Qəpik-qəpik təmizlənmək...
Balaxanı Bakının ən qədim qəsəbələrindəndir. Hazırda qəsəbədə
14 mindən çox əhali yaşayır.
Hələ qədim zamanlardan atalar "qonşu qonşunun külünə
möhtacdır" dedikləri
üçün buranın
evləri bir-birinə
yaxınlığı ilə,
eyni zamanda, dar küçələri,
həyətyanı əraziləri,
ənənəvi məhəllə
sistemi ilə seçilir. 2 əsr əvvəlin
tarixində xarici şirkətlər bu ərazidə çoxlu
torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild,
Rokfeller kimi milyonçular mədənlər salıblar.
Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarla yerli və xarici neft şirkətləri
və onların mədənləri, karxanaları fəaliyyət
göstərirdi.
Hazırda Balaxanı qəsəbəsi o qədər gözəlləşib ki, bütün turistləri qarışqa misalı qənd kimi özünə cəlb edir. Stokholmun rəngli küçələrindən, Romanın dar məhəllələrindən seçilməyən Balaxanı, şəkillərdə belə insana zövq verməyi bacarır. Amma gözəllik qurban tələb edir. Vaxtında metrostansiyalardakı qatarlar gözəlləşəndə "növbəti stansiya"lar "next station"la əvəz olunduğu kimi, Balaxanı da gözəlləşəndə "Balakhani" adına çevrilir və sanki əsrlər əvvəl burada yaşayan ingilis milyonçularına hörmət göndərir, onlarla məhz öz dillərində danışır.
Maraqlı bir statistika. 2016-cı ildə Balaxanı
zibilliyində aparılan təmizlik işləri zamanı 120 kiloqram, builki təmizlik
işlərində isə 600 kiloqram
ağırlığında qəpik toplanıb və Azərbaycan
Mərkəzi Bankına təhvil verilib. Bir sözlə,
öz dövlətinin iqtisadiyyatına xeyir vermək istəyən hər bir vətəndaş gedib
Balaxanı zibilliyinə qəpik ata bilər.
Çünki bu
zibillikdəki təmizlik işləri, əslində, zibilliyi zibildən yox, qəpiklərdən
təmizləmə mahiyyəti daşıyır. Məntiqə
də uyğundur, adı üstündə,
zibillik. Qiymətli metalların burada nə işi var ki?!
Əgər belə bir şey varsa, burada bütün günah məhz öz içimizdə axtarılmalıdır. Qəpik pullara niyə bu qədər etinasız yanaşırıq? Yoxsa bilmirik ki, adicə 1 qəpiyin hazırlanmasının belə 1 qəpikdən daha çox xərci var?
Harvard universitetinin
araşdırmasına görə, insanların böyük əksəriyyəti nəyisə
almaq istəyəndə xırda pulla - qəpiklə alırsa, həmin şeyi psixoloji olaraq pulsuz
aldığını düşünür.
Bu, faciədir. Bu psixologiya xırda pulu pul kimi görməyən
insanların düşüncəsidir. Xırda pulun pul qabına, cibə
artıqlıq olması və daşımaqda çətinlik
yaratması ilə meydana gələn,
"tezcə əlimdən çıxsın" məntiqi
ilə formalaşan psixologiyadır.
Düz 600 kiloqram.
Şişirdilmiş rəqəm kimi görünə bilər, ancaq
mən bu xəbərin səmimiyyətinə
inandım. Balaxanı Bakının kreslosudur - hələ evin
içində bir neçə aydan bir kreslonun
yeri dəyişdiriləndə təsadüfən
qəpiyə rast gəlmək an məsələsi olduğu
kimi, 19 km2 sahəni əhatə edən bu "kreslonun"
arxasından 600 kiloqram qəpik tapmaq adi haldır.
Qədim
zamanlardan gələn bir inanca görə, insanlar gerçəkləşəcəyinə
inanaraq dilək tutub quyuya qəpik atırlarmış və
atılan bütün qəpiklər hansısa bir quyuda
toplanırmış. Bəlkə də Balaxanı zibilliyi dünyadakı bütün
ümidsiz insanların quyusudur.
El ROMAN
525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.16.