Turan Cavid - fədakarlıq və mətanət
mücəssəməsi
Turan Cavidlə ilkin tanışlığım tələbəlik
dövrümə - 1970-ci illərin sonuna təsadüf edir. Daha yaxın
tanışlığımız isə 1982-ci ilin noyabr
ayında oldu. Ulu öndər Heydər
Əliyevin təşəbbüsü və himayəsilə
dahi şair-dramaturq Hüseyn Cavidin nəşi onun öz el
oğulları tərəfindən Sibirin qarlı meşəliyindən
tapılaraq Vətənə gətirilmişdi.
Noyabrın 2-də Turan Cavid başda olmaqla Azərbaycanın
bir qrup tanınmış ziyalısının müşayiətilə
nəşin qoyulduğu tabut xüsusi reyslə gətirilərək
Naxçıvan aeroportuna endirildi. Buradakı
qarşılanma mitinqindən sonra tabut birbaşa Hüseyn
Cavidin ev-muzeyinə aparıldı və bir gecə buradakı
ən böyük otaqda saxlanıldı. Təntənəli
görüş-vida mərasimi Dövlət Musiqili Dram
Teatrında nəzərdə tutulmuşdu. Həmin
gün mən də teatrda, mərasimin keçiriləcəyi
böyük foyenin hazırlanmasına, onun tərtibat işlərinə
rəhbərlik edən, artıq 30 il bu sənət
ocağının baş rəssamı işləyən
atamın yanında idim.
Noyabrın 3-də, səhər H.Cavidin tabutu ev-muzeyindən
teatra gətirildi və ön giriş qapısından ikinci mərtəbəyə,
foyeyə qaldırılaraq burada məxsusi
hazırlanmış xalçalı postamentin üzərinə
qoyuldu. Muxtar Respublika Mədəniyyət Nazirliyinin məsul
nümayəndəsi olaraq mərasimin əvvəlindən
sonunadək foyedə olmalı idim. Tabutun üzərinə
düzülməsi üçün məxsusi
hazırlanmış gül dəstəsini anamla yanaşı
əyləşmiş Turan xanıma təqdim etmək
üçün yaxınlaşıb salam
verdim və başsağlığı dilədim. Anam
"böyük oğlumdur" dedikdə Turan xanımın
təəccüb və diqqətlə baxdığını
görüb keçən il məzun
olduğumu xatırlatdım və təyinatla gəlib nazirlikdə
işlədiyimi bildirdim. Turan xanım anama "üzdən
tanıdım, ancaq heç inanmazdım ki, sənin bu boyda,
institut qurtarmış oğlun olar" dedi və qalxaraq
gül dəstəsilə postamentə yaxınlaşdı. O,
atasının çox sevdiyi qızıl gülləri
bir-bir, səliqə ilə tabutun üzərinə və ətrafına
düzdü.
1981-ci ildə
Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli
şəkildə qeyd olunması haqqında qərarında
Naxçıvan Teatrının ikinci səhnəsi olaraq
"Cavid" Poeziya Teatrının da yaradılması nəzərdə
tutulmuşdu.
1982-ci ildə
yaradılan həmin teatr sentyabr
ayından fəaliyyətə başladı və
açılış münasibətilə Naxçıvan
Dövlət Musiqili Dram Teatrının ilk ədəbi hissə
müdiri, şair-dramaturq Kəmalə Ağayevanın
(sonralar Azərbaycan Respublikasının Əməkdar incəsənət
xadimi, Prezident təqaüdçüsü) məhz bu teatr
üçün yenicə yazdığı "Mənim
tanrım gözəllikdir, sevgidir" adlı mənzum pyesi əsasında
eyniadlı tamaşanın məşqlərinə
başlanıldı. H.Cavidin Sibirdən gətirilmiş
nəşinin doğma Naxçıvanda torpağa
tapşırıldığı gün - noyabr ayının
3-də, axşam "Mənim tanrım gözəllikdir,
sevgidir" tamaşasının premyerası ilə
"Cavid" Poeziya Teatrının təntənəli
açılışı oldu. Tamaşadan
sonra həm mütəəssir, həm də məmnun
görünən Turan xanım bütün yaradıcı heyəti
- müəllifi, rejissoru, rəssamı, bəstəkarı və
aktyorları, həmçinin, texniki heyəti təbrik edərək
yeni teatrın kollektivinə yeni nailiyyətlər arzuladı.
Ertəsi
gün Turan xanım, Bakıdan onunla birlikdə gəlmiş
Azərbaycan Teleradiosunun redaktoru, yazıçı-tərcüməçi
Həbibə xanım (Xalq yazıçısı Ənvər
Məmmədxanlının bacısı) və onun
ömür yoldaşı, rəssam Tağı Tağıyev
valideynlərimin dəvətilə bizdə qonaq oldular. Turan xanımla anamın dostluğu 1962-ci ildən -
Hüseyn Cavidin Naxçıvanda qeyd olunan 80 illik yubileyi
günlərindən başlamışdı. O zaman
Dövlət Dram Teatrında keçirilən təntənəli
mərasimin rəyasət heyətində Mişkinaz xanımla
və Müşfiqin Dilbərilə bərabər əyləşən
və artıq SSRİ Yazıçılar
İttifaqının üzvlüyünə qəbul
olunmuş ilk naxçıvanlı şairə kimi tanınan
Kəmalə Ağayeva onların hər ikisilə, həmçinin,
gənc Turan Cavidlə yaxından tanış olmuşdu. Yubileyin rəyasət heyətindən çəkilmiş
tarixi fotoşəkli qiymətli bir xatirə kimi saxlayıram.
Tağı Tağıyevlə isə atamın
Bakıdakı tələbəliyi dövründən
tanışlığı var idi.
Sonrakı illərdə Turan xanımın nə zaman
Naxçıvana gəldiyini eşidirdimsə, ev-muzeyində
olduğu zaman onun görüşünə gedirdim. Özüm
Bakıda olanda isə onu buradakı ev-muzeyində ziyarət
etmişdim.
2002-ci il oktyabr ayının 24-də dahi
şair-dramaturqun 120 illiyi günündə Ümummilli
liderimiz Heydər Əliyevin şəxsən iştirakı ilə
Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin təntənəli
açılışı oldu. Axşam
televiziya ilə verilən reportajdan Turan xanımın çox
şad-xürrəm əhval-ruhiyyədə olduğu aydın
nəzərə çarpırdı. Bu da təbii idi,
axı, düz 65 il sonra bu ev-muzeyi nəhayət
ki, əsl ünvanında, öz məkanında yerləşmişdi.
Cavidlər ailəsinin yeganə canlı
yadigarı bu ailənin son 20 ildə sözün həqiqi mənasında
himayədarına çevrilmiş dahi bir şəxsiyyəti,
xalqın liderini ilk dəfə olaraq öz evlərində,
birinci fəxri qonaq kimi qarşılayırdı.
2003-cü
ilin aprel ayında
məzuniyyət dövrümdə bir həftə
Bakıda oldum. Bir günümün birinci
yarısını Hüseyn Cavidin ev-muzeyində keçirməyə
qərar vermişdim. Məqsədim
açılışdan sonra əsl ev-muzeyində olmaq və
təxminən iki ildən artıq görüşə bilmədiyim
Turan xanımı ziyarət etmək idi. Əlyazmalar
İnstitutunun binasına çatıb içəri
keçdim və ev-muzeyin yerləşdiyi mərtəbəyə
qalxdım. Direktor otağının qapısı
yarımaçıq olduğundan onu tam açıb
"olar?" dedikdə nəyəsə diqqətlə baxan
Turan xanım başını qaldırıb eynəyini
tarazlayaraq: "Aaa sənsən? Buyur, buyur.
Xoş gəlmisən!" dedi. Keçib əyləşəndən
sonra gəlişimdən çox şad olduğunu bildirən
Turan xanım məni çoxdan görmədiyini
xatırlatdı. 2000-ci ilin yayından
hökumət işində, məsul vəzifədə
çalışdığımı və o vaxtdan Bakıya
ikinci dəfədir ki, bir neçə günlük gəlmək
imkanımın olduğunu bildirdim. Yeni
işimlə əlaqədar məni təbrik edən Turan
xanımla təxminən yarım saat söhbət etdik.
Elə həmin ilin payızında, sentyabr ayının
30-da Naxçıvana gələn Turan xanımla növbəti
görüşümüz oldu. Oktyabrın 1-də,
axşam respublika teleradioları 80 illiyi münasibətilə
Turan Cavidə ölkə Prezidentinin ünvanladığı
təbrikin mətnini səsləndirdi. Oktyabrın
2-də isə Muxtar Respublika Ali Məclisi Sədrinin təşəbbüsü
və himayəsilə Hüseyn Cavidin ev-muzeyində Turan
xanımın yubileyi təntənəli şəkildə,
yüksək səviyyədə qeyd edildi.
Ali Məclisin
Sədri, hörmətli Vasif Talıbovun şəxsən
iştirak etdiyi bu mərasimə dövlət rəsmiləri,
elm, ədəbiyyat və incəsənət xadimləri də
qatılmışdılar. Cənab sədr və
digər çıxış edənlər yubilyarı səmimi
təbrik edərək onun ünvanına ən xoş sözlərini
və arzularını ifadə etdilər. Bu
yubiley mərasimini özü üçün sürpriz hesab
edən Turan xanım ona göstərilən diqqət və
qayğıya görə ilk növbədə möhtərəm
Heydər Əliyevə, Ali Məclisin Sədrinə və təbrikə
gələn insanlara dərin minnətdarlığını
bildirdi.
Mərasim
tamamilə yekunlaşdıqdan və iştirakçılar
muzeyi tərk etdikdən sonra Bəhruz Axundovun dəvətilə
Turan xanım, Ali Məclisin şöbə müdiri, filologiya
üzrə fəlsəfə doktoru, dosent, bir neçə il əvvəl
dünyasını vaxtsız dəyişmiş Fərqanə
Kazımova və mən direktorun kabinetinə keçdik. Burada hazırlanmış gözəl çay
süfrəsi ətrafında yalnız
dördümüzün iştirakı ilə, təxminən
bir saatlıq çox səmimi və yaddaqalan söhbətimiz
oldu. 2003-cü ilin həmin payızında
inanmazdıq ki, bu, Turan xanımın ana yurduna, ata
ocağına son səfəri olacaq.
Cəmi
bir il sonra, sentyabrın 12-də Turan Cavid
Bakıda dünyasını dəyişdi. Ertəsi
gün onun cənazəsi Naxçıvana gətirildi. Obrazlı ifadə etsəm, Turan xanımın ruhu
artıq bir gün əvvəl özünü "Cavidlər"
məqbərəsinə yetirmişdi. Son 40 il ərzində aparılan elmi tədqiqatların
nəticələri də təsdiq edir ki, dünyasını
dəyişən insanın cənazəsi dəfn olunduqdan
sonra onun ruhu əbədiyyətə köç edərək
haqq dünyasına qovuşur.
2004-cü
il sentyabr ayının 13-də Turan Cavidin
Naxçıvana gətirilmiş cənazəsi Dövlət Musiqili
Dram Teatrının səhnəsinə qoyuldu. Buradakı matəm
mitinqində Ali Məclisin Sədri Vasif Talıbov,
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəyli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev və digərləri
çıxış edərək Turan Cavidin keşməkeşli
ömür yolundan, elmi və pedaqoji fəaliyyətindən, ən
əsası isə Hüseyn Cavid irsinin yeganə mühafizi və
ən fəal təbliğatçısı kimi
cavidşünaslıqda danılmaz, fədakar xidmətlərindən
danışdılar.
Teatrdakı vida mərasimi bitdi və cənazə
Hüseyn Cavidin ev-muzeyinə gətirildi. Burada mərhumənin
ruhuna Qurandan surələr oxunduqdan sonra cənazə
yaxınlıqdakı "Cavidlər" məqbərəsinə
aparılıb sərdabəyə endirilərək dualarla
torpağa tapşırıldı. Dəfn başa
çatdıqdan sonra bir müddət sükut içində
dayanıb Turan xanımın, daha sonra Hüseyn Cavidin,
Mişkinaz xanımın və Ərtoğrolun ruhlarına
oxunan surələri dinləyən
bir neçə şəxs arasında mən də var idim - Bəhruz
Axundovla yanaşı durmuşduq. Bizimlə üzbəüz,
qarşı tərəfdə isə o zaman Bakı Metropoliteninin
rəisi olan, Mişkinaz xanımın yaxın qohumu
Tağı Əhmədov, akademiklər İsa Həbibbəyli
və Bəkir Nəbiyev dayanmışdılar.
Beləliklə, Cavidlər ailəsinin son nümayəndəsi Turan xanımın da ruhu doğmalarına qovuşdu. Turan Cavidin parlaq xatirəsi onu yaxından tanıyanlar tərəfindən daim əziz tutulacaqdır. Məzarından nur əskik olmasın!
Ələkbər
QASIMOV
AMEA
Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutunun elmi katibi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.18.