"Sosial şəbəkələr
insanların həyatında vacib yer tutur"
RƏSSAM-İLLÜSTRATOR KƏNAN
ŞEYXZAMANLI: "HƏR İŞ HƏVƏSKAR
ŞƏKİLDƏ BAŞLAYIB SONRADAN PEŞƏKARLIĞA
KEÇİR"
Sosial şəbəkələrdə parlayanlar
Rubrikamızın budəfəki qonağı
rəssam-illüstrator Kənan
Şeyxzamanlıdır. Kənan bəy
bir müddət əvvəl "Təhminə"
və "Qaynana"
filmlərinin illüstrasiyalarını
hazırlayıb və
sosial şəbəkələrdə
maraqla qarşılanıb.
Gənc
rəssamla həmsöhbət
olub, izləyərkən
zövq aldığımız
bu əsərlərin
texnikası ilə tanış olduq. Söhbətə belə bir səhifə açıb,
retro şəkilləri illüstrasiya
şəklində rəngləmək
ideyasının haradan
gəldiyini soruşmaqla
başladıq.
***
- Əslində, səhifəmi
2012-ci ildə açmışam,
amma 2014-cü ilə kimi heç bir paylaşım etmirdim. Arada şəxsi şəkillər
paylaşmaqla kifayətlənirdim.
Çox
vaxt Feysbukda cızma-qaralarımı izləyicilərimlə
bölüşürdüm. Sonra yavaş-yavaş İnstaqrama
keçdim. Uşaqlıqdan animasiya və yapon komikslərinin fanatı idim, ona görə də bu formada
işlər görmək
istədim. Retro filmlərdən
kadrları təzədən
canlandırmaq fikri bir neçə il öncədən
ağlımda var idi. Ancaq haradan və
nə cür başlayacağımı bilmirdim.
Düzü, əl qabiliyyətimdən
də əmin deyildim. Nəhayət, bir yerdən
başlayıb bu işlə məşğul
oldum.
- Sosial şəbəkələr bugünkü
fəaliyyətinizdə hansı
yerləri tutur?
- Bu gün sosial şəbəkələr insanların
həyatında olduqca
vacib və əhəmiyyətli yer tutur. Sosial şəbəkələrdə
bəyəndiyim rəssamları
və illüstratorları
görə bilirəm,
onların əsərlərindən
ilhamlanıram. Eyni zamanda,
öz işlərimi başqa insanlarla bölüşə bilirəm.
Sosial medianın belə üstün cəhətləri
çoxdur.
- Sizcə, sosial media istifadəçilərinin
əksəriyyəti niyə
daha çox absurd paylaşımlara maraq göstərir?
- Mənim fikrimcə, absurd postları dərk etmək daha asandır. Məsələn, çətin bir
gündən sonra evə gəldiniz, özünüzü narahat
etmək və beyninizi gərginləşdirmək
istəmirsiniz. Onun əvəzinə
sizi yormayacaq işlərlə məşğul
olmaq və ya izləmək istəyirsiniz.
- Yəqin bu işlə həvəskar şəkildə
məşğul olursunuz.
Bəs rəsmi qazanc yeriniz varmı?
- Hər iş həvəskar şəkildə
başlayıb sonradan
peşəkarlığa keçir.
2-3 il müddətində
ofisdə işləmişəm,
4-5 il sonra isə frilanser (sərbəst işçi)
kimi çalışmağa
başlamışam. Bu ərəfələrdə həm
öyrəndim, həm
də peşəkarlığa
doğru addımladım.
- İşinizin texnikasından danışardınız
bir az...
-
Animasiya və illüstrasiya işi bir növ rənglərlə
oyundur. Doğru rənglərdən
lazımi yerdə istifadə etmək bu işin əsas üstünlüyüdür.
Bildiyimiz kimi, animasiyalardan müxtəlif yerlərdə - cizgi filmlərində və reklam
çarxlarında istifadə olunur. "Animasiya" sözünün
özü də "canlandırma" mənasını
verir. Ona görə də
əsasən video formatında verilir. Ancaq şəkil
üzərində də bunu işləmək,
illüstrasiyalar hazırlamaq mümkündür. Çünki
solğun şəkilləri rəng və
işıqlarla canlandırmaq olur. Şəkili
qaralamaqdan ötrü
əvvəlcə ideyanı fikirləşib, referenslar
axtarıram. Kompozisiyanı qurmaq üçün əvvəlcə
cızma-qara edirəm, sonra bunu dəqiqləşdirib "Line art" proqramında düzəltməyə
başlayıram. "Line art"ı
bitirəndən sonra rəngləmə
işinə keçirəm. Rənglənmiş şəkili
korreksiya edib, effektlər
verirəm.
Qeyd
edim ki, tamamilə rəngsiz olan şəkilləri animasiya
formatına salarkən onun həqiqi rənglərini tapmaq bir qədər
vaxt aparır. Bu işdə kiçik, amma
lazımlı olan bu cür məqamlar var.
- İlk rənglədiyiniz şəkil
hansı idi?
- Əvvəllər başlayanda əsasən gündəlik fotoları və yaxud bəyəndiyim xarakterləri illüstrasiya şəklində hazırlayırdım. İlk rəqəmsal işim bir türk modelin portreti olub. Sonradan bu işi retro şəkillər üzərində aparmaq qərarına gəldim. "Təhminə" filmində Zaurla Təhminənin bir epizodunu illüstrasiya formatına çevirməklə bu işə başladım. Həmin şəkillə bağlı hədsiz dərəcədə bəyənmələr və paylaşımlar gəldi. Əziyyətimin bəhrəsini gördüyümə sevinmişdim. Ancaq bu qədər rəğbət qazanacağımı düşünmürdüm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.23.