"Heç kim anadan poliqlot doğulmur"

 

POLİQLOT ASLAN MƏMMƏDZADƏ: "SƏHV ODUR Kİ, BİZ DİLLƏRİ KİTABLARDAN ÖYRƏNMƏYƏ ÇALIŞIRIQ"

 

Şəxsi karyera üçün çox dil bilməyin vacibliyi danılmazdır. Hazırkı müharibə dövründə bir daha şahidi oluruq ki, bütün dünyada baş verən hadisələrdən agah olmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün nə qədər çox dil bilsək, o qədər xeyrimizədir. Amma lap çox dil bilənlər də var: söhbət poliqlotlardan gedir.

Bugünkü müsahibimiz akademik səviyyədə 9 dil - Azərbaycan, türk, rus, ingilis, polyak, ispan, fransız, italyan, alman dillərini bilən Aslan Məmmədzadədir. Aslan Məmmədzadə 1990-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. Orta məktəbi Lənkəranda oxuduqdan sonra ali təhsilinə Türkiyənin Süleyman Dəmirəl       Universitetində davam edir. Bildiyi dilləri həm də tədris edən Aslan Məmmədzadə hazırda təsisçisi olduğu "Practical languages" şirkətində pedaqoq kimi fəaliyyət göstərir.

 

***

 

- İlk dəfə xarici dil öyrənməyə necə qərar verdiniz və hansı dildən başladınız?

- Öyrənməyə başladığım ilk dil türk dilidir. Düzü, biz həmişə türk dilini bildiyimizi zənn edirik. Amma yarımçıq səviyyədə bilirik. Rusdilli ailədə böyüdüyüm və rus məktəbində oxuduğum üçün türk mahnılarını dinləmir, kanallarını izləmirdim. Ona görə də, Türkiyəyə gedərkən problem yaşadım. Düşünürdüm ki, özümü necə ifadə edəcəm, dərslərimi necə oxuyacam. Bir müddət sonra gördüm ki, oranın mühitində yaşadığım üçün türk dilində daha yaxşı danışıram. Türk dilini öyrəndikcə özümə deyirdim ki, bax, bu dildə danışmağa başladın və öyrəndin. Deməli, müəyyən səviyyəyə gəldikdən sonra kitabları kənara qoyub danışmaq lazımdır. Daha sonra insan beynini araşdırmağa və digər dilləri öyrənməyə başladım.

- Bir dili öyrənmək nə qədər vaxtınızı alır və ilk nədən başlayırsınız?

- Öncələr dil öyrənməyə başlayanda nəyin daha önəmli olduğunu bilmədiyim üçün səhvlər edir, başqa şeylərə fokslanırdım. Feil bütün dialoqların köküdür, əlli faizidir. Təbii ki, digər nitq hissələri də vacibdir, ancaq əsas feilləri aktiv hala gətirməkdir. İstənilən dildə gündəlik istifadə etdiyimiz feilləri avtomat hala gətirdikdə dilin 50 faizini bilmiş oluruq.

- Bütün dilləri öyrənmək üçün eyni metoddan istifadə edirsiniz, yoxsa hər bir dilin özünə xas metodu var?

- Təbii ki, metod müəyyən qədər dəyişir. Məsələn, götürək Çin dilini. Ümumiyyətlə, Çin dili çox fərqlidir. Fərqli olduğu üçün daha çox tonlara, yazı sisteminə fokslanmalıyıq. Amma 90 faiz dilləri öyrənmək üçün eyni yollardan istifadə edirik.

- Özünüzün yaratdığınız öyrənmə metodu varmı?

- 10 ildir, xarici dillər sahəsindəyəm və son 6 ildə peşəkar tədris ilə məşğulam. Bu müddətdə müəllifi olduğum metodlar var, bunları tələbələrim üçün də istifadə edirəm. İnsanlar fərqlidir, ona görə vurğuladım ki, mən bir neçə metodikanın müəllifiyəm.

- Hazırkı müharibə şəraitində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dil biliklərinizdən nə dərəcədə istifadə edirsiniz?

- Birincisi, sosial şəbəkələrdə aktiv şəkildə fərqli dillərdə paylaşımlar edərək haştaqlar vasitəsilə xarici mətbuata çıxmağa çalışıram. Tvitter, İnstaqram, Feysbuk üzərindən fərqli dillərdə paylaşımlar edirəm. Türk və rus dilləri istisna olmaqla bildiyim dillərin hamısından istifadə etməyə çalışıram. Çünki bu dillərdə onsuz da paylaşımlar çox olur. Amma alman, ispan, fransız, italyan, polyak dillərində paylaşımlar az olduğu üçün aktiv olmağa çalışıram. İkincisi, video halında müraciətlər etməyə çalışıram. Faktları insanlara onların doğma dilində çatdırıram. Biri var polyaka hansısa məlumatı ingilis dilində çatdırasan, biri də var öz doğma dilində. Bu, artıq onun daha da yadında qalacaq. Üçüncüsü də, Azərbaycan dilinin tədrisi ilə məşğul olduğum üçün Azərbaycan dilinə, mədəniyyətinə böyük sevgisi olan tanıdığım çox insanlar var ki, onlara e-mail, Skayp üzərindən məlumatları çatdırıram. Onlar bilirlər ki, Azərbaycan necə humanist ölkədir. Artıq Azərbaycanı tanıyırlar. Məsələn, mən gedib beş dostuma danışıram, sonra onlar gedib bunu özlərinin beş dostuna danışır. O adamlar deyilənləri Aslanın ağzından yox, italyanın, fransızın ağzından eşidir və artıq Azərbaycana inanmağa başlayırlar, nəinki Ermənistana.

- Poliqlotların beyninin digər insanların beynindən fərqi varmı? Əgər varsa, bunu insan özü yarada bilər, yoxsa doğuşdan gəlir, sadəcə biz zamanla kəşf edirik?

- Heç kim anadan poliqlot doğulmur. Elə bir uşaq olubmu ki, doğulsun və hansısa dildə danışsın? Təbii ki, yox. Doğulan uşağın beyni ilyarım dili mənimsədikdən sonra danışmağa başlayır. Genlərimizdən asılı olmayaraq, hansı dili eşitsək, o dildə danışmağa başlayırıq. Çox dil öyrəndiyimiz zaman isə beyin formasını dəyişir, daha doğrusu, beyində fərqli neyronlar əmələ gəlir. Məsələn, fərqliliklərdən biri budur ki, Altsheymer xəstəliyi poliqlotlarda nadir hallarda olur. Çünki çox dil öyrənən insanların beynində əmələ gələn yeni neyronlar buna icazə vermir.

- Müsahibələrinizin birində demisiniz ki, bir dili sıfırdan öyrənməyə başlayan insan öncəliklə məqsədini bilməlidir. Sizin 9 dil öyrənməkdə məqsədiniz nədir?

- Ana məqsəd hamısında eyni olub. Çünki insan beynini araşdırmaq istəyirdim, bilmək istəyirdim ki, niyə görə mən bu dili öyrənə bilmirəm. Yəni öncədən məqsədim var idi ki, beyni araşdıracam və metodikalar müəllifi olacam. İstəyirdim ki, kimsə dil öyrənmək üçün yanıma gələndə, mənim çəkdiyim əziyyətləri çəkməsin. Dil öyrənməyə başlayanda sırf müəlliflik gözü ilə baxırdım ki, mənim metodlarımla insanların dil öyrənmək problemləri aradan qalxsın. Bundan sonra, təbii ki, hər dili öyrənməyimdə ayrı məqsədim olub. Məsələn, səlis polyak dilini bilən azərbaycanlı dostumun polyak dostları var idi. Türkiyədə yaşayanda onlar hər gün evimizə gəlirdi və söhbət edəndə mən nə danışdıqlarını anlamırdım. Belədə o dilə maraq yarandı, onları anlamaq üçün bu dili öyrəndim. İspan dilini mən qardaşım kimi yaxın olan iki ispan dostumla danışa bilmək üçün öyrənmişəm. Əsas qaydalardan biri də öyrəndiyim hər dilin tələffüzünün çox xoşuma gəlməsidir. Əgər o dilin tələffüzü xoşuma gəlmirsə, mənim üçün çətin olacaq.

- Danışmaqdan ən çox zövq aldığınız hansı dildir və niyə?

- Danışdığım bütün dillərdən zövq alıram. Əgər danışmaqdan zövq almasaydım, heç vaxt o dilləri akademik səviyyəyə çıxara bilməzdim. Hansınısa seçmək haqsızlıqdır. Dil sadəcə, sözlərdən və qrammatikadan ibarət deyil.  Hər dilin öz xatirəsi var və danışdığım bütün dillər gözəl olduğu üçün hamısını sevirəm.

- Bildiyiniz dilləri həm də tədris edirsiniz. Ən çox tələbat hansı dilədir?

- Bu, hansı ölkədə tədris etməkdən asılıdır. Məsələn, Çində ən populyar dil ingilis dilidir. Taylandda isə hansısa dili tədris etmək üçün mütləq Koreya və ya yapon dillərini bilmək lazımdır. Azərbaycanda birmənalı olaraq tələbat ingilis dilinədir. Daha sonra sıra ilə rus, ərəb, alman, fransız, ispan dilləri gəlir.

- Bəs öyrətməkdə çətinlik çəkdiyiniz dil hansıdır? Niyə insanlar məhz o dili öyrənəndə problem yaranır?

- Azərbaycanı nəzərdə tutsaq, ingilis dilidir. Çünki insanlar ingilis dilinin çətin dil olduğuna özlərini o qədər inandırıblar ki, artıq öyrənəndə istər-istəməz çətinlik çəkirlər. Xarici dillərin tədrisində yanlış metodikadan istifadə olunur, nəticədə tələbə motivasiyadan düşür və bu da işi çətinləşdirir.

- Məktəb və universitetlərimizdə ingilis, rus, alman və s. dillərinin tədris olunmasına baxmayaraq, insanlar yenə də kursa getmək ehtiyacı duyur. Sizcə, tədris metodikasındakı yanlışlar nələrdir?

- Bunu tək Azərbaycana aid etməyək. Bütün dünyada xarici dil tədrisi pisə doğru gedir. Amma yenə də sevindiricidir ki, iyirmi il əvvələ nəzərən olduqca inkişaf var. Bir çox ölkələrdə düzgün metodları tapıblar. Səhvlər də ondan ibarətdir ki, biz dilləri kitablardan öyrənməyə çalışırıq. Məsələn, maşın sürməyi öyrənmək qərarına gəlmisiniz və istəyəcəksiniz ki, siz oturasınız, mən də sizin yanınızda oturub sizə öyrədim. Amma təsəvvür edin, sizə kitablarla maşın sürməyi öyrədirəm. Bu, bir neçə gün davam etdikdən sonra deyəcəksiniz ki, sən göstərirsən ki, bu, açardır, belə istifadə etmək lazımdır, gedək oturaq maşında mən görüm ki, canlı-canlı necə istifadə etmək lazımdır? Dillər də belədir. Nə qədər nəzəriyyə öyrənsək də, istifadə etmədən danışa bilmək mümkün deyil. Elə bir sürücü yoxdur ki, maşına oturduğu andan peşəkarcasına sürməyi bacarsın. Sürücü üçün peşəkar park etməyi öyrənmək 7-8 ay çəkir. Dillər də belədir, qrammatikanı öyrəndikcə uşaq kimi yavaş-yavaş danışmağa başlamaq lazımdır. Demirəm ki, kitablar lazım deyil. Təbii ki, qrammatikanın nə olduğunu bilmək lazımdır. Lakin 80 faiz real ünsiyyətə fokslanmalıyıq.

- Həyatınıza ən çox təsir edə dil hansıdır?

- Polyak dili. Bu dili heç bir kursa getmədən, özüm sıfırdan öyrənmişəm. Polyak dilini öyrənəndən sonra başa düşdüm ki, bütün dilləri öyrənə bilərəm. Bu dil məndə özgüvən yaratdı. Və inanıram ki, insanın özü üçün edə biləcəyi ən gözəl şey özünə inanmaqdır. Amma bu gün qurduğum iş, qazandığım pul ingilis dili sayəsindədir.

- Son olaraq, yeni dil öyrənmək istəyən insanlara nə tövsiyə etmək istərdiniz?

- Iki şeyi xüsusi vurğulamaq istəyirəm: birincisi, heç kimə icazə verməyin ki, sizə hansısa dili öyrənməyinizi diktə etsin. Əgər bu gün siz hər kəsin bildiyi dili yox, fransız dilini öyrənmək istəyirsinizsə, öyrənin. Bu dil sizin həyatınızı dəyişəcək. Hansısa dili bilmədiyiniz üçün ətraf sizə gülürsə, onlara heç vaxt qulaq asmayın. Siz fransız dilini öyrənəndən sonra dillərə qarşı sevginiz o qədər arta bilər ki, sizə çətin görünən ingilis dilini asanlıqla öyrənə bilərsiniz. Heç kimə icazə verməyin ki, sizi arzularınızdan yayındırsın. Siz dili öyrənin, harda olursunuz-olun qarşınıza fürsətlər çıxacaq. İkincisi, hər zaman dilləri praktiki şəkildə mənimsəməyə çalışın. Əgər sizin istifadə etdiyiniz metod praktiki deyilsə, beyniniz o dili qavramayacaq. Fikir vermisinizsə, dilləri bir uşaqlar, bir də bizneslə məşğul olan insanlar rahatlıqla öyrənirlər. Çünki bizneslə məşğul olan insanlar dili insanlarla canlı ünsiyyətdə olaraq mənimsəyirlər.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.21.