Susqun qadının intiqamı
Həmişə insanlarımızın çöhrəsində,
üz-gözündə bir
nisgil, əzginlik müşahidə etmişəm. Və hər
dəfə özüm-özümdən
soruşmuşam, biz niyə
bu qədər qaraqabaq, bu qədər
asosial toplumuq? Hamı evindən çıxıb
işinə gedir, kafe-restoranlarda oturur, küçədə dolaşır
- hamının gözlərində
kədər, elə bil, yasdan çıxmışıq.
Yorğun ruhlu insanlar... Sanki hamı
bu yorğunluqdan nəsibini alıb, hamı bu yorğunluğa
məğlub olub.
Yoxsa bu nisgilli baxışlar, düyünlənmiş alnlar,
çatılmış qaşlar
başqa nəyin əlaməti ola
bilərdi ki? Hər dəfə də cavabını axtardığım bu sualın bir izahı olurdu: düşünürdüm ki,
hamımız depressiyadayıq,
kütləvi depressiyanın
ağuşundayıq.
Bir dəfə
Qarabağ müharibəsində
əsir düşmüş,
sonradan geri qaytarılmış bir qadının hekayəsini
dinləmişdim nəvəsindən.
"Nənəm çox
gözəl qadın olub, - deyirdi. - Hər
şeyin yerini bilən, hamının qeydinə qalan, həm də yaman qadın olub, deyilənə görə. Amma mən nənəmi
həmişə susqun,
dinib-danışmayan, qaraqabaq
görmüşəm. Anamgil deyirlər ki, nənəm əsirlikdən
qayıdandan sonra belə olub. Ermənilər babamı öldürüb,
nənəmi əsir alıblarmış".
Dəqiqləşdirmək üçün
bir də soruşmuşdum: nənən
heç danışmırdı,
yəni öləndə
də danışmadı?
"Yox, danışmırdı,
heç öləndə
də danışmadı"
- demişdi.
Ermənilərin nə cins olduğunu
bildiyimdən söhbəti
uzatmağa ürək
eləməmişdim. İkimiz də
susmuşduq. Mövzunu dəyişməyə
çalışsam da,
üstümə elə
bir ağırlıq çökmüşdü ki,
elə ordaca ölmək, yox olmaq istəmişdim.
Sonralar insanlarımızın
çatılmış qaşlarını,
yorğun çöhrələrini,
əsəbi mimikalarını,
bir nöqtəyə zillənmiş donuq baxışlarını müşahidə
etdikcə, həmişə
o qadının naməlum
hekayəsini xatırlamışdım. Mənə elə
gəlmişdi ki, elə bil, hamı
o qadının hekayəsini
bildiyi üçün
belədir, hamı bu hekayənin qəzəbini daşıyır
içində. Və bu
qəzəbi axıdacaq
yer tapmadıqca, qat-qat kin bağlayıb qəlbimiz, elə o kinin yüküdür insanların başını
qaldırıb şəstlə
yuxarı baxmağa qoymayan.
Bu günlər küçələrdə
insanların üz ifadələrinə, baxışlarına
nəzər yetirdikcə
anlayıram, boğazınacan
dolmuş o zəhər
tuluğu artıq deşilib və sanki xalq zəhərini
axıtdıqca yüngülləşir,
rəngi-rufu üstünə
qayıdır.
Müharibənin çox pis olduğunu hamımız bilirik. Bilirik ki, müharibə
ağrı-acı, qan-qada, fəlakət,
zülm gətirir, insanların həyatında
geri dönüşü
olmayan izlər qoyur,
kişilər ər meydanında qəhrəmancasına şəhid
olanda, qadınların ürəyi qəfəsdəki
quş kimi
çırpınır. Amma onu da bilirik
ki, bizim bu gün bu
müharibəyə nə qədər ehtiyacımız var. Yəni bu məsələ
nə büsbütün ağ,
nə də büsbütün qara rəngdədir. Atəşkəsə bürünmüş ötən onilliklər
bizim kimi qan yaddaşı olan xalqda böyük depressiya yaratdı. Biz
müharibəni ən ağır formada yaşayan xalq olaraq humanizmin,
insanlığın nə qədər dəyərli olduğunu bilirik. Bu səbəbdən biz heç bir körpənin
ayaqlarının dərisini soymaz, hamilə
qadının qarnına silah dayamaz, insanlığa sığmayan ağlagəlməz
əməllər törətmərik.
Dilini
dişlərinə sıxıb əsirlikdə
gördüyü müsibətləri danışmayan, son nəfəsinəcən
susan o qadın, onun kimi onlarla anamız talelərindən
utanmayıb danışsaydılar, kim bilir, nələr deyərdilər.
Bunları heç bir
xalq bizim kimi anlaya bilməz. Biz bütün bu
susqunların fəryadını eşitdikcə içimizdə
sıxışıb qalmışdıq. İçimizdəki
nisgili, utancı təmizləməyə
bilmədiyimiz bu ötən illərdə
hər gün bir az da qırılıb öz içimizə çökmüşdük.
Və o üzdən də bu günlər cəbhədən gələn
hər xoş müjdədən ürəyimiz
atlanır, düşmənin məhv
edilməsi ilə bağlı hər xəbər ürəyimizə
su səpir, yaralarımıza məlhəm
olur. Qürurlanmağımız,
yenidən şadlanmağımız üçün
müharibəyə, qanla alınacaq intiqama nə qədər möhtac
olduğumuzu indi hər
birimiz anlayırıq. Bizi
bizdən yaxşı heç kim anlamaz. Yaramıza məlhəm
qoya-qoya, intiqamımızı ala-ala qanımızla suladığımız
torpaqlarda yeni fidanlar yetişdirəcəyimizə
inanırıq. Artıq hamıya bağıra-bağıra
demək istəyirəm, başınızı dik tutun,
başımızı dik tutaq,
bundan belə küçədə-bayırda
şax, alnıaçıq yeriməyi
öyrənək. Bu gün
cəbhədə şanlı tarix yazan igidlərimizin sayəsində neçə
illərdən bəri içimizdə yığılıb bizi yaşamağa qoymayan zəhər axıb gedir,
intiqamımız alınır və ruhumuz
yüngülləşir. Yəqin
yaşadıqları faciələrdən kimsəyə söz etməyib dünyadan
nisgilləri ilə birgə köçən o
susqun insanların - erməni qaniçənlərinin
alçaqlığına tuş gələn
bütün qadınların,
uşaqların, qocaların da ruhları dinclik tapır. Və biz
hamımız bu səadəti, bu sevinci cəbhədə
şanlı tarix yazan
igidlərimizin sayəsində yaşayırıq...
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.13.