Türkiyənin mənəvi dəstəyi
ETİBARLI
QARDAŞ SÖZÜ
Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
Azərbaycan - Türkiyə münasibətlərinin
milliliklərdən gələn böyük
tarixi, davamlı və dayanıqlı ənənələri
vardır. "Torpağı əkməsən qorumağa,
qorumasan əkməyə
dəyməz" deyən ulu Dədə Qorqudun vəsiyyətləri Azərbaycan üçün olduğu
kimi, qardaş
Türkiyə üçün də eyni dərəcədə müqəddəsdir.
Dünya
şöhrətli görkəmli dövlət xadimi Heydər
Əliyevin Azərbaycan - Türkiyə münasibətlərinin
mahiyyəti və əhəmiyyəti haqqında böyük müdriklik
və uzaqgörənliklə dediyi "Tək millət, iki
dövlət" kəlamı hər iki ölkədə
atalar sözü kimi qəbul olunur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə
Cümhuriyyətinin Cumhur Başqanı Rəcəb Tayib
Ərdoğanın həyata keçirdikləri qətiyyətli
və məqsədyönlü siyasət rəhbərlik etdikləri
ölkələrin milli və dövlətçilik
maraqlarını dəqiq ifadə etməklə bərabər,
həm də bütün dünyanın ciddi ehtiyacı
olduğu qarşılıqlı etimadın, birlik və həmrəyliyin
gerçək örnəklərinin planetimizə ən
açıq və aydın şəkildə təqdim
olunmasına xidmət edir.
Müstəqil
Azərbaycan dövləti və Türkiyə Cümhuriyyəti
həqiqətən ölkələrimizin milli və dövlətçilik
maraqları qədər regionda və ümumən dünyada
sülhün, təhlükəsizlik və əməkdaşlığın
inkişaf etdirilməsini gerçək şəkildə
öz ölkəsinin dövlət strategiyasının ana maddələrinə
çevirmişdir. Bu, yalnız iki xalqın yox,
bütövlükdə bəşəriyyətin xeyrinədir.
Azərbaycan və Türkiyə həmrəyliyi və əməkdaşlığı
bizim ölkələrimiz qədər də
dünya birliyinin
şansıdır. Türkiyə və Azərbaycanın
olduğu yerdə dünyamız
qarşılıqlı etimaddan,
qardaşlıqdan, birlik və həmrəylikdən
heç nigaran
qalmayıb, fərqli qitələrdə və materiklərdə
çətinlik və böhran olan yerlərdə həmrəylik uğrunda arxayın mübarizə apara bilər.
Türkiyə Cümhuriyyətinin ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi qədim tarixə malik ortaq milli-mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olmaqdan başqa, həm də uydurma ikili standartların yox, ədalətin qələbə çalmasına dəstək verməyin əsl ifadəsidir. Dünya birliyi artıq bilməmiş deyildir ki, Azərbaycan da qardaş Türkiyəyə münasibətdə eyni addımları atmaqla sülhü, həmrəyliyi və ədaləti müdafiə etməyin daha bir nümunəsini göstərməklə yer kürəsini düşündürmək vəzifəsini həyata keçirməyi dərk olunmuş məqbul yol sayır.
Dağlıq Qarabağ uğrunda erməni
işğalçılarına qarşı mübarizədə
Türkiyə Cümhuriyyətinin ürəkdən gələn
etibarlı qardaş sözü
hər cür silahlı müdafiədən
qat-qat üstündür.
Döyüş meydanlarında işğalçı Ermənistanın
layiqli dərsini verməyi bacaran
Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi
dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir.
Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə qoşa dəmir yolunun
üstündə dünya
birliyinə, sülh və əməkdaşlığa,
qardaşlıq və həmrəyliyə doğru
dönmədən irəliləyən lokomotivdir.
İşğalçı
Ermənistanın Dağlıq Qarabağ ətrafında gedən
döyüşlərdə Türkiyə əsgərlərinin
iştirak etməsi haqqında yaydığı yalan bəyanatlar
qətiyyən reallığı əks etdirmir. Təcavüzkar
Ermənistanın Azərbaycan cəbhə xəttində
Türkiyə faktoru ilə əlaqədar
uydurduğu yanlış informasiyalar
bir neçə məkrli məqsədə
xidmət edir:
- Azərbaycan
ordusunda Türkiyə amili haqqında yalançı mif
uydurmaqla özünün ümid etdiyi digər dövlətlərin
Ermənistana dəstək verməsinə cəlb etməyə
çalışır.
-
Bununla Ermənistan Livandan, Suriyadan və İraqdan gətirib
zorla müharibəyə cəlb etdiyi artıq təsdiq
olunmuş muzdlu yaraqlıları gizlətmək, diqqətdən
yayındırmaq istəyir.
-
Növbəti dəfə də təklənmiş,
"yalançı və yazıq erməni" donuna girib, bəzi
dövlətləri aldadaraq maddi və mənəvi yardım
almağa can atır.
-
Heç olmazsa, hələlik də olsa, yalan və şantaj
yolu ilə Şərqi Anadolu torpaqlarına göz dikdiyini arxa
plana keçirməklə ikinci cəbhə açılmaq təhlükəsindən
yan keçməyə səy göstərir.
- Nəhayət,
Türkiyə xofu qarşısında aciz və miskin
olduqlarını gizlədir, qorxusunu və vahiməsini
ört-basdır etmək görüntüsü yaradır.
- Azərbaycanın
ədalətli mübarizəsinə kölgə salmağa, bu
məsələ ətrafında uydurma qalmaqal yaratmağa,
aranı qarışdırmağa ciddi-cəhd göstərir.
- 27
sentyabr 2020-ci il Dağlıq Qarabağ döyüşlərində
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
qazanılan böyük hərbi zəfərləri, uğurlu
gedişləri təhrif etməyə çalışır.
-
Bununla Paşinyan rejimi öz xalqını aldadır,
özünü yalandan sığortalayır.
Buna
baxmayaraq, artıq Azərbaycanın döyüş cəbhəsində
qazandığı zəfərlər, doğma
torpaqlarımızı azad etmək istiqamətində əldə
etdiyi ciddi mövqelər yalançı Paşinyan rejiminin
bütün niyyətlərinin uydurma və böhtandan ibarət
olduğunu dünya ictimaiyyəti əyani surətdə
görür. Buna görədir ki, indi dünyanın bir çox ölkələri
Azərbaycanın haqq işini
dəstəkləyir və müdafiə edir.
Ona görə
də, Azərbaycan-Türkiyə münasibətləri, ortaq
tarixi köklər, milli-mənəvi dəyərlər və
habelə qarşılıqlı etimad və əməkdaşlıq
əsasında dönmədən inkişaf edərək,
ölkələrimizdə, regionda və dünyada sülh və
təhlükəsizliyin, birlik və həmrəyliyin, ədalət
və əməkdaşlığın inkişaf etdirilməsinə
real təminat və töhfələr verən, daha
böyük inkişafa xidmət edən dövlətlərarası
qardaşlıq və əməkdaşlıq modeli kimi qəbul
olunur.
XX əsrdə
Türkiyə Cümhuriyyəti dünyanın böyük
güc və söz sahiblərindən biridir. Azərbaycanda qısa
müddətdə müasir epoxanın yeni liderlərindən
birinə çevrilmişdir.
Azərbaycan-Türkiyə
dünyada bütün istiqamətlər üzrə vahid
mövqedən çıxış etməyin, daim iş
birliyində olmağın, dünyaya sülh və
barış gətirməyin nümunəsidir.
Bu
gün Azərbaycan səngərində türk əsgərinin
olmasına xüsusi bir ehtiyac yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdən bəri ölkəmizdə apardığı ardıcıl və uğurlu ordu quruculuğu siyasəti və aşıladığı azərbaycançılıq idealı Azərbaycan əsgərinin böyük qələbəyə doğru inamla getməsi üçün hər cür təminat yaratmışdır. Ancaq bununla da fəxr etmək olar ki, dünyada Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı ədalətli mübarizəni dönmədən müdafiə edən, xalqımız və dövlətimizlə təbii bir həyəcanı yaşayıb, məsuliyyət duyğularını bölüşən Türkiyə Cümhuriyyəti və səksən iki milyonluq türk xalqı vardır. Türkiyənin özü yox, etibarlı qardaş sözü, mənəvi dəstəyi ön cəbhədə Azərbaycan əsgəri ilə bir səngərdədir və ordumuzu qələbəyə ruhlandırmağa xidmət edir.
Ürəkdən
inanırıq ki, ən yaxın zamanlarda Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə şanlı
dövlət bayrağımız Şuşa şəhərində
dalğalandığı günü- Azərbaycan və
Türkiyə bu böyük qələbə bayramının
hərbi paradının və şənliklərinin sevincini birlikdə
yaşayacaqdır.
Afərinlər, Türkiyə!
İsa HƏBİBBƏYLİ
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.8.