Təhsilə yeni baxış
"Bilmədiklərimizi bildiklərimiz
vasitəsi ilə aşkar edə bilərik"
Umberto Eko
Müstəqillik illərində təhsilin çoxlu
problemləri yarandı. Bu problemlərlə bağlı "Təhsilin
konseptual problemi" məqaləmdə ("525-ci qəzet"
03.02.20) müfəssəl yazılmışdır. Bu problemlər ilbəil azalmır, əksinə,
artır. Səbəblərdən biri
bugünkü təhsilimizin sovet təhsili ilə liberal cəmiyyətin
təhsilinin cəmindən ibarət olmasıdır. Təhsildə yarımçıqlıq sindromu hökm
sürür və təhsili geri salır. Digər
səbəb, təhsilə qüsurlu
baxışımızdır.
Bu məqalədə bu səbəblərlə
bağlı düşüncələrimi təhsil ictimaiyyəti
ilə bölüşürəm.
Dəhşətli öncəgörmə
Çağdaş günlərimizdə də bəşəriyyət
mənəviyyat qıtlığı problemi yaşayır. İlahi
qadağalara əməl edilmir. Dostu
düşməndən, alimi nadandan, düzü əyridən,
yaxşını pisdən ayırmaq getdikcə çətinləşir.
Azərbaycan Prezidenti cənab İlham
Əliyevin dəfələrlə dediyi kimi, dünya haqqı
nahaqdan ayırmaq gücündə deyil. Yalanı
zorla qəbul etdirmək şakəri bəzi dövlətlərin
gündəlik siyasətinin tərkib hissəsini təşkil
edir (Buna misal olaraq, Qarabağ problemini göstərmək olar.
Adından da bəlli olduğu kimi, əzəli və əbədi
Azərbaycan torpağı olan Qarabağ
(qara+bağ=böyük bağ anlamına gəlir) beynəlxalq
qurumların ədalətsizliyi və biganəliyi ucbatından
mübahisə və müharibə predmetinə çevrilib).
Bu biganəliyin nəticəsində mənəviyyat
sürətlə aşılanır. Tanınmış
rusiyalı yazıçı İvan Efremov hələ 1967-ci
ildə bəşəri durumu belə xarakterizə
etmişdir: "Dürüst həyat tərzinə
alışmış nəsillər gələcəkdə
yox olacaq". Dəhşətli öncəgörmədir! Deməli, hamının hamını
aldadacağı gün çox uzaqda deyil. Bu günlərdə
"Exo Moskvı" saytına verdiyi müsahibəsində
Rusiyanın tanınmış siyasətçisi,
"Yabloko" partiyasının sədri Qriqori Yavlinski hesab
edir ki, onun ölkəsi "yalan və
saxtakarlıqla çirklənən, mənfi nüfuza sahib
olan, tamamilə ləkələnmiş bir dövlət
halına..." gətirilmişdir. Başqa bir fikrində
İ.Efremov vurğulayır: "İmperiyaların, dövlətlərin
və digər siyasi təşkilatların məhv olması mənəviyyətin
itirilməsi ilə baş verir". Aydındır
ki, mənəviyyat bir günə yox olmur, o, yavaş-yavaş
çürüyərək yox olur. Sual
olunur, mənəviyyatın çürüməsinin səbəbi
nədir?
Təhsil doktrinası
Düşüncəmə görə, mənəviyyat
və bəşəri dəyərlər ona görə
aşılanır ki, təhsilin doktrinası qüsurludur. Təhsil bəşəriyyəti
düz istiqamətdə apara bilmir. Ənənəvi
təhsil paradiqmasına görə, təhsilin məqsədi
gəncləri şəxsiyyət yönümlü
yetişdirməkdir. Bu yanaşma ilk
baxışda cəlbedici görünsə də, çox
qüsurludur. Belə ki, dünya
iqtisadiyyatının 20%-i kölgə iqtisadiyyatının əlindədir.
Bu iqtisadiyyatın yönəldiciləri mürəkkəb
kombinasiyaları qura bilən qara fikirli intellektual şəxsiyyətlərdir.
Nəzərə almaq lazımdır ki, bu şəxslər
də mövcud təhsil sisteminin yetişdirmələridir.
Mafiya babalarının varlığını da nəzərə
alsaq, bəşəri
durum aydın təsəvvür olunar. Bu deyilənlər
doğrudursa, bəs onda təhsilin ali məqsədi
nə olmalıdır?
Hesab edirəm
ki, təhsilin ali məqsədi savadlı,
bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək
olmalıdır. Şəxsiyyət
yönümlü təhsil həm cəmiyyəti, həm də
bəşəriyyəti parçalayır və rəngarəng
edir. Dövlətləri inkişaf
etmiş və ya geri qalmış hala gətirir. Bəşəriyyətin harmonik yaşamasını
və inkişafını əngəlləyir. Kamil
insanlardan təşkil olunmuş cəmiyyətlərdə
prinsipcə parçalanma ola bilməz. Çünki kamil insanlar problemləri güclə
yox, ağılla həll edərlər. Cəmiyyəti
bu istiqamətdə aparmaq üçün təhsilə
baxış dəyişməlidir. Təhsilin
paradiqması dəyişməlidir.
Kamilliyin meyarı
Məlumdur
ki, hər bir insan doğumla iki mənafe
daşıyıcısıdır: şəxsi mənafe və
ictimai mənafe. Kamilliyin meyarı olaraq ictimai mənafenin
şəxsi mənafeyə olan nisbətin götürmək
olar: Kamillik = ictimai mənafe : şəxsi
mənafe
Kəsrin sürəti artdıqca, yəni insan nə qədər
çox ictimai mənafe daşıyıcısı olarsa, bir
o qədər kamilləşər, məxrəci artdıqca isə
insan cahilləşir.
Təhsil vasitəsi ilə kamilliyi artırıb və
ya azaltmaq mümkündür. A.Eynşteynə
görə, ABŞ təhsili pula itaət, sitayiş üzərində
qurulubdur. Yəni ABŞ təhsili kəsrin
məxrəcinə (şəxsi mənafeyə) işləyir.
Avropa təhsili bundan fərqli olaraq insana, təbiətə
qayğı üzərində (ümumi mənafe) qurulubdu, yəni
kəsrin sürətinə işləyir. Bu yanaşmanı təsdiq edən misallar
çoxdur.
Tarixdən
misal: Makedoniyalı İsgəndər İranı fəth etməyə
gedəndə qoşun yolda susuzluqdan əziyyət çəkir.
Qəsəbələrin birində İsgəndərə
bir tuluq su təklif edilir. İsgəndər
suyun miqdarına baxır və qoşuna baxır, su içməkdən
imtina edir. İsgəndər kəsrin məxrəcinə
yox, sürətinə işləyir, qoşunun məhəbbətini
qazanır, nəticədə uğur qazanır və tarixə
adını yazır.
Stalinin qərarı. Müharibənin
yekunları ilə bağlı İ.Stalinin yanında vəziyyət
müzakirə olunur. Bir general-leytenantın məruzəsindən
Stalin razı qalır və soruşur: əlavə
sözün varmı? General deyir ki, şəxsi
xahişim var. Almaniyadan qayıdanda xoşuma gələn bir
neçə şeyi nəzarətçilər
buraxmadılar. İstərdim ki, onları
qaytarsınlar. Stalin deyir: raport yaz, üstün yazaram.
Generalın əvvəlcədən yazdığı raportun
üzərinə Stalin yazır: "Polkovnikin zir-zibilini
özünə qaytarın. İ.Stalin".
General deyir ki, yoldaş Stalin mən
polkovnik deyiləm, general leytenantam. Stalin deyir: orda hər
şey düz yazılıbdı.
Nə
baş verdi?
Stalin general-leytenantın şəxsi mənafesini təmin
etsə də, ictimai mənafe baxımından onu ciddi cəzalandırdı.
Günümüzdən misal. Keçən ay baş verən"Nəvə
toyu" qalmaqalını yadınıza salın və ya ətrafınıza
təzədən diqqətlə baxın. O məmurlar adətən
tənqid atəşinə tutulurlar ki, onlar aşırı dərəcədə
şəxsi mənafe daşıyıcılarıdır. Yeri düşdükcə dövlət mənafeyini
şəxsi mənafeyə qurban verirlər. Belə insanlar CAHİL insanlardır. Əyri yolla var-dövlət yığıb xoşbəxt
olmaq istəyirlər. Toplumun belə
adamlardan xoşu gəlmir. Xalqın mal- dövlətin
oğurlamaqla xoşbəxt olmaq qeyri-mümkündür! Xoşbəxt olmaq üçün, ilk öncə
başqalarını xoşbəxt etmək lazımdır.
Xalq o insanları sevir ki, onlar ictimai mənafeyi
şəxsi mənafedən üstün tuturlar. Belə insanlar KAMİL insanlardı. İnanıram ki, əgər bəşəriyyətdə
hər iki nəfərdən biri kamil olarsa, onda dünyada
müharibə olmaz. Beləliklə,
toplumun xoşbəxliyi fərdin, fərdin xoşbəxliyi
toplumun əlindədir.
Təhsilə yeni baxış
İnkişaf
etməkdə olan ölkələr sırasından inkişaf
etmiş ölkələr sırasına qalxmaq üçün təhsilə
baxış dəyişməlidir. Bəşəriyyətin
harmonik inkişafını təmin etmək, mənəviyyatı,
milli və bəşəri dəyərləri qorumaq niyyəti
ilə son aylar KİV-də tez-tez "təhsilə
baxış dəyşməlidir"
çağırışını edirəm. Sual
olunur: Konkret olaraq təhsildə nələr dəyişməlidir?
Qısa
cavab belədir: ümumi halda təhsil fenomeninə
baxış, xüsusi halda təhsilverənə və təhsilalana
münasibət dəyişməlidir.
Bu qısa cavabın, geniş izahata ehtiyacı vardır. Belə ki,
1. Sosial
fenomen kimi təhsilin özünə baxış dəyişməlidir.
a) İnkişaf etmiş dövlətlər (Norveç,
Avstraliya, Yaponiya, İsrail və s.) üçün təhsil
vasitə, inkişaf etməkdə olan ölkələr
(Türkiyə, Azərbaycan, Rusiya Federasiyası və b.)
üçün təhsil məqsəddir. Biz də təhsilə
məqsəd kimi yox, vasitə kimi baxmalıyıq ki, sürətlə
inkişaf edək. Gənclərə elə
təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən
keçdikləri hadisələrlə bağlı
düzgün qərarlar qəbul edə bilsinlər. Hadisələrin, proseslərin obyekti yox, subyekti
olsunlar.
b) təhsil düşüncəni kamilləşdirməlidir.
İnsanlar başa düşməlidirlər ki,
"əyri yolla pul yığmaqla yox, başqalarını
xoşbəxt etməklə, xoşbəxt olmaq olar".
c) təhsil gənclərə vətəni sevmək,
şərəflə yaşamaq, düz danışmaq kimi
insani keyfiyyətəri təhsilalanlara öyrətməlidir. Təhsil təhsilalanları başa salmalıdır
ki, yalanla dünyanın o biri başına getmək olar, ancaq
geri qayıtmaq olmaz.
2. Müəllimə
(təhsilverənə) baxış dəyişməlidir.
a) Tarix
boyu müəllim cəmiyyətdə hörmət sahibi olub. Keçən əsrin 50-ci illərində orta məktəb
məzunlarının əksəriyyəti müəllim
peşəsini seçərdi. Bu gün Azərbaycan
təhsili həmin məzunların əməyi hesabına ayaq
üstədir. Biz bu kəsimə layiq
olduqları hörməti etsək, onda dövlətimiz də
dövlətlər sırasında layiqli yer tutar. Teymurləng və H.Z.Tağıyev öləndə
qəbirlərini müəllimlərinin ayaqları altında
qazılmasını istəyiblər. Millətə
sevginin, ədalətin ruhu müəllimlərin əlindədir.
b) Müəllim
əməyi layiqincə qiymətləndirilməlidir.
İkinci Dünya savaşından sonra sovet dönəmində
müəllim 20 il qüsursuz əməyinə görə
"Qırmızı əmək bayrağı ordeni", 25
il qüsursuz əməyinə
görə "Lenin ordenləri",
30 il qüsursuz içinə görə 2-ci "Lenin
ordeni" ilə mükafatlandırılıb. Bu səbəbdən
birinci Stalin beşilliyində SSRİ -nin
varı-dövləti 2 qat artmışdı, yəni adam
başına düşən ÜDM iki dəfə çox
olmuşdu. Buradan belə nəticəyə gəlmək
olar ki, "təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən
asılıdır". Belə olarsa, birinci
halda təhsil cəmiyyəti xoşbəxt gələcəyə,
ikinci halda vəhşi kapitalizmə tərəf aparır.
c)
Müharibə zamanı ordu komandirləri hansı dərəcədə
önəm daşıyırsa, əmin-amanlıq (sülh)
dövründə də təhsil generalları (məktəb
direktorları) həmin önəmi daşımalıdırlar.
Belə direktorları 150 min müəllimlərin
içərisindən seçmək çətin deyil.
Bunun üçün iddiaçıları sadə
psixoloji testdən keçirmək kifayətdir. Məktəbin uğuru direktordan asılıdır.
Özünü məktəbə qurban verən
direktor, məktəbi çiçəkləndirəcək.
Məktəbi özünə qurban verən
direktor, təhsili məhv edəcəkdir. Direktor
kabinetləri mənəvi qüsurlu müəllimlərin
üzünə qapanmalıdır.
d) Müəllimlərin
təqaüd məsələsinə də baxış dəyişməlidir.
Fiziki və əqli əməklə məşğul
olanların təqaüd məsələsinə baxış
eyni cür olmamalıdır. Belə ki,
fiziki əməklə məşğul olanların enerjisi
yaşa dolduqca tükənir. Əqli əməklə
məşğul olanların enerjisi, əksinə, yaşa
dolduqca artır. Praktiki həyatda bu fərqi
nəzərə almaq lazımdır. Məktəb
dəyərli müəllimlərin təqaüdə
çıxmasına maraqlı olmamalıdır. Amma çox vaxt həyatda tərsini
görürük. Bakının 164 nömrəli məktəbində
valideynlər direktordan israrla xahiş edirlər ki, Turan Bəyramovna
əlavə bir il də onların
balalarına dərs versin. Məktəb bu təklifi
alqışlamalıdır. Tərs
yanaşma səhvdir. Müəllimlərin
təqaüdə çıxması cəza yox, mükafat
sayılmalıdır.
3. Təhsilalanlara
(öyrəncilərə) münasibət dəyişməlidir.
a) Mənim
təhsil aldığım dövrlərdə müəllim
çox qayğıkeş idi. Müəllim
hamıya eyni gözlə baxdığına görə sinif
otaqları ədalətin hökm sürdüyü məkan idi.
Məktəb həm də psixoloji
laboratoriyadır. Milli birliyin, vətənə
sevginin, milli ruhun rüşeymləri məktəbdə
formalaşır.
Öyrəncilər məktəbdən, müəllimdən
qayğı görməlidirlər. Amma bəzən bunun tərsini
görürük. Bir valideyn İctimai
Şuraya kömək üçün rəsmi müracət
etdi. İctimai Şuranın məsul katibi
İlqar Orucov bu məsələni araşdırdı.
Ərizədə valideyn yazır ki, onun oğlu texniki ali məktəblərin birində üç
ildir ki, əlaçı oxuyur. Ancaq indi problemlə
qarşılaşıb. Belə ki, tələbə
cari semestrin üç imtahanından əla qiymət alıb
və dördüncü imtanında qüsura yol verib. Üç sualdan ikisini yazıb, axırıncı
sualı bilmədiyindən icazə alıb, çölə
çıxıb. Geri qayıdıb
sualı kağızdan köçürəndə müəllim
görüb, tələbəyə 2 yazaraq, sinifdən
çıxardıb. Sovet dövründə,
bunu normal qəbul etmək olardı. Çünki Sovetin
təhsil siyasətinə görə gənclərin 33% ancaq ali məktəblərdə təhsil almalı,
yerdə qalanları zavodlarda və ya kolxozlarda işləməlidilər.
Bu səbəbdən müəllimin belə fəaliyyəti
sovet düşüncəsinə görə təqdir olunurdu.
Axı, indi zaman, dövran başqadır. 30 ildir ki, müstəqil dövlətik, yeni
quruluşda yaşayırıq. Zavod-kolxoz
yoxdur. Üstəlik, bizdə bədii təffəkür,
texniki təfəkkürdən yüksəkdir. Texniki savadlı gənclərə ehtiyac çox
böyükdür. Çünki biz
istehlakçı yox, istehsalçı xalq olmaq istəyirik.
Belə bir dövrdə texniki savadlı gənci
sovet üslubunda cəzalandırmaq səhv yanaşmadır.
Çox təəssüf ki, rektor sovet ənənəsinə
sadiq qalaraq, yaxşı oxuyan bir vətən övladına
qayğısını əsirgədi. Xırda
bir qüsura (yəqin ki, o tələbə müəllimin qohumu
olsaydı, göz yumardı) görə uğurla irəliləyən
bir gənci sındırdı. Biz tələbələrimizə
doğma balamız kimi baxmalıyıq, onlara aşırı
qayğı göstərməliyik. Qüdrətli
dövlət naminə biz onların xırda
qüsurlarını bağışlasaq, onlar da gələcəkdə
bu nəcib yanaşmanı təkrar edərlər.
b)
İllik tədris proqramlarını mənimsəyə bilməyən
öyrəncilər, təkrar sinifdə qalmalıdır. Bu yanaşma cəza kimi qiymətləndirilməlidir.
Bütün bəlaların kökü
yarımçılıqdadır. Bir ingilis misalında
deyildiyi kimi: "Əgər bir işi görmək
lazımdırsa, onu keyfiyyətlə görmək
lazımdır". Biz gəncləri təhsilləndirməliyik,
kal-kal sinifdən sinifə keçirməməliyik.
4. Təhsilin
məzmununa baxış dəyişməlidir.
Təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə
tərtib edilə bilər ki, öyrənci sonda ya ateist, ya
dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən təhsilin məzmun, təhsil
prosesinin əsas mərkəzi məsələsidir. Təhsilin məzmunu elə olmalıdır ki, məzunlar
şəxsi maraq yox, ictimai maraq daşıyıcıları
olsunlar. Yalan danışmaq, tamahkarlıq,
paxıllıq, şərəfsizlik, yekəxanlıq, tənbəllik
və s. kimi
davranış növlərinin günah olduğunu gənclər
orta məktəbdə öyrənməlidirlər.
Təhsilin məzmununda Tarix fənni müstəsna əhəmiyyət
kəsb edir.
Bu fənn ilə bağlı Ulu öndər Heydər
Əliyevin nəsihəti belədir: "Milli
ideologiyamızı hər yerdə tətbiq etmək
üçün məktəblərdə Azərbaycan
xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək
lazımdır".
Sual
olunur: orta məktəb üçün Tarix fənni
(distiplinası) üzrə dərsliklərin strukturu necə
olmalıdır? Milli tarixi qədimdən
başlayaraq bu günə gəlməklə öyrənməliik,
yoxsa bu gündən başlayaraq qədimə getməklə?
Birinci halda tarix azyaşlı öyrəncilər
tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları öyrənilməz.
İkinci halda tarix başa düşülər,
sevilər və öyrənilər. Çünki
öyrəncilərin dərk etmə qabiliyyəti yaşa
dolduqca artır. Bu səbəbdən də
tarix fənni mənimsənilsin deyə, dərsliklər bu
gündən başlayaraq qədimə getmək şərti
ilə yazılmalı və öyrənilməlidir. Belə tarix kitabını dövlət
başçısının və ya vitse-prezidentin rəhbərlik
etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən
yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın.
Müəllifərdən əlavə,
filosofları, müdrük alimləri redaksiya heyətinə cəlb
etmək lazımdır. Fikrimcə, vətənpərvərlik
ruhunun toxumları tarix kitabında əkilir və tarix
kitabımız, bizim ikinci müqəddəs kitabımız
olmalıdır. Bir sözlə, təhsilin
məzmununa baxışımız dəyişməlidir.
Yeni baxışın müddaları
XXI əsrin təhsil çağışlarına cavab
vermək, ölkəni keyfiyyətli təhsillə təmin
etmək üçün təhsilə yeni baxış
lazımdır. Belə baxışın əsaslandığı rəhbər
prinsipləri və yeni müddəaları oxucuların diqqətinə və
müzakirəsinə təqdim edirəm.
1. Təhsil
milli və mənəvi dəyərləri qorumalı və
yeni dəyərlər yaratmalıdır. Təhsil
keçmiş nəsillərin yaratdığı dəyərləri
gələcək nəsillərə çatdırmaq, həm
də ötən illərdə buraxılan səhvləri təkrar
etməmək missiyası daşıyır.
2. Təhsil
düzgün qərar qəbul etmək səriştəsini gənclərə
öyrətməlidir. Bu məqsədə nail olmaq
üçün təhsilə bəzən məqsəd, bəzən
də vasitə kimi baxmaq lazımdır.
3. Təhsilin
paradiqması dəyişməlidir. Təhsil
şəxsiyyət yox, kamil insan yetişdirməlidir.
4. Təhsilin
məzmunu elə olmalıdır ki, gənclər
özünü yox, milləti sevən yetişsin. Ana dilini, vətən tarixini və milli mədəniyyəti
gənclərə təhsil öyrətməlidir. Öz tarixini bilməyən gəncdən vətənpərvər
olmaz. Vətənpərvərliyin
açarı təhsilin məzmunundadır.
5. Təhsilə
bütün üçüncü subyektlərin müdaxiləsi
arzuolunmazdır. Müasir dövrdə təhsil
ən azı üç subyektli (öyrədən, öyrənən
və valideyn) mürəkkəb sistemdir. Sovet
dönəmində təhsil iki subyektli (öyrədən,
öyrənən) nisbətən sadə sistem olub. Sistemlər nəzəriyyəsinə görə,
sistemin elementlərinin sayı artdıqca idarəetmə
çətinləşir.
6. Təhsil
iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı
olmalıdır. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə
(K.Marksın kommunizminə) aparar. Əks
halda, yolumuz vəhşi kapitalizmə doğrudur.
7. Təhsilin
nəzəri əsasını təşkil edən pedaqogika və
psixologiya elmləri diqqət mərkəzinə çəkilməlidir.
Öyrənmək, dərk etmək təkcə pedaqoji proses
deyil, həm də psixoloji prosesdir. Təəssüf
ki, pedaqogika və psixologiya elmləri hələ də Milli
Elmlər Akademiyasında təmsil olunmayıbdır.
8. İstər
öyrəncinin, istərsə də sinifin biliyini
ölçmək üçün yeni, dəqiq meyarlar
lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası tələbatı
ödəmir. Sinifin potensialına nəzarət
və müəllimin fərdi fəaliyyətinin monitorinqi
üçün yeni meyara ehtiyac var. Qrup halında təhsil ilə
yanaşı, fərdin təhsildən də istifadə edilməlidir.
9. Təhsilin keyfiyyəti
coğrafiyadan asılı olmamalıdır. Məktəblər
məzmunca və maddi-texniki təminatca eyni olmalıdır.
Belə olan halda Bakıda heç kəs evinin
yanındakı məktəbi qoyub, uşağını
maşın sıxlığına səbəb olan uzaq məktəblərə
aparmaz.
10.
Əmin-amanlıq (sülh) dövründə məktəb direktorları
müharibə zamanı ordu komandirlərinin
daşıdığı qədər önəm
daşımalıdırlar. Məktəb
direktorlarını ictimai mənafe
daşıyıcıları, özünü məktəb
işinə qurban verənlərin içərisindən
seçilməlidir. Direktorlar nümunəvi
əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs
yerə çevrilsin.
Sülh dövrünün əmək qəhrəmanları
müəllimlər olmalıdır. Qəhrəman olmaq
üçün müəllim tədris etdiyi fənni
şagirdlərin hamısına mükəmməl (əla və
ya yaxşı qiymətlə) öyrədə bilməlidir.
Fərd ilə bərabər, kütləni
mükəmməl öyrədən müəllim vətənin
əsl əmək qəhrəmanıdır.
11. Mənəviyyatın
aşılanmasının qarşısını almaq
üçün tərbiyə probleminə yeni baxış
lazımdır. Tərbiyə məsələsinə
təhsil subyektlərinin baxışı müxtəlifdir.
Bu isə tərbiyəni pozur, gəncləri
çaşdırır. Təhsil subyektlərinin mükəmməl
bilməli olduqları zəruri müddəaların
toplandığı "ədəb qaydaları"na və ya "Tərbiyə manafesti"nə
ehtiyac böyükdür. Yapon "Tərbiyə manafesti"
təqribən 20 müddəadan ibarətdir və onların
birində deyilir: "Məktəb gənclərə düz
danışmağı öyrətməlidir". Səhv etmirəmsə, İsveç məktəblərində
yalan danışmaq vətənə xəyanət kimi qiymətləndirilir.
12. Ali təhsildə liberal qaydalara
üstünlük verilməlidir. Dövlət
universitetləri ilə özəl universitetlər arasında
rəqabət yaratmaq üçün, vahid dövlət
nişanlı diplomdan imtina edilməli və hər bir özəl
məktəb öz diplomunu verməlidir.
Gənclərimizin müxtəlif səbəblərdən
xarici universitetlərə axmasının
qarşısını almaq üçün qəbul
imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin
girişində test yumşaq, çıxışında isə
ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş
qapılarını gen, çıxış
qapılarını dar açmalıdır. İndiki
dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur.
Ən azı ona görə ki, təyinat yoxdur.
Bu addım sovet təhsil siyasətinin ruhuna
uyğun idi. Abituriyentlərə ixtisas seçimi
azadlığı verilməlidir.
Gəncləri küçələrdən, bazarlardan
akademik mühitə gətirmək lazımdır. Talantlı və riyazi təfəkkürlü,
normal düşüncəli gənclərimizin heç biri
müxtəlif səbəblərdən ali
məktəbdən kənarda qalmamalıdır. Xaricdə fəaliyyət
göstərən diplomatik korpusun və iş
adamlarımızın övladları ciddi test ucbatında
öz vətənində ali təhsil ala
bilmirlər. Bunu nəzərə almaq və çarəsini tapmaq lazımdır.
Təhsil - sevgi işidir. Gənclər sevib
seçdiyi ixtisaları öyrənəndə yorulmazlar.
Gəncləri sevmədiyi ixtisaslara yerləşdirmək,
milli mənafeyə ziddir. Bir türk misalında gözəl
deyilir: "Çörəyini əli ilə qazananlar fəhlədir.
Çörəyini əli və ağlı ilə
qazananlar ustadır. Çörəyini əli,
ağlı və ürəyi ilə qazananlar ustaddır".
Biz gənclərimizin ustad olmasına
maneçilik törətməməliyik. Bu
baxımdan hökmən dəyişməliyik.
Yataqxana ali məktəbin zəruri struktur elementidir. "Yataqxanasız universitet çolaq insana bənzəyir"
fikrini əvvələr söyləmişdim. Yataqxana şəraitində gəncləri milli ruhda
tərbiyə və sosiallaşdırmaq daha asandır. Milli birliyin, vətənpərvərliyin toxumları
yataqxanada əkilir. Yataqxananın
üstünlükləri düşündüyümüzdən
daha çoxdur.
İslam dünyası nobelçilərinin
arzularını nəzərə alaraq, fundamental elmi və
texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Başqa sözlə,
maddi dəyər yarada bilən ixtisaslara üstünlük
verilməlidir. Texniki təfəkkürü və icadetməni
stimullaşdırmaq lazımdır.
Əminliklə demək olar ki, biz bütün ixtisaslar üzrə bakalavr və çox ixtisaslar üzrə isə magistr səviyyəsində keyfiyyətli təhsil verə bilirik. Bu səbəbdən xaricdə təhsil almağa doktorantları və qismən magistrləri göndərmək daha məqsədəuyğundur. Onlar geriyə dönəndə özləri ilə həm də yeni aktual elmi istiqamətlər gətirəcəklər.
12. Koronavirus dövründə təhsil.
Ölkəmizdə təhsilalanların sayı 1,6 milyon, təhsilverənlərin
sayı 150 min nəfərdir. Ali məktəbdə təhsil
alanlarımızın sayı təqribən 100 min nəfər,
alim və müəllimərin sayı 30 min nəfərdir. Hər
bir təhsil alanın valideynlərini də nəzər alsaq,
görərik ki, Azərbaycan cəmiyyətinin yarısı təhsil
qayğıları ilə yaşayır. Başqa cür ifadə
etsək, cəmiyyətimiz təhsil oxu ətrafında
fırlanır. Əgər biz bu hərəkəti
dayandırsaq, faciəvi hadisələrlə
qarşılaşa bilərik. Bu səbəbdən biz istənilən
pandemiya şəraitində təhsil verməyi
bacarmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın
göstərişlərinə ciddi əməl etməklə,
ənənəvi üsulla təhsili hökmən davam etdirməliyik.
Sonda
qeyd edim ki, bu təhsil müddəalarının əksəriyyəti
ənənəvi müddəaların tam əksinədir. Əgər biz inkişaf etməkdə olan ölkələr
sırasından inkişaf
etmiş ölkələr sırasına keçmək istəyiriksə,
onda təhsilə baxışımızı köklü
şəkildə dəyişməliyik. Hal-hazırda bəşəriyyət
iqtisadi oxu (cahillik oxu) ətrafında fırlanır.
İnanıram ki, yaxın gəlcəkdə dünya təhsil
oxu (kamillik oxu) ətrafında fırlanacaq. Bu, o zaman baş
verəcəkdir ki, ölkənin birinci naziri İqtisadiyyat və
ya Maliyyə naziri yox, Təhsil naziri olacaqdır.
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi,
Təhsi Nazirliyi yanında İctimai
Şuranın sədri
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.14.