İnsanların gözlərindəki inam
Cəbhə
bölgəsindən reportaj
Sentyabr
ayının 30-u, həftənin üçüncü
günü, saat 13:10-dur. Kirayə qaldığım evin pəncərəsindən hər
tərəfi al-qırmızı
bayraqlarla bəzədilmiş
küçələrə, vətənlərlik nəğmələri
ilə şütüyən
maşınlara baxıram.
Baxdıqca içim-içimə sığmır. Üç gündür
davam edən şiddətli döyüşlərdə
iştirak etmək, bir-birinin ardınca əldə edilən qələbələrdə pay sahibi olmaq arzusu
ilə alışıb
yanıram. Cəbhəyə getmək,
orada vuruşan əsgərlər və mülki əhali ilə bağlı reportaj hazırlamaq istəyirəm. Və bu duyğular
içərisində bir
də görürəm
ki, avtovağzala çatmışam.
Bərdəyə gedən taksilərdən birində əyləşirəm. Valideynlərim Bərdədə yaşadığından
bu yolu tez-tez
gedib-gəlirəm. Cəbhədə baş verənlərdən
əlavə, evdəkilərdən
də narahatam. Əlaqə saxlayıram, hər şeyin qaydasında olduğunu deyirlər.
Bu dəfə hər zamankındən fərqli olaraq yolboyu hər şeyə diqqətlə
yanaşıram. Bakıdan Bərdəyə
kimi yol kənarında gördüyüm
mənzərələr ürəyimi
dağa döndərir.
Hər bir kilometrdə xalqımızın həmrəyliyinin
şahidi oluram. Yolboyu üzərlərində
"Əsgər payı" yazılmış
taxta lövhələr
və bu lövhələrin altında
yerli əhali tərəfindən əsgərlər
üçün toplanmış
ərzaq məhsulları
var.
Üç saatlıq yolçuluqdan sonra Bərdəyə çatıram. İşğal olunmuş rayonlara
qədər olan məsafələr yazılmış
lövhə diqqətimi
çəkir. Laçın 141 km. - aşağı-yuxarı
bir saatlıq yol. Uzaq deyil. Bakıya geri
qayıtmaq, Laçına
getməkdən daha uzundur.
Hər tərəfdən
iriçaplı mərmilərin
səsi eşidilir. Bu, artıq Bərdədə
olduğumuzun qeyri-rəsmi
sübutudur. Bəli, bura
cəbhənin ön xətti, qanlı döyüşlərin getdiyi
bölgələrdir.
İlk dəfə
atamın gözlərində
sevinc görürəm. Bu sevinc artıq o həddə çatıb
ki, Laçına qayıtmaq planları qururlar. Səhər çox işim
olduğunu bilirəm.
Yatmağa çalışsam da, gözümə yuxu getmir. Açığı valideynlərim də
buna imkan vermir. Məni oğulları kimi
yox, xoş xəbər müjdəçisi
hesab edirlər. Bu dəfə mən
də dəyişmişəm.
Artıq
onlara valideyn kimi yox, birinci
Qarabağ müharibəsinin
bütün ağrı-acılarını
yaşıyan, ürəklərində
28 illik həsrət daşıyan müsahiblər
kimi baxıram. Atam, "Mənimlə yazını Laçında
yazarsan, indi get Tərtərdən, Ağdamdan
yaz "
- deyir.
Sübh tezdən yuxudan Tərtərə getmək
üçün oyanıram. Anam artıq
qonşulara gəldiyimi,
bu gün jurnalist kimi cəbhə bölgəsinə
gedəcəyimi deyib.
Elə ona görə də demək olar, hər kəs bizdədir, məni cəbhəyə döyüşə gedən
əsgər kimi yola salırlar. Anam arxamca su da
atır. Oğlu
vətənin müdafiəsində
mərdliklə vuruşan
qapı qonşumuz Sevda xala, "Hüseyni görsən de ki, bizdən narahat olmasın, Kəlbəcəri də almamış qayıtmasın
haa" - deyir. Əminəm, təkcə
Sevda xala, Eldar əmi yox, Bərdə rayonunun məcburi köçkünlər yaşayan
Kələntərli qəsəbəsinin
bütün sakinləri
bu şərəfli yolda övladlarını qurban verməyə hazırdırlar...
... Taksi Tərtərin içərilərinə
doğru irəliləyərkən,
bizdən təxminən
yüz-yüz əlli
metr aralıya mərmi düşür.
Ömründə ilk dəfə belə
situasiya ilə qarşılaşan biri kimi həyəcan keçirirəm. Lakin bu həyəcan yüz metr sağına qrad düşən Tərtər camaatının
qeyri-adi rahatlığı
qarşısında aciz
qalır. Dərhal özümü
toparlayıram. Sürücü irəli getməyin
mümkün olmadığını,
buradan geri dönməli olduğunu deyir. Maşından düşürəm. Reportaj hazırlamağa gəldiyimi
bilən taksi sürücüsü israr
etməyimə rəğmən
məndən yolpulu almır. Mənimlə bərabər taksidə
olan bir nəfər də düşür. Nabələd olduğumdan, heç yanı tanımıram.
Yol yoldaşımdan kömək
istəyirəm. Adı
Rahiddir, əslən Ağdərə rayonundandır.
Məlum
olur ki, bir gün öncə
həm qonşularının,
həm də qardaşının evinə
mərmi düşüb.
Qardaşının psixoloji vəziyyətini
soruşuram. Nə də
olsa, evinə bomba düşüb.
Rahid deyir ki, qardaşım
sevinir, deyir ki, cəhənnəmə
partlatsınlar, onsuz da öz yurduma
gedəcəyəm. Bu
yolda nəinki evim, özüm də qurban olmağa hazıram. Qardaşı onu da deyib ki, mən
bir dəfə torpağımdan məcbur
da olsa, qaçmışam və
bu məcburiyyət məni otuz illik vicdan əzabına
məhkum edib. Nə olur-olsun, ikinci dəfə qaçmayacağam,
ölsəm də, burada öləcəyəm.
Heç
bir ali
və hərbi təhsili olmayan Rahid, yaşayış məntəqələrinin vurulmasını
ermənilərin acizliyi,
ordumuz qarşısında
çarəsizliyi kimi
qiymətləndirir.
Tərtərin Çərkəz İsmayılov
küçəsi ilə
irəliləyirik. Bura Rahidgilin
yaşadığı ünvandır.
Küçədə oynayan uşaqları,
təsərüfatla məşğul
olan adamları gördükcə, yəqin
ki, hələ çox yolumuzun qaldığını düşünürəm.
Lakin bir döngə irəlidən
sağa dönürük
və qarşıma divarları uçmuş bir ev çıxır. Bu ev Rahidin qonşusu Elşən Kərimova məxsusdur. Rahid deyir ki,
hadisə baş verəndə beş
nəfərlik ailədən,
sadəcə, ailə
başçısı Elşən
Kərimov evdə olub. Xoşbəxtlikdən
xəsarət alan olmayıb.
Rahidə dağıdılan digər
evlərə baxmaq, insanlara söhbət etmək istədiyimi deyirəm. Xəbər gəlir ki,
qonşu kəndə də bir neçə
mərmi düşüb.
Rahid mənə rayonun Yenikənd kəndinə gedən əsas yola qədər yoldaşlıq edir. Sağollaşırıq və piyada
mərmilərin yağdığı
kəndə üz tuturam. Ayaqla yarım saatlıq
yoldan sonra, Tərtər rayon Ələsgərli
kəndinə çatıram.
Bu kənd mənim
üçün çox
doğmadır. Kəndin yarısı
ata tərəfdən
qohumlarımdır. Kəndin
girəcəyində məni
bir dəstə adam qarşılayır.
Düşmən hər cür
təxribata əl atdığından yerli camaat da, əsgər
və polislərlə
çiyin-çiyinə xidmət
edir. Məni tanımadıqlarından
dərhal kim
olduğumu, kimlərə
gəldiyimi soruşurlar.
Bir neçə ad çəkirəm.
Şəxsiyyət vəsiqəmi istəyirlər.
Təqdim edirəm. Bir nəfər
yenidən kimgilə gəldiyimi soruşur.
Şoqu əmigilə gəldiyimi deyirəm və mənimlə düz adı çəkilənin
ünvanına kimi gəlirlər. Əvvəlcədən xəbər verdiyim üçün Şoqu əmi məni qarşılayır. Şoqu əmi ilə bir az
söhbətləşirik. O da hər kəs
kimi məğrur dayanıb. "Düzdür,
hələ bizim evlərə mərmi düşməyib, amma düşsə də, hamı kimi biz də burada olacağıq" - deyir.
... Maşınla Yenikəndə doğru hərəkət edirik.
Kəndin yollarında, küçələrində, evlərində,
bir sözlə, hər yerində
düşmən qorxaqlığının izləri var. Lakin bu
izlər, hər şeyə rəğmən doğma
yurd-yuvalarını tərk etməyən bu
cəsur insanların qəhrəmanlıqlarının
kölgəsində qalır. Qarşımıza bir ev çıxır, çox ciddi zərər görüb. Həyətdə kiminsə olub- olmadığını görməyə
çalışıram. Əlində bel,
həyətyanı sahəsini sulayan adam, dağıntıların arxasından mənə
doğru irəliləyir. Bu
mənzərə qarşısında
çaşqınlığımı gizlədə bilmirəm.
Zarafat iş deyil, illərlə, min bir əziyyətlə tikdiyi
evi başına uçub.
Söhbət Əliyev Sabir Rəfi oğlundan gedir. Ev elə bir vəziyyətdədir
ki, onun buradan sağ
çıxma ehtimalı sıfıra bərabərdir. Hadisənin
təfərrüatlarını soruşuram.
Düşmən kəndin ətrafındakı əkin sahələrinə
bir neçə zərbə endirib. Məsafə kifayət qədər
yaxın olduğundan növbəti zərbələrin
kəndə dəyəcəyini biliblər. Hər kəs evlərinin
qarşısında bu cur
vəziyyətlər üçün
qazılmış xəndəklərin önündə
toplaşıb. Sabir əmi də, həyat
yoldaşı və qızı ilə evlərinin
qarşısında dayanarkən, mərminin düz
onlara doğru gəldiyini
görüb. Dərhal özlərini səngər
rolu oynayan bu xəndəyə atıblar. Özləri heç bir yara almasalar da, evləri yararsız hala
düşüb, təsərrüfatlarına
ciddi ziyan dəyib.
Mal-qaraları, toyuq-cücələri tələf olub. Evin hər tərəfi
şüşə qırıqları ilə doludur.
Sabir əmi deyir ki, yaşayış mümkün
deyil, yoxsa elə öz evində gecələyər. Onların
(erməniləri nəzərdə tutur)
istədikləri əhalənin kəndlərdən
qaçmağıdır. "Biz
onların arzusunu bu cəbhədə
də ürəyində qoyacağıq" -deyir.
"Cəbhə" sözü diqqətimi
çəkir. Sabir əmi döyüşün
təkcə ön cəbhədə
aparılmadığını, bütün
cəbhələrdə savaşıldığını deyir və bunun nə qədər
lazımlı olduğuna bildirir.
"Biz buradan heç yana getməyəcəyik,
bizim davamız kimisə
yurdundan-yuvasından etmək deyil, bizim davamız yurd-yuvasından didərgin
düşmüşləri öz
yurdlarına qaytarmaqdır. Heç kim bizdən narahat olmasın, bütün
Tərtər camaatı ordusuna, xalqına,
Ali Baş
Komandanına güvənir, inanır".
Tərtərə gələnə qədər, buralarda da filmlərdə gördüyüm müharibə səhnələrini görəcəyimi düşünürdüm: üzlərində miskin ifadə olan insanlar, bomboş küçələr, kəndlər və sair və ilaxır. Amma gördüm ki yanılmışam: mən Tərtərdə dağıntılara, atəş səslərinə baxmayaraq, gülümsəyən yaşlılar, gözlərində inam olan gənclər gördüm. Bütün bunları gördükcə Ulu öndər Heydər Əliyevin sözlərini bir daha xatırladım və azərbaycanlı olduğum üçün bir daha fəxr etdim.
Səddam
MƏMMƏDOV
525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.12.