Çağırış

 

"Qarabağ bizimdir və nida!"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Keçdi əks-hücuma şanlı ordumuz,

Qələbə gözləyir doğma yurdumuz,

Gedirik irəli, gəlir ardımız,

Düşmənin dilinin ucunda vida,

Qarabağ bizimdir, bizim nida!

 

Yoxolmuş yox olub yoxa çıxacaq,

Bayrağım yeriyib dağa çıxacaq,

Laçına çıxacaq, Tuğa çıxacaq,

Həsrətdən güc aldıq, sevgidən qida,

Qarabağ bizimdir, bizim nida!

 

Murov zireh çəkib "üzləyib" bizi,

Kəlbəcər otuz il özləyib bizi,

Ağdam hər dəqiqə gözləyib bizi,

Kəsməz yolumuzu ölüm, qan-qada,

Qarabağ bizimdir, bizim nida!

 

Günəş işıq tutub, Ay yaxıb şamı,

Elə bil dəyişib həyatın tamı,

Şuşa sevgisinə can atır hamı,

Hamıya yuxuda verilib buta,

Qarabağ bizimdir, bizim nida!

 

Azərbaycanımın qəlbi Qarabağ,

Yenilməz, möhtəşəm, qəlbi Qarabağ,

Ey hərbi geyimli hərbi Qarabağ,

Yağı öz xoşuna çəkilsin, ya da...

Qarabağ bizimdir, bizim nida!

 

Ey dağım, ey daşım, bizə səngər ol!

Ey dostum, qardaşım, zabit, əsgər ol!

Canını dişində tutub Əjdər Ol,

Əsgər marşı ilə yeriyir o da...

Qarabağ bizimdir, bizim nida!

 

29 sentyabr 2020

 

Əjdər OL

 

525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.13.