Kamal Abdullanın "Seçilmiş əsərləri"nin üçüncü cildi
nəşr olunub
Xalq yazıçısı, akademik
Kamal Abdullanın
"Seçilmiş əsərləri"nin üçüncü
cildi çapdan çıxıb. Üçüncü cildə müəllifin müxtəlif illərdə
yazdığı şeirlər,
rus klassik şairlərinin yaradıcılığından
etdiyi tərcümələr,
ədəbiyyatın və
mədəniyyətin problematik
aspektlərindən bəhs
edən esselər və ölkəmizin teatr səhnələri ilə yanaşı, xarici ölkələrdə
də səhnələşdirilən
pyeslər daxil edilib.
Kamal Abdullanın
şeirləri daha öncə "Qəribədi,
deyilmi?!" (Bakı,
BDU-nun mətbəəsi, 1998), "Kədərli seçmələr"
(Bakı, Mütərcim,
2002), "Nar çiçəkləri"
(Bakı, Mütərcim,
2014), Alla Axundova tərəfindən rus dilinə tərcümə
edilərək "Qospodin
doroqi" (Moskva, Rif
Roy, 2004) kitablarında çap
edilib. Kamal Abdullanın çoxcildliyini
izləyən diqqətli
oxucu bu şeirlərin hansı məqamda hekayəyə, hansı məqamda romana, yaxud da
pyesə çevrildiyini
asanlıqla görüb
duya biləcəkdir. Müəllifin şeirləri haqqında
ədəbi tənqidçilər
və məşhur şairlərimiz yüksək
fikirlər söyləmişdir.
Şeirlərin və esselərin
toplandığı "Qospodin
doroqi" kitabı Moskvada Yazıçılar
İttifaqında geniş
müzakirə olunmuş,
bu müzakirələrdə
Rusiyanın tanınmış
ədəbiyyatşünasları və yazarları iştirak etmişdir.
Bu cildə daxil
edilən şeirlərin
bəziləri bəstəkarlarımız
tərəfindən unudulmaz
nəğmələrə çevrilmiş, bəziləri
isə zaman-zaman Kamal Abdullanın pyeslərinin səhnələşdirilməsində
musiqi mətni kimi istifadə edilmişdir. Kitabda şeirlərin
davamı kimi "Dədə Qorqud" dastanının motivləri
əsasında yazılmış
kiçik poemalar verilmişdir. Hər
poema "Kitabi-Dədə
Qorqud" dastanından
bizə tanış
olan hansısa qəhrəmanın gizli və aşkar hisslərinin tərənnümünə
həsr edilib.
Müəllifin kitaba daxil edilən
rus poeziyasının
"Gümüş dövrü"
şairlərindən etdiyi
tərcümələr öncə
"Gümüş dövrün
sirləri" (Bakı,
Mütərcim, 2001) adlı
tərcümə kitabçasında
çap olunub. Müxtəlif müəlliflərdən seçilən
bu şeirləri birləşdirən ümumi
cəhət antik motivlər, xüsusən mifik qəhrəmanların
əzablı taleyidir.
Rusca orijinal mətnlərin də tərcümələrlə
bir yerdə kitaba daxil edilməsinin
məqsədi oxucunun diqqətini tərcümə
zamanı məzmunla birlikdə formanın da saxlanmasına yönəltməkdən ibarətdir.
Kamal Abdullanın "Müəllif-əsər-oxucu"
(Bakı, Yazıçı,
1985), "Əvvəl-axır yazılanlar" (Bakı,
Yazıçı, 1990), "Yolun əvvəli və axırı" (Bakı, Azərbaycan Dövlət nəşriyyatı,
1993), "Kədərli seçmələr"
(Bakı, Mütərcim,
2002), "300 azərbaycanlı" (Bakı, Mütərcim,
2007), "Düma ilə
Coys arasında" (Bakı, Mütərcim,
2016), "Mənim Füzulim"
(Bakı, Mütərcim,
2019) kitablarında zaman-zaman
çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının,
ədəbiyyatşünaslığının,
həmçinin, mədəniyyətin
müxtəlif problemlərindən,
ədəbi və mədəni proseslərdən
bəhs edən esseləri sistemləşdirilərək
bu cildə daxil edilib. "Əvvəl-axır yazılanlar",
"Düma ilə Coys arasında", "Mənim Füzulim" bölmələrində toplanan
esselər oxucunu ədəbiyyatın və
ümumiyyətlə, sənətin
müxtəlif məqamlarına
səyahətə çağırır.
Oxucu bu səyahətdə müxtəlif
ədəbi sirlərə
vaqif olur, ədəbiyyatın bizlərə
ötürdüyü energiyanı
açıq-aydın hiss edir,
sənətin görünməz,
amma var olan sərhədlərini görür, ayrı-ayrı
sənət sahələri
arasında mövcud olan multidissiplinar lağımları kəşf
edir, uzaq-yaxın ədəbi simaları bizə bir qədər
də doğmalaşdırır.
"Seçilmiş əsərləri"n
üçüncü cildinə
daxil edilmiş pyeslər müəllifin daha öncə çap edilmiş "Unutmağa kimsə yox" (Bakı, Azərnəşr, 1995), "Ruh"
(Bakı, Azərnəşr,
1997), "Kədərli seçmələr"
(Bakı, Mütərcim,
2002), "Bir, iki - bizimki!" (Bakı,
Mütərcim, 2003), "Casus" (Bakı, Mütərcim,
2004) kitablarında işıq
üzü görüb.
Kamal Abdullanın bu pyesləri Əflatun Neymətzadə
tərəfindən türk
dilinə tərcümə
edilərək "Ruh"
(Ankara, 2006) kitabında, həmçinin,
Azər Mustafazadə,
Vaqif İbrahimoğlu,
Gülnar Şıxəliqızı
tərəfindən rus
dilinə tərcümə
olunaraq "Qospodin doroqi" (Moskva, Rif Roy,
2004) və "Vse moi peçali..." (Baku, Mutarjim, 2009) kitablarında da çap olunub. Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev,
Əsgər Əsgərov, Mikayıl Mikayılov, Əlif Cahangirli, Gümrah Ömər və başqa məşhur rejissorlar Kamal Abdullanın müxtəlif
pyeslərini ayrı-ayrı
teatrlarda səhnələşdiriblər.
Müəllifin "Kim dedi ki, Simurğ quşu var imiş?!" pyesi Azərbaycan sənət tarixində
ilk dəfə olaraq Gürcüstanda Rustaveli adına Gürcüstan
Dövlət Akademik
Dram Teatrında gürcü
dilində, eyni zamanda, Estoniyada eston dilində tamaşaya qoyulub.
Oxucu Kamal Abdullanın pyeslərində
"Kitabi-Dədə Qorqud"
qəhrəmanlarının, Şah İsmayıl Xətainin taleyinin ədəbi yozumu, mifoloji simvolların və xalq ədəbiyyatından
gələn deyimlərin
şifrəli kombinasiyaları
ilə üz-üzə
qalacaq. Teatrşünaslar və teatr xadimləri tərəfindən
Azərbaycan teatr tarixində unikal hadisə kimi xarakterizə edilən bu pyeslər oxucu üçün paralel zaman və
məkanlara səyahət
imkanıdır. Məhz
bu xüsusiyyətlərinə
görə böyük
Azərbaycan aktyoru və teatr xadimi
Həsənağa Turabov
Kamal Abdullanın pyeslərini belə dəyərləndirmişdir: "...Yaradıcılıq təcrübəmə
söykənərək tam məsuliyyətimlə Kamalın
dramaturji düşüncə
və üslubunu yeni əsr və
minilliyin aparıcı
meyli, tendensiyası kimi qiymətləndirirəm".
Kamal Abdullanın
bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə Azərbaycanın
ayrı-ayrı teatrlarında,
həmçinin, Gürcüstan
və Estoniyada səhnəyə qoyulub, böyük tamaşaçı
rəğbəti qazanıb.
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.13.