Filoloji elmimizin Şamil Cəmşidov səhifəsi

 

Əlyazmalar İnstitutu - 70

 

Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil Qurumunun fəxri üzvü, filologiya elmləri doktoru, professor Şamil Cəmşidov ömrünü AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna bağlamışdı.

Görkəmli qorqudşünas burada bu nüfuzlu elm ocağı hələ kiçik bir fond ikən işə başlamış, müqəddəs yazılı abidəmiz "Kitabi-Dədə Qorqud"un tədqiqi ilə məşğul olaraq türkoloq şərqşünaslar arasında hörmət qazanmışdı.

Onun ixtisası şərqşünas, peşəsi müəllim idi. O, Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat müəllimi, Ağdam Pedaqoji İnstitutunda baş müəllim kimi çalışmışdı. Lakin Əlyazmalar İnstitutu ona dünya şöhrəti gətirmiş, o, burada əlyazmaçı mütəxəssis peşəsini qazanmış, mətnşünas alim kimi yetişmişdi. Alimin elmi araşdırmalarının mərkəzində "Dədə  Qorqud" dastanı Qarabağ ədəbi-mədəni mühiti dururdu. Füzulinin, Vaqifin, Vidadinin Y.V.Çəmənzəminlinin həyatı haqqında maraqlı faktlar ortaya qoyan tədqiqatçı bütün uğurlarına rəğmən çox sadə insan idi. Bu gün İnstitutun fondunda alimin öz əli ilə qələmə aldığı tərcümeyi-halı mühafizə olunur. Bu yazıya nəzər yetirdikdə onun necə təvazökar insan olduğunu görə bilərik.

Şamil Cəmşidov 5 may 1920-ci ildə əzəli yurdumuz Qarabağın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini başa vurmadan ordu sıralarına qoşulmuş, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş döyüşlərdə iki dəfə ağır yaralanmış, müharibədən təxlis edilib. Qarabağa, Ağcabədiyə qayıdan kimi burada gənc nəslin təlim-tərbiyə işlərində fəal iştirak etmiş, paralel olaraq qəzet radio jurnalistikası sahəsində çalışmışdır. Bu istiqamətdə mühüm nailiyyətlər əldə etsə , əski əlyazmaları toplamaq, oxuyub, tədqiq etmək həvəsi ilə Bakıya gəlmiş, təhsilini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars bölməsində davam etdirmişdir. 1949-cu ildə universiteti bitirən Şamil Cəmşidov bir müddət ali orta təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Lakin fars dilini mükəmməl bilməsi, əski türk yazılarını oxumaq səriştəsini nəzərə alan müəllimlərinin məsləhəti ilə 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasında yeni yaradılan Respublika Əlyazmalar Fonduna işə qəbul olunmuşdur. O, burada ustadı, akademik Həmid Araslı ilə çiyin-çiyinə işləmiş, 1965-ci ildə "Kitabi-Dədə Qorqud" Azərbaycan ədəbiyyatı nümunəsi kimi" mövzusunda namizədlik, 1986-cı ildə "Kitabi-Dədə Qorqud"un tekstoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. İxtisas üzrə professor elmi adına layiq görülən alimin qorqudşünaslıq sahəsində apardığı elmi tədqiqatların nəticəsi olan əsərləri, xüsusən "Kitabi-Dədə Qorqud"u vərəqləyərkən" (1969), "Kitabi-Dədə Qorqud" (1977) monoqrafiyaları, "Kitabi-Dədə Qorqud" əla lisani-tayifəyi-oğuzan: Drezden əlyazması əsasında dürüstləşdirilmiş elmi-tənqidi mətn" (1995), "Kitabi-Dədə Qorqud" - 1300 müxtəsər elmi bələdçi" (1997) bu böyük irsin mühüm parçalarıdır. Təsadüfi deyil ki, "Dədə Qorqud" dastanının öyrənilməsi sahəsində bir çox yenilikləri ortaya qoymuş Şamil müəllimin xidmətləri Azərbaycanda "Kitabi-Dədə Qorqud"un 1300 illiyinin qeyd olunduğu ərəfədə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ona Əməkdar elm xadimi  fəxri adı verilmiş (1999)   Ulu öndərimiz Heydər  Əliyev  tərəfindən o, Prezident təqaüdünə layiq görülmüşdür.

Artıq qeyd etdiyimiz kimi, Şamil müəllim "Kitabi-Dədə Qorqud" yazılı dastan abidəsində oxunuşu mübahisə doğuran söz ifadələri dəqiqləşdirmək məqsədilə mənbələr əsasında müqayisələr aparmış 25 il gərgin əməyin nəticəsində "Dədəm Qorqud"un elmi-tənqidi mətnini hazırlamışdır. Uzun zaman səbr tələb edən bu uğurlu müqayisəli tədqiqat işi alimin Türkiyədə tanınmasına səbəb olub. Məsələn, 5-8 iyul 1988-ci il tarixlərində professor Cahangir Qəhrəmanovun təşəbbüsü ilə Əlyazmalar institutunda təşkil edilən kollokviumda Türkiyə Sovetlər Birliyinin müxtəlif respublikalarından tanınmış türkoloq alimlər Orxan Şaik Gökyay, professor Bahaeddin Ögel, professor Tuncer Gülənsoy, professor Saim Sakaoğlu, professor Fikrət Türkmən, professor Osman Fikri Sərtqaya, professor Xalıq Koroğlu, akademik Ziya Bünyadov, akademik Məmməd Cəfər, akademik Kamal Talıbzadə, akademik Tofiq Hacıyev, akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü Əlyar Səfərli, professor Samət Əlizadə, professor Kamil Vəli Nərimanoğlu, Xalq yazıçı Anar başqaları Şamil müəllimi Əlyazmalar İnstitutunda ustadı Həmid Araslının layiqli davamçısı, dünya miqyaslı qorqudşünas kimi qəbul etdiklərini bildirmişlər.

Hər zaman: "Mənim üçün Qurandan sonra ikinci böyük abidə, "Kitabi-Dədə Qorqud"dur", - deməyi özünə qürur bilən professor Şamil Cəmşidov Ümummilli lider Heydər Əliyevin Almaniyaya səfəri zamanı heyətə daxil edilmiş, Drezden kitabxanasında olarkən burada mühafizə edilən "Kitabi-Dədə Qorqud"un əlyazmasını öpüb gözünün üstünə qoymuşdur. Həyatının yarısını bir abidənin tədqiqinə sərf edən alimin orijinal nüsxəyə toxunduğu zaman yaşadıqlarını təsəvvür etmək çətin deyil.

Professor Şamil Cəmşidovun "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatı 1990-cı ildə Ankarada, müxtəlif dastan nümunələrinin təhlilinə həsr edilən məqalələri ABŞ, Almaniya, İran, İraq Türkiyədə işıq üzü görmüş, kitab məqalələriylə bağlı  görkəmli şərqşünaslar Andrey Kononov (Rusiya), İren Melikof (Fransa), Əhməd Şmde (Almaniya), Əbdüllətif Bəndəroğlu (İraq), Orxan Şaiq Gökyay, professor Ahmet Cəfəroğlu, professor Hüseyin Baykara (Türkiyə), professor Həmid Məmmədzadə Məhəmməd Əli Fərzanə (Cənubi Azərbaycan) yüksək fikir bildirmişlər.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, bir çoxları kimi, Şamil müəllim də ürəyində gəzdirdiyi fikir və düşüncələrini yazılarında açıqlamış və ona qədərki folkor ədəbiyyatında adı çəkilməyən "Dini-mifoloji yazılı dastan abidələri" barədə ilk dəfə 2002-ci ildə nəşr olunmuş "Azərbaycan yazılı dastan abidələrinin tədqiqi" adlı  monoqrafiyasında geniş şəkildə məlumat vermişdir.

Qeyd etdiyimiz kimi, fars dilini yaxşı bilən Şamil müəllim dünya ədəbiyyatının klassikləri-Nizami Gəncəvinin, Sədi Şirazinin, Məhəmməd Füzulinin, Mrzə Fətəli Axundzadənin və İrəc Mirzənin əsərlərini farscadan Azərbaycan türkcəsinə tərcümə etmişdir.

Şamil Cəmşidov həm də şair təbli bir insan idi. O, müxtəlif mövzulara həsr edilmiş, fərqli üslub və vəznlərdə şeirlər yazmışdır. Vətəninə, dilinə, ailəsinə, olan böyük sevgisi toplu şəklində 1998-ci ildə nəşr olunmuş "Nisgilli vərəqlər, tikanlı yarpaqlar" adlı şeirlər kitabında  öz əksini tapmışdır.

Bu yaxınlarda Əlyazmalar İnstitutu 70 yaşını qeyd edəcək. Çox sevindiricidir ki, professor Şamil Cəmşidovun 100 illik yubileyibu ərəfəyə təsadüf edir. Şamil müəllimin əlyazmalar arasında keçən ömrü bu gün bütün əməkdaşlar üçün bir örnəkdir.

 

Aybəniz RƏHİMOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.22.