Hüseyn Cavid
yaradıcılığı: vətən eşqilə
yoğrulmuş misralar
Vətənpərvərlik mövzusu Azərbaycan romantik
ədiblərinin də əsərlərində mühüm
yer tutur.
Böyük romantik şair və dramaturqumuz Hüseyn Cavidin
yaradıcılığında da bu ideya güclüdür.
Vətənpərvər şair H.Cavid özünün
məslək eşqinə, əqidəsinə müvafiq
bütün həyatı və yaradıcılığı
boyu izlədiyi vətənpərvərlik ideyasını yeni
forma, yeni məzmunla ifadə edib. Cavidin vətənpərvər qayəli
əsərlərinin pedaqoji cəhətdən tədqiqi və
təhlili sübut edir ki, onun vətənpərvərlik
ideyaları zorakılığa, istismara, ədalətsizliyə,
cəhalətə, nadanlığa qarşı
çevrilmiş, doğma vətənin, xalqının taleyi
və həyatı ilə bağlı olan, sinfi səciyyə
etibarilə mütərəqqi məna daşıyan həqiqi
vətənpərvər duyğularıdır.
H.Cavidin 1907 və 1917-ci illərdə "Vətən"
mövzusuna müraciət etməsi məhz dövrün
ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin
mətbuatda dərc edilməsi ("Füyuzat",
"Açıq söz", "Qardaş köməyi"
və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasına
böyük əhəmiyyət verib. Onun vətənpərvərlik
hissləri aşılayan əsərlərinin tədqiqi
göstərir ki, vətənpərvərlik H.Cavidə
görə gənc nəslin Vətənin tərəqqisinə,
səadətinə, onun əməkçi insanlarına, dilinə,
mədəniyyətinə şüurlu sədaqət və məhəbbət,
əgər lazım gələrsə canını belə vətən
uğrunda əsirgəməmək ruhunda tərbiyə
olunmasından ibarətdir. Lakin o, əsərlərində
sadəcə tərənnüm yolu ilə getməmiş, bu
müqəddəs hissin mahiyyətini araşdırmaq, gənc
nəslə çatdırmaq imkanlarını göstərmişdir.
Odur ki, qarşıya belə bir təbii sual
çıxır: Bəs H.Cavid vətənpərvərlik
hisslərinin gənc nəslə aşılanması işində
hansı metodlardan istifadə etmişdir?
H.Cavidin vətənpərvər ruhlu əsərlərinin
pedaqoji cəhətdən tədqiqi və təhlili xalq
şairinin vətənpərvərlik hissləri
aşılayacaq əsərlər qarşısında
qoyduğu müasir tələblərə tamamilə uyğun
gəldiyini sübut edir.
Onun bir
sıra şeirlərində Odlar Diyarı Azərbaycan
özünün zəngin təbiəti, dumduru, göz yaşı kimi axan sərin
bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri,
gülləri, ağacları, nəhrlər, hətta
kiçik suları, gözəl
ormanları, əməksevər insanları ilə hər bir yeniyetmə və
yaşlı oxucunun gözü qarşısında
canlanır.
H.Cavidin "Hali-əsəfiştimalımı təsvirdə
bir ahi-məzlumanə" şeiri gənclərin pedaqoji
prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə
xidmətin bariz nümunəsidir. Şair bu şeirdə hər bir
namuslu şəxsi öz vətənini sevməyə, onu
qorumağa çağırır:
Mayeyi-iftixarı
ər kişinin
Vətən uğrunda bəzli-himmətdir.
Lafə
baqmazlar, iştə hər kişinin
İşi ayinəsində müsbətdir.
Qeyrət
istər ki, can nisar edəlim,
Mədəniyyətlə iftixar edəlim.
Cavid o zamankı vəziyyəti
Azərbaycan üçün dözülməz
sayırdı. O, vətən övladlarını ana vətənin
tərəqqisi uğrunda çalışmağa, vüsət
tapmağa dəvət edir. Vətənin mədəni,
ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin
axırları - XX əsrin əvvəlləri) və Azərbaycan
xalqının məhkum bir millət halına düşməsini
şair ağır dərd kimi qarşılayırdı.
Vətən onun nəzərində "zəvalə
uğramış", "böyük bəlalara
düçar olmuş", "ayaq altında payimal
olmuş", "dərmansız dərdə giriftar
olmuş" kimi görünürdü. Əlbəttə,
H.Cavidin "zavallı vətən" deməsi rus
imperiyasının Azərbaycanda amansız surətdə
apardığı mənfur milli siyasətdən doğurdu.
O zaman məktəblərimizin vəziyyəti olduqca
ağır idi. Azərbaycanın hər bir
guşəsində fəaliyyət göstərən milli məktəblərimiz
ya qapadılır, ya da adı və yönü dəyişdirilirdi.
H.Cavid bu acınacaqlı vəziyyətdən bəhs edərək
yazırdı: "Naxçıvan on beş
il əvvəl cəhalət uyqusundan diksinmək
ehtiyacını duydu, maarif dairəsinə girmək istədi.
Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində
çalışıb-çabalamağa həvəsləndi,
gündən-günə arş irəli!..
Hərəkət etməyə başladı.
Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək
sahibi idi, millətini sevərdi... Bu hal beş-altı il qədər davam etdi. Sonra
zavallı Sidqi getdi (ölümünə işarədir -
K.C.), məktəbin məktəbliyi də onunla bərabər
bitdi. Sonra nə oldu... Məktəb
qapandımı? Xeyr, qapanmadı... Lakin nə zərər
verdi, nə xeyir gətirdi. Zira
qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu
ruhu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi
iyrəndirdi. Xalqa böyük bir dərd
oldu. Məktəbdə əvvəldən
hökumət barmağı var idi (rus imperiyası nəzərdə
tutulur - K.C.). Fəqət Sidqi
dövründə əsla əl vurulmadı. O zavallı
sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən
məktəbin üzərinə çökməyə
başladı. İş büsbütün dəyişdi.
Nəhayət işin sonu bir heçdən ibarət
qaldı. İki-üç ay sonra qiraətxanə
da fərağətxanəyə təbdil etdi".
H.Cavid vətənin
yad əllərlə dözülməz hala
salındığını görərək:
Bana gəl!
Gəl bana, zavallı vətən!
Heç
unutmam səni bu halilə mən
- deyirdi.
H.Cavid qeyd edirdi ki, hər bir vətənpərvər
şəxs vətənin, xalqın azad, xoş gələcəyi
uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi
məhz vətən övladlarından vətəni, xalqı
müdafiə edən mərd, mübariz vətənpərvər
yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə
göz dikənlərə layiqincə cavab verən igid, qəhrəman
mübariz
oğullar az deyil. O, "Səyavuş" əsərində
yazırdı:
Yurdumuzu
çignəyən
Sayğısız
hər kim olsa.
İnan
ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə
dəmir biləklər,
Çəlik
qollar az deyil;
Saldırıcı,
hünərvər
Mərd
oğullar az deyil.
Bütün
şüurlu fəaliyyətini ədəbi
yaradıcılığa, şeirə, sənətə,
maarifə, məktəbə, təlim və tərbiyəyə
həsr edən yüksək amallar sahibi H.Cavid istər
doğma vətənində, istərsə də onun
hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana
kimi, ata kimi sevmiş, onun nəfəsiylə, oduyla
isinmişdi. Şair vətən
övladlarına deyirdi ki, "bu vətən bir sevimli validədir".
Hələ vətənimiz Azərbaycanda ulduz
parlayanda, Qərb əhli cahillik dövrü keçirirdi.
Bəs necə oldu ki, sonra tənəzzülə
uğradıq?!
Ey vətən!
Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahilimiş.
Şimdi
bulmuş vüqu əksi-qəza,
Əcəba bu nasıl təqafilimiş?
Kim təsəvvür
edərsə bu hali,
Varlığı hissdən olur xali.
H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef
ziyalılarda görərək bədbinləşirdi. Lakin gələcəyə
nikbin gözlə baxan şair vətənin xoşbəxt
sabahına inanır və bu inamını belə ifadə edir,
"Heç maraq etmə, nazənin vətənim" - yazırdı.
Vətəni sonsuz məhəbbətlə sevən, vətən
eşqiylə alovlanan H.Cavid onun sevincini öz sevinci, kədərini
öz kədəri bilirdi. Hələ
yaradıcılığının ilk çağlarında
"Salik" təxəllüsü ilə yazdığı
bir qəzəlində vətənə olan odlu məhəbbətini,
alovlu sevgisini poetik dildə belə izhar edirdi:
Olubdu qəlbimə
hakim
mənim
məlali-vətən,
Başımda
şur ilə məskən salıb
xəyali-vətən.
"Vətən!
Vətən!" deyərək
hər
diyara səs salıram.
Düşərmi
bircə dilimdən
mənim
məqali-vətən?
Əgər sual edələr Salikin xəyalı nədir?
Deyin həqiqəti,
ancaq olub məali-vətən.
H.Cavid
qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən
xilas olması yollarını gənc nəsildə
görür və gənclərdə axtararaq "Topal
Teymur" əsərində fateh Teymurun dilindən xitabən qeyd
edirdi: "Avropalıların dilləri başqa, yürəkləri
daha başqadır. Hər halda məmləkətimiz
aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət
ocağı, ən zəngin sənaye və ticarət mərkəzi
olmalıdır. Əvət, qoy
düşmanlarımız görsünlər ki, türk
övladı yalnız basıb-kəsməkdən deyil,
yaşamaq və yaratmaqdan da zövq alır. Yalnız yaxıb-yıxmaq deyil, yapmaq və yaratmaq
da bilir. Bununla bərabər
yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir
addım, gələcək üçün bir
başlanğıcdır. Bizim
başladıqlarımızı gələcək nəsil
ikmal etməli. Yalnız beş-on şəhər
deyil, bütün məmləkət tərəqqi və
gözəlliklər üçün birər nümunə
olmalı. Əvət, biz təməl
daşı atıyoruz. İştə bu təməl
üzərində möhtəşəm binalar qurmaq və bu
şüarı çiçəkləndirmək... ancaq yeni
nəslə, ancaq sarsılmaz gəncliyə aiddir".
Bütün böyük sənətkarlar kimi, H.Cavid
üçün də həqiqətin ancaq bircə mənası
vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt
və mədəni görmək, vətənə xidmət
etmək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə
döyünürdü. Şair vətənin dərdlərinə
acıyır, dəhşətə gəlib belə fəryad
qoparırdı:
Arkadaş,
yoldaş, ey vətəndaş, oyan!
Yatma
artıq, yetər... Dəyişdi zaman;
...
Çox əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb
çareyi-xilas ara, bul!
Hüseyn
Cavidin əsərləri orta və ali məktəblərdə
tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş
proqramlarında onun əsərlərinin geniş yer tutması
da vətənpərvər şairin yaradıcılığına
verilən yüksək qiymətdir.
Məqaləmi Hüseyn Cavid irsinin böyük himayəçisi
olan Ümummilli liderimiz Heydər Əliyevin fikri ilə
tamamlamaq istərdim. Ulu öndər Heydər Əliyev Hüseyn Cavid və onun irsi ilə
bağlı belə deyir:
"Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər
göstərmişdir. Hüseyn Cavid Azərbaycan
xalqını, onun mədəniyyətini, ədəbiyyatını,
elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin yaratdığı əsərlər
Azər-baycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər
üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı,
bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan, xalqımızı
azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan
xalqını milli azadlığa, müstəqilliyə
çağırıbdır. O, həmişə millətini,
xalqını həddindən artıq sevmiş və millətinə
həddindən artıq xidmət edən bir insan
olmuşdur".
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunur
Kamal Camalov
525-ci qəzet.- 2020.-
17 oktyabr.-S.19.