Tarixin burulğanında bir fateh

 

Yunus Oğuzun "Çingiz xan"ı

 

Yunus Oğuzun yaratdığı Çingiz xan hər şeydən öncə döyüşçüdür. Xan olsa da çox sadə həyat sürür, dəbdəbədən qaçır, daim ordusunun xalqının yanındadır. Əsl döyüşçü kimi düşmənini belə mərdliyinə, döyüş qabiliyyətinə, igidliyinə görə yüksək qiymətləndirir. Romanda Çingiz xanın göytürk kökənli olması, onun yaratdığı imperiyanın məhz Göytürk imperatorluğunun varisi olduğu xüsusi vurğulanır. O, hücuma hazırlaşarkən Göy Tanrı ilə söhbət edir, əsgərləri onu qurd ulartısı ilə salamlayır. Əsər boyu oxucu şaman ayinləri göytürk inancları ilə tanış olur, bu etnoqrafik ştrixlər dövrün ruhunu düzgün şəkildə əks etdirir.

Çingiz xan böyük strateq olmaqla yanaşı, həm insan psixologiyasının mahir bilicisidir. O, fəth edəcəyi yerlərdə  insanlar arasında psixoloji gərginlik qorxu toxumları səpməklə öz qələbəsinə zəmin yaradır. Çingiz xan hər zaman öz fikri olan, istənilən anda şəraitə uyğun qərarını dəyişə bilən, doqmatik hökmdar obrazına uyğun gəlməyən bir fatehdir. Bu baxımdan Yunus Oğuzun qəhrəmanını xaosun bətnindən doğularaq kosmosa doğru gedən bir bahadır kimi xarakterizə etməsi yazıçının uğurlu tapıntısıdır. Çingiz xan tarixə qəfil burulğan kimi daxil olaraq köhnəni yıxıb yeni qaydalar yaradır. Xanın yasaları onun özü tərəfindən belə pozula bilməz. Gələcəyə hesablanmış, din, inanc fərqi qoymayan bu yeni yasalar türkün savaş ruhunu qorumalı, onu daim fəthlərə doğru aparmalı olan qanunlardır. Çingiz xanın yasasında bircə günahın əfvi yoxdur, o, bağışlanmaz suçdur: Xəyanət!

Romanda hər zaman insanın ən böyük arzusu olan əbədi həyat, ölümsüzlük məsələsi vasitəsilə Çingiz xanın tarixdəki rolu orijinal şəkildə oxucuya çatdırılır. Çingiz xan çinli kahin Çan Çundan uzun ömrün sirrini soruşduqda kahin onun missiyasını ən yüksək şəkildə tamamladığını, əməlləri ilə mənəvi ölümsüzlüyü qazandığını söyləyir.

Romanda Çingiz xanın xanımı Borte, Sultan Məhəmməd Ələddin Xarəzmşahın anası Türkan xatun, Xocənd şəhərinin hakimi Timur Məlikin xanımı Südabə xatun kimi  güclü qadın obrazları da diqqəti cəlb edir. Çingiz xanın xatunu,  öz sədaqəti ağlı ilə şöhrət tapan Borte böyük fatehin əsas güc ilham mənbəyi, onun bütün sirlərinə vaqif ən sadiq dostudur. O, ən çətin məqamlarda, Çingiz xanın əsəbi olduğu anlarda onu yanlış qərar verməkdən çəkindirir. Xarəzmşah Sultan Ələddinin anası Türkan xatun dövlətin əsas sütunu idarəçilikdə söz haqqına malik aparıcı qüvvələrdən biridir.

Çingiz xanın elçisi Mahmud Yalavac da əsərin maraqlı obrazlarındandır. Böyük siyasətdə kiçik, önəmsiz detallar olmur. Bu baxımdan yalnız hökmdarın deyil, onun ətrafında olan söz sahiblərinin, xüsusilə diplomatik missiyanı yerinə yetirən elçilərin siyasi-psixoloji nüansları, fəndləri bilmələri böyük önəm kəsb edir. Çingiz xanın elçisi Mahmud Yalavacın Xarəzmşah Ələddinin elçisi Seyid Bahəddin Ər Razi ilə karvansarada baş tutan görüşü bu baxımdan maraqlıdır: "Fikirləşdi: "Yox, ən yaxşısı budur ki, onunla görüşüm, ağzını arayım. Görüm tatarların elçisi xanın ordusu kimi siyasətdə güclüdürmü?" Qərarını vermədən öncə soruşdu:

- Elçi ziyafətə hansı yeməkləri sifariş edib?

Əbdül birbaşa cavab verdi:

- Tatar buğlaması Xarəzm aşı.

Yenə düşündü "Deməli, bərabərlik işarəsi qoyub. Bunlar bizdən heçmi çəkinmirlər, heçmi qorxmurlar?" Karvansara sahibini başdan-ayağa süzüb söylədi:

- Yaxşı, hörmətli elçiyə çatdır ki, məmnuniyyətlə onun dəvətini qəbul edib gələcəyəm".

Beləliklə, kiçik, diqqətəlayiq olmayan bir detal kimi görünən yemək sifarişi böyük siyasi gedişin, güc nümayişinin elementinə çevrilir. Xarəzmşahın elçisi ilə, daha sonra Sultan Ələddinlə görüşdə Mahmud Yalavac həm mahir bir siyasətçi, həm insan psixologiyasına bələd bir diplomat kimi oxucunun diqqətini cəlb edir.

Əsərdə Xarəzmşah Ələddinin oğlu Cəlaləddinin obrazı atasının obrazından daha qabarıq verilmişdir. Xarəzmşah Ələddin klassik, vəzir-vəkil sözü ilə oturub-duran, var-dövlətə həris, öz keçmiş qələbələrindən xumarlanıb  döyüşçü ruhunu itirən, xalqdan xəbərsiz hökmdar obrazıdır. Oğlu Cəlaləddin isə döyüşçü ruhunu daşıyan, xalqa yaxın olan, vətəninin azadlığı üçün əlindən gələni edən, namusu düşmən əlinə keçməsin deyə öz ailəsini belə öldürtdürən, qətiyyətli, sona qədər öz mübarizəsindən əl çəkməyən bir igiddir. Hətta düşməni Çingiz xan da onun igidliyinə, ağlına vətən sevgisinə heyran qalır:  "Savaşı uduzmuşdu, özü gənc sultana. Onun Cəlaləddinə hörməti rəğbəti daha da artmışdı. Gənc olmasına baxmayaraq, bu torpaqlarda ilk dəfə idi ki, açıq savaşa çıxırdı qalib gəlirdi".

Qeyd etməliyik ki, Yunus Oğuzun birbaşa Azərbaycan tarixi ilə bağlı olmayan romanlarında da hər zaman mütləq Azərbaycanla bağlı müxtəlif elementlər əks olunur.  Bu romanda da əsas obyekt Çingiz xan obrazı olsa da, yazıçı xəfif toxunuşlarla, incə ştrixlərlə - Azərbaycan ipəyinin keyfiyyətindən, Azərbaycan sənətkarlarının düzəldiyi zərgərlik nümunələrinin gözəlliyindən söz açaraq oxucunun diqqətini bu yurdun qədim tarixinə yönəldir, yeni tarixi romanların müjdəsini verir.

 

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.17.