Köçkün adından xilas olan muzey
eksponatları
Cəbrayıl Tarıx-
diyarşünaslıq müzeyinin direktoru Tariyel
Abbaslı" Bu illər ərzində
eksponatlar da mənimlə birlikdə köçkün həyatı yaşadı"
Köçkün adından xilas olan muzey eksponatları
- <b style="color:red">Müsahibə
</b>
Müsahibimiz Tariyel Abbaslı Cəbrayıl Tarix-Diyarşünaslıq
muzeyinin direktorudur. O, 1993-cü ildə,
Cəbrayıl rayonu işğal olunan ərəfədə təkbaşına
muzeyin 16 mindən çox eksponatını rayondan çıxararaq Bakıya gətirə bilib. Onunla söhbətimizdə də elə bu məsələlərdən
danışmışıq.
Müsahibəni təqdim edirik.
***
- Ulu öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsində olarkən
rayonlarda tarix-diyarşünaslıq
muzeylərinin yaradılması
haqqında göstəriş
vermişdi. Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyi də həmin vaxtlar - 1980-ci ildə yaradılmışdı.
Muzey yaradıldıqdan
sonra bir il ərzində
xeyli material toplandı
- tarixi, etnoqrafik materiallar, müxtəlif xalılar, xalçalar və s. Bilirsiniz ki, Cəbrayıl xalçaçılıq sənəti
ilə məşhur olan yerdir. Ona görə
də muzeydə çoxlu xalça nümunələri də
vardı. Bir sözlə, bir il ərzində
muzeyə on minə yaxın eksponat toplanmışdı. Sonrakı fəaliyyətimiz
dövründə isə
bu sayı xeyli artırdıq. Muzeyimiz həm eksponatlarının
kəmiyyət və keyfiyyətinə, həm də kütləvi tədbirlərin təşkilinə
görə respublikanın
tarix-diyarşünaslıq muzeyləri içərisində
seçilirdi. Tez-tez adımız
kütləvi informasiya
vasitələrində çəkilirdi.
1990-cı ildə muzeyin yaranmasının on
illiyini də təntənəli şəkildə
qeyd etmişdik.
- Bəs sizin muzeylə yolunuz necə kəsişdi?
- Mən muzey direktoru olmazdan əvvəl səkkiz il Cəbrayılın
ucqar kəndlərində
müəllim kimi çalışmışam. Muzeydəki fəaliyyətimə
kiçik elmi işçi kimi
başlamışam.1988-ci ildən muzeyin direktoru kimi çalışıram.
Mənim
bütün həyatım
muzeylə bağlı
olub. Ümumiyyətlə, bu, elə bir işdir ki, işin içərisinə
girdikdən sonra bağlanırsan. Mən də
muzeyə belə bağlandım.
- Əgər o sevgi
olmasa, yəqin muzeyin müqəddəratı
üçün həyatınızı
təhlükəyə atmazdınız.
- Muzeyə bütün varlığı ilə bağlanan adam
üçün onun hər eksponatı bir məna kəsb
edir. Mənim üçün oradakı hər eksponat doğma idi. Onları orada qoyub gələ bilməzdim.
Ancaq eksponatları çıxarmaq
da mənə asan başa gəlmədi.
Əgər mən rayon icra
hakimiyyətinə desəydim
ki, eksponatlari rayondan çıxarmaq istəyirəm, onlar razılaşmayacaqdi ki, insanlarda panika yaranmasın. Ona görə
də mən Mədəniyyət Nazirliyindən
eksponatları guya Bakıdakı hansısa bir sərgiyə aparmaq adı ilə icazə kağızı aldım.
Daha sonra öz maşınımla
başladım onları
çıxarmağa. Əvvəlcə eksponatları Arazboyu
əraziyə gətirdim.
Düşünürdüm ki, bəlkə ara sakitləşəndən
sonra qaytara bilərəm. Sonra gördüm ki, nə ara
sakitləşməyi, düşmən
artıq Arazboyu əraziyə də gəlir. Bundan sonra eksponatları
Beyləqana - bacımgilə
apardım. Üç-dörd gün bacımgildə qaldıqdan sonra ora da raket atdılar.
Raket bacımgilin evinə düşdü. Bacımın yoldaşı rəhmətə
getdi, evləri, maşınları yararsız
hala düşdü.
Gördüm ki, burada qalmaq eksponatlar üçün təhlükəlidir.
Dərhal bir maşın
tapıb onları Cəlilabada apardım.
Bir ay burda saxladıqdan sonra Mədəniyyət Nazirliyinə müraciət
elədim ki, bəs mən eksponatları çıxarmışam.
Əvvəlcə özləri də
inanmadılar. Mənə icazə
kağızı verib
maşın təşkil
etdilər. İstiqlal Muzeyi
bizə qucaq açdı. Beləcə, mən Cəbrayıldan çıxardığım on altı mindən çox eksponati Bakıya gətirə bildim. Həmişə demişəm ki,
eksponatlar da mənimlə
birlikdə ağır,
məşəqqətli köçkünlük
həyatı keçib.
- Ətrafınızda sizin bu çabalarınızı
görən insanların
reaksiyası necə olurdu? Onlara bu, qəribə
gəlmirdimi?
- Mənə tez-tez deyirdilər ki, ağlın başındadırmı?
Evin-eşiyin qalıb, sən
eksponatları düşünürsən.
İşğal dövrü elə
bir dövr idi ki, insanlar
hətta canlarını
necə qoruyacaqlarını
bilmirdilər. Hər şey
ikinci planda qalırdı. Məni isə
evimdəki əşyaları
çıxarmaqdan çox,
muzey əşyalarını
çıxarmaq düşündürürdü.
Öz-özümə deyirdim ki, buradan çıxandan sonra pal-paltar, yorğan-döşək tapa biləcəyəm.
Əgər bunları almaq
üçün pulum
olmasa belə, eybi yox, kiminsə
köhnəsini də
olsa, tapmaq olar. Bəs, muzeydəki tarixi
dəyəri olan nadir
əşyaları hardan
tapacağam? Bu itkinin qorxusu mənə cəsarət verirdi.
- Elə bir eksponat
varmı ki, onu gətirə bilmədiyinizə görə
təəssüflənirsiniz?
- Adi bir qələmlə
hansısa qızıl
əşyanın dəyəri
muzey üçün
eynidir. Yəni hər ikisi
muzey eksponatı adını daşıyır.
Bu baxımdan çıxardığım hər
bir əşya üçün sevinirəm.
Amma bəzi qalan əşyalar var ki, onlar məni
hələ də yandırır. Ən çox
da tunc dövrünə
aid bir lövhə vardı, ona görə pis oluram. Mən o biri eksponatları
götürəndə onu
divardan çıxarmadım
ki, onsuz da qayıdacağıq. Amma olmadı.
- Muzeyin bugünkü fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- Biz işğaldan sonra bu 27 ildə də çox işlər görmüşük.
Cəbrayıldan on altı mindən
çox eksponat gətirmişdim. Bu gün isə bizim 19291 eksponatımız
var. Üç minə
qədər eksponatı
bu illərdə toplamışıq. Bu illərdə yerləşdiyimiz
İstiqlal Muzeyi də bizə çox dəstək olub. Başda muzeyin direktoru
Sədi Mirseyibli olmaqla muzeyin kollektivindən doğmalıq
görmüşük.
- Artıq Cəbrayıl
işğaldan azad olunub. Köçkün eksponatların öz
yurd-yuvasına qayıdacağı
gün uzaqda deyil.
- 27 ildir biz vətən həsrəti çəkirik.
Düzdür, Bakı da bizə
doğmadır. Ancaq hər
kəsin doğulub-böyüdüyü,
ocağının istisinə
qızındığı yurd-yuvası başqadır.
Cəbrayılın azad
olunması xəbəri
gələndə sanki
dünyalar mənim oldu.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.-17
oktyabr.- S.17.