Zori Balayanın növbəti
sayıqlamaları və bəzi başqa məsələlər
haqqında
Xalq
yazıçısı Anarın 2013-cü ildə qələmə
aldığı "Zori Balayanın növbəti
sayıqlamaları və bəzi başqa məsələlər
haqqında" yazısı ilk dəfə yeddi il öncə
"525-ci qəzet"də dərc olunmuşdu. Son günlər baş verən hadisələrin
fonunda mövzunun yenidən aktuallaşdığını nəzər
alıb, yazını hissə-hissə yenidən qəzetimizdə
dərc edirik.
Rusiya
Prezidenti V.V.Putinə Zori Balayan tərəfindən
ünvanlanan və eyni zamanda, müəllifin həm nökərçiliyindən,
həm də təkəbbüründən xəbər verən
məktubu ilə iyrənə-iyrənə tanış
oldum. Balayan öz məktubunda gah müxtəlif vasitələrlə
Putinə yaltaqlanaraq Azərbaycandan, Türkiyədən,
Gürcüstandan Ermənistan üçün torpaq
qopartmaqdan ötrü onu dilə tutur, gah başqa bir dövlətin
başçısına Qarabağ probleminin həlli barədə
yekə-yekə məsləhətlər verir, gah da
aşkarcasına onu hədələyir: "Əgər Siz gələcək
haqqında kəsərli düşünmürsünüzsə,
onda o, Sizin olmayacaq".
Əvvəlcə mən, uzun illər ərzində
türk və Azərbaycan xofunu manikalcasına, naxoşluq kimi
keçirən bu adamın sərsəmləmələrinə
fikir vermək istəmədim. Axı həm də
bir zaman mən ona necə lazımdı cavab vermişdim, onu
üzünə fitnəkar adlandırmışdım. 5
sentyabr, 1991-ci ildə SSRİ Xalq Deputatlarının növbəti
qurultayında (Z.Balayan da burda nümayəndə qismində
iştirak edirdi) mən Kreml sarayının
kürsüsündən dedim:
"Bu gün, bu çox mühüm qurultayda,
İttifaqın yeni quruluşunun əlamətləri müəyyən
olunduğu bir vaxtda erməni separatçıları hələ
qərarlaşmamış barışığı
pozmağa hazır olan qızışdırıcı rolunu
oynayırlar.
SSRİ Ali Sovetinin çoxdan
buraxdığı iyirminci çağırış DQMV
Vilayət Sovetinin qərarı məhz belə tədbirdir.
O, Azərbaycan xəritəsini özbaşına dəyişdirir,
mövcud olmayan Şaumyan rayonunu öz tərkibinə daxil
edir və muxtar vilayətin əhalisinin azərbaycanlı hissəsinin
iradəsinə etinasızlıq göstərir.
Qarabağda qan tökülməsinin məlum
ilhamçısı Zori Balayanın bu qurultaydakı
çıxışı növbəti fitnəkarlıq
örnəyidir. İki xalqın - Azərbaycan və erməni
xalqlarının fəlakəti məhz onun qatı millətçi
ideologiyasının mayası ilə yoğrulmuşdur".
Mənim çıxışımın mətni 6
sentyabr 1991-ci ildə Moskvanın "İzvestiya" qəzetində
yayımlandı.
İndi
budur, terrorçu jurnalistin yeni sərsəmləmələriylə
tanış olarkən, bir daha əmin oldum
ki, bizim qonşu xalqların illərdən bəri davam edən
faciəsi azərbaycanlıların və ermənilərin bu
qəddar düşməninə dərs olmayıb. Çünki yalnız ən qəddar düşmən
özünün bütün ömrünü qonşu ölkələr
- xalqlar arasında münaqişə yaratmağa həsr edər
və eyni zamanda, fərqinə də varmaz ki, məxsus
olduğu millətə də sağalmaz yaralar vurur. Balayanın məktubunda yenə ərazi iddiaları
haqqında uydurmalar, yenə də azərbaycanlılara və
türklərə qarşı qəddar, zooloji kin (və eyni
zamanda onların müstəqilliyinə və törəyib
artmasına paxıllıq), yenə də xəstə
düşüncələrin nəfinə tarixi faktların həyasızcasına
saxtalaşdırılması baş alıb gedir. Balayanın əsassız iddiaları sırasında
yalnız bir neçəsinin üzərində dayanmaq istəyirik.
Hər hansı bir kəs, hətta bizim diyarın tarixi ilə
tanış olmayan adam da soruşa bilər
ki, nə üçün Balayan bu əraziləri əzəli
erməni torpağı hesab eləyir, halbuki bu ərazinin
adı belə ermənicə yox, - tərtəmiz türkcə-azərbaycancadır
və bir zaman (SSRİ Yazıçılar İttifaqının
1986-cı ildə çap olunmuş məlumat kitabında qeyd
olunduğu kimi) Balayan məhz Qarabağtsı (yəni
qarabağlı) sözünü özünə təxəllüs
seçib. Balayan Rusiya prezidentinə məktubunda
bir qayda olaraq Rus imperiyası ilə İran arasında
imzalanmış iki sənədə - Gülüstan və
Türkmənçay müqavilələrinə istinad edir.
Balayan həmçinin,
Gülüstan müqaviləsinə əsasən, Rusiyanın
tərkibinə daxil olmuş xanlıqları adbaad
sadalayır: Qarabağ, Şirvan, Dərbənd, Quba, Bakı və
Talış xanlıqları. Çox pakizə,
bəyəm erməni dövləti tarixdə hardasa,
haçansa xanlıq kimi təqdim olunur? Və
məlumdur ki, Balayanın sadaladığı bu
xanlıqların başında Karapet, Vartan və ya Ambartsum
yox, Azərbaycan türkləri - İbrahimxan, Hacı Çələbi
xan, Mustafa xan, Cavad xan və başqaları durub. Bu xanlıqların əhalisinin böyük əksəriyyəti
Balayanın həyasızcasına "köksüz" kimi qələmə
verdiyi Azərbaycan türkləri idi. Qarabağ
xanlığının və onun paytaxtı Pənahabad
(Şuşa) şəhərinin banisi Pənah xan bu
"köksüz" xalqa məxsusdur və onun oğlu
İbrahim xanın zamanında bu xanlıq Rusiyanın tərkibinə
daxil olub. Balayana görə İbrahim xanın nəvəsi,
şairə və rəssam Xurşudbanu Natəvan öz
şeirlərini bu "köksüz" xalqın dilində
yazıb. Daha sonra Türkmənçay
müqaviləsinə əsasən, Rusiya imperiyasının tərkibinə
daha iki Azərbaycan xanlığı (məhz Azərbaycan
xanlığı) İrəvan və Naxçıvan
xanlıqları daxil olur. Özü də
əsla Mıkırtıçın və ya Varjapetin
başçılığı ilə yox, müvafiq olaraq Məhəmməd
xanın və Kəlbəli xanın
başçılığı ilə. Doğrudanmı
Zori Balayan bu faktları bilmir? Əlbəttə,
bilir amma bu faktlar nəyinə lazımdı? Ona gərək
olan budur ki, ümumiyyətlə, Azərbaycan türklərinin
təbiətdə mövcud olmadığını göstərsin
və sübut etsin ki, Nuh əyyamında dənizdən dənizə
erməni dövləti olub, bəyan etsin ki, bu "dövlət"
Azərbaycan, türk, gürcü və hətta Rusiya əraziləri
əsasında qurulacaq. Axı, Balayan Rusiya ilə ümumi sərhədləri
olmamasına aşkarca təəssüflənir, arzulayır və
ümid edir ki, Azərbaycanın, Gürcüstanın,
Şimali Qafqazın və Rusiyanın bir hissəsini həzm
edəndən sonra, ona doğma olan Ryazan vilayətinə qədər
Rusiya və Ermənistan arasında ümumi sərhəd
yaransın. Sən bir iştaha bax ha!.. Belə
bir tikəni çətin uda bilə, boğazında qalar,
çeçiyər və ola bilsin
boğular...
Balayanın əzəli erməni torpağı hesab
etdiyi ərazilərdə əsrlər boyu bu məkanın
aborigenləri, o cümlədən, qədim albanlar
yaşayıblar, sonradan bu yerə köçən və ya
köçürülən ermənilər isə bu məkanda
yalnız azlıq təşkil ediblər.
Bu, mənim
gəldiyim nəticə deyil, bu barədə erməni alimi
B.İşxanyan yazır: "Dağlıq Qarabağda
yaşayan ermənilərin bir hissəsi qədim albanların
xələfləri olaraq aborigendilər, bir hissəsi isə
Türkiyə və İran qaçqınlarıdı ki, Azərbaycan
torpağı onlar üçün təqiblərdən
qorunmaqdan ötrü sığınacaq yerinə
çevrilib".
Bu inkar olunmaz fakt bir daha onunla öz təsdiqini tapır
ki, artıq bizim günlərdə - 1978-ci ildə Mardakertdə
ermənilərin Azərbaycan rayonlarına
köçürülməsinin 150 illiyi şərəfinə
abidə qoyulub. Bir qədər sonralar Qarabağ
qarşıdurması ərəfəsində abidənin
üzərində 150 rəqəmini sildilər və daha sonra
abidəni tamam dağıtdılar. Və
bu minvalla növbəti dəfə, onların uydurmalarına və
hədyanlarına uyğun gəlməyən nə varsa,
öz xeyirlərinə tarixdən silməyə cəhd etdilər.
1724-cü
ildə Pyotr son dərəcə açıq şəkildə
general-mayor Matyuşkinə yazırdı: "Erməniləri
və digər xaçpərəstləri dirçəltmək,
çağırıb gətirmək üçün hər
vəchlə çalışmalı, basurmanları isə (yəni
müsəlmanları - A.) ehmalca, heç
kəsi duyuq salmadan seyrəldib azaltmalı".
XIX əsrin 20-ci, 30-cu illərində Türkmənçay
müqaviləsinin şərtlərinə uyğun olaraq
İrandan və Türkiyədən on minlərlə erməni
Azərbaycana axışdı. Tarixçi İqrar
Əliyev "Dağlıq Qarabağ. Tarix, faktlar, hadisələr"
kitabında yazır: "Yalnız o illərdə Qafqaza, əsasən
Qarabağa ən dürüst hesablamalara görə, 130 min
erməni köçürüldü. Başqa
məlumatlara görə isə köçürülənlərin
sayı 200 mindən artıqdır".
Rus maraqları nöqteyi-nəzərindən bu prosesə
toxunan bir sıra rus tarixçiləri ehtiyatla qeyd edirlər
ki, "yalançı şəhadətdən məharətlə
istifadə edən gəlmə ermənilər böyük ərazilərdə
dövlət torpaqlarını zəbt etdilər". (N.İ.Şovrov. Qafqaz
ötəsində rus işləri üçün yeni təhlükə)
Dramaturq və
diplomat A.S.Qriboyedov da buna bənzər həyəcan
qaldırmışdı: "Ermənilər böyük hissələrlə
müsəlmanların mülkədar torpaqlarına yerləşdirildilər".
Köçürülənlər - Qriboyedovun
ifadəsinə görə, "əsaslı
narazılıqlarını bildirən müsəlmanları
sıxışdırırlar".
Köçürüləndən sonra Qarabağ ərazilərində
və indiki Ermənistanda məskunlaşan ermənilər, dərhal
bu ərazilərin yerli əhalisinə və eyni zamanda, ruslar
da daxil olmaqla digər xalqlara düşmən münasibəti
bəsləməyə başladılar, Balayan ruslara sədaqətdən
dəm vurur.
Bu proseslərin şahidi olan XIX əsr rus
tarixçi-qafqazşünası olan V.L.Veliçko isə
problemə tamam başqa nöqteyi-nəzərdən
yanaşır: "Yelizavetpol quberniyasının Tərtər
kəndində lazımi ehtiyat tədbirləri görülmədən
onlarla rus ailəsi yerləşdirilmişdi. Payız
və qış pis keçmədi, bahar isə iki fəlakətlə
özünü göstərdi - malyariya və erməni intriqası.
Qonşu kəndin köçkün ermənilərinin
rəhbəri aranı qarışdırdı və
köçkün erməniləri həvəsləndirdi ki,
rusları sıxışdırsınlar. Bu
sıxışdırılma vəhşicəsinə həyata
keçirilirdi. Xəncərlə
silahlanmış erməni bandaları içməli suya -
bulaqlara gedən yolları kəsdilər, rusların istifadə
etdikləri çayın suyuna isə vaxtaşırı peyin
və başqa çirkablarla zəhərləməyə
başladılar. Nəticədə də
rus qəsəbəsində elə xəstəliklər
yayılmağa başladı ki, azarlını görəndə
adamın tükləri biz-biz dururdu. İnsanlar
diri-diri iy verib iylənirdi, üfunətli xoradan əzab
çəkirdilər. Bu dəhşətlər
haqqında qubernatora xəbər çatanda, Tərtərə
erməni həkimi göndərdilər və o da ruslara dərman
əvəzinə dəhşətli məsləhətlər verdi: "Gedin burdan, ruslar, rədd olun rus itləri,
yox, əgər getməsəniz, it kimi gəbərəcəksiniz".
Bu kəndin əhalisinin üçdə ikisi məhv
oldu, qalanı pərən-pərən düşdü".
Azərbaycanlıların öz vətənlərindən
faktiki olaraq qovulmasını Rusiya prezidentindən yalvar-yaxarla
xahiş edən Balayanın rus xalqına məhəbbətindən
dəm vurması hara, bu nümunə hara?
Və ümumiyyətlə, məsələnin bu şəkildə
qoyulması Balayanın kəşfi deyil.
Hələ
XIX əsrdə erməni qəzeti "Mşak"da
"köksüz" (Balayanın fikrincə) Azərbaycan
türklərinə belə bir müraciət
yayımlanmışdı: "Öz torpaqlarımızı
bizə qaytarın, keçmişdə o torpaqları bizdən
zorla almısınız, özünüz isə gedin
islamın meydana gəldiyi Ərəbistan səhralarına və
orda da öz müsəlman birliyinizi yaradın, öz
monqollarınızı birləşdirin" (?!-A.)
Bu günlərdə isə mən hansısa bir Qriqoriy
Ayvazyanın ruhən "Mşak" qəzetindəki mətnlə
üst-üstə düşən fikirlərinə rast gəldim. Azərbaycanın ərazisini
sərsəmcəsinə parçalamağı və onun
mühüm bir hissəsini mənimsəyib Ermənistana birləşdirməyi
bəyan edən Ayvazyan "sidq ürəklə" azərbaycanlılara
təklif edir: "Qayıdın Altaya, ya da köçün
qardaş Türkiyənizə. Azərbaycanlı
- bu adda millət yoxdur" - o, bunu əminliklə bəyan
edir ("Exo" qəzeti, 18 yanvar 2012).
Yüz
ildən artıq bir zaman kəsiyində erməni faşistlərinin
şüurunda çox az şey dəyişib.
Yer üzündən başqa bir xalqı silməyə
cəhd edən, ya ən azı xalqı harasa uzaqlara
köçürdüb onun məkanında firavan həyata
nail olmaq istəyənləri niyə də "faşist"
adlandırmayasan?
Ancaq onda Ermənistanda və Qarabağda
"kökü" olmayan xalqın dilində bunca insan məskənlərinin,
rayon, kənd, çay, dağ adlarının
mövcudluğunu (indi o adlar da erməniləşdirilib)
anlamaq olmur.
Bununla yanaşı, böyük miqdarda erməni soyadları
türk köklüdü: Dəmirçiyan, Köçəryan,
Dəlləkyan, Gümüşyan, elə Balayanın
soyadı, hətta Allahverdiyan. Tariverdiyev
soyadı isə tamamilə heyrət doğurur, çünki
təmiz türk dilində "Allahın verdiyi" mənasına
gəlir.
Rus
publisisti Sergey Lezov "Rossiyskaya qazeta"da (28 mart,
1989) yazır:
"Erməni rəmzinin başlıca mifi - mədənilikdi. Erməni rəmzinin
ikinci mühüm elementi onların xristian xalqları arasında
Şərqdə istehkam kimi təqdim olunmasıdır. Üçüncü mif bu iki elementlə
bağlıdır - ermənilərin anlayışına
görə - onlar özgə dinə tapınan, tərəqqidən
geri qalmış xalqların əbədi qurbanlarıdı.
Erməni xalqı İsanın özü kimi
haqsız işgəncələrə məruz qalıb. Məhz bu sayaq təqdimat Azərbaycan
yazıçısı Anara imkan verib ki, "erməni
mazoxizmi" barədə, erməni əzabları
sitayişinin xüsusiyyətləri haqqında söhbət
açsın".
Görünür, S.Lezov mənim fransız qəzeti
"Fiqaro"da bəzi məqamları təhrif edilmiş
şəkildə çap olunmuş müsahibəmi nəzərdə
tutur. "Fiqaro"nun müxbiri ilə mən Bakıda
görüşəndə demişdim ki, Yerevandakı mitinqlərdə
bəzi çağırışlar, məsələn,
"biz əsgərləri vadar edəcəyik ki, bizə atəş
açsın" kimi ifadələr mazoxistcəsinə səslənir.
Qəzet isə mənim sözümü təhrif
edərək yazmışdı ki, guya mən bütün ermənilər
- mazoxistdir - demişəm. Bütün xalqı
alçaltmaq əxlaqıma yaddır və mən fransız qəzetinə
təkzib göndərdim, amma bununla belə erməni təbliğatı
uzun illər ərzində bu mövzunu çeynəyib
çürütdü, məni bütün günahlarda
suçladı, terrorist təşkilatları isə mənim
qətlimə fitva verdi və dərhal bu xəbəri
mənə çatdırdılar.
Əgər bütün tarixi qəddarlıqlara və
uzun illər ərzində erməni siyasətinin azərbaycanlılara
vurduğu yaralara bir anlığa nəzər salsaq, nə qədər
qəribə səslənsə də, bu, hadisələrin
müsbət tərəfi də olub. Ermənilərin
düşmənçilik cəhdləri bizi
arxayınçılıqdan qurtarıb və
mürgülü duyğularımızı oyadıb. Nəhayət, biz də dərk etmişik ki, dostluq
haqqında yalan ifadələrin arxasında, amansız və qəddar
niyyətlər durur və bütün bunları dəf etmək
üçün hazır olmaq lazımdır. Və məhz bu təməldə bizdə də
siyasi partiyalar, milli təşkilatlar yarandı.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində
erməni-Azərbaycan münasibətlərinin gərginləşməsi
də əslində (inqilabi hərəkatı boğmaq naminə),
bu münaqişəni qanlı toqquşmalara çevirən
Çar hökumətinin xidmətidir. Amma bu zamana qədər
ermənilər həm partiya-siyasi, həm də iqtisadi cəhətdən
təşkilatlanmışdılar və silahlı dəstələr
yaratmışdılar.
Amerika tədqiqatçısı
Odri Olştat yazır:
"Ruslarla xüsusi münasibətdə olan ermənilər
etnik cəhətdən azlıq təşkil etsələr də,
varlı idilər. İmperiya qanunları azərbaycanlılarla
müqayisədə onlara üstün imtiyazlar verirdi. Belə ki, inzibati idarələrdə və məhkəmə
qurumlarında xeyli erməni xidmət etdiyi halda, azərbaycanlılara
(və ümumiyyətlə müsəlmanlara) dövlət
işlərində vəzifə tutmaq qadağan olunmuşdu".
"Armenekan" adlı ilk siyasi erməni partiyası və
onun mətbu orqanı "Ermənistan" hələ 1885-ci
ildə Fransanın Marsel şəhərində meydana gəlmişdi. 1887-ci ilin
avqustunda Cenevrədə "Qnçaq" ("Zəng")
partiyası yaradılmışdı. 1890-cı
ildə Tiflisdə "Daşnaksütyun"
("İttifaq". Tam adı isə belədir:
"Erməni inqilabçılarının ittifaqı")
meydana gəldi. İlk iki partiyanın Avropada,
üçüncüsünün isə Tiflisdə
yaranmasına baxmayaraq, o partiyaların üçünün də
Azərbaycan şəhərlərində - Bakıda,
Yelizavetpolda (Gəncədə), Şuşada və başqa
şəhərlərdə şöbələri vardı. Daşnaklar öz qurumlarını Avropada nüfuz
qazanma naminə sosialist tipli partiya kimi qələmə versələr
də, əslində, onun proqramında həmhüdud ölkələrə
qarşı ərazi iddiaları və bu məqsədi həyata
keçirmək üçün terrorçu fəaliyyət
xüsusi yer tuturdu. "Daşnaksütyun"un
strukturlarında "Özünümüdafiə",
"Vahiməyə salma təşkilatı", "Terrora
hazırlıq komitəsi" kimi terrorçu qurumlar
vardı. Azərbaycanın şəhərlərində
və Qafqazın azərbaycanlılar yaşayan digər
bölgələrində qanlı qırğınları da məhz
onlar törətdilər.
İran əsilli
Amerika alimi (atası fars, anası rusdur)
Firuz Kazımzadənin, obyektivliyinə görə diqqət
çəkən, "Qafqaz uğrunda mübarizə"
(1917-1921)" kitabına nəzər salmaq istəyirəm.
"Yalnız
türklərə qarşı yox, həm də pul qopartmaq
naminə imkanlı ermənilərə qarşı da terror əməliyyatları
keçirən "Daşnaksütyun" bir çox erməniləri
də təngə gətirmişdi, - Kazımzadə belə
yazır, - onlar bir çox hallarda üzvlük haqqı verməkdən
imtina edənləri öldürmüşdülər, - və
sonra haşiyə çıxır, - Daşnaksütyun partiya
olaraq əsas məsuliyyəti öz çiyninə
götürüb, belə ki, amansızcasına güc tətbiq
etməkdə aparıcı qüvvədir".
Çar
hökumətinin və mətbuatın
ikiüzlülüyünü nəzərə
çarpdıran Əhməd bəy Ağayev "Kaspi" qəzetində
yazırdı ki, Peterburq qəzetlərində müsəlmanların
ünvanına böhtanlar baş alıb gedir, bir qayda olaraq
Qarabağ münaqişəsi ilə bağlı hadisələr
birtərəfli işıqlandırılır, yalnız ermənilərin
öldürülməsi haqqında məlumatlar verilir, azərbaycanlılar
tərəfindən böyük sayda qurbanlar olsa da, bu barədə
susurlar".
Bizim
günlərdə bu sətirləri oxuyanda, mən bir daha bu qənaətə
gəldim ki, mərkəzi qəzet və jurnalların (indi
televiziya da bu sıraya qoşulub) bizə qarşı
münasibətində və Azərbaycan - erməni
qarşıdurmalarının
işıqlandırılmasında çox az
şey dəyişib. Yenə də
ikilistandartlı siyasət, azərbaycanlıların faciələrinə
qarşı biganəlik, sükut, "əzabkeş erməni
xalqına" isə canyanalıq davam etməkdədir.
Ümumiyyətlə, F.Kazımzadənin kitabını
oxuyanda hadisələrin bölgədəki çağdaş
vəziyyətlə üst-üstə düşməsi adamı
heyrətə gətirir. Həmin məxəzdən daha bir sitat:
"Katalikos açıq-aşkar Rusiyanı Türkiyəyə
hücum etməyə səslədi, amma Çar hökuməti
hiss elədi ki, hələ bunun zamanı yetişməyib. Amma bununla belə
Vorontsov-Daşkov bəyan etdi ki, müharibə başlayan təqdirdə
o, ermənilərin onun göstərişinə əməl edəcəyinə
ümid bəsləyir. Rusiya ermənilərlə
maraqlanmırdı, o hazırlaşırdı ki, öz
eksnansionist siyasətlərini həyata keçirmək
üçün ermənilərdən silah qismində
yararlansın, vəssalam... Türkiyəyə
kor-koranə kin bəsləyən ermənilər başa
düşmürdülər ki, gözlənilən müharibədə
onlar üçün ən alçaq rol
hazırlanıb".
Qeyd etmək lazımdır ki, yüksək rütbəli
çar məmurları arasında ermənilərə
qarşı tamamilə sinik münasibət bəsləyənlər
də vardı. Məsələn, məşhur rus diplomatı knyaz
Lobakov-Rostovski yazırdı: "Ermənistan Rusiyaya ermənisiz
lazımdı".
"Daşnaksütyun"un Rusiya imperatoru II Nikolaya müraciətində
deyilirdi:
"Bizim qəlbimiz odlu istəklə dolub, bu istək
ona görədir ki, bizim boynumuza bu sınaqda düşən
tale rus silahının yeni şöhrəti və Rusiyanın
Şərqdə tarixi vəzifəsinin həlli ilə
yekunlaşsın.
Qoy rus bayrağı Bosforda və Dardaneldə
dalğalansın. Böyük hökmdar, qoy Sizin iradənizlə
Türkiyənin boyunduruğu altında qalmış xalqlar
azadlıq qazansın".
Zori Balayan bu gün bu sözlərin altından
sözsüz ki, imza ata bilər.
Bununla belə, erməni siyasətçiləri hərdən
tarixin dolanbaclarında tamamilə başqa cür bəyanatlar
verirdilər.
Belə ki, Qafqaz seymində Ermənistanın nümayəndəsi
kimi çıxış edən Aleksandr Xatisyan demişdir:
"Mən qəti surətdə bəyan edirəm ki, ermənilər
Türkiyənin ən loyal vətəndaşlarıdır və
Osmanlı imperiyasının ərazi bütövlüyünə
qarşı yönəlmiş bütün iddiaları rədd
edirlər".
Bu sitata
istinad edən F.Kazımzadə yazır: "Otuz illik ənənədən
sonra erməni düşüncəsində bu sayaq
dönüş sarsıdıcı idi və demək olar ki,
inandırıcı deyildi".
Əslində də, bu, inandırıcı deyildi,
axı, bir neçə ay qabaq ermənilər Türkiyənin
altı vilayətində erməni muxtariyyəti
yaradılmasını tələb etmişdilər və bu məqsədlə
də terrora əl atmışdılar.
Siyasi məqsədləri və ərazi iddiaları
uğrunda mübarizədə terroru kəsərli üsul kimi
qəbul edən "Daşnaksütyun" öz rəsmi
proqramında, Ermənistanda və eləcə də
bütün dünyada digər terror təşkilatları
üçün presedent yaradıb. Bununla belə, ən dəhşətlisi
odur ki, əgər dünyadakı digər terror təşkilatları
məhz terrorçu adlandırılsa da, erməni siyasi
terroru, əsasən, sırf siyasi mübarizə forması
kimi qəbul olunur. XIX əsrin axırlarında türk
siyasi xadimlərinə qarşı başlayan siyasi terror, XX əsrdə
"Gənc türklər"in rəhbərləri - Tələt
paşanın, Ənvər paşanın, Camal paşanın
(qatillər məhkəmədə bəraət alıblar),
müstəqil Azərbaycan respublikasının görkəmli
xadimləri - baş nazir Fətəli xan Xoyskinin, parlament
spikerinin müavini Həsən bəy Ağayevin, nazir Behbud
xan Cavanşirin (onun da qatili bəraət alıb) və 50-ci
illərdə türk diplomatlarının qətlləri ilə
sonuclandı.
Moskva metrosundakı və Parisin Orli aeroportundakı
partlayışları da bu məşhur siyahıya daxil etməliyik. Terrorun
dadını bilən ekstremistlər Ermənistanın
özündə belə daxili siyasi çəkişmələrdə
terrordan istifadə edirlər, belə ki, Yerevanda parlament rəhbərlərinin
parlament binasında güllələnməsini yada salmaq yetər.
Amma erməni qatilləri tərəfindən
törədilən bütün bu qanlı aksiyalar, sırf
terror fəaliyyəti kimi dünya ictimaiyyəti tərəfindən
mühakimə olunmur, əksinə, bu aksiyaları törədənlər
məhkəmədə bəraət alırlar. Hətta hüquq müdafiəçiləri də
müxtəlif arqumentlərin köməyi ilə qatillərin
qəyyumu kimi çıxış edirlər.
Erməni talançıları tərəfindən Azərbaycan
xalqının soyqırımının əsl tarixi XX əsrin
əvvəlində başlanır və 1918-ci ilin mart hadisələrində
öz zirvəsinə çatır. Bakıda və
başqa şəhərlərdə dinc Azərbaycan əhalisinin
kütləvi surətdə qırılması
S.Şaumyanın rəhbərlik etdiyi Bakı
kommunasının qanlı fəaliyyəti ilə
bağlıdır.
Hələ
1917-ci ildə Bakıda yerli hakimiyyət, Fətəli xan
Xoyskinin sədrliyi ilə Bakı duması fəaliyyət
göstərəndə S.Şaumyanın
başçılığı ilə Bakı Soveti də
mövcuddu və o, Bakı dumasını tanımaqdan imtina edərək
şəhərdə öz qurumunu yeganə hakimiyyət elan
etmişdi. Şaumyanın "kabinetini" əsasən
milliyyətcə erməni olan insanlar təşkil edirdi, həmin
zaman Bakıda 1 yanvar 1916-cı il tarixə aid sənədlərə
görə, 75 min erməni, 185 min azərbaycanlı, Bakı
quberniyasının uezdində 42 min erməni, 691 min azərbaycanlı
yaşayırdı. Eyni zamanda, bolşevik
S.Şaumyan digər partiyaların nümayəndələri
ilə, əsasən, daşnaklarla yaxınlaşmağa
başlayırdı.
Şaumyanın başçılıq etdiyi hakimiyyət
mahiyyətcə antiazərbaycan rejimi idi. Şaumyan istəyirdi
ki, bütün Azərbaycanı özünə tabe etsin.
Onun məqsədi bu idi ki, şəhərin
demoqratik tərkibini - təbii ermənilərin xeyrinə - dəyişsin.
Proletar və internasional şüarları altında fəaliyyət
göstərən Şaumyan, açıq-aşkar daşnak
siyasəti yeridirdi və rişxəndlə deyirdi: müsavatçılar
o dərəcədə həyasızlaşıblar ki,
Bakını Azərbaycan xanlığının paytaxtına
çevirmək niyyətinə düşüblər. Bakı Kommunasının və şəxsən
Şaumyanın Azərbaycana qarşı daha sərt hərəkəti
1918-ci ilin martında meydana çıxdı. 30-u martda, səhər saat 6-dan Bakı əsl
döyüş meydanına çevrildi. O saatdan
başlayaraq bolşeviklər daşnaklarla birlikdə on minlərlə
azərbaycanlını qətlə yetirdilər.
19 aprel
1918-ci ildə "kommunist-internasionalist" Şaumyan Sovetin
iclasında çıxışı zamanı öz əqidəsini
belə ifadə etmişdi:
"Nəhayət ki, Bakıda nəyəsə bənzər
intizam bərpa olunanda, küçələr minlərlə cəsəddən
təmizlənəndə, yanğınlar söndürüləndə
Sovet nəhəng bir qüvvə kimi şəhərdə
baş qaldırdı. Müsəlmanlar məğlub oldular və
tamamilə tərkisilah olundular, bu zaman ermənilər də
sakitləşdilər".
Kommunist - daşnakların antiazərbaycan hərəkatı
yalnız Bakı ilə məhdudlaşmırdı. Şaumyanın
ifadəsilə söyləsək, kommunanın dəstələri
daşnaklarla birlikdə "bütün cəbhə boyu
hücuma keçmişdilər". Bakıda,
Şamaxıda, Qubada 20 minə yaxın dinc insan öldürülmüşdü.
Daşnak komandirlərindən Amazasp qubalılara müraciət
edərək demişdi:
"Mən erməni xalqının qəhrəmanı və
onun maraqlarının müdafiəçisiyəm. Mən buraya cəzalandıran
dəstə kimi (Şaumyan tərəfindən -A.) göndərilmişəm
və mənə əmr olunub ki, dəniz (Xəzər - A.)
sahilindən Şahdağa qədər bütün müsəlmanları
qırım və Sizin yaşayış
yerlərinizi yerlə bir eləyim".
26 Bakı komissarlarından Tatevos Əmirovun və Stepan
Lalayanın başçılıq etdiyi dəstələr
Şamaxının bütün müsəlman əhalisini
qılıncdan keçirtdilər və qırxa qədər
kəndi yerlə-yeksan etdilər. Şamaxıda dinc
insanları, o cümlədən, qadınları,
uşaqları Cümə məscidinə toplayaraq diri-diri
yandırdılar. Sovet təbliğatı tərəfindən
mifləşdirilmiş 26 Bakı komissarları kimi mifləşdirilmiş
Tatevos da silahlı dəstəsilə "İsmailliyə"
binasına (orda Elmlər Akademiyasının Rəyasət Heyəti
yerləşir) daxil olaraq binaya od
vurmuşdular.
Azərbaycanlılara qarşı qanlı terror Azərbaycanın
sərhədlərini aşmışdı.
Qars vilayətində
erməni quldurlarının dəhşətli vəhşilik
faktları Qafqaz Seyminin iclasında gündəmə gətirildi:
"Erməni hərbi birləşmələri və
silahlı qaçqınları keçdikləri yollarda
müsəlman kəndlərini yerlə yeksan edirdilər, evlərə
od vurub yandırırdılar, insanları işgəncələrlə
öldürürdülər. Qadınları
lüt soyundurub nizələrinə südəmər körpələr
taxılmış "qalib erməni ordusunun" keçəcəyi
böyük yolların qırağında düzülməyə
məcbur edirdilər. Bu və buna bənzər
vəhşiliklərə təxmini hesablamalara görə, 82
kənd məruz qalıb".
"1918-ci ildə İrəvandan və digər
yaşayış məskənlərindən azərbaycanlıları
qovmağa başladılar. Türklərdən
qaçan Andronik Naxçıvanda və Zəngəzurda 40 Azərbaycan
kəndini yerlə bir elədi. Yalnız Zəngəzur
qəzasında 10 mindən çox (hər üçündən
biri uşaqlar olmaqla) azərbaycanlı
öldürüldü. Bundan sonra Andronik Bakı Sovetinin
sədri Stepan Şaumyana teleqram vuraraq özünü Sovet
hakimiyyətinin tərəfdarı elan etdi" - tarixçi
Qriqorii Valınski 30 aprel - 6 may, 1998-ci ildə Moskvanın
"Obşaya qazeta" qəzetində yayımlanmış
"Azərbaycanlılar da soyqırıma məruz
qalıblar" məqaləsində belə yazır.
1918-ci ildə
"Azərbaycan" qəzeti özünün birinci
sayında qeyd edir: "İrəvan quberniyasında müsəlmanların
vəziyyətini yazı ilə ifadə etmək çətindir.
Ötən ilin axırında yerlə-yeksan
edilmiş Azərbaycan kəndlərinin sayı 199-a
çatdı. Bu kəndlərdə 135 min
dinc sakin ermənilər tərəfindən
öldürülüb, sağ qalanlar da sonradan aclıqdan həlak
olublar, əhalinin bir hissəsi isə türk ordusunun nəzarəti
altında olan yerlərdə sığınacaq tapıblar".
Bu
qırğınlardan 80 il sonra bu hadisələrə
münasibət bildirən Prezident Heydər Əliyev "Azərbaycanlıların
soyqırımı haqqında" fərman imzaladı.
Fərmanda
deyilir: "XIX-XX əsrdə Azərbaycanın bütün
faciələri torpaq zəbti ilə nəticələnərək
müxtəlif mərhələlərdə ermənilərin
azərbaycanlılara qarşı
düşünülmüş və
planlaşdırılmış soyqırım siyasəti ilə
əlaqədardır".
Azərbaycan Prezidenti tərəfindən vaxtında
verilmiş bu fərmanı Balayan ədəbsizcəsinə...
karikatura adlandırır. Görünür, Azərbaycan
qadınlarının və uşaqlarının
öldürülməsi Balayanda şən gülüş
doğurur.
Balayanın məktubunda sonluqlar uzlaşmır. Əgər onun iddia etdiyi
kimi, ümumiyyətlə, təbiətdə Azərbaycan
türkləri mövcud deyilsə, bəs onda Balayanın sələfləri
kimi öldürüb, kimi yandırıb, kimi doğrayıb,
kimi zorlayıb?
Maniakal Azərbaycan xoflu Balayanın dönə-dönə
təkrar etdikləri tamamilə məntiqdən uzaqdır və
hər hansı bir tarixi gerçəkliyi taminkar edir.
28 may
1918-ci ildə müsəlman Milli sovetinin iclasında Şərqi
və Cənubi Qafqazın hüdudlarında Azərbaycan Demokratik
Respublikasının yaradılması elan olunub və müstəqillik
haqqında akt oxunub.
Həmin gün Ermənistan da öz müstəqilliyini
bəyan edib.
Azərbaycan hökuməti nəcabət
göstərərək, əhalisinin əksəriyyəti azərbaycanlılar
olan İrəvan xanlığının baş şəhəri
İrəvanın Ermənistanın paytaxtı olması ilə
razılaşıb.
Tezliklə ermənilərin iştahı artıb və
onlar digər Azərbaycan ərazilərinə -
Naxçıvana, Qarabağa, Zəngəzura tamah salıblar.
Üç Qafqaz respublikası müstəqilliyinin
qısa zaman kəsiyində Ermənistan respublikası
yalnız Azərbaycanla yox, Gürcüstanla da müharibəyə
başlayıb.
Gürcüstanın erməni əhalisi
üstünlük təşkil edən rayonlarında erməniləri
qiyam qaldırmağa təhrik edən Ermənistan
F.Kazımzadənin ifadəsilə söyləsək,
“Gürcüstana namərdcəsinə hücuma
başladı". Gürcüstanın baş naziri Noy Jordaniya Parlamentdə
çıxış edərək dedi: "Ermənistan əsrlərdən
bəri mövcud olan qonşuluq əlaqələrini pozub. O,
eyni zamanda, həm erməni, həm də gürcü
xalqlarının tarixi ənənələrini
dağıdıb".
Bizim günlərdə də Ermənistan yalnız Qarabağ
və Naxçıvana yox, Gürcüstanın Cavaxetiya
rayonuna da iddia edir. Görünür, ermənilər Qafqazda
Rusiyanın hərbi forpostu kimi vəzifələrini hər
şeydən öncə təxribatçı rolunu oynamaqla
müəyyənləşdirirlər.
Gənc Azərbaycan dövləti hər tərəfdən
hədələrə və amansız siyasi təzyiqə məruz
qalmışdı. Cənub-Qərbdə ağlasığmaz
erməni iddiaları, demək olar ki, Azərbaycanın
bütün ərazisini əhatə edirdi. Heç bir dənizə,
ümumiyyətlə, çıxışı olmayan Ermənistanda
ultra millətçilər iki dəniz arasında superdövlət yaratmaq
xülyasına düşmüşdülər. "Dənizdən dənizə Böyük Ermənistan"
sayıqlamasına görə bu mifik superölkənin
sınırları yalnız Türkiyənin Qara dənizə
yox, həm də Aralıq dənizinə çıxan ərazilərini
əhatə edirdi.
Nəriman
Nərimanov "Qafqazın zəbt olunmasına bir nəzər"
(1919-un fevralı) məqaləsində yazır:
"Erməni
silahlı bandaları tərəfindən müsəlman əhalinin
vəhşicəsinə qətlə yetirilməsini kim vətəndaş müharibəsi
adlandıra bilər? Tutalım ki, Bakıda mart
hadisələri vətəndaş müharibəsi idi. Onda bəs daşnak Əmirov və daşnak Stepan
Lalayevin bu hadisələrdən sonra Şamaxıda törətdikləri
qırğınlara nə ad vermək olar?"
O,
Şaumyanı bu sözlərinə görə
günahlandırırdı: "...Hətta əgər vətəndaş
müharibəsi bir sıra yerlərdə milli çalar alarsa
belə, əsl sosialist bu təbii vəziyyətdən məyus
olmamalı və ruhdan düşməməlidi".
Təbii
ki, "əsl sosialist" Şaumyan Nərimanovun
yazdığı kimi məyus olmamışdı və ruhdan
düşməmişdi, Qafqazda və Qafqaz ötəsində
baş vermiş müharibədə məhv olanların 99 faizi
müəyyən millətin nümayəndələri, daha
doğrusu, müsəlmanlar idi...
İndi,
kifayət qədər tarix duyğusu olmayan insanlar, Nərimanovu
bir çox məsələlərdə günahlandıranda,
onun böyük xidmətlərini, o cümlədən, Azərbaycanın
dövlət strukturu kimi Sovet imperiyasının tərkibində
qoruyub saxlamasını və Qarabağ məsələsində
tutduğu qətiyyətli mövqeyi unudurlar. Qarabağın
Azərbaycanın tərkibində saxlanılmasında ən
mühüm rolu məhz Nərimanov oynayıb.
Nərimanovun,
Mdivaninin və Anostas Mikoyanın birlikdə imzaladıqları
mətndən sitat gətirirəm:
"Biz,
Qızıl Ordunun himayəsində qalmış, əraziləri
ermənilərə və gürcülərə
paylanmış Azərbaycanı rəzil vəziyyətə
saldırmamaq naminə Qarabağ və Zəngəzur məsələsində
tərəddütdə bulunan Mərkəzi xəbərdar
edirik..."
Protokoldan:
Dinlədilər: Yol. Orconikidze və Nazaretyan ötən
plenumda Qarabağ barədə çıxarılmış qərarın
nəzərdən keçirilməsi haqqında məsələ
qaldırdılar və qərar çıxardılar: Müsəlmanlar
və ermənilər arasında milli
barışığın vacibliyini, Yuxarı və
Aşağı Qarabağın iqtisadi bağlılığını,
onun Azərbaycanla daimi təmasını nəzərə
alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in
hüdudlarında saxlanılsın, inzibati mərkəzi muxtar
vilayətin tərkibindəki Şuşa şəhəri
olmaqla ona geniş vilayət muxtariyyəti verilsin.
Səs
verdilər: Lehinə 4, bitərəf qaldılar 3".
XX əsrin axırlarında, 80-ci illərdə
Qarabağ problemi ortaya çıxanda bu protokola əsaslanıb,
iddia edirdilər ki, Qarabağı Azərbaycana Stalin verib. Fırıldaqçı
üsuluyla deyilmiş "saxlamaq" feilini "vermək"
feili ilə dəyişən Zori Balayan da daima bu qərarı
Stalinin adıyla bağlayır. Qərarda
isə deyilir ki, Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın, yəni o vaxta qədər olduğu kimi.
Orda əsla deyilmir ki, Qarabağ Azərbaycana
verilsin.
Amma erməni millətçilərinin bununla sakitləşəcəyini
güman etmək sadəlövhlük olardı.
Üstündən
24 il keçəndən sonra, 28 noyabr
1945-ci ildə UK (b) P MK Katibi Q.Malenkov M.C.Bağırova məktubla
müraciət edir:
"Ermənistan
KP (b) MK katibi yol. Arutyunov hal-hazırda Azərbaycan SSR-in tərkibində
olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsi məsələsinin nəzərdən
keçirilməsini irəli sürüb".
Sonra Malenkov Arutyunovun arqumentlərini sadalayır ki, bu
iddialar da üstündən qırx ildən də artıq
keçəndən sonra "Miatsum" unideoloqu Zori
Balayanın təklif etdiyi arqumentlərlə iki damla su kimi
bir-birinə bənzəyir.
10 dekabr 1945-ci ildə Bağırov ətraflı məktubla
Malenkova cavab verir.
"Mərkəzi 1747-ci ildə qarabağlı Pənah
xan tərəfindən inşa edilən Pənahabad şəhəri
olan Dağlıq Qarabağ muxtar vilayəti qədim zamanlardan
bəri Qarabağ xanlığının tərkibində
olub".
DQMV-nin Azərbaycanın
tərkibində qazandığı iqtisadi, mədəni,
inzibati üstünlüklərini sadalayan Bağırov
gözlənilməz təklif irəli sürür: "Biz
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
qatılmasına etiraz etmirik, amma əhalisi indi də əsasən
azərbaycanlılardan ibarət Şuşa rayonunun verilməsinə
razı deyilik".
Sonra
Bağırov daha əlamətdar bəyanat verir və onun nədən
Arutyunovun təklifi ilə guya ki, razılaşması
aydınlaşır:
"MK
(b) P MK-nın nəzərinə çatdırmağı
vacib sayırıq ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə
qatılması müzakirə ediləndə əhalisi əsasən
azərbaycanlılar olan və Azərbaycan respublikasına
yapışıq Əzizbəyov, Vedi və Qarabağlar
rayonlarının da Azərbaycan SSR tərkibinə
qatılması məsələsinə baxılsın.
Yuxarıda
göstərilən təkliflərlə yanaşı, UK (b) K
MK-dan xahiş edirik ki, aşağıdakı məsələləri
də nəzərdən keçirsin: gürcüstanlı
yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala, Qax
rayonlarının Gürcüstan SSR-ə qatılması məsələsini
gündəmə gətiriblər. Baxmayaraq ki, adları
sadalanan rayonlarının 79 min əhalisinin cəmi 9 mini inqiloy
gürcülərdi, biz bu məsələnin də nəzərdən
keçirilməsinə etiraz etmirik, amma bununla yanaşı,
istəyirik ki, eyni zamanda, əhalisini azərbaycanlılar təşkil
edən və Azərbaycan SSR-ə bitişik Borçalı
rayonunun da Azərbaycan SSR-ə qatılması məsələsinə
də baxılsın. Və nəhayət biz
xahiş edirik ki, yaxın keçmişə qədər
Bakı quberniyasının tərkibinə daxil olmuş
Dağıstan SSMR Azərbaycana bitişik Dərbənd və
Qasımkənd rayonlarının da Azərbaycan SSR-ə
qatılması məsələsi nəzərdən
keçirilsin. Bu rayonların əhalisi əsasən
azərbaycanlılardan ibarətdir və eyni zamanda, ilin
çox hissəsini Azərbaycan ərazisində keçirirlər".
Necə deyərlər, şərhə ehtiyac yoxdur. Bu məktubla
Bağırov Qorbaçov "yenidənqurması"
başlayana qədər ermənilərin Qarabağ
iddiaları ilə bağlı mövzunu qapatmış oldu.
Bütün ölkə miqyasında Heydər Əliyevin
gündən-günə yüksələn
populyarlığı, Siyasi büroya namizəd və sonra
üzv seçilməsi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
ulduzu ilə təltif olunması qəddar
qonşularımızı hiddətləndirirdi.
Ermənilər xain niyyətləri yolunda Heydər
Əliyevi başlıca maneə sayırdılar.
Qarabağ separatizminin əsas ideoloqlarından biri,
keçmiş Ermənistan Prezidenti Levon Ter-Petrosyan bu barədə
öz fikrini tamahkarlığı ilə ifadə edirdi.
"Türklər XX əsrdə tarixə iki
böyük insan veriblər - Kamal Atatürkü və Heydər
Əliyevi, nə qədər ki, Heydər Əliyev hakimiyyətdədir,
Qarabağ barədə heç düşünməyin".
Qarabağın Ermənistana ilhaqı prosesinin gizli
dövrünü aşkar mərhələyə
çıxarmaqdan ötrü bu yoldakı başlıca maneəni
- Heydər Əliyevi yüksək postdan götürmək
vacib idi. Qorbaçovun bütün erməni ətrafı bu məsələ
üzərində yorulmadan işləyirdilər. Axı Qorbaçov özü də Heydər
Əliyevə bir qədər ehtiyatla və hətta həsədlə
yanaşırdı.
1987-ci
ilin payızında Heydər Əliyev SSRİ-nin ali eşalonundakı vəzifəsindən kənarlaşdırıldı.
Heydər Əliyevin vəzifəsindən azad olunmasından və
siyasi Bürodan uzaqlaşdırılmasından düz iyirmi
gün sonra, akademik A.Aqanbekyan Parisdə erməni diasporu
qarşısında çıxış edərkən faktiki
olaraq Qarabağ kampaniyasının açıq mərhələsinə
start verdi, fitnəkarcasına bəyan etdi
ki, onun fikrincə, Qarabağ Ermənistanın tərkibinə
daxil edilməlidir və bu təklif ölkə rəhbərliyi
ilə razılaşdırılıb.
Mən əminəm ki, əgər H.Əliyev hətta
Moskvada yox, Bakıda belə hakimiyyətdə qalsaydı,
Qarabağ məsələsi bu şəkildə ortaya
qoyulmazdı.
Bəs ermənilərin H.Əliyevə qarşı
başlıca narazılığı nə ilə
bağlı idi? Zori Balayanın açıq şəkildə
mətbuatda "gillətdiklərindən" belə
çıxır ki, Naxçıvanı ermənilərdən
H.Əliyev boşaldıb və indi də istəyir ki,
Qarabağı təmizləsin. Bu, əlbəttə,
tamamilə uydurmadır. Ermənilər
Naxçıvandan yalnız Ermənistana yox, başqa diyarlara
da köç ediblər və bu, heç bir təzyiq olmadan
H.Əliyevin idarəçiliyi dövründən qabaq da dinc
yolla baş verib və təbii səbəblərlə
bağlıdır. Dəfələrlə
artıq sayda azərbaycanlıların Ermənistandan
köçürülməsi isə hüquq pozuntuları ilə
ən qəddar şəkildə baş verib. Məsələn, 40-cı illərin
axırlarında və 50-ci illərin əvvəllərində
azərilər əsrlər boyu kütləvi surətdə
yaşadıqları dağ rayonlarından, Azərbaycanın
aran ərazilərinə köçürülüblər və
onların çoxusu təbii şəraitə
uyğunlaşa bilmədiklərindən həlak olublar. Qarabağ ssenarisi meydana çıxanda isə 200 minə
qədər azəri zorla, dəhşətli hüquq
pozuntuları ilə Ermənistandan qovuldular. Özü də Spitak zəlzələsindən
sonra yox, zəlzələdən qabaq və zəlzələ ərəfəsində.
Jurnalist
N.Kolkun "Bakinski raboçi" qəzetində
yayımlanmış "Fəlakətimizin qatarları" məqaləsində
yazır:
"Avtobus dayanacaqlarında, azərbaycanlılar
yaşayan binaların girişində və
çıxışında vərəqələr və
plakatlar asılıb. Qaçqınlar tərəfindən fotoya
alınmış həmin plakatlardan biri də budur:
"Erməni xalqı! 1915-ci ilin qanlı günlərini
heç vaxt unutma, Tələt paşanın, Ənvər
paşanın, Camal paşanın törətdikləri dəhşətləri
unutma! Yaşa və yada sal! Türkü öz
torpağından qov! Erməni qadınının əli ilə
bişirilmiş çörəyi ona vermə! Türklər,
rədd olun bizim şəhərdən!"
"Türklər, rədd olun" - və yüzlərlə,
minlərlə insanı amansız fiziki təzyiqlərlə
Bakı istiqamətinə gedən qatarlara doldururdular. Vahiməyə
düşmüş günahsız insanlar, südəmər
körpəsinə bir isti yorğança da götürməyə
macal tapmayan analar - kimisi nazik donda, kimisi otaq çəkələyində,
kimisi ayaqyalın, kimisi ev xalatında,
alçaldılmış və qorxudulmuş halda, qarlı,
şaxtalı qış günündə öz evlərindən
qovulub taleyin ümidinə qaldılar. Fəlakət
qatarları - onları iki respublikanın sərhədinə
doğru aparırdı".
Qaçqınlardan
bir çoxu Yazıçılar İttifaqına kömək
xahişi ilə gəlirdilər, istəyirdilər ki,
onları müdafiə edək, sığınacaq tapmaqda
yardımçı olaq, biz də əlimizdən gələni
edirdik, Mərdəkandakı yaradıcılıq evini
bütünlüklə onların ixtiyarına verdik, amma bir
saatın, bir günün içində bütün
varından-yoxundan olmuş insanları necə razı salmaq
olardı?
Yenə münaqişənin əvvəlinə
qayıdıram. Dekabrın ortalarında Aqanbekyanın Parisin
"Humanitar" qəzetində yayımlanmış çıxışından
xəbər tutan kimi Yazıçılar İttifaqında
toplaşdıq: qərara aldıq ki, Qorbaçova müraciət
edək.
Mənim hazırladığım 9 səhifəlik məktubda
deyilirdi ki, Qarabağ qədim Azərbaycan torpağıdır
və hal-hazırda Azərbaycanın tərkibində olan
DQMV-nin siyasi, iqtisadi və mədəni hüquqlarına zəmanət
verilib. Biz tələb etdik ki, Sov.İKP MK Aqanbekyanın
fitnəkar çıxışına qarşı öz
münasibətini bildirsin. Məktubu məndən
başqa, Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar
Vahabzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı,
Hüseyn Abbaszadə, Elçin imzaladılar.
Bir neçə gündən sonra Azərbaycan KP
MK-nın ikinci katibi V.Konovalov mənə zəng vurdu və
bildirdi ki, M.Qorbaçov bizim məktubu alıb və Azərbaycan
yazıçılarını inandırır ki, heç bir
sərhəd dəyişikliyi olmayacaq.
Bununla belə, 20 fevral, 1988-ci
ildə Stepanakertdə DQMV xalq deputatları Sovetinin növbədənkənar
sessiyası keçirildi. Sessiya aşağıdakı məsələni
müzakirəyə çıxardı: "DQMV-nin Azərbaycan
SSR-in tərkibindən çıxarılması və Ermənistan
SSR-in tərkibinə daxil edilməsi barədə Azərbaycan
SSR Ali Sovetinə və Ermənistan SSR-ə xahiş
haqqında".
24 fevral 1988-ci ildə Bakıya gəlmiş Siyasi
Büro üzvlüyünə namizəd, P.N.Demiçevin və
Sov.İKP MK katibi Q.P.Razımovskinin iştirakı ilə MK-da
keçirilən müşavirədə mən də
çıxış etdim.
- Əgər
konstitusiyaya uyğun muxtariyyət təsdiq olunubsa və Azərbaycanın
tərkibində Qarabağın bütün hüquqları təmin
edilibsə, onda biz də tələb edirik ki, Ermənistanda
kompakt yaşayan, heç bir inzibati və hüquqi təminatı
olmayan 200 min azərbaycanlıya da muxtariyyət verilsin.
Təəssüf
ki, bu məsələdə heç kim məni
dəstəkləmədi, əksinə, bizim rəhbər
funksionerlərimizdən biri məzəmmət etdi: "Biz hələ
Qarabağ problemini həll etməliyik, sən isə Zəngəzur
məsələsini ortaya atırsan".
O zaman Zəngəzur-Göyçə
muxtariyyəti məsələsini qaldırsaydıq, onda
müdafiə yox, hücum mövqeyi tutardıq. Bir qədər sonra ermənilər bütün azərbaycanlıları
Ermənistandan qəddarcasına qovdular və bizim heç bir
paritet şansımız qalmadı.
Müəyyən
əhəmiyyət kəsb etdiyinə görə Ali Sovetdəki
çıxışlarımdan bir neçə parça təqdim
edirəm:
"Ermənistan
KP MK-nın orqanı "Kommunist" qəzetinin bu il 20
oktyabr tarixli nömrəsindən sitat gətirirəm: "Hər
hansı sivilizasiyalı dövlət öz ərazisində
yığcam halda yaşayan millətlər və xalqlar
üçün əlverişli şərait, o cümlədən,
onlar üçün muxtariyyatın bu və yadigər
formasını vermək yolu ilə şərait yaratmağa
çalışmalıdır".
Gözəl sözlərdir. Azərbaycanda bu
düzgün fikir DQMV-nin yaradılması ilə həyata
keçirilmişdi, bəs nə üçün arzu etməyək
ki, Ermənistan qovduğu azərbaycanlı vətəndaşlarını
yenidən öz qoynuna alsın və sivilizasiyalı dövlət
kimi onlara milli muxtariyyatın bu və ya digər
formasını yaratsın".
18 noyabr
1989-cu il tarixli çıxışdan:
"DQMV
ilə əlaqədar, qəribə dəlil də gətirirlər:
"Nə üçün bir xalq başqa bir xalqın
tabeçiliyində yaşamalıdır?" Bəs
onda öz yerli respublikalarında sakin olmayan 60 milyon sovet
insanı necə olsun? "RSFSR-nin tərkibinə
daxil olan Muxtar respublikalar və vilayətlər tabeçilikdəmi
yaşayır? Bütün respublikalarda
yaşayan ruslar və başqa respublikalarda yaşayan azərbaycanlılar
və nəhayət, Gürcüstanda kompakt halda, RSFSR-də,
Orta Asiya respublikalarında məskunlaşmış ermənilər
muxtariyyatsız necə yaşayırlar? Orda
ayrılmaq məqsədiylə öz müqəddəratını
təyin etmə məsələsi gündəmə gətirilmir,
tabeçilikdən və sərhədlərin dəyişdirilməsindən
söhbət getmir. Maraqlıdır: muxtariyyatın
yoxdursa, bu başqa xalqa tabeçilik sayılmır, ancaq
muxtariyyatın varsa, partiya, siyasi-inzibati, ictimai institutların
varsa, öz mətbuatına və öz dilində televiziyaya,
Ali Sovetdə deputat kvotasına maliksənsə - bu -
tabeçilik hesab olunur. Düşünürəm
ki, Azərbaycanın hüdudlarından kənarda kompakt
yaşayan, heç yerdə, heç bir milli muxtariyyatı
olmayan azərbaycanlılar belə "tabeçilikdən"
imtina etməzdilər".
Erməni
təbliğatının yaxşı
düşünülmüş yalanları sayəsində,
Ali Sovetdə də, SSRİ Xalq Deputatları qurultaylarında
da, xüsusilə də kütləvi informasiya vasitələrində
də bizim bədxahlarımız, vəziyyəti obyektiv qiymətləndirən
insanlardan daha çoxdular. Erməni təbliğatı
ilə (və çox vaxt pulla) ələ alınmış qəzet
killerləri bütünlükdə bizim xalqa qarşı
amansız hücumlar edirdilər.
BMT-nin üzvlüyünə daxil olması, Azərbaycanın
müstəqilliyini əbədiləşdirdi. Həbslərə,
sürgünlərə, edamlara məruz qalan neçə-neçə Azərbaycan
nəsilləri bu müqəddəs amal naminə hər bir fədakarlığa
getdilər və istəklərini gerçəkləşdirdilər.
Və dərhal da, dəfələrlə
olduğu kimi, azadlığın sevinci və ruh yüksəkliyi
yeni faciə ilə təlx oldu. 1990-cı
ilin məşum Qara Yanvar gecəsindən sonra 26 fevral 1992-ci
ildə Azərbaycan xalqı başqa bir dəhşətli
faciə yaşadı - Xocalı şəhəri
bütünlüklə məhv edildi. "Xocalı
haqqında həmişə hadisələri qabaqlayan ilk fitnəkar
xəbər Türkiyədə meydana gəldi" söyləyən
Zori Balayan yenə də yalan danışır. İlk dəfə bu faciə barəsində Azərbaycan
Yazıçılar İttifaqının müraciəti dərc
olundu, özü də Moskvanın "İzvestiya" qəzetində.
"İzvestiya"ya bu günlərdə (26 fevralda) Azərbaycan
yazıçılarının Dağlıq Qarabağda ermənilər
tərəfindən Xocalı şəhərinə edilən
silahlı basqınla əlaqədar keçmiş SSRİ-dəki
həmkarlarına müraciəti daxil olub.
"...
Bütün şəhər, minlərlə sakini ilə
birlikdə məhv edilib, - bu sənəddə belə deyilir,
- minlərlə insan həlak olub, minlərlə insan
yaralanıb və ömürlük şikəst olub, yerlə-yeksan
olan evlərindən qovulan minlərlə insan itkin
düşüb... Əgər erməni
quldurları tərəfindən yandırılan Azərbaycan
kəndlərinə analoq olaraq Liditseni, Xatını, Sonqmini
yada salırdıqsa, Xocalı dəhşətini Xirosima faciəsi
ilə müqayisə etmək yerinə düşür.
Bəli, yeddi milyonluq Azərbaycan
üçün onminlik şəhərin məhv edilməsi -
elə bir dərin yaradır ki, bunu yalnız çoxmilyonlu
Yaponiya üçün ikiyüzminlik Xirosimanın faciəsi
ilə müqayisə etmək olar".
"İzvestiya",
4 mart, 1992
Mənim essem "Zori Balayanın növbəti
sayıqlamaları və bəzi başqa məsələlər
haqqında ..." adlanır. İndi mən istəyirəm
ki, "bəzi başqa məsələlər"
mövzusuna aydınlıq gətirəm. Çünki
Zori Balayan Azərbaycana nifrətpərəstlik
meydançasında tək deyil. Azərbaycana
düşmənçilikdə Zori Balayana züy tutanlardan
biri də Yelena Şuvayeva - Petrosyan adlı birisidir.
2000-ci ildə
İsveçrədə "OBSS"nin təşəbbüsü
ilə ingilis, alman və rus dillərində "Gələcək
Qafqazın müdafiəsi. Barış
axtarışında" kitabı nəşr olunub. İsveçrə, AFR, Avstriya, Norveç, Lixtenşteyn
hökumətləri bu kitabın sponsorlarıdır. Təşəbbüskarların
təklifi ilə kitabda Qafqazdan olan və ya Qafqaz problemi
mövzusu ilə məşğul olan 26 müəllifin
bölgənin sabahına aid yazıları toplanıb. Azərbaycan Məmməd İsmayılın
"Qafqaz necə olmalıdır" məqaləsi və mənim
"Kamançanın saflaşdıran fəryadı"
essemlə təmsil olunub. Həmin mətndən bir
neçə parçayla və erməni tərəfinin buna
qarşı "özünəməxsus" reaksiyası ilə
Sizi tanış edirəm.
"Artıq hərbi döyüşlərə
keçən bu qanlı toqquşmaların konseptual əsası
ondadır ki, beynəlxalq kodeksdə iki əsaslı prinsipə
- ölkənin ərazi bütövlüyü və onun sərhədlərinin
toxunulmazlığına bir tərəfdən baxılır,
bu ölkələrdə yaşayan milli azlıqların
özünütəyin etməsinə başqa bir tərəfdən. Bu prinsiplərin hər
ikisi, münaqişəyə cəlb olunmuş bölgələrin
və bütünlükdə sülhün stabilliyi
üçün, şübhəsiz ki, son dərəcə
vacibdir. Sərhədlərin, onların
hüdudlarının hər hansı bir şəkildə dəyişdirilməsi
yalnız həmin ölkə üçün yox, həm də
digər dövlətlər üçün presedentin,
nümunənin yaradılmasıdır. Zəncirvari
reaksiya bütün dünyanı partlada bilər. Digər
tərəfdən, böyüklüyündən və ya
kiçikliyindən asılı olmayaraq, hər hansı bir
millətin, öz adət-ənənələrini,
özünəməxsusluğunu və öz mədəniyyətini,
dilini, iqtisadi quruluşunu, mentalitetini qorumaq cəhdlərini də başa
düşmək lazımdır.
Milli azlıqların kompakt yaşadığı ölkələrdə
ən yüksək statuslu, geniş hüquqlar verən
muxtariyyət qanunauyğundur. Azərbaycan
Dağlıq Qarabağa məhz belə bir status təklif edir
və hər dəfə də rədd cavabı alır.
Baş vermiş fakta və kənar qüvvəyə
arxalanan rədd cavabı. Yeri gəlmişkən,
Ermənistan ərazisində kompakt yaşamalarına baxmayaraq,
ordan qovulan 200 min azərbaycanlı hansısa formada muxtariyyəti
heç ağıllarına da gətirə bilməzlər".
Yelena
Şuvayeva - Petrosyan elektron nəşrdə yer almış
"Azərbaycansayağı humanistlik" materialında mənim
İsveçrədə üç dildə
yayımlanmış essemi "aşağı əyarlı"
əsər adlandıraraq yazır: "Bu da təəccüblü
deyil, xüsusi istedadlara malik olmayan bu ölkədə, gah
özgə xalqların istedadlarını (Nizamini, Xaqanini, hətta
türk dilində iki cüt bir tək mahnısı olan Sayat
Novanı) mənimsəyirlər,
ya da özlərinə məxsus zəif yazılarla
qürurlanırlar".
"Gözəl
Yelena"nın ağız
köpüyü kimi fışqıran sözünü bir
anlığa saxlayaq və ən azı bu haşiyəyə
görə onun yalanını açaq. Nizamini
və Xaqanini rahat qoyaq, bizim vicdansız rəqiblərimizdən
başqa, bütün dünya onları Azərbaycan şairi
kimi tanıyır və əlbəttə, onlar öz
xalqları üçün madam Petrosyanın sübut etmək
istədiyi kimi yad deyillər. Yeri gəlmişkən, onu
Marietta Şaqinyanın böyük Azərbaycan dahisi Nizami Gəncəviyə
həsr edilmiş əsəri ilə tanış etmək pis
olmazdı. O ki qaldı Sayat Novaya, burda hər şey tam əksinədir.
Belə ki, etnik erməni olan bu aşıq erməni dilində
yalnız bir neçə mahnı yazıb, onun
yaradıcılığının əsasını Azərbaycan
dilində, bizim aşıqlarının təsiri ilə
yazdığı qoşmalar, gəraylılar və bir qism də
gürcü dilində yazdığı şeirlər təşkil
edir. Tamamilə rasist (daha doğrusu, faşist)
mövqeyindən Şuvayeva-Petrosyan Azərbaycanı xüsusi
istedadları ilə seçilməyən ölkə
adlandırır. Belə olan təqdirdə başa
düşmək olmur, bəs nə üçün ermənilər
"xüsusi istedadları olmayan" - xalqın musiqisini -
Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" operettasından tutmuş müasir bəstəkarların
əsərlərinə kimi - daima
çırpışdırmaqla məşğuldurlar. Mən hələ erməni musiqi bəstələyənlərinin
əsərlərində səslənən Azərbaycan xalq
musiqisindən, muğamlardan danışmıram.
Şuvayeva-Petrosyan
daha sonra yazır:
"Almanaxın mərkəzi yerini yazıçı
Anarın çox müzakirə olunan (bax budur "Gözəl
Yelena"nı cin atına mindirən, budur mətləb), Azərbaycan
xalqının humanistliyini göstərən
"Kamançanın saflaşdıran fəryadı"
essesi tutur".
Şuvayeva-Petrosyanın
sırf erməni metodu ilə ağ yalan və
saxtakarlıqla dolu çuğullamasından iri parçalar gətirməyə
məcburam. Beləliklə, E.Şuvayeva-Petrosyan yazır:
"Əsərin əsasında ("Kamança" nəzərdə
tutulur) Qarabağda müharibə durur. Dəhşətli
döyüş zamanı (?!-A.) Azərbaycan hərbçilərinin
dəstəsi erməni "azadmartiklərinin" bir qrupunu əsir
alır ki, onların arasında bir kamançaçalan var (Bu
"azadmartiklər" nə olan şeydi, onların qrupu
haqqında da, dəhşətli döyüş haqqında
da, mətndə yazılmayıb və heç kim
də, heç kəsi əsir almayıb -A.).
Müvəqqəti
sakitlik zamanı komandir əmr edir ki, bütün əsirləri
güllələsinlər (deyilənlər ağ
yalandır - A.) kamançaçalanı isə
çağırır yanına və xahiş edir
ölümqabağı çalsın. Alətin
son sədaları kəsiləndə, Azərbaycan dəstəsinin
komandiri "mənim ürəyimi üzmə" (?-A.)
sızlamasıyla erməni kamança, çalanını
azad buraxır. Azərbaycan ədəbiyyatının
boş çölündə budur Azərbaycan
"humanistliyi"! Görünür, beyinləri
çatmır dərk etsinlər ki, prinsipcə, burda
öyünməli bir şey yoxdur".
Üfunət qoxulu yazıdan ona görə belə iri
parça təqdim etdim ki, bizim opponentlərin, internet istifadəçilərini
və oxucuları aldatmaq üçün necə yalan və
saxtakarlıqlara əl atdıqları görünsün. Əlbəttə,
Petrosyandan tələb etmək olmaz ki, C.Məmmədquluzadənin
dərin mənalı və son dərəcə insani pyesi ilə
tanış olsun. Savadı
olsaydı, heç olmasa öz doğma ədəbiyyatını
oxuyardı və bilərdi ki, Sayat Nova əsasən hansı
dildə yazıb. Bununla yanaşı, o, heç olmasa,
qara qəlbininin bütün zəqqumunu kağıza tökməmişdən
qabaq mənim essemi diqqətlə oxusaydı, çalışardı
ki, öz qərəzini bu qədər açıq, yalan
formasında ifadə etməsin, axı nə dəhşətli
döyüş, nə erməni dəstəsi pyesdə (və
təbii ki, mənim yazımda da) yoxdur, heç bir
"azadmartik" qrupu da əsir düşmür və
Şuvayeva-Petrosyanın uydurduğu kimi, heç kim də onları
güllələmir. Pyesdə də, mənim
ona verdiyim şərhdə də yalnız bu kənddən o
birinə gedən tək-tənha qoca kamança çalan
var. Və o da azərbaycanlıların dağlardakı dəstəsinə
rast gəlir. Dəstə üzvlərinin, demək olar
ki, hamısının ailə üzvləri "gözəl
Yelenanın" humanizminə aludə olan "azadmartiklər"
tərəfindən amansızcasına məhv ediliblər.
Bütün ailəsi Petrosyanın "azadmatrik"ləri
tərəfindən qətlə yetirilmiş dəstə
başçısının bir anda ürəyindən
keçir ki, intiqamını bu qoca kamança çalandan
alsın. Amma bu qəzəbi birdən-birə onun
ifasını dinləmək istəyi əvəz edir. Hər iki xalq üçün eyni dərəcədə
yaxın olan musiqinin və Şuvayeva-Petrosyanların daş qəlblərini
tərpətməyən nəvaların ifası zamanı dəstədəki
döyüşçülərin yaddaşında ötən
günlər canlanır və dəstənin dərdlərindən
qovrulan başçısı qocaya əmr edir ki, dərhal
kamançasını da götürsün və burdan itilsin,
yoxsa o, onu da öldürər, özünü də. Bəli, xanım Şuvayeva-Petrosyan, budur azərbaycansayağı
humanizm. Özü də dırnaq
arasında yox, sözün birbaşa mənasında sizin qəddarlıqdan
qaxsımış beyninizə və nifrətdən mərhəmətsizləşmiş
ürəyinizə yabançı olan azərbaycansayağı
humanizm, hətta sənə sağalmaz yaralar vurmuşları
da bağışlamaq bacarığı. Bu
o deməkdir ki, insanlar Şuvayeva-Petrosyan və Zori Balayan kimi
fitnəkarları cəzalandıracaq, nəhayət ki,
qonşu xalqlar bütün sədləri aşaraq sülh və
razılıq içində yaşamaq imkanı tapacaqlar.
İsveçrədə çap olunmuş beynəlxalq
kitab da məhz bu ideyalardan qaynaqlanıb. "Gözəl
Yelena"nın nəzərinə onu da
çatdıraq ki, Azərbaycan ədəbiyyatının həyat
verən tarlasına heç vaxt həsədin, yalanın, nifrətin
toxumları səpilməyib və səpilməyəcək. Və bizim beynimizdə xroniki olaraq
Şuvayeva-Petrosyanın və Zori Balayanın hədyanları
kimi mələz düşüncələr yaranmayacaq.
Bununla belə, mən ümid bəsləyirəm ki, tez,
ya gec erməni milli şüurunda belə bir fikir baş
qaldıracaq ki, qonşularla əbədi münaqişədə
yaşamaq olmaz. Ermənilər harada yaşayıblarsa və
ya o məkanda sığınacaq tapıblarsa, oranı əzəli
erməni torpağı adlandırmağa və o yerlərə
ərazi qamarlamaq iştahı ilə göz dikmək də
olmaz. Yüz illər öncə
qarşılıqlı qəddarlıqlar olan yerdə, həqiqəti
uydurmalardan ayıran arxivlərin açılmasından
ehtiyatlanmaq, bütün cinayətlərdə daima qonşu
xalqı günahlandırmaq, ərazi iddialarından əl
çəkməmək və eyni zamanda, əlaqələrin normallaşmasını
təklif etmək məntiqsizdir. Allah erməni
xalqını daşnakmərəzindən xilas etsin.
Z.Balayan
daima Türkmənçay müqaviləsinə istinad edir. Həmin
sənədə istinad edən ifrat İran şovinistləri
də Azərbaycan xanlıqlarını, o cümlədən,
İrəvan xanlığını İrana qatmağı tələb
edirlər. Görəsən, Zori Balayanın istədiyi nədir
- Ermənistan elə indi olduğu kimi Rusiyanın hərbi
forpostu kimi qalsın, ya İranın bir vilayəti olsun?
Rusiyanın
köməyi ilə Türkiyəni parçalamaq və onun ərazisində
erməni dövləti yaratmaq ideyasının
ideoloqlarından və "Daşnaksütyun"un liderlərindən
biri olan Ov.Kaçaznuni bihudə eyforiyalardan sonra
"Daşnaksütyunun artıq bir işi qalmayıb"
adlı xarakterik başlığı olan kitabında yazıb:
"1914-cü
ildə könüllü erməni dəstələri
yaradıldı və türklərə qarşı
hücumlara başladı... -
Bu məsələyə görə kimin məsuliyyət
daşıdığını söyləmək əbəsdir.
Əgər könüllü dəstələrin meydana gəlməsi
yanlış addım idisə, ən böyük
yanlışlıq onun nəticələri və siyasi istiqamətdə
təbii davamı oldu ki, bunun da kökünü uzaq
keçmişdə axtarmaq lazımdır. Erməni
xalqının gücünü, onun siyasi, hərbi əhəmiyyətini
və həm də bizə rus köməyini həddindən
artıq şişirtdilər. Ümidlərimizi və
intizarımızı da təbii olaraq həddindən artıq
qabartdılar... Bütün bunlar erməni xalqına
ölümcül zərbə vurdu".
Bu
acı və ayıq sözləri balayan - petrosyanların
zaman-zaman yenidən oxumaları pis olmazdı.
Noyabr, 2013
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2020.- 6 oktyabr.-
S.10-11.