Qurtuluş müjdələrinin
ruhumuzdakı əks-sədası
Üz-üzə oturmuşuq. Aramızda o qədər fərqlər
var ki. Bu qədər yaxın, bu qədər doğma olmağımıza
baxmayaraq, bir-birimizə
az qala
heç nədə bənzəmirik. İndi isə ən
böyük fərqimiz
müharibədir.
O, uşaqlığı müharibəyə
təsadüf etmiş,
bu savaşda uşaqlığını, əzizlərini,
torpağını itirmiş
biridir. Mənsə, hələ indi
görürəm müharibəni.
O, birinci Qarabağ savaşının uşaq
qurbanlarından biri, mənsə, gəncliyi İkinci Qarabağ müharibəsindəki zəfərlərlə
fərəhlənən adamam.
Onun torpaq həsrəti mənimlə yaşıddır.
Ona görə mən onun bu günlərdə
keçirtdiyi hissləri
anlaya bilmərəm.
Amma onu sevən, dəyər verən biri kimi ürəyimin
ta dərinliyindən duya, hiss edə bilərəm.
Bu günlər ölkədəki
hər kəs kimi bizim də
söhbətimizin bircə
mövzusu var: Qarabağ... Cənab Prezidentin çıxışını,
işğaldan azad olunan torpaqları, düşmən tərəfinin
mövqeyini, sosial şəbəkələrdə bu mövzuyla bağlı insanların rəylərini, səfərbərliyə
çağırılan dostlarımızı-bir
sözlə, hər şeyi müzakirə edirik. Təkcə, bir şeydən
başqa-onun işğal
olunan kəndi və məcburi köçkünlük dövrünü.
Qəfil soruşuram:
- Neçə yaşında
çıxmısan ordan?
Üzü qaralır, gözü
yol çəkir, ağır-ağır nəfəs
alır:
- Altıncı sinifdə oxuyurdum. On bir
yaşım vardı.
Altıncı sinfi də
normal oxumadım ki.
İki gün gedirdik məktəbə, bir ay evdə otururduq. Çünki atırdılar, qaçaraq
düşürdü. Gah çıxırdıq kənddən,
gah da geri
qayıdırdıq.
Sonra isə özü haqqında danışmaq istəmir. Söhbəti dəyişir. Danışdıqca gözlərinə baxıram.
Həsrət dolu gözləri
bir yerə dikilib.
***
Bir az keçir,
ona zəng gəlir. Kim olduğunu
bilmirəm, amma danışdıqca üzünə
qonan təbəssüm,
gözlərindəki işıq
nəsə yaxşı
xəbər aldığını
göstərir. Söhbəti bitən kimi mənə dönüb,
"bizim kəndimiz azad olunub"- deyir. Ancaq bunu elə deyir ki, diqqətlə
üzünə baxıram,
görəsən, danışan
özü idi? Bircə anda o tanıdığım
səsdən, bayaqkı
həsrət dolu simadan əsər-əlamət
qalmamışdı.
Nə reaksiya verəcəyimi bilmirəm. Doğrudan da,
kəndi işğaldan
azad olunan birinə necə reaksiya verilir ki?! Hə, bax buna heç hazır deyildim. Həm təəccüblənirəm,
həm sevinirəm, həm də inanıb inanmamaqda qərarsızam. O isə
artıq burda deyil. Qarşımda otursa da, dilindən əskiltmədiyi
"şükür" pıçıltılarının
qanadında artıq düşmən tapdağından
azad olunmuş kəndinə doğru yol alıb-görürəm.
Onu 27 il
gözlədiyi bu səfərdən geri qaytarmağa ürəyim gəlmir. Bilirəm ki, yanında
mən olmasam, daha böyük reaksiya verər, bəlkə hönkürtüylə
ağlayar, bəlkə
"mən artıq köçkün deyiləm"
- deyə qışqırar.
İndi isə dilini-dodağını
dişləyə-dişləyə içindən vulkan kimi püskürməyə
hazır hönkürtüsünü
udmağa çalışır.
Bulud kimi dolan, boşalmaq
üçün bircə
işarəyə bənd
olan gözlərindən
on bir yaşlı kövrək uşaq boylanır. O uşağın
könlündən nələr
keçir, kim
bilir?! Nəsə deməyə, onu
bu hisslərdən qoparmağa ürək etmirəm. Əllərini əlimə alıb
susuram. Ovcumun içərisində titrəyən əllər
o torpaqlara nə qədər acdır.
Bir azdan danışmağa başlayır:
- Düz 27 il...
27 ildən sonra qayıda biləcəyik kəndimizə. Bu, necə bir xoşbəxtlikdir,
İlahi? Mən beləyəmsə,
gör, atam necə sevinir. Deyir, kişi
qurban kəsir artıq. Yaşadığımız məhəllədə hamımız köçkün
gəlmişik. Müharibə başlayanda bayraqlar aldıq, kimin torpağı azad olsa, qapısına bayraq asacaq.
Bu sözləri kövrəlmədən
deyə bilmir. Mən də əlavə edirəm:
- İndi sizin qapıya bayraq asılacaq.
- Bizim kəndimiz indi yaşadığımız
yerə yaxındır.
Qəbiristanlığa gedən camaatı
ordan düşmən
vururdu deyə, təpələr yaratmışdılar.
O təpənin arxasından
başımızı qaldıra
bilmirdik. Amma yenə də
gizlin, çətinliklə
durbinlə kəndimizə
baxırdıq. Bilirəm, onsuz
da hələ bizi oralara buraxmayacaqlar.
Sevinirəm ki, heç
olmasa, indi ora rahat şəkildə,
qorxmadan baxmaq mümkün olacaq, ona icazə verərlər. Əsas odur
ki, bizim torpaqlarımız öz igidlərimizin, oğullarımızın
əlindədir. Artıq ora
yad ayaq dəymir.
***
Doğulan gündən "Qarabağ"
sözü qulağıma
dua kimi oxunub. İşğal altında olan
həmin torpaqlardan olmasam, məcburi köçkünlük həyatı
yaşamasam da, hər bir azərbaycanlı
kimi bu dərdi
iliklərimə qədər
hiss etmiş, bu həsrətlə böyümüşəm.
Amma etiraf edim ki,
heç zaman bir insanın torpağının azad olunmaq xəbərini almasına şahid olacağımı düşünməzdim.
Bir xəbər insanı uşaqlaşdıra, böyüdə,
çaşdıra, xoşbəxt
edə, hüznləndirə,
kövrəldə bilərmiş.
Bunu yalnız uşaqlığı
avtomat gülləsində,
mərmi səsində
düşüb itən
o insanlar anlaya bilər. Bunu illərlə dişiylə-dırnağıyla
qurduğu evindən məcburən çıxarılan,
üstündə gəzməyə
qıymadığı yurdunu
düşmən tapdağında
görən ürəklər
duya bilər.
Sentyabrın 27-dən etibarən başlanan İkinci Qarabağ müharibəsi cəmi on
günün içərisində
on minlərlə sakinimizə
məhz bu duyğuları yaşatdı. Şanlı, qüdrətli ordumuzun 30 ilə yaxındır düşmən işğalında
qalan torpaqlarımızı
bir-bir azad etməsi xalqımızın
qələbə əzmini
günbəgün artırır.
Bu gün on milyonluq
Azərbaycan xalqını
bir-birindən ayıran
heç bir mövzu, heç bir problem yoxdur. İndi hər kəs bir-birini daha çox sevir, daha çox qoruyur. Çünki bütün varlığımızla
Qarabağa, haqq savaşımıza, cəbhədən
gələcək zəfər
xəbərlərinə köklənmişik.
Ondan başqa hər şey təxirə düşə, gözləyə
bilər. Qarabağ isə
daha gözləmir, gözləməyəcək. On milyon ürək sadəcə bir ritmlə döyünür:
Qa-ra-bağ!!!
İnanırıq ki, dostumun yaşadığı
o nəhayətsiz sevinci
çox yaxın günlərdə bütün
Qarabağ əhli yaşayacaq. Bir gün hər kəsə "kəndin azad olundu, torpağın
qayıtdı" zəngi gələcək. Bilmirəm, başqa kiminsə bu
sevincinə şahidlik edə biləcəyəmmi,
amma yaşadığım bu hadisə ömrümün
ən gözəl və unudulmaz səhifəsinə
həkk olundu. Gələcək qələbələrdə
görüşənədək!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.16.