi elə bu cəhət olub.
Bu "sakitcə" başlanğıc get-gedə
sevgiyə çevrilir, ancaq mən F.Tütçevin
böyük qızı Annanın bacısına məktublarını
oxuyandan sonra belə başa düşdüm ki, Yekaterina bu
sevgiyə biganə yanaşıb.
Anna məktubunda
Tolstoyu yaraşıqlı bir kişi kimi tərifləyir
və yazır:
"Başa düşmürəm, belə bir kişi
sevirsə, ona necə müqavimət göstərmək olar? Mən
çox arzu edərdim ki, belə bir kürəkənimiz
olsun. Mən səndən xahiş edirəm,
çalış onu sevəsən (!-
E.)"
Ancaq görünür, bu çağırışdan
bir şey çıxmayıb.
Tolstoy
gündəliyində yazır:
"Mən Tütçevaya doğru həqiqi bir sevgi ilə
gedirdim. Soyuqdur, cılızdır, aristokratikdir".
Belə bir aristokratiklik yəqin ki, Tolstoy
üçün meşşanlığın o biri üzü
idi.
Gündəlikləri oxuduqca, fikirləşirəm ki, bəlkə
də bu sözlər Tolstoy üçün təhtəlşüur
bir təskinlikdir? Ola bilər.
Ancaq o,
bir müddətdən sonra daha kəskin yazır: "Mən
ağılsız olmuşam. Tütçeva bilmərrə
xoşuma gəlmir".
Mən ona görə "Gündəliklər"dəki
Tolstoy - Tütçeva xəttini xüsusi izlədim ki, bu,
Tolstoyu Sofya Andreyevna Bersə aparan yoldakı epizodlardan (Tolstoy
epizodlarından!) biridir.
Belə bir fikir də var ki, Yekaterina Tütçeva
xarakter etibarilə Anna Kareninanın prototiplərindən
biridir.
1920-ci illərin
əvvəllərində, Sovet İttifaqında sosrealizm hələ güc toplamaqla məşğul
olduğu bir vaxtda, bolşevik terrorunun, aclığın,
kriminal mühitin, ideoloji məcburiyyətin tüğyan etdiyi
bir dövrdə ədəbiyyat, elə bil,
çırpına-çırpına çıxış
yolu axtarırdı, xüsusən Moskvada cürbəcür cərəyanlar
- futurizm, akmeizm, kubofuturizm, konstruktivizm, imajinizm, simvolizm və
s. ortaya çıxırdı (doğrusu, mən bunları
axıra qədər öyrənib qurtara bilmədim) və
bütün bu "izm"lər öz qruplaşmasını
yaradırdı, bu qruplar da çox zaman bir-biri ilə
mübarizə aparır, bir-birinə hücum çəkirdi.
Bu "izm" nümayəndələrindən kimlərsə
ədəbiyyatda özünə yer tutdu, yaşadı, bir
çoxu unudulub əbədi olaraq keçmişdə
qaldı, ancaq bir qisim də oldu ki, artıq güclənərək
hakim ideolojinin bir hissəsinə çevrilmiş sosrealizm
onları unutdurmağa çalışdı və onilliklər
boyu unutdurdu da.
Ancaq onlar yenidən ədəbiyyata qayıdır.
Onları qaytaran Qorbaçov "yenidənqurması"
deyil, istedaddır.
İstedad
imkan tapdısa, asfaltı deşib çıxan cücərti
kimi öz bədii ifadəsini işıq üzünə
çıxaracaq və o imkanın, sadəcə, geci-tezi var,
çünki mütləqdir.
Bu cür
"qayıdanlardan" biri də Anatoli Mariyenqofdur, onun
"Tsiniklər" və "Mənim əsrim"
romanları bir kitabda nəşr edilib.*
"Tsiniklər" barədə əvvəllər də
eşitmişdim və "Mənim əsrim"i deyə bilmərəm,
ancaq bu əsər, məncə, XX əsr rus ədəbiyyatının
yaxşı romanları sırasındadır. Həm forması yeni,
maraqlı və uğurludur, həm də xoşuma o gəldi
ki, dediyim həmin mürəkkəb dövr "göz
yaşları" ilə yox, pafosdan, ritorikadan uzaq sadə və
iddiasız bir bədiiliklə qələmə alınıb.
Yəqin, elə buna görə də Platonovun
"Özül yeri" ("Kotlavan") yadıma
düşdü və ümumiyyətlə, Mariyenqofla Platonov
arasında bir yaxınlıq var.
20-ci illərdə ən populyar və ən çox tənqid
olunan və Mariyenqof kimi sosrealizmin "unutdurduğu"
yazıçılardan biri də Panteleymon Romanovdur.
Əlamətdar bir paradoksdur ki, sosrealizmin tənqidi,
çox zaman yaxşı bir əsərdən xəbər
verir və sosrealizm hansı bir yazıçının
üstünə düşür, onu atəşə tutursa, həmin
yazıçı bir o qədər də məşhurlaşır,
maraq doğurur.
"Voprosı
literaturı"da oxuyuram ki, Mayakovski bir şeirində
lağla yazıbmış: Panteleymonu 2-ci Romanovla (yəni II
Nikolayla) səhv salmayın.
Cildlərində axtarıb, o şeiri tapdım -
Mayakovski özünə xas olan müstəqimlik və sərtlik
ilə Romanovu ələ salır.
Ancaq Romanovun hekayələrini oxuduqca, belə başa
düşürəm ki, onun istedadı da məşhurluğuna
layiq olub.
Ölkədə
siyasi ovqat dəyişməyə başlayan kimi, istedadı
onu yenidən rus ədəbiyyatına qaytarıb və 51 il
bundan qabaq vəfat etmiş bu yazıçının
satirası, elə bil, bu gün də səninlə Qoqolun,
Çexovun varisi kimi danışır. Bu qədər
müasirdir.
__________________
* 1988-ci
ildə.
"MARİYA STÜART"LAR
Sveyq
"Mariya Stüart"da yazır ki, "dostları xoşbəxtlik
gətirir, bədbəxtlik isə onları
sınayır".
Məncə,
bu sözlər əsərin epiqrafı ola
bilərdi.
Xoşbəxtlik
(hakimiyyət, məhəbbət) və sonu eşafotla bitən
bədbəxtlik - bunlar, elə bil, Mariya Stüart taleyinin
qoşa qanadlarıdır və Sveq mürəkkəb xislətli,
sevən və sevilmək, taxt-tac sahibi olmaq istəyən bu
qadının daxili aləmini - hisslərini həmişəki
kimi yüksək ixtisaslı bir psixoloq kimi təhlil edir.
Bu təhlil
birinci səhifədən sonuncu səhifəyəcən elə
bir yüksək zövqlü bədiiliklə aparılır
ki, elə bil, proza yox, poeziya oxuyursan və o zövq
sözünü də ona görə yazıram ki, bu poeziyada
sentimental melodramlıq, "nakam məhəbbət
gözyaşları" yoxdur, Sveqin bədii zövqü bu
mühüm qırmızı xətti keçməyib.
Şillerin "Mariya Stüart"ı yadıma
düşür.
Bu pyes
bioqrafik əsər yox, əslində, bir məhəbbət
dastanıdır və buradakı Mariya tarixilik
baxımından tamam şərti surətdir, elə bil (mən
də çox şərti yazıram), intihar etmiş Mortimer
Romeo (Məcnun), eşefota qaldırılmış Mariya isə
Cülyettadır (Leylidir).
Ancaq burada da Şiller romantikasının pafosu süni səslənmir,
çünki həmin romantika bu pafosu doğruldur.
İNTUİSİYA VƏ RUH
Bu gün
axşam atamla söhbət gəlib çıxdı
Dostoyevskiyə və yenə də bununla bitdi ki: " - Sən
onu bir də oxu".
İntuisiya da deyir ki, Dostoyevskini təzədən oxumaq
lazımdır.
Ruh (!) isə hər dəfə bir bəhanə
tapıb, sonraya saxlayır.
OLENİN - NEXLYUDOV - BEZUXOV
Rus ədəbiyyatşünaslığı Oleninlə*
Tolstoyu müqayisə edir, hətta eyniləşdirir.
Ancaq mənə elə gəlir ki, Oleninin daxilindəki
Qafqaz təbəddülatı yazılma tarixlərində
xronoloji ziqzaq edərək, onu Pyer Bezuxova** çevirməyə
başlayır və bu çevriliş Nexlyudovdan*** keçərək
Pyerdə tamamlanır.
_____________________
* "Kazaklar"ın qəhrəmanı.
** "Hərb və sülh"ün qəhrəmanlarından
biri.
***
"Dirilmə"nin qəhrəmanlarından
biri.
POLONİ VƏ HAMLET
Siyavuş
Polonini yaxşı oynayır* və mənim üçün
Poloninin taleyi Hamletin taleyindən az təsirli
deyil.
Poloni Laerti yola salanda, ona dediyi sözlər, elə bil
ki, yaşamaq haqqında bir məramnamədir, ancaq bu məramnamə
Paloninin özünü ucuz bir ölümdən xilas edə
bilmədi.
Tolstoy nəhəngdir,
buna söz yox, ancaq bu nəhənglik ona mane olmur ki, "Hamlet"i
"kobud, mənəviyyatsız, bayağı və mənasız"
hesab etsin və Şekspir dili "saxta-sentimental bir dildir"
(orijinalı daha kəskin səslənir: "Şekspirovskiy
falğşivo-sentimentalğnıy əzık" ) desin.
Bu yerdə "böyük adamların səhvi də
böyük olur" fikri belə, köməyə gəlmir.
Mənim üçün Hamlet də Mona Liza** kimi
içi sirlə dolu bir obrazdır.
Bəlkə hissə qapılıram? Bilmirəm... Hər
halda, mənimçün belədir.
______________
* Söhbət
"Hamlet" tamaşasında (2002-ci il,
AMDT) rəhmətlik Siyavuş Aslanın ifasından gedir.
** Da
Vinçinin "Cokonda"sı nəzərdə tutulur.
Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı
tarixi"ndə bu tarixi Vaqiflə başlayırdı və
Vaqifi "bizim ədəbiyyatımızın banisi və
müəssisi" hesab edirdi.
Adolf
Berjenin rus şərqşünaslığında nə qədər
yaşayacağını deyə bilmərəm, ancaq Azərbaycan
dilində ilk dəfə nəşr olunmuş kitabın -
"Qafqaz və Azərbaycanda məşhur olan şüəranın
əşarına..." məcmuəsinin sayəsində Azərbaycan
ədəbiyyatşünaslığı yaşadıqca, onun
da adı çəkiləcək.
Berje də "əşari-şüərai-Azərbaycan"ı
"əşari-Vaqif"lə başlayır.
XIX əsr
təzkirəçilərimiz də hazırladıqları (ədəbiyyat
tariximiz üçün maraqlı və qiymətli olan!) məcmuələrdə
Vaqif, Vidadi, Zakirdən uzağa getmirdilər, misal
üçün, Mirzə Yusif Qarabağinin tərtib etdiyi
"Məcmueyi-Vaqif və müasirini-digər" xarakterik
bir nümunədir.
Vaqifdən əvvəlki dövr klassik ədəbiyyatımızın
tarixini 1920-ci illərdən etibarən bizim böyük (və
kiçik!) ədəbiyyatşünaslarımız
yaratmağa başladı. Bu baxımdan müharibədən
sonrakı onilliklərdə ədəbiyyatşünaslığımız
Cənubdan gəlmiş və Şimalda formalaşmış
Qulamhüseyn Beqdelinin, Qafar Kəndlinin, Balaş Azəroğlunun,
Həmid Məmmədzadənin, Mirzə Abbaslının
(Pürabbasın), Mirəli Manafinin, Əbülfəz
Hüseyninin, Qasım Cahaninin, Feyruz Dadrəsin (mən hələ
şəxsən tanıdıqlarımı yazıram)
simasında enerjili və səriştəli ədəbiyyatşünaslar
nəslini (əslində zümrəsini) qazanmış oldu.
Onların
Xaqanidən, Nizamidən (hətta daha əvvəlki dövrlərdən)
üzü bu tərəfə - XX əsrin əvvəllərinədək
apardıqları (birinin az, o birinin
çox dərəcədə) effektli tədqiqatların
klassik ədəbiyyatımızın tam şəkildə
öyrənilməsi və tanıdılmasında çox
mühüm rol oynadığı mənim üçün
tamam aşkar bir məsələdir.
21 Azərdən sonra Şimala köçmüş bu qələm
sahiblərinin 35-40 ildə gördükləri işi ədəbiyyatşünaslığımız
yəqin ki, bundan xeyli artıq bir müddətə görəcəkdi.
Dediyim həmin
effektin səbəbi - onların mükəmməl fars dili (bəzilərində eyni zamanda ərəb
dili), klassik Şərq ədəbiyyatının (ilk növbədə
poeziyasının) bədii-estetik spesifikasına da, fəlsəfəsinə
də bələd olmaları, dəqiq elmi müəyyənləşdirmə
və təqdim etmə bacarığı və marağı
idi.
Bütün bu cəhətləri əyani şəkildə
görmək üçün, misal olaraq, elə yalnız
Qafar Kəndlinin "Xaqani Şirvani. Həyatı,
dövrü və mühiti" (Bakı, Elm, 1988.) adlı
fundomental monoqrafiyasını oxumaq kifayətdir.
Monoqrafiyanın
adının ehtiva etdiyi miqyas çox genişdir, çox
şey vəd edir, çox iddialıdır və oxuduqca elmi
dolğunluq və faktoloji zənginlik, Xaqani poeziyasının
bədii-estetik xüsusiyyətləri, bu poeziyanın klassik
ümumşərq poeziyasındakı yeri, epoxal bir
dövrün və mühitin tədqiqi və təhlili -
bütün bunlar həmin iddianı tam şəkildə
doğruldur, burada iddia ilə elmi imkanlar arasında üzvi vəhdət
var. Müəllif monoqrafiyaya 1573 (!) şərh və qeydlər
yazıb və elə bunun özü ayrıca bir kitabdır.
Bir
sözlə, Cənubdan gəlmiş bu qələm sahiblərinin
tədqiqatlarındakı həmin cəhətlər
onların güclü milli hissiyyatları ilə
üst-üstə düşmüşdü və onlar nəhəng
bir irs qoyub getdilər.
SİRRİ-XUDA
Yazıçı psixologiyası və fantaziyası, əlbəttə,
bir sirri-xudadır və qəribəliklərlə doludur.
"Voprosı literaturı"
"Fantastik ədəbiyyat və müasirlik"
mövzusunda dəyirmi stol keçirmək
istəyir. Mənə də məktub göndəriblər.*
Fantastik ədəbiyyatı
mən xoşlamıram ("Görünməz adam"dan**
başqa), uşaq vaxtı da Jül Vernin üç-dörd
romanını oxumuşam, vəssalam. Müasir fantastikadan isə
demək olar ki, heç nə oxumamışam, yalnız bu
yaxınlarda Tarkovskinin filmindən sonra Lemin "Solyaris"ini
oxudum..
O da
yaxşı yadımdadı ki, "Mixail Stroqov"u
"Kapitan Qrantın uşaqları"ından, "On
beş yaşlı kapitan"dan artıq bir maraqla
oxumuşdum. Dümavari yazılmış bir macəra
romanıdır, yəqin ona görə.
Bu romanı təzədən vərəqlədim.
İndi
fikirləşirəm ki, bildiyim dərəcədə Jül
Vernin Rusiya ilə xüsusi bir əlaqəsi yox idi, ancaq Fransada
yaşaya-yaşaya, Napoleonun sayəsində bu ölkədə
patriotluq, milli qəhrəmanlıq romantikasının hökm
sürdüyü bir vaxtda, dediyim kimi, Düma stilində
yazılmış bu romanının qəhrəmanı nə
üçün fransız deyil, rusdur?
15
yaşında ayı öldürən, cani-dildən Rusiya
imperiyasına xidmət edən, igidliyi, cəsarəti, sədaqəti
ilə Dartanyanı*** xatırladan Mixail Stroqovun başına gələn
macəralar Fransada yox, Rusiyada baş verir və Stroqov vətən
xaini Oqaryovdan Rus imperiyasının intiqamını alır.
Nə üçün?
Bu sualların cavabı - dediyim həmin sirri-xudadır.
______________________
* Məktubdan
məlum olur ki, söhbət 1985-ci ildən gedir.
**
H.Uellsin romanı.
***
"Üç muşketyor"un qəhrəmanı.
XARAKTER VƏ ŞEKSPİR
NN-in* kitabını vərəqləyirəm, məqalələrdə
bir neçə dəfə bəhs etdiyi romanların qəhrəmanlarında
"xarakterin inkişaf etmədiyini" yazır və bunu əsərin
çatışmazlığı hesab edir.
Hər
bir əsərdə "xarakterin inkişafı"nı axtarmaq və əsərin qiymətini
bununla müəyyənləşdirmək nə dərəcədə
doğru bir yoldur?
Çılğın
bir xislətə malik Hamlet başlanğıcda kim idisə, ölənə qədər də
həmin adam olaraq qalmamışdı?
Otellonun xarakterində hansı inkişaf var? İlk dəfə
gördüyümüz Otello ilə Dezdemonadan sonrakı
Otellonun xarakterində nə dəyişib? Dezdemonanı sevən xoşbəxt Otello ilə
yalana uyaraq faciə törətmiş və özü də
bu faciənin qurbanı olmuş bədbəxt Otello arasında
heç bir fərq yoxdur, eyni xarakterdir.
Hətta ziddiyyətlər və tərəddüdlər
burulğanında, amansız bir gerçəkliklə
üz-üzə dayanmış Şekspir
Riçardlarının, yaxud IV Henrinin də xarakterində
hansı dəyişiklikdən söhbət gedə bilər?
___________________
* Rəhmətə
getmiş bu tənqidçinin adını saxlamağı
lazım bilmədim.
TÜRK DRAMATURGİYASI HAQQINDA
Mənim
üçün müasir türk dramaturgiyasında Əziz
Nesinin dramaturgiyası Haldun Tanerin də, Orxan Kamal, Necati
Cumalı, Rəcəb Bilginərin də dramaturgiyasından irəlidir.
Və mənə görə bunun səbəbi onun
dramaturji qələminin təbiiliyində və səmimiliyində,
ən əsası isə iddiasızlığındadır.
Nazim Hikmətin dramaturgiyası isə poeziyasına
çox uduzur və onun əsas pyeslərində siyasi
mövqenin ifadəsi bədiiliyi açıq-aşkar üstələyir.
525-ci qəzet.-
2020.- 3 oktyabr.- S.14-15.