Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı
Əlyazmalar İnstitutu-70
Yazılı
abidələrimizin tanınmış
araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı
alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə
direktor müavini, Multidissiplinar əlyazmaların tədqiqi
şöbəsinin müdiri Paşa Əli oğlu Kərimov
şeir-sənət ocağında boya-başa çatıb,
böyük şairimiz Əli Kərimin oğludur.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirdikdən sonra daim çox sevdiyi əlyazmalarla ünsiyyətdə
olmaq üçün Əlyazmalar İnstitutunda işləməyə
başlamış, artıq 38 ildir ki, bu müəssisəyə
sədaqətini qoruyub saxlamışdır. İlk öncə Şəxsi
arxivlər şöbəsində işlədiyi zaman Cəfər
Cabbarlının əlyazma halında olan "Dramanın əsasları",
"İslamiyyətdən sonrakı fars ədəbiyyatı"
və s. məqalələrini ictimaiyyətə ilkin təqdim
edən gənc tədqiqatçı ədibin
yaradıcılığının naməlum tərəfləri
barədə məqalə yazır. Bundan sonra
Türkdilli əlyazmaların tədqiqi şöbəsinə
keçərək orta əsrlər yazılı abidələrimizin
tədqiqi ilə məşğul olmağa başlayır.
O, 1991-ci ildə "Əlican Qövsi Təbrizi
divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni"
mövzusunda namizədlik, 2012-ci ildə "XVII əsr anadilli
Azərbaycan lirikası" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. Namizədlik
dissertasiyasının elmi-tənqidi hissəsi 800 səhifədən
ibarətdir. Tədqiqatçı dünya
kitabxanalarında saxlanan Qövsi əlyazmalarını
müqayisə edərək şairin lirik şeirlər
toplusu-divanının elmi-tənqidi mətnini ortaya
çıxarmışdır. Bütövlükdə
iş min səhifədən ibarətdir. Elmi
yaradıcılığı boyu ömrünün son
dövrlərində Əlyazmalar İnstitutunda
çalışan akademik Həmid Araslıdan nümunə
götürən Paşa müəllim həmişə iki işi -
yazılı abidələrimizin nəşri və hərtərəfli
araşdırmaya cəlb etmək işini birləşdirmişdir. O, bütün elmi tədbirlərdəki
çıxışlarında deyir ki, Azərbaycan
xalqının tarixini, mədəniyyət, elm, dil və ədəbiyyat
tarixini öyrənmək üçün AMEA Əlyazmalar
İnstitutunda saxlanan materialların araşdırılması
yetərli deyil. Dünyanın müxtəlif
kitabxanalarında saxlanan yazılı abidələrimizi tədqiqata
cəlb etmək lazımdır.
Paşa
Əlioğlu indiyədək keçmiş SSRİ məkanında,
İran və Türkiyədə, bir sıra Avropa ölkələrində,
ABŞ-da yerləşən kitabxanalarında saxlanan onlarla əlyazmamızın
surətini əldə edərək araşdırmaya cəlb etmiş, ədəbiyyat
tariximizin öyrənilməsinə sanballı töhfələr
vermişdir. Onun xarici kitabxanalardan surətlərini
əldə etdiyi, eləcə də Əlyazmalar
İnstitutunda saxlanan əlyazmaların köməyi ilə
yazdığı monoqrafiyaları içində xüsusilə
"XVII əsr anadilli Azərbaycan lirikası" kitabı
diqqətəlayiqdir. Vaxtı ilə akademik Həmid
Araslı əlində olan bütün imkanlardan, əlyazma
qaynaqlarından, müxtəlif təzkirələrdəki məlumatlardan
istifadə edərək 1956-cı ildə "XVII-XVIII əsr
Azərbaycan ədəbiyyatı tarixi" adlı ali məktəblər üçün dərslik
yazmışdı. Sələfinin yolunu davam
etdirən Paşa Əlioğlu əldə etdiyi yeni
qaynaqlardan bəhrələnərək ədəbiyyat
tariximizin XVII əsr dövrünü daha geniş, əhatəli
tədqiqat obyektinə çevirdi.
Alimin "XVII əsr anadilli Azərbaycan poeziyası"
monoqrafiyası da maraq doğurur. Buradakı oçerklərdən
biri, XVII-XVIII əsrlərdə yaşamış, əvvəl
Hindistana, sonra Bəsrəyə mühacirət etmiş
Şükri adlı şairimiz haqqında məqalə bir daha
göstərir ki, hələ ədəbiyyat tariximizin öyrənilməmiş
səhifələri çoxdur. Orijinal dəst-xətti
olan Tərzi Əfşara həsr edilmiş oçerk onunla
diqqətəlayiqdir ki, alim şairin indiyədək
araşdırmadan kənarda qalmış şeirlərini nəzərdən
keçirmişdir.
P.Əlioğlu Səfəvilərin 235 illik hakimiyyətinin
(1501-1736) bütün mərhələlərində ədəbiyyatımızın
inkişafına dair maraqlı araşdırmaların müəllifidir. Onun XVI əsr
ədəbiyyat tariximizə dair iki tədqiqatı üzərində
dayanmaq istərdik. I Şah İsmayıl
(1501-1524) və I Şah Təhmasibin (1524-1576) dövründə
yaşayıb-yaratmış, bir müddət şahzadə
Sam Mirzə (1517-1567) ilə dostluq münasibətlərində
olmuş, hökmdarın əmri ilə 1571-1573-cü illərdə
baş vermiş Təbriz üsyanının
yatırılmasında iştirak etmiş, qısa müddət
Təbriz valisi olmuş Yusif bəy Ustaclunun divanının əlyazma
nüsxəsi Londonun Britaniya muzeyində saxlanır. Paşa müəllim bu divanın surətini əldə
edərək faksimilesini və müasir əlifbaya transliterasiyasını
nəşr etdirmiş, geniş ön sözdə Yusif bəy
Ustaclunun yaradıcılığı və dövrün ədəbiyyatı
haqqında ətraflı elmi fikir söyləmişdir. Alim göstərir ki, Yusif bəyin divanı ədəbiyyat
tariximizin o dövrünə aiddir ki, böyük özbək
şairi Nəvainin güclü təsiri hələ
qalmış, Füzulinin artmaqda olan təsiri də
özünü göstərməkdədir.
Paşa Əlioğlu 2013-cü ildə çap etdirdiyi
"Sadiq bəy Sadiqinin türkdilli
yaradıcılığı" adlı monoqrafiyası ilə
ədəbiyyat tarixçiliyimiz qarşısında duran bir
sıra məsələləri həll etmiş oldu. Yalnız Səfəvilər
dövrünün deyil, bütövlükdə ədəbiyyatımızın
ən parlaq şəxsiyyətlərindən biri, ensiklopedik zəka
sahibi, şair, ədəbiyyatşünas, rəssam Sadiq bəy
Əfşar Sadiqinin (1533-1610) türkdilli
yaradıcılığı ilk dəfə bu kitabda
bütövlükdə tədqiq edilmişdir. Müəllif
Təbriz Mərkəzi Kitabxanasında saxlanan əlyazmalardan,
bir sıra digər mənbələrdən istifadə edərək
S.Əfşarın türkcə şeirlərini, məktublarını
toplayaraq transliterasiya etmiş, bu əsərləri ətraflı
təhlil edərək şairin lirikasının özəllikləri,
ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi insani
keyfiyyətləri barədə fikir söyləmişdir. Artıq deyə bilərik ki, Sadiq bəyin möhtəşəm
irsi içərisində türkcə əsərlərinin
hamısı işıq üzü görmüş və
araşdırılmışdır. Məsələ
orasındadır ki, Sadiq bəy Əfşar Azərbaycan
türkcəsi ilə yanaşı, cığatay və
Osmanlı dillərində də
yazıb-yaratmışdır. Əsərlərini
təhlil etdikdən sonra alim belə bir nəticəyə gəlir
ki, Sadiq bəy türkdilli şeirlərinin çoxunu həyatının
son dövrlərində yazmışdır.
Alim
keçən il surətini Tehranın Məclis
kitabxanasından əldə etdiyi əlyazmanın və təzkirələrin
köməyi ilə ədəbiyyat tariximizin naməlum bir
nümayəndəsi olan Əbdülfəttah Marağayi barədə
məlumat verdi. Bundan sonra XVIII əsr anadilli
poeziyamızdan danışarkən Ə.Marağayinin irsini də
nəzərə almaq vacib olacaqdır. P.Əlioğlunun
İstanbulun Topqapı Sarayı Muzeyindən XVIII əsr
poeziyamızın istedadlı nümayəndəsi, Nadir
şahın saray şairi Nəşə Təbrizinin
divanının surətini əldə edərək
araşdırması, buradakı 168 beytdən ibarət anadilli
şeirləri transliterasiya edərək haqqında geniş
bir elmi məqalə yazması ədəbiyyat tariximizə dəyərli
töhfə oldu. Nəşənin anadilli
şeirlərinin təhlili, burada hansı tarixi hadisələrin
və necə əks olunması barədə maraqlı fikirlər
şairin ədəbiyyatımızdakı mövqeyinin müəyyənləşdirilməsinə
kömək edəcək.
Paşa Əlioğlu XIX əsr ədəbiyyatımızın
tədqiqinə, bu dövrə aid naməlum yazılı abidələrinin
ortaya çıxarılaraq nəşrinə və tədqiqinə
xüsusi fikir verir. O, belə hesab edir ki, nisbətən yaxın vaxt olsa da,
XVIII-XIX əsrlərə aid çoxsaylı ədəbiyyat
nümunələrimiz araşdırmadan kənarda
qalmışdır ki, bu da dövrün ədəbi prosesinin
sözün həqiqi mənasında obyektiv, elmi dəyərləndirilməsinə
mane olur. Paşa müəllimin 2015, 2016-cı illərdə
çap etdirdiyi "Abbasqulu ağa Bakıxanovun əlyazma
irsi" və "Firidun bəy Köçərlinin şəxsi
arxivi" adlı məqalələri bir daha diqqətə
çatdırır ki, klassik ədəbiyyatın tədqiqində
ilkin mənbələrdən, əlyazma qaynaqlarından və
arxiv sənədlərindən istifadə edilməsi ən
vacib şərtdir. Artıq çap edilmiş əsərlər
əsasında hansısa sənətkar haqqında yeni fikir
söyləmək çətin məsələdir.
P.Əlioğlu
ilk dəfə olaraq Mirzə İsmayıl Qasir (T.Nurəliyeva
ilə), A.Bərqi, Mirzə Baxış Nadim, Molla Qasim Zakir
(R.Kərimovla) və Fətəli bəy Hali Gəncəvinin
şeirlərini (Cavad xanın qardaşı Fətəli bəyin
farsca şeirlərin də bədii tərcümə
etmişdir) nəşrə hazırlanmışdır. Hazırda alim Mirzə Baxış Nadimin
yaradıcılıq yoluna həsr edilmiş monoqrafiya üzərində
çalışır. Tədqiqatçı
yazır ki, indiyədək Mirzə Baxış Nadimi satirik
şair kimi təqdim etmişlər. Halbuki
son vaxtlarda əldə etdiyimiz əlyazmaların
araşdırılması göstərir ki, Nadim həm də
gözəl lirik aşiqanə qəzəllər, tarixi
mövzulu müxəmməslər, qoşmalar, rübailər,
qitələr, mənzum məktublar, dini şeirlər müəllifidir.
Bütün bunlar ətraflı
araşdırılmalıdır.
Paşa Əlioğlu görkəmli ictimai xadim, xeyriyyəçi,
gözəl lirik şeirləri ilə tanınan Xurşidbanu
Natəvanın yaradıcılığına həmişə
diqqətlə yanaşmış, onun həyat və
yaradıcılığının naməlum səhifələrinin
açılmasına xüsusi əhəmiyyət
vermişdir.
O, şairənin iki naməlum şeirini mətbuata təqdim
etdi, 2012-ci ildə Əliabbas Müznibin əlyazma halında
qalmış "Natəvan Xurşidbanu" adlı
kitabını transliterasiya edərək ön sözlə nəşr
etdirdi. Alim Natəvanın nəvəsi Əkbər
xan Naxçıvanskinin, Zülfüqar Hacıbəyovun
şairə haqqında xatirələrini transliterasiya edərək
2012-ci ildə çap edilmiş "Xurşidbanu Natəvan.
Neçin gəlməz" kitabına daxil
etmişdir. Kitabın elmi redaktoru olan
Paşa müəllimin yazdığı "Xurşidbanu Natəvanın
irsi" adlı ön söz böyük maraq doğurur.
P.Əlioğlu XIX-XX əsrlərdə
yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi
olan Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif"
təzkirəsini nəşr etdirmiş, onun sovet dövrü
yaradıcılığı barədə maraqlı məqalə
yazmışdır. Məqalədə göstərilir ki,
N.Şeydanın nəşr etdirmədiyi şəxsi arxivində
qalmış şeirləri onun həqiqi mənada dissident
şair olduğunu, sovet rejiminin antimilli mahiyyətini tənqid
və ifşa etdiyini sübut edir. Alimin Səməd
Vurğunla Şəhriyar yaradıcılığını
yaxınlaşdıran, birləşdirən cəhalətə
həsr edilmiş məqaləsi böyük elmi maraq kəsb
edir. Bundan başqa, böyük şairimiz Əli Kərimin ədəbi
irsinin nəşri sahəsindəki yorulmaz fəaliyyəti
Paşa müəllimin ədəbiyyat tariximiz
qarşısındakı xidmətlərindən hesab edilməlidir.
Paşa Əlioğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin elmi şurasının üzvü, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının və müdafiə şurasının üzvüdür. 2012-ci ildə "Türk ədəbiyyatı" vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı"na layiq görülüb, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə elm və texnologiya nominasiyası üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb. 2019-cu ildə klassik ədəbiyyatın tədqiqindəki xidmətlərinə görə Serbiya Kral Akademiyasının təsis etdiyi İvo Andriş medalını alıb.
Paşa Əlioğlunun elmi yaradıcılığını, bütün qüvvəsini sərf etdiyi amalı bu sözlərində əksini tapmışdır: "Milli mədəniyyətimizə, ədəbiyyatımıza dair nə iş görürüksə, düşmənlərin hikkəli inkarı ilə qarşılaşmalı oluruq. Biz indi milli mübarizənin ön cəbhəsindəyik. Bu mübarizədə yeganə silahımız sənədlər, yazılı mənbələr uydurulmamış, saxtalaşdırılmamış əlyazma qaynaqlarıdır. Həqiqətən, sözün düzünə xidmət etdiyimizə görə qələbə çalacağımıza heç bir şübhə yoxdur". Haqq işimizin qələbəsi üçün həqiqətpərəstliyi, vətənpərvərliyi ilə bütün qüvvəsini əsirgəmədən çalışanlardan biri də yazılı abidələrimizin yorulmaz tədqiqatçısı Paşa Əlioğludur.
Şöhrət
SƏLİMBƏYLİ
AMEA Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.14.