"Fəxr edirəm ki,
zabitlər anası, zabitlər qayınanasıyam"
NƏZAKƏT MƏMMƏDLİ:
"MƏNCƏ, ƏN YAXŞI ANA ÖZ ÖVLADLARINA
VƏTƏNİ CANDAN ÇOX SEVMƏYİ
AŞILAYANDIR"
"Yada düşdü"
jurnalının təsisçisi
və baş redaktoru, şair, publisist Nəzakət Məmmədlinin üç
övladı hazırda
ön cəbhədə
vətənin keşiyindədir. Nəzakət xanım bir ana kimi övladları
üçün nə
qədər nigaran olsa da, bir
azərbaycanlı xanım
kimi qürurludur.
Nəzakət xanımın bu
duyğular fırtınasına
daha yaxından şahid olmaq üçün, hazırkı
vəziyyətini də
nəzərə almaqla,
yığcam söhbət
elədik.
- Nəzakət xanım, bu gün üç övladınız cəbhədədir.
Onları bir qədər tanıdardınız
bizə...
- Mənim üç övladım var. Qızım
hərbi həkimdir, oğlanlarım isə biri polkovnik-leytenant, digəri mayordur. Polkovnik-leytenant olan oğlum
lap ön cəbhədədir.
Bildiyiniz
kimi, Qarabağ uğrunda rəşadətli
ordumuz döyüş
əməliyyatlarını uğurla icra edir. Bütün xalqımız kimi,
mən də buna çox sevinirəm. Amma o sevincin
içərisində təbii
ki, çox böyük ana narahatlığı var. Elə
müharibə başlayan
gün güclü sarsıntı yaşadım.
Çox
qorxurdum. Birdən-birə beynimdə sanki bütün arzularım, düşüncələrim alt-üst olmuşdu. Amma inanın, o narahatlığı
oğlumun zəngi aradan qaldırdı.
O dedi ki, şükür, Allah bu günü bizə qismət elədi, biz artıq öz torpaqlarımız uğrunda
müharibə edirik və o yerlərimizi lap yaxın günlərdə
işğaldan azad edəcəyik. Doğrusu, bunu əvvəl
bir təsəlli kimi qəbul elədim Sonradan gördüm ki, həqiqətən də cəmi 2 gün ərzində bizə böyük qələbələr
yaşadırlar. Allah hər kəsin balasını qorusun, hər kəs sağ-salamat qayıtsın,
mənim üç balam da onların
içində. Qızım hərbi
həkimdir. İnanın, gecəsi-gündüz yoxdur.
- Bir ana kimi nələr
düşünür, nə
hiss edirsiniz?
- Dostoyevskinin bir fikri var ki,
övlad dünyanın
ən böyük səadətidir. Bəli, mən də
bu fikirlə razıyam. Bu dəqiqə bir ana kimi böyütdüyüm
o üç övladın
arzularının təşnəsində
yanıram ki, tezliklə balalarım sağ-salamat, zəfərlə
qayıtsınlar. Onların seçdikləri
peşə çətin
və şərəflidir.
Böyük oğlum ilk dəfə
14 yaşında hərbçi
olmaq istədiyini deyəndə evdə hamımız narazı olmuşduq. Çünki çox yaxşı
oxuyurdu. Ona görə
istəyirdik təhsilini
davam etdirsin. O isə inadkarlıqla dedi ki, bu
dəqiqə vətənə
savadlı, peşəkar
zabitlər lazımdır.
Mən onda inadından dönməyən
oğlumun qarşısında
elə aciz göründüm ki... İndi də ondan nə
qədər narahat olsam da, o qədər
qürurluyam. Bir
şeirim var: "Mən zabit anasıyam". Fəxr edirəm ki,
zabitlər anası, zabitlər qayınanasıyam.
Gəlinlərim də rütbə
daşıyırlar. Bununla fəxr
edirəm.
- Övladlarınızda
bu yüksək vətənpərvərlik hissləri
necə formalaşıb?
- Məncə, bu, övlada ananın südüylə keçir.
Başqa
cür mümkün deyil. Bu hisslər
evdən, o uşağın
doğulduğu ocaqdan
qaynaqlanır. Mən də
hər zaman bütöv Azərbaycan arzusunda olmuşam. Babam Ərdəbildən gəlib.
Mən balaca olanda evimizdə
bir radio vardı.
Həmişə görürdüm ki, rəhmətlik atam günorta saatlarında o radioda Arazın o tayını tutub musiqiyə qulaq asır. Onun həmin vaxt gözündən axan yaşlar indi də gözümün qabağındadır. Öz-özümdən soruşurdum ki, atamı ağladan nədir? Amma ondan soruşmurdum.
Sonralar bu suala özüm
cavab tapdım ki, vətən həsrəti, nisgili imiş. Bu nisgil
ona öz atasından miras qalmışdı. Bu vətən sevgisi mənə babamdan, atamdan qalan sevgi
idi ki, mən
onu övladlarıma aşılaya bildim. Atamın arzusu idi ki,
öz atasının gedə bilmədiyi Ərdəbilə getsin.
Onların arzusunu mən
həyata keçirmişdim.
Yollar açılanda ilk səfər
etdiyim yer Ərdəbil olmuşdu.
Budur vətənpərvərlik. Əgər bir insan vətən
üçün canını
verə bilmirsə, ondan heç nə gözləməyə
dəyməz.
- Övladları
ön cəbhədə
olan analara nə demək istərdiniz?
- Ən yaxşı
ana o anadır ki, övladlarına vətəni candan çox sevməyi aşılaya bilsin. Hardasa oxumuşdum ki, türk anası övladını cəbhəyə
yola salanda ona belə bir
xeyir-dua verir: "Əgər kürəyindən
yaralanıb şəhid
olsan, südüm sənə halal olmasın!" Bunu ilk eşidəndə adam qəribə hisslər keçirir ki, bir ana
da belə xeyir-dua verərmi? Amma sonra dərinə vardıqda görürsən
ki, ana öz
doğub-böyütdüyü övladıyla fəxr etməlidir. Otuz ildən
çoxdur ki, bu qan-qadanın içindəyik. Baş redaktoru
olduğum "Xatirə"
kitabında qəhrəman
oğullarımızın ad-soyadlarını gördükcə,
onlardan bəzilərinin
anaları, bacıları
ilə qarşılaşanda
qürur duyuram. Bəli, onların hamısının
dərdi birdir, amma ən böyük
təsəlliləri də
övladlarının məhz
şəhidlik zirvəsinə
ucalmasıdır. Bu, hər kəsə qismət olmayan bir zirvədir. Övladları ön cəbhədə
olan analara üzümü tutub deyirəm ki, möhkəm olaq. Bizim balalarımız haqq yolunda, ədalət yolunda, torpaqlarımız uğrunda döyüşürlər.
Bu dəqiqə onlara bizim dualarımız
qədər heç nə lazım deyil. Ancaq dua edək ki, onlar sağ-salamat
torpaqlarımızı alıb,
üzüağ yanımıza
qayıtsınlar, qurbanlarını
kəsək. Mən hər
balam üçün
ayrıca qurban demişəm. Təki, Qarabağımız
geri alınsın.
- Xalqımızın
bugünkü əzmini
necə qiymətləndirirsiniz?
- "Bağışlama bizi, Vətən" adlı şeirimin sonunda deyilir:
İrəvanda gur səsimiz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün vətən torpağını
gözlərim,
Dəysin vətən torpağına
dizlərim.
Bu şeiri 15 il
əvvəl yazmışdım.
Onda bizim qisasımız alınmamışdı. Bu
gün isə artıq bayraqlarımız
doğma yurdlarımıza,
şəhid qanı axıdılan yerlərə
sancılır.
Bir neçə il öncə Türkiyənin Əskişəhər şəhərində olarkən oteldə işləyən Gülər adlı cavan qızla tanış olmuşdum. Adı diqqətimi çəkdi, soruşdum ki, sizdə də bu ad var? Dedi, Özbəkistandan gəlmisiz? Dedim, yox, Azərbaycandan. Dedi, mən də azərbaycanlıyam. Soruşdum, harasından? Dedi, indi o torpaqlar yoxdur. Mən Xocalı qətliamında xoş təsadüf nəticəsində sağ qalanlardan biriyəm. Ailəm orda nəsli kəsilən ailələrdəndir. Məni ordakı türk qonşularımız öz uşaqlarına qatıb möcüzə şəklində ordan çıxarıblar və gəlib Türkiyəyə yerləşmişik. Gülər ordan 2 yaşında gəlib. Onun 14 yaşı olanda ölüm yatağında olan nənəsi həqiqəti ona danışır və deyir ki, sənin adın doğrudan da, Gülərdir, sən azərbaycanlısan, ailən Xocalıda qırılıb. Gülər deyirdi ki, mən Azərbaycana, Xocalıya internetdə baxıram. Mən ona dedim ki, gəl, səni aparım. Dedi, yox, mən Azərbaycana o vaxt gedəcəyəm ki, Xocalı, Qarabağ azad olunsun. Mən öz yuvama gedib, orda özümə ev quracağam. Mən ona söz verdim ki, o torpaqlar azad olunacaq. Amma inanın ki, öz içimdə ümidim az idi. İndi isə mən çox sevincliyəm. Bilirəm ki, tezliklə Gülərin vətəni də işğaldan azad olacaq və mən onu tapıb oraya dəvət edəcəyəm. Buna tək mən yox, artıq hamı inanır. Xalqımız hazırda bir yumruq kimi birləşib. Hamımızın tək amalı Qarabağdır. Əminik ki, Qarabağ azad olunacaq və biz oralara qayıdacağıq. Rəşadətli ordumuz bizi o torpaqlara qovuşduracaq!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.12.