Ədəbi düşüncələr

 

 

 

Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

 

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə - esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu, təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

 

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin - dinamik bir şeydir, dəyişir, başqalaşır.

 

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

 

Koronavirusla bağlı uzunmüddətli "Evdə qal" kampaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-sahmana salmaq istədim və bu zaman yenidən yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də, ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

 

Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən mənim vərdişim idi (elə indi də davam edir) və bunlar mənim bilavasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.

 

Mən bunların haçansa çap olunacağını düşünməzdim.

 

Əslində, bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir.

 

Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan - çapa hazırlayanda yazmışam.

 

Bunu da deyim ki, "Ədəbi düşüncələr" tam şəkildə, yəni bu yeni əlavələrlə birlikdə Azərbaycan Tərcümə Mərkəzində nəşrə hazırlanır.

 

Birinci nəşrdən isə artıq 18 il keçib və o zaman "Ədəbi düşüncələr" oxucuların, mətbuatın diqqətini cəlb etdi, bir çox məqalələr yazıldı, müzakirələr keçirildi.

 

Həmin birinci nəşrin tarixçəsi isə belə oldu ki, "Ədəbi düşüncələr"i mətbuatda oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimimiz və rejissorumuz)  mənimlə söhbət əsnasında: "- Mütləq kitab kimi hazırlamaq lazımdır" - dedi və kitab nəşr olunandan sonra o, özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi - Vaqif çox mütaliəli, geniş dünyagörüşlü bir sənətkar idi.

 

Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

 

"Ədəbi düşüncələr" Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən, "Literaturnaya qazeta"da) çap edildi, kitab kimi nəşr olundu və aradan keçən bu illər ərzində isə  başqa dillərə də çevrildi.

 

... O ki qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı.

 

8 iyul 2020

Bilgəh

 

***

 

İDEOLOJİ-İNZİBATİ BASQI

 

Sosrealizm ədəbiyyatda süni "xalqlar dostluğu" yaradır.

 

Hakim ideoloji-inzibati ideologiya isə (sosrealizm də bu ideologiyanın yetişdirməsidir) ədəbiyyatın tarixinə müdaxilə edərək, yalançı "dostluqlar" yaradır.

 

Misal üçün, bizim ədəbiyyatşünaslar Aleksandr Qriboyedov ilə Abbasqulu ağa Bakıxanovun dostluğundan yazır və bu "dostluq" məqalədən məqaləyə, monoqrafiyadan monoqrafiyaya keçir.

 

Mən Qriboyedovda Bakıxanovun adına cəmi üç yerdə rast gəldim: İrəvan səfəri zamanı Bakıxanovun çayın yanındakı çadırını xatırlayır ("Palatka Abbas-Kuli nad rekoyu"), bir az sonra yazır ki, Bakıxanov ona Gəncə uğrundakı döyüşün Nizaminin məzarı olan yerdə baş verdiyini danışıb ("Rasskaz Abbas-Kuli, çto Elisavetpolskoe srajenie dano na moqile poeta Nizami"), bir də Gilanda olarkən kürdlərlə danışıq aparmaq üçün Bakıxanova tapşırıq verdiyini qeyd edir ("Ya poruçil naşemu Abbas-Kuli vstupit v razqovor s kurdami").

 

Buradakı "bizim Abbasqulu" ifadəsini mən - "bizim Tiflisdə xarici işlər üzrə katibimiz" kimi qəbul edirəm, çünki Peterburqdan xüsusi missiya ilə gəlmiş yüksək rütbəli və səlahiyyətli məmur - Qriboyedov onu müşayiət edən xeyli dərəcədə aşağı rütbəli məmura - Bakıxanova "tapşırıq verilir".

 

Elə bu üç qeydə görə biz Qriboyedov-Bakıxanov dostluğundan danışırıq?

 

Nə böyük rus ədibi Qriboyedovun, nə də böyük Azərbaycan ədibi Bakıxanovun belə bir quraşdırma dostluğa ehtiyacı var.

 

Mən xüsusi olaraq, nüfuzlu və səriştəli professor Mikayıl Rəfilinin "Bakıxanov və rus ədəbiyyatı" adlı yığcam və maraqlı monoqrafiyasına baxdım. Orada ayrıca bir "Qriboyedov və Bakıxanov" fəsli var və Rəfili bu fəsildə Qriboyedov haqqında, onun Qafqaz səfəri, Tiflisdə və İrandakı həyatı, hətta rusların "İvan İvanoviç" deyə çağırdıqları hamamçı Məşədinin ona Azərbaycan dilində dərs deməsi (!), Türkmənçay müqaviləsi, Rusiya Xarici İşlər naziri qraf Nesselrode, general Yermolovun qanlı Qafqaz yürüşü, onu əvəz etmiş qraf Paskeviç və Abbas Mirzə, eləcə də Bakıxanovun özü barələ faktlarla danışırsa, Bakıxanov - Qiboyedov "dostluğu ilə bağlı ancaq fərziyələrə, ehtimallara, gümanlara əsaslanır”.

 

Zor gücünə "dostluq" yaratmağa nə ehtiyac var?

 

QORKİNİN ÇIXIŞI

 

4 aprel 1935-ci ildə Maksim Qorki öz mənzilində dramaturqlarla sovet dramaturgiyasının vəziyyəti və vəzifələri barədə müşavirə keçirib və onun bu müşavirədəki çıxışının stenoqramı dərc edilib.

 

M.Qorki deyir ki, dram əsərlərindəki qəhrəmanlar "köhnə pyeslərin" qəhrəmanları kimi "az danışıb, çox etməlidirlər" və gözlənilmədən Şekspirin pyeslərini nümunə göstərir.

 

Əlbəttə, tamamilə yanlış bir iddiadır.

 

Şekspir pyeslərində danışıq - dialoqlar, monoloqlar, əksinə, çoxdur və məsələ də burasındadır ki, onlar bu pyeslərdəki güclü (və həssas!) bədii-estetik dinamika ilə bir-birini əsaslandırır və tamamlayır.

 

Ümumiyyətlə, Qorkinin bu çıxışı başdan-başa hakim ideologiyaya söykənən vulqar sosiologizmlə doludur və məndə elə bir təəssürat yarandı ki, o, SSRİ-də yaşadığı son məqamlarda - bu çıxış vəfatından bir il əvvəlin hadisəsidir - Sistemi (Stalin rejimini) inandırmağa çalışır ki, mən sizinəm, sizinləyəm (məndə işiniz olmasın!).

 

Bu çıxışdakı müddəalar daxili bir qorxunun ifadəsidir.

 

Bəlkə mən yanılıram və Qorki bütün bu vulqar sosrealizm müddəalarını ürəkdən deyir?

 

Hər halda, partiyalı tənqidin əlinə yeni fürsət düşüb və "partiyalı yoldaşlar" Qorkinin (bədbəxt Qorkinin?) bu çıxışından vəcdə gəlib, ədəbi prosesi "partiyalaşdırırlır".

 

ÇİNGİZ AYTMATOV HAQQINDA

 

"Kassandra"nı oxudum.

 

Çingiz Aytmatov "Cəmilə" milliliyindən "Kassandranın damğası" kosmopolitliyinə gəlib çıxdı.

 

Bilmirəm, ədəbiyyat bundan uddu, ya uduzdu?

 

FEYXTVANGER VƏ ONUN "YALANÇI NERON"U

 

Mənim üçün iki yazıçının tarixi-bioqrafik əsərləri klassikadır - Lion Feyxtvangerin və Stefan Sveyqin.

 

Sveyq nə qədər lirik-psixoloji araşdırıcıdırsa, bir o qədər də Feyxtvanger epik-psixoloji araşdırıcıdır.

 

Onların ikisi də yazdıqları zamandan asılı olmayaraq, xisləti araşdırır.

 

Sovet ədəbiyyatşünaslığı deyir ki, Feyxtvanger "Yalançı Neron"u faşizmi, şəxsən Hitleri nəzərdə tutaraq yazıb (guya bu, əslində, faşizm haqqında romandır?!), yəni Feyxtivanger müasir dövrü qədim Romaya köçürüb.

 

Bilmirəm, nə dərəcədə doğru fikirdir (ola da bilər, Feyxtvangerin arvadı Marta Lefflerin xatirələrini oxuyanda görürsən ki, onların başı faşizmdən çox bəlalar çəkib), ancaq mənim üçün bu roman epoxasından asılı olmayaraq, cəmiyyətin (fərqi yoxdur, hansı cəmiyyət olursa, olsun - antik dövrdən tutmuş, kapitalizmə, bizim də bu sosializmizə qədər!) mahiyyətini, iç üzünü açmaq baxımından son dərəcə dolğun bir əsərdir və yəqin elə buna görə də, bu romanı oxuyanda tez-tez "Don Kixot" yadıma düşürdü.

 

Burada da Feyxtvangerin başqa bioqrafik romanlarında olduğu kimi (mənim ən çox xoşuma gələn Russo haqqında yazdığı "Qəribə adamın müdrikliyi"dir), insanın daxili aləmi və əxlaqi-sosial problemləri ilə bədiilik arasında üzvi bir vəhdət, harmoniya var.

 

Özünü Neron elan etmiş Terensiyanı əhatə edən mühitin, onun özünün, dostlarının və düşmənlərinin, kasıbların və varlıların, bir sözlə, cəmiyyətin intriqaları, riyakarlığlı, amansızlığı və yaltaqlığı, ikiüzlüyü və xəyanətkarlığı, nadanlığı və təkəbbürü, kütlə psixologiyası - kimisə birdən-birə bütə çevirir və sonra elə həmin sürətlə də yerə çırpır - bütün bunlar dediyim o vəhdət və harmoniya ilə təsvir (və tədqiq!) edilir.

 

Qəddar və mənasız bir vücud olan Terensiyanı sağ qalmış Neron adı ilə taxta çıxaranlar, bu yalançı Neronun taxtının laxlamağa başladığını hiss edən kimi də, dərhal qaçırlar, düşmənlərin havadarlarına çevrilirlər və onların laxlamanı əvvəldən hissetmə qabiliyyəti (əslində, bu da bir vergidir!) öz şikarını axtaran heç bir vəhşi heyvanda da yoxdur.

 

Terensiya başda olmaqla, romanın bütün qəhrəmanları canlıdır, ətli-qanlıdır, bəzən də Feyxtvanger hadisələri bir tarixçi kimi nəql edir, ancaq bildiyim dərəcədə, tarixdə Terensiya haqqında üç-dörd cümlədən artıq bir şey yoxdur və bu - Feyxtvangerin (yazıçının!) yazdığı tarixdir.

 

Sveyqin, Firudin bəy demişkən, təhkiyeyi-kəlamı Heminquey kimi nə qədər yüngüldürsə (yaxşı mənada), Feyxtvangerin təhkiyeyi-kəlamı Folkner kimi ağır çəkilidir.

 

Mənim üçün Feyxtvanger XX əsrin böyük yazıçılarından biri - birincilərdən biridir.

 

NODAR DUMBADZE HAQQINDA

 

Keçən həftə Tiflisdən qayıtdım, elə o vaxtdan da bu roman mizimin üstündə idi, bazar günü oxudum.

 

Ayın 4-ündə* axşam "Vremya" xəbər verdi ki, Nodar Dumbadze vəfat edib, bir az keçəndən sonra Sahib Quliyev** mənə evə zəng elədi ki, Kamran Bağırov xahiş edir Dumbadzenin dəfnində iştirak edim. Dilarəyə*** telefon açıb, Leyla Eradzenin **** telefon nömrəsini aldım və onunla danışıb, səfərimi götür-qoy etdim. 5-ində səhər Tiflisə uçdum, aeroportdan da Mirzə müəllimə***** xəbər verdim ki, Tiflisə gedirəm.

 

Dumbadzeni böyük təntənə ilə dəfn etdilər və bu, təşkil olunmuş təntənə deyildi, Şevardnadze başda olmaqla, bütün millət Mziuri parkınacan onu çiynində apardı, orada da torpağa tapşırdı.

 

Mənə elə gəlirdi ki, onun tabutunu qaldırıb aparan bu böyük izdihamın əli, çiyni, deyil, onların sevgisi, məhəbbətidir və mən dəfn mərasimində bu boyda izdihamı, belə bir millət sevgisini düz 28 il bundan əvvəl (onda 13 yaşım var idi) Səməd Vurğunun dəfn mərasimində görmüşdüm.

 

Elə həmin axşam da Şevardnadze bizi, yəni mərasimdə iştirak etmək üçün gəlmiş qonaqları qəbul etdi və onun da süni yox, həqiqi kədərini hiss etmək çətin məsələ deyildi. "Gürcü xalqı böyük sənətkarını itirdi, mən isə böyük sənətkarla bərabər, böyük və əziz dostumu itirdim" - dedi.

 

Dumbadzeni dördüncü (!) infarkt aparıb.

 

Mən onunla üç il bundan əvvəl, Moskvada Qurultay zamanı****** tanış olmuşdum. Çox sağlam görkəmli, enerjili, zarafatcıl bir adam idi, təzəcə Lenin mükafatı almışdı və doğrusu, mən onun Gürcüstanda bu qədər sevildiyini ağlıma gətirmirdim.

 

İndiyə qədər onun iki romanını oxumuşdum: "Mən, nənəm, İliko və İllarion"u, bir də "Əbədilik qanunu"nu. "İliko" səmimi, yumoru duzlu, lirik və istedadlı bir əsərdir, ancaq bu romanı məşhurlaşdıran Tengiz Abuladzenin çəkdiyi film oldu. "Əbədilik qanunu" isə Lenin mükafatı aldı (görünür, bunda Şevardnadzenin dostluğu az rol oynamayıb), ancaq mən o romanı indi bir biganəliklə xatırlayıram.

 

Bir müddət bundan əvvəl onun "Qorxma, ana" romanını almışdım, ancaq indiyə qədər oxumamışdım. Bu kiçik həcmli əsər də səmimidir, lirikdir, yaxşı yumoru var, Dumbadze də Heminquey kimi dialoqları çox xoşlayır və onun istedadı sosrealizmə sığışmır, hətta elə yerlər var ki, mən təəccüb etdim ki, Qlavlitdən******* necə keçib. Misal üçün, Sərhədi keçmək istəyən 19 yaşlı bir oğlanı (sovet gəncini!) tuturlar və onu dindirirlər:

 

"- Hara getmək istəyirdin?

 

- Amerikaya.

 

- Türkiyədən?

 

- Hə, Türkiyədən.

 

- Bəs Vətən necə olsun?

 

- Hansı Vətən?

 

- Sənin Vətənin.

 

- Hə, yenə Vətən! Mən bu Vətəndən yorulmuşam! Evdə - Vətən, məktəbdə - Vətən, radioda - Vətən, televizorda - Vətən! Bezmişəm! Mən harda xoşbəxt olacağamsa, ora da mənim vətənim olacaq!"

 

Buradakı "Vətən" - Sovet İttifaqıdır!

 

Vətəndən bezmiş oğlan da ABŞ-ın, ya İngiltərənin, ya da AFR-in vətəndaşı deyil, sovet gəncidir!

 

Düzdür, sonra məlum olur ki, bu sözləri deyən oğlan narkomandır, ancaq hər halda belə şeylərdə qazdan ayıq olan Qlavlit, qəribədir ki, buradakı açıq-aşkar "qızım sənə deyirəm, gəlinim, sən eşit"i görməyib.

 

Dumbadze yaradıcılığının sevilməsinin, onun populyarlığının bir mühüm bədii səbəbi var: o sentimentallıqdan ki, yazıçılar (mən özüm də daxil olmaqla) qorxurlar, sentimentallığa varmaqdan çəkinirlər, Dumbadze Aytmatovun da ilk povestlərində ("Cəmilə", "Birinci müəllim", "Əlvida, Gülsarı") olduğu kimi, sentimental lirikadan çəkinmir, onun qəhrəmanları, xatirimdədir, misal üçün, "- Salam, günəş!" - deyə günəşlə salamlaşırlar ("Mən, nənəm, İliko və İllarion") və bu lirik-sentimental romantika Dumbadzedə təbii səslənir, yəni sentimentallıq onun yaradıcılığında bayağılığa, sentimental təmtərağa, əttökən "romantikaya" çevrilmir, dediyim kimi, təbii səslənir.

 

"Qorxma, ana" bu, mühüm cəhətin "əyani" göstəricisidir.

 

* Söhbət 1984-cü ildən gedir.

 

_______________________

 

** Rəhmətlik Sahib Quliyev o vaxt Azərbaycan KP MK Birinci katibinin köməkçisi idi. Sonralar Nazirlər Kabinetində onunla birlikdə işləyirdik.

 

*** Dilarə Əliyeva - ədəbiyyatşünas, elmlər doktoru.

 

**** Leyla Eradze gürcü tərcüməçisi idi. Azərbaycan dilini bilirdi və bizim yazıçılarımızın əsərlərini (o cümlədən, İlyas Əfəndiyevin "Söyüdlü arx" romanını) gürcü dilinə tərcümə etmişdi. Gürcüstan Yazıçılar İttifaqında işləyirdi və rəhmətlik Dilarə Əliyevanın yaxın rəfiqəsi idi.

 

***** Mirzə İbrahimov o zaman Yazıçılar İttifaqının sədri idi.

 

****** Sovet yazıçılarının VII Qurultayı.

 

******* Sovet senzurası idi və Ədəbiyyat və İncəsənət Üzrə Baş İdarə adlanırdı.

 

MƏŞUQ NAPOLEON

 

Yurmalada bukinistdən Fransa Akademiyasının üzvü Frederik Masso adlı müəllifin rus dilinə çevrilib, 1912-ci ildə Moskvada nəşr olunmuş "Napoleon və qadınlar" kitabını aldım, elə burada da oxudum.

 

Napoleon Korsikada sadə və kasıb bir ailədə doğulub Fransa imperatoru olmuş böyük sərkərdə idi - buna söz yox.

 

Ancaq eyni zamanda, bacarıqlı da bir məşuq imiş!

 

ŞAİR OLA BİLƏRDİ...

 

Nazim Hikmətin Mikayıl Rəfilinin ölümünə yazdığı şeir bu məşhur misra ilə başlayır:

 

Nəslimin yarpaq tökümü başladı,

çoxumuz qışa qalmayacağız.

Dəliyə döndüm, Rəfili,

ölüm xəbərini alır-almaz...

 

"Nəslimin yarpaq tökümü başladı" - təsirli və gözəl poetik obrazdır, ancaq bu obrazın (bənzətmənin) ilkin müəllifi elə Rəfilinin özü imiş.

 

Şamil*, Rəfilinin makina yazısında şeirlərini mənə verib və Rəfilinin özünün sonda qeyd etdiyi kimi, 1957-ci ilin 8 dekabrında gecə saat 3-də Moskvada yazdığı bir şeiri belə başlayır:

 

İnsan ömrü də bənzər ilin fəsillərinə...

Ömrün bağlarında açar bəzən bənövşələr,

Bəzən də payız kimi tökülər yarpaqları;

Qış gecələri kimi susar, ya inlər,

Ya da buz bağlayan arzu yerinə

Kül altında sızıldayan kösöylərdən

Qalar son ocaqları...

Hər itən gün əbədi bir itkidir, eyvah!

Hər sönən təbəssüm bir ulduzdur...

 

Bildiyim qədər, bu şeirin yazıldığı tarixdən ölümünə - 26 aprel 1958-ci iləcən Rəfilinin şeirləri, o cümlədən də, bu şeiri çap olunmayıb. Görünür, Rəfili bu şeiri Nazimə bağışlayıb, bəlkə elə özü Moskvada Nazimə oxuyub və onun ölüm xəbərinin sarsıntısı ömrün "bəzən də payız kimi tökülür yarpaqları" obrazı Nazimin fikrində ilişib qalıb, sarsıntı da təhtəlşüur olaraq bu obrazı qələmin ucuna gətirib.

 

Elə həmin 57-ci ilin 29 dekabrında Moskvada, Nazimgildə bu zarafatyana bəndi də Rəfili yazıb:

 

Badəmə nur tökür mey kimi, sokak,

Oxusun Koroğlu bizə bir ariya...

Bu gecə gəlmişik Nazimə qonaq,

Mən ölüm, yoxlama nəbzimi, Qaliya**.

 

Nazimin həmin şeirindəki:

 

Səhih Mikayıl, şair ola bilərdin,

Professor oldun...

 

- misralarında aşkar bir təəssüf var.

 

Moskvada, Nazimgildə nəbzi ölçülən və "mən ölüm"lə buna etiraz edən Rəfili düz dörd aydan sonra 53 yaşında vəfat etdi və yəqin bu da maraqlıdır ki, həmin 57-ci il noyabrın 9-da Rəfili Nazimə yazdığı şeirdə "gəncliyin solmayan yarpaqlarını" yada salır:

 

Qarşımda əksin...

Əlimdə sadə qələm,

gözlərimdə Moskvada keçən

gəncliyimizin solmayan yarpaqları.

Sən - Nazim Hikmətsən,

mən -

sadə bir tələbən.

 

_________________________

 

* Rəhmətlik Şamil Salmanov ədəbiyyatşünas, tənqidçi və şair idi, Nizami ad Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsində (Məmməd Cəfər müəllimin şöbəsində) bir yerdə işləyirdik. Mikayıl Rəfilinin yaradıcılığı, xüsusən şeirləri ilə çox maraqlanır və onları toplayırdı.

 

** Qalina Kolesnikova Nazim Hikmətin həkimi və Vera Tulyakovadan əvvəlki həyat yoldaşı idi. Kremlin "Bovarixa" sanatoriyasında terapevt işləyirdi və 1953-cü ildə Nazimlə orada tanış olmuşdular.

 

MARİ SYUZİNİ

 

Doğrusu, mən müasir fransız qadın yazıçıları arasında Mari Syuzininin adını eşitməmişdim və onun "Müasir xarici povest" seriyasından təzəcə nəşr olunmuş* "Belə idi bizim sevgimiz"i maraqla oxumağa başladım, ancaq get-gedə o maraqdan bir şey qalmadı.

 

Povestdəki sevgi süjeti faşizm işğalına qarşı Fransa Müqavimət Hərəkatının mübarizəsi fonunda qələmə alınıb, ancaq yeri düşdü-düşmədi fransız patriotluğunu göstərmək cəhdi pis yazılmamış o eşq-məhəbbət xəttini tamam üstələyir və bədii məğlubiyyətə gətirib çıxarır.

 

Mopassanın bəzi hekayələri yadıma düşdü.

 

Patriotluğu patriotluğu göstərmək naminə yazmaq (bizdə də belə yazılar az deyil) olmaz, yəni patriotluq müəllifin cidd-cəhdinin ifadəsi yox, onun qəhrəmanlarının təbiətindən doğmalıdır, onların ürəyindən gəlməlidir.

 

Mopassanın hekayələrində olduğu kimi.

 

______________________

 

* Kitabxanamda axtarıb o kitabı tapdım: 1978-ci ilin nəşridir.

 

NƏSİMİNİ OXUYARKƏN

 

Nəsimini anlamaq və açmaq üçün gərək bütün ömrünü onun yaradıcılığına həsr edəsən.

 

Mən mülki-cahan, cahan mənəm, mən!

Mən həqqə məkan, məkan mənəm, mən!                                        

 

Yəni bütün kainat ki, var, həmin "mülkü-cahan" bizik - mənəm, sənsən, odur, o birisidir. "Həqqi-məkan" - belə başa düşürəm ki, söhbət Allahın məkanından gedir və o da bizik, mənəm, sənsən, odur, o birisidir.

 

Bu nədir, Allahı danmaqdır, yoxsa inananları başa salmaq işində Allaha kömək etməkdir?

 

ƏDƏBİ SALON VƏ DƏRNƏKLƏR

 

Dünya ədəbiyyatı tarixinin maraqlı hadisələrindən biri də, yəqin, budur ki, XIX əsrə qədər bir dənə də sanballı bədii əsər ortaya çıxartmayan rus ədəbiyyatı birdən-birə (qəflətən!) heç bir milli-bədii ənənəsi olmadan Puşkin və Qoqoldan başlamış Çexova qədər (Lermontov, Turgenyev, Dostoyevski, Tolstoy!) nəhəng qələm sahiblərinə sahib oldu, ədəbi tənqidə Belinskini, Pisaryevi, Dobrolyubovu gətirdi.

 

Bu o demək idi ki, Qərbin Antik dövrdən (Homer, Yevripid, Esxil, Vergili, Apuley və b.) XIX əsrin əvvəllərinəcən, Balzaka, Stendala, yaxud Dikkensə, Tekkereye qədər keçdiyi yolu (Dante, Rable, Servantes, Şekspir və b.) bir əsrdə qət edib və özündən sonra Çexovu, Qorkini, Bunini, Kuprini, Şoloxovu, Bulqakovu, Bloku, Pasternakı, Axmatovanı, Qrossmanı və b. yetişdirib.

 

Ancaq ədəbiyyatşünaslar (və oxucular, mən də onların içində!) XIX əsri "rus ədəbiyyatının qızıl dövrü" hesab edirlər, sonrakı dövrü, yəni XIX sonu XX əvvələrini isə "rus ədəbiyyatının gümüş dövrü" adlandırırlar və bu təsnifatda adını çəkdiyim böyük qələm sahiblərinə baxmayaraq, qızıldan sonra gümüşə enmək - nisbi gerçəkliyin ifadəsidir.

 

XIX əsr rus ədəbiyyatı - ədəbi zirvədir və mən belə başa düşürəm ki, ondan sonrakı dövrün uğurlu (və uğursuz) axtarışlara, özünü doğruldan (və doğrultmayan), dərinlərə gedən (və üzdə üzən) "izm"lərə baxmayaraq, görünür, həmin zirvəyə çatmaq mümkün deyil (necə ki, bizim əruzumuz yüzilliklər boyu Füzuli zirvəsinə çata bilmədi).

 

1930-cu ildə nəşr olunmuş məşhur "Ədəbi salonlar və dərnəklər. XIX əsrin birinci yarısı" kitabı 2001-ci ildə yenidən nəşr olunub və bu kitabı oxuduqca bir daha əmin oluram ki, həmin dövrdə Rusiya ədəbi mühiti arı pətəyi kimi qaynayıb və ən başlıcası isə bəhrə verib.

 

Mən ərinməyib saydım, 1820-ci illərdən 50-ci illərə qədər yalnız Peterburq və Moskvada 59 (!) məşhur salon və dərnəklər fəaliyyət göstərib. Bir-biri ilə rəqabət, estetik mövqe müxtəlifliyi, bədii, ictimai, siyasi fikir ayrılığı, mübahisələr, sağlam və qeyri-sağlam (intriqalarla bərabər!) münasibətlər - bütün bunlar, bu ədəbi ziqzaqlar bu salon və dərnəklərin timsalında böyük ədəbiyyat marağının və mücadiləsinin tərkib hissəsi olub.

 

Şübhəsiz ki, Qərbin, ilk növbədə isə Fransanın təsiri ilə yaranmış bu salon və dərnəklərdə mütəmadi ədəbiyyat gecələri keçirilib,  yeni-yeni əsərlər oxunub və müzakirə edilib, müxtəlif ədəbi cərəyanlar üzə çıxıb, bir sözlə, ədəbiyyat bədii-estetik və ictimai fikrin predmetinə çevrilib. Bu elitar salon və dərnəkləri rus aristokratiyası yaratmışdı, ancaq mənim üçün vacibi odur ki, burada ədəbiyyat təəssübkeşliyi aristokrat təəssübkeşliyi (o cümlədən, iddiası, ənənəsi, forsu, avaraçılığı, boşboğazlığı) içində əriyib yox olmur, əksinə, ön plana çıxır.

 

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda da ədəbi məclislər yarandı və fəaliyyətə başladı (Mirzə Şəfinin yaratdığı "Divani-Hikmət", Seyid Əzimin "Beytüs-Səfa"sı, Natəvanın "Məclisi-Üns"ü və b.) və bu məclislərin əhəmiyyəti onda idi ki, burada söhbət məhz ədəbiyyatdan gedirdi, insanlarımızın ədəbiyyata marağını və ehtiramını artırırdı, kütlənin diqqətini ədəbiyyata cəlb edirdi, muğam sənətimizin inkişafında (milli məxsusluğunu əldə etməsində) müəyyən rol oynayırdı, ancaq təəssüf ki, böyük və zəngin divan ədəbiyyatı (fars dilli poeziya, Nəsimi, Füzuli, Xətai və b.) həmin məclisləri ovsunlamışdı, onlar bu ovsunun təsirindən kənara çıxa bilmirdilər.

 

Bu məclis üzvlərinin yaradıcılığı da, onların ədəbi-bədii axtarışları da tam şəkildə divan ədəbiyyatı ilə bağlı idi və düzdür, onların arasında Seyid Əzim, yaxud Natəvan kimi istedadlı sənətkarlar var idi, ancaq ümumi mahiyyət etibarilə, yəni bir küll olaraq, forma da, məzmun da ən yaxşı halda şəksiz poetik gözəlliyə malik təkrar, ən pis halda isə, yenə də şəksiz, epiqonçuluq idi. Bu məclislərin estetik ehtiva dairəsi məhdud idi, yeni janrlar yaranmırdı, dünya ədəbiyyatı (fars dilli poeziyadan savayı) tərcümə və təbliğ predmeti deyildi, ədəbi-bədii dilimizin xəlqiləşdirilməsi və inkişafı baxımından effektli rol oynamırdı və bəzən mən XIX əsrə, hətta XX əsrin əvvəllərinə aid elə qəzəllərə rast gəlirəm ki, Füzulinin dili onlara nisbətən xeyli dərəcədə müasirdir.

 

Həmin əsrin 50-ci illərində Mirzə Fətəli fenomeni bizim ədəbiyyatın tanımadığı bir janrı - dramaturgiyanı bu ədəbiyyatın milli faktoruna çevirdi, ancaq bu - ədəbi məclislərdən kənar fərdi, individual hadisə idi və divan ədəbiyyatının (Füzuli zirvəsinin!) sehrindən çıxmaq artıq XX əsr hadisəsi oldu.

 

Deyəsən, mən çox uzaqlara getdim (qələm aparır!) və söhbət müqayisədən yox, hər bir milli ədəbiyyatın özünəməxsus tarixindən gedir.

 

Oxuduğum kitaba qayıdıram.

 

Bu kitabın mündəricəti kollektiv müəlliflərin - həmin salon və dərnək üzvlərinin, ya da orada keçirilən ədəbi məclis iştirakçılarının xülasə xarakterli yazılarından ibarətdir və burada populyarlıq və keyfiyyət məsələsi ilə bağlı bir əlamətdar fakta da rast gəldim ki, yalnız rus ədəbiyyatı üçün yox, dövründən və mənsub olduğu xalqdan asılı olmayaraq, ümumiyyətlə, ədəbiyyat üçün səciyyəvi hadisədir.

 

P.Pletnyevin "Şənbə görüşləri"ndən bəhs edən müəllif (A.Nikitenko) Puşkinin yaratdığı və ilk redaktoru olduğu "Sovremennik" jurnalından danışır və təəssüf hissi ilə də yazır ki, Puşkin ədəbi cameənin diqqət mərkəzində deyil. Bildirir ki, dövrün (Puşkin dövrünün!) ən sevimli yazıçısı Marinskidir, "baron Brambeus isə ədəbiyyatda şahlıq edir" və onun yazıları "bədii kamilliyin zirvəsi, Volter dahiliyi səviyyəsində yaradılmış" əsərlərlər hesab olunur.

 

Puşkin kimdir? - bu, məlumdur.

 

Bəs Marinski indi hardadır və kimin yadına düşür?

 

Baron Brambeusu isə, doğrusu, mən heç xatırlaya bilmirəm.

 

Yadımdadı, hələ cavan vaxtlarım idi, Moskva mətbuatında (sonra da Bakıda) çap olunmuş bir məqaləmdə "populyarlıq hələ keyfiyyət deyil" deyə məşhur bir şairimizi sərt tənqid etmişdim, o da məndən çox narazı qalmışdı, mənə yox, atama zəng edib, incikliyini bildirmişdi.

 

Ancaq sonralar onunla barışdıq.

 

TOLSTOYUN BİR CÜMLƏSİ                         

 

Ədəbiyyat nəzəriyyəsində "böyük ədəbiyyat" termini yoxdur və bu ifadəni biz yalnız söhbətlərimizdə işlədirik, bəzən də məqalələrdə (hərdən mənim də məqalələrimdə) bununla rastlaşırıq.

 

Böyük ədəbiyyat - yəni əsil ədəbiyyat.

 

Ancaq "əsl ədəbiyyat" nə deməkdir?

 

Bu suala uzun-uzadı cavab yazmağa (belə cavablar çox yazılıb) ehtiyac yoxdur, çünki elə bilirəm, Tolstoyun bircə cümləsi "əsl ədəbiyyatın" nə olduğunu izah edir, başa salır.

 

O, 1898-ci il martın 21-də gündəliyində yazır:

 

"Nə yaxşı olardı, elə bir bədii əsər yazasan ki, orada həyatın gedişatında (gəldi-gedərliyində - E.) insanın (xislətin! - E.) gah yaramaz  (cani - E.),  gah mələk, gah müdrik, gah idiot, gah güclü, gah da tamam gücsüz bir məxluq olduğunu göstərəsən".

 

Hər şey deyildi!in bu problemə münasibətdə ədalətli mövqe tutması məqsədi daşıyır. Kitablarda yer alan tarixi faktlar Azərbaycan, rus, ingilis və fransız dillərində oxucuya təqdim olunur.

 

525-ci qəzet.- 2020.- 17 oktyabr.- S.14 -17