Hər nitqi bir
əsər.
Bu günlər bizə bir vaxt
əlçatmaz möcüzə kimi gəlirdi. Bir zamanlar bu günə şahid olmaq naminə
hər birimiz çox şeyi qurban verməyə hazır idik.
Bir vaxtlar rişxəndlə "Lazım
bəs haçan gələcək?" deyənlər
heç olmazsa ürəklərində özlərini
qınasınlar.
Nə heyif ki, yüzlərlə,
minlərlə insanımız bu məsud günləri
görmədən, gözlərdən sevinc yaşları
gətirən bu qələbə xəbərlərini
eşitmədən dünyadan yurd həsrəti ilə getdi.
Azərbaycan Prezidenti danışır. Bakıdan danışır. Və
Türkiyənin aparıcı televiziya kanallarının
hamısı o çıxışı canlı yayımla
verir.
Azərbaycanla bərabər, bütün
Türkiyə görür, Türkiyə və Azərbaycan
televiziyalarına bu günlər ermənilər bəlkə
bizdən də çox baxırlar, onlar da hər biri
üçün gözdağı olan bu
çıxışı dinləyirlər.
Prezident İlham Əliyev Azərbaycan Ordusunun
zəfərindən bəhs edir, oktyabrın 17-də
Azərbaycanın yenidən bərpa olunmuş dövlət
müstəqilliyinin 29 yaşının bayram edilməsinə
bir gün qalmış işğal altında olan
neçə kəndimizin, sonrakı azadetmələr
üçün açar şəhərlərdən hesab
edilən Füzulinin artıq düşməndən
təmizləndiyini xəbər verir.
Prezident ekrandadır və zahirən
dövlət başçılarının rəsmi üslubu
üçün səciyyəvi olmayan bir tərzdə
danışır, xalqın, milyonların ürəyində
əks-səda oyadan elə sözlər deyir ki, o
kəlmələrin hər biri ürəklərdən tikan
çıxarır.
30 ilə yaxın bir müddətdə ürəkləri
kəsilməz ağrısı ilə deşən qara
tikanları!
Prezident danışır və onu dinləyən hər
vətənpərvər azərbaycanlı elə zənn
edir sanki danışan o
özüdür, bu söylənənlər onun öz
ürəyindən gəlir, öz
düşüncəsindən qopur. Heç
vaxt millətin səsi ilə rəhbərinin səsi bunca
həmahəng, millətin ürəyi ilə rəhbərinin
ürəyi bunca həmnəbz olmayıb.
Hər bir azərbaycanlının Prezidenti olmağın
həqiqəti elə bu imiş!
Bütöv xalqın şairanə söz olaraq deyil,
elə gerçəkdə möhkəm
sıxılmış bir yumruğa çevrilməsi elə
bu deməkmiş!
Prezident danışır və işğalçı
Ermənistana, cinayətkar rejimin cılız
başçısına, erməniliyə meydan oxuyur:
"Qarabağ Ermənistandır" deyən
Ermənistanın baş naziri, nə oldu, indi demirsən
"Qarabağ Ermənistandır"?! Gəl Füzuliyə,
sən orada bizim torpağımızı istismar edirdin. Gəl
Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa
yerlərə, de ki, "Qarabağ Ermənistandır".
Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən,
dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng
etməyəsən.
Niyə demirsən "Qarabağ
Ermənistandır"?! Qorxursan, qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir
edəndə, "Qarabağ Ermənistandır və
nöqtə" deyəndə niyə elə cəsarətli
idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi
ki, gün gələcək, bu əməllərə
görə cavab verəcəksən?! Bu
gün gəlibdir və gəlir".
Prezident İlham Əliyev haçan
kürsüdə olubsa, hansı mövzuda
danışıbsa, həmişə nitqi parlaq olub, ifadə
etdiyi həqiqətlərlə, fikirlərinin məntiqi ardıcıllığı,
sözlərin, ifadələrin dəqiq seçimi ilə
dinləyəni cəlb və heyran edib.
Eyni dərəcədə sərbəst
danışdığı üç dilin
üçündə də eyni səviyyədə - həm
azərbaycanca, həm ingiliscə, həm rusca. Lakin
Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən -
ermənilərin özlərinə xas quldur və
terrorçu xisləti ilə Azərbaycana bütün
cəbhə boyu növbəti hücuma keçəndən, bunun
ardınca şanlı ordumuzun əks həmləylə
bir-birinin ardınca qələbələr çalmasıyla
müşayiət edilən zəfər marafonunun
başlanmasından sonrakı hər
çıxışı, hər müsahibəsi, hər
müraciəti özü-özlüyündə tarixi bir
hadisə, siyasi nitq mədəniyyətinin qızıl
səhifələri sayılmalıdır.
Təbii, bunun ilk səbəbi odur ki, bu
günlərin özləri, müasir tariximizin bu
parçası bütövlükdə həm
müstəqillik illərimizin, həm də bir xalq olaraq bütöv
tariximizin müstəsna hissəsidir.
Azərbaycan zəfərli azadlıq müharibəsi
aparır, Milli Ordumuz Qarabağ cəbhəsində elə
şücaət göstərir, elə qəhrəmanlıq
tarixi yazır ki, bunlar zaman ötdükcə filmlərə,
kitablara, şeirlərə, dastanlara,
nəğmələrə çevriləcək, bu
rəşadət hekayətləri ilə yeni
nəsillərə vətənsevərlik dərsləri
veriləcək.
Bizim nəsil bəxtiyardır ki, erməni
tilsiminin küllü küf edildiyi, hər gün yeni-yeni
torpaqlarımızın mənhus yağılardan
təmizləndiyi qələbə sevincli səadətli günlərə
şahid olur.
Bu günlərin hər biri
ömrümüzə, taleyimizə yazılır.
Doğrudur, bu günlərin içərisində oktyabrın
11-i və 17-si gecələri kimi Gəncəyə, dinc
əhaliyə açılan raket atəşlərindən
sonra savaş bölgəsindən çox uzaqda
yerləşən Nizami yurdunda şirin yuxudaykən
həyatını itirən günahsız insanların,
məsum körpələrin, neçə
məhəllənin, evlərin dağıntısı sorağını
alaraq səhəri dirigözlü, qəlbimiz qan
ağlaya-ağlaya açdığımız, acılar
yaşadığımız kədərli saatlar da var.
Lakin neyləməli, bəxtimiz belə
gətirib, bizə düşmənin də ən mənfuru
nəsib olub. XIX yüzilin
sonlarından etibarən bütün dünyada terrora rəvac
verən qorxunc qüvvə kimi tanınan erməniçilik
indi bəşər əleyhinə həmin
cinayətkarlığını dövlət
səviyyəsində həyata keçirməkdədir.
Lakin biz xoşbəxtik ki, artıq qarı
düşmənin varlığına lərzə
salınıb, müzəffər Milli Ordumuzun əsgəri
Ağdamın, Cəbrayılın, Füzulinin, Xocavəndin,
Ağdərənin, Tərtərin artıq yenidən
özümüzə qaytarılmış
kəndlərində, qəsəbələrində qalib kimi
addımlayır, sərhəd məntəqələri
bərpa edilir, istiqlalımızın timsalı
üçrəngli bayrağımız çoxdan onun yolunu
gözləyən torpaqlarımızda dalğalanmağa
başlayır, 27 ildən sonra ilk dəfə bu yerlərin
sükutunu insanda bir başqa riqqət oyadan azan sədaları
dağıdır.
Çoxdan, lap çoxdan xiffətini
çəkdiyimiz qələbə xəbərlərinin
hər gün daha yenisini eşidərək
qürrələnirik, qəhərlənirik.
Biz xoşbəxtik, lakin Prezident İlham
Əliev bizdən ikiqat, üçqat xoşbəxtdir.
Axı bütün bu zəfərlərin
hamısının altındakı ilk imza onunkudur!
Axı hər zaman həsrətlə umulmuş bu
böyük günlərə gətirib çıxaran
qələbələr yolunun Memarı, Baş
Sərkərdəsi odur!
Necə, hansı titanik səylər
bahasına buna nail olub, - bu, ayrı bir hekayətdir və
üzdə olan təfərrüatları - il-il
ölkəmizi zənginləşdirməsi və gücləndirməsi,
ordumuzu mükəmməlləşdirməsi,
qüvvətləndirməsi və
müasirləşdirməsi, dünyada Azərbaycanın
nüfuzunu artırması kimi gerçəklər gözümüzün
önündə, hamımıza bəlli. Amma bilmədiyimiz çox ayrıntılar var ki,
zamanı yetişdikcə onlardan da agah olacağıq və
İlham Əliyev qələbəsinin
möhtəşəmliyi haqqında
təsəvvürlərimiz o vaxt daha da dolğunlaşacaq.
Xalqının tarixinə qurucu kimi daxil olmaq,
əlbəttə ki, səadətdir və Prezident İlham
Əliyev Azərbaycana rəhbərlik etdiyi illər
əsnasında ölkə boyu nail olduğu
çiçəklənmə və tərəqqi ilə bu
ada haqq etdiyini çoxdan sübuta yetirib.
Lakin millətin yaddaşına xilaskar kimi
həkk olunmaq daha böyük nailiyyət və hər
rəhbərə qismət olmayan nadir səadətdir.
Xilaskar!
Bu elə müqəddəs kəlmədir
ki, dünyadakı bütün titullardan, bütün
vəzifələrdən üstündür. Bu gün
və bütün sabahlarda İlham Əliyevə bir
dövlət və siyasət adamı, bir qeyrətli millət
övladı olaraq ən yaraşan, ən layiqli söz, ən
uca tərif elə bu olacaq: Xilaskar!
Bu həyəcanlı və zəfərli günlər
boyuncakı nitqlərində Prezident İlham Əliyev
yalnız xunta rejimi qurmuş Ermənistanı, dünya
erməniçiliyini ifşa etmir, həm də onlara
dəstək olan qüvvələrin paxırını
faş edir ("Bizi vadar etməsinlər, açarıq
sandığı, tökərik pambığı"
söyləsə də, əslində, elə
sandığı da açır, pambığı da
tökür, deməli olduqlarını, illərlə
çoxlarının xısın-xısın söyləyib
ucadan dilə gətirmədiklərinin hamısını
bütün dünyaya bəyan edir), ədalətsizliyin,
nahaqın tərəfində duranların hansı
böyüklükdə olmasından asılı olmayaraq
iç üzünü ortaya qoyur, həmişə riyakarlığı
ilə seçilmiş, guya münsif sayılası
beynəlxalq təşkilatların batinini çölə
çıxarıb hamıya nümayiş etdirir,
maskalarını cıraraq əsl simalarını
aləmə əyan edir.
Hər bəlanın axarında
həmişə istər-istəməz nəsə
yaxşı olan cəhətlər də üzə
çıxır.
Atəş səsləri ilə, dağıntılarla,
ölüm-itimlə cərəyan edən müharibə
həm də sözünü ən ali səviyyədə
deməyə qadir Prezident İlham Əliyev üçün
düşmənə bu yolla da sarsıdıcı
zərbələr endirmək, mətləblərini ən qısa
zamanda bütün dünyaya yaymaq üçün də
əlverişli meydan açdı.
Dünya televiziyaları, informasiya agentlikləri
özləri onunla görüşə can atırlar,
müsahibələr istəyirlər və Azərbaycan
Prezidenti də onillərlə qulaqardına vurulmuş
həqiqətlərin hamısını ən ağır,
ən dağıdıcı mərmilər kimi
düşmənin bağına yağdırır.
O müsahibələrin bəzisində eyni sualı eyni
ekranda Azərbaycan Prezidentinə də verirlər,
Ermənistanın baş nazirinə də.
Kamil və mahir diplomat, dərin zəka
sahibi, əla məktəb görmüş istedadlı
müsahib İlham Əliyev ona ayrılmış
dəqiqələr ərzində bütün həqiqətləri
də anlaşıqlı şəkildə
çatdırır, elə sözarası opponentini də
növbəti dəfə rəzil edir.
Adam arasında hər zühuru ilə
anlaqsız olması haqda gümanları hər kəsin
nəzərində növbəti dəfə
təsdiqləyən və Azərbaycan rəhbəri ilə
müqayisəyəgəlməz bəsitliyi dərhal
diqqət çəkən Ermənistan baş naziri isterik
hərəkətləri və dolaşıq fikirləri
ilə yadda qalır, daha bir məğlubiyyətə uğrayaraq
suyu süzülə-süzülə gedir.
Bu, çox mühüm psixoloji
məqamdır. Zənnimcə, məhz İlham
Əliyevin son 3 həftə ərzindəki bir-birindən
gözəl və ölçülü-biçili
nitqləri, danılmaz dəlilli-sübutlu, nüfuzedici,
dağıdıcı çıxışları
nabələdləri, mahiyyətdən az xəbərdar
olanları, hətta əks cəbhədəkilərin
özlərini belə haqqın kimin tərəfində
olmasına inandırdı, çoxlarını tərksilah
etdi.
Bu günlər bu hadisələrdən
danışanlar çoxdur. Bütün
dünya boyu. O sıradan elə bizdə də.
Siyasətçilər, dövlət adamları, alimlər,
ziyalılar... Amma heç biri mətləbi
İlham Əliyev qədər yığcam, dəqiq,
ustacasına ifadə edə bilmir. Bunun
səbəbini dünya natiqlərinin ulu babası sayılan
qədim yunan filosofu Siseron 21 əsr əvvəl izah edib ki,
əgər natiq bəhs etmək istədiyi mövzunu
incəliyinə qədər mənimsəməyibsə,
natiqlik sənətindən söz açmaq
əbəsdir. İlham Əliyevi bir natiq
olaraq bənzərsizləşdirən odur ki, hansı
mövzuda danışacaqsa, həmin məsələni
köklü bilir, dərin qatlara asudəcə enməyi bacarır. İllah da, Qarabağ məsələsini. Kimin
məlumatı onunku qədər ola bilər
ki?!
Müharibədir, təşbehlər də gərək
elə davadan ola. Yüz atəş
açarsan, hamısı hədəfin yan-yörəsindən
keçər, sərrast atıcının bircə
gülləsi düz nişangaha dəyər.
Ağıl, bilik, nitq ustalığı Tanrının
insana elə lütfləridir ki, onlardan yetərincə
istifadə etmək qabiliyyətin varsa, bunlar ən
güclü silahlardan da kəsərli ola bilir.
Prezident İlham Əliyevdə bu istedad fitrətdəndir,
özü də zəhmətkeş, çalışqan insandır, daim
bu qabiliyyətlərini cilalayıb, ona görə
də elə kamil bir səviyyədədir ki, bu silahı
ilə hədəfi millimetrinə qədər
dəqiqliklə nişan alaraq tar-mar edə bilir.
Ermənistan baş nazirinin qatmaqarışıq düşüncəsi və nizamsız
danışığı isə elə dinc insanlara
qarşı quldurcasına tətbiq etdiyi, hədəfi
dəqiq vurmaq imkanına malik olmadığından hərbi
istifadəyə yararsız sayılmış, çoxdan
istifadədən çıxarılmış nimdaş
raketləri kimidir. Ya yönəldiyi
mənzilbaşına təxmini çatanda yerə
düşərək partlamır, partlayanda da elə
fəsadlar törədir ki, faşist təfəkkürlü
baş nazirə də, onun qəsbkar dövlətinə
də dünyanın nəzərində yalnız və
yalnız nifrət, ikrah qazandırır.
Prezident İlham Əliyev millətiylə və dünya
ilə üz-üzədir, xalqını Füzulinin
işğaldan azad edilməsi münasibətilə təbrik
edir və yenə düşməni damğalayır:
"Baxın, onlar Füzuliyə hansısa bir eybəcər
ad veriblər. Bu ad sizin başınıza
dəysin. Bu ad cəhənnəmə
getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa
edəcəyik".
Rəhmətlik Molla Nəsrəddinin
məşhur lətifələrindəndir ki, günlərin
birində hönkür-hönkür ağlayan
uşağın başına yığılmış
camaatı görüncə yaxınlaşır, nə baş
verdiyini soruşur. Qayıdırlar ki,
fağır tifil bayaqdan elə yanıqlı göz
yaşı tökür ki, adamın ürəyi sıxılır,
ancaq nə illah edirik, sakitləşdirə bilmirik. Molla:
"Heç narahat olmayın, o, mənlikdir, bu dəqiqə
həll edərəm", - deyir. Başını
sığallayıb soruşur ki, adın nədir, a bala? Uşaq
hıçqıra-hıçqıra: "Vartazar! - deyir. Mollanın qaşları
çatılır: "Ağla, ay uşaq, ağla, o ad
məndə olsa, elə mən də ağlardım".
Ermənilərin Azərbaycana qarşı
təcavüzünün bir başqa səmti də
xəritə işğalçılığıdır. Onlar murdar nəfəsləri ilə
çirkləndirdikləri zəbt olunmuş
ərazilərimizdəki yer adlarını da öz
aləmlərində guya həmişəlik burada
qalacaqlarmış xülyası ilə
dəyişərək erməniləşdirmişdilər. Hamısını! İndi azadlığa çıxan Füzulini
də (sizə peyğəmbər müqəddəslikli
Məhəmməd Füzulinin, Azıx mağarasının
ruhu qənim olsun, necə ki də oldu!) Varandaya çevirmişdilər.
Beləcə, Prezident İlham Əliyev
milləti və dünya qarşısındakı hər
belə ötkəm, qətiyyətli sözü ilə
düşmənin bağrını yarmaqla yanaşı,
xalqın inamını, qətiyyətini artırır, ona
bəslənən onsuz da bol məhəbbəti
dəfə-dəfə çoxaldır.
Zəbt olunmuş ərazilərimizin
sabahını canlandırıram xəyalımda.
Avropanın şəhərlərini yox,
kəndlərini gəzib-dolaşdıqca həmişə daha
çox heyran qalırdım. Xudmani
həyətlər, planlı salınmış
məhəllələr, səliqə-sahmanlı,
boy-buxunları uyğun evlər, kəndin hərəsi elə
balaca bir şəhər kimi cazibədar.
Bizim yaralı torpaqlarımızın
sabahı ondan da qəşəng olacaq.
Prezident bunu elə indidən vəd edir.
"Tikəcəyik, quracayıq,
dirçəldəcəyik" söyləyir və xalq da
əmindir ki, elə belə də olacaq. Çünki
İlham Əliyevin sözünün yiyəsi olduğunu
təcrübədən yaxşı bilirlər, ona
görə də boynuna götürdüyü hər iş
kimi, bu niyyətini də ən canayatan biçimdə
yerinə yetirəcəyinə arxayındırlar.
Türkiyə ilə Azərbaycan sadəcə qardaş
deyil, siam əkizləridir.
Mustafa Kamal Paşa Atatürkün
"Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın
ələmi bizim ələmimizdir" və unudulmaz Heydər
Əliyevin "Azərbaycan və Türkiyə - bir
millət, iki dövlət"
zərbülməsəllərini həyat özü
yaradıb. Bizləri bir millət olaraq
birləşdirən o qədər cəhətlər var ki
və türk dünyasının bu iki aparıcı
dövlətinin mənafelərinin kəsişmə
nöqtələri o qədər çoxdur ki, iqtidara kimin
gəlməsindən asılı olmayaraq bu
münasibətlər bütün dövrlərdə həmişə
qardaşlıq, müttəfiqlik, qarşılıqlı
yardım və dəstək üzərində qurulub, belə
də qalacaq. Lakin hər halda
şəxsiyyətlərdən də asılı olan
məsələlər var və dövlətə kimlərin
rəhbərlik etməsinin də bu münasibətlərin
əsl təntənəsi ilə üzə çıxması
və bəhrələrinin qat-qat artıq olmasına
təsiri çoxdur.
Türkiyəyə Rəcəb Tayyib
Ərdoğanın, Azərbaycana İlham Əliyevin
başçılıq etdiyi illər və bu iki güclü
liderin qarşılıqlı səmimi münasibətləri
sayəsində daha da istiləşən və
yaxınlaşan əlaqələrimiz dostluq və əməkdaşlıq
tariximizin fəxr etməli parçasıdır.
O da, bu da gərəkən anlarda sinəsini
mərdcəsinə qabağa verərək qardaş
ölkənin maraqlarının müdafiəsinə
qalxıb.
Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada
dövlət və hökumət
başçılarının iştirakı ilə
"Şərq tərəfdaşlığı"
proqramının 5 illiyinə həsr olunan sammitdə
Ermənistan dövlət başçısı qondarma
"erməni soyqırımı" ilə bağlı
Türkiyənin ünvanına hədyanlar
yağdırarkən köksünü irəli verərək:
"Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada
fürsətdən istifadə edərək
Türkiyəyə yenidən hücum edir. Bunu
etmək asandır, çünki bu masa arxasında
Türkiyə nümayəndələri yoxdur. Ancaq mən
burdayam" deyərkən bütün Türkiyə boyu
milyonlarla insanın ürəyi necə fərəhlə
dolmuş, necə sürətlə vurmuşdusa, 3
həftəlik Qarabağ müharibəsinin ilk
günündən etibarən cümhur başqanı
Rəcəb Tayyib Ərdoğanın hər gün
təkrarladığı "Sonadək və hər an
qardaş Azərbaycanın yanındayıq" sözləri
hər bir azərbaycanlıda eyni duyğuları
oyatdı.
Azərbaycan da, Türkiyə də
müasirliyə köklənmiş, çağdaş
dünyanın yeyin sürətlərinə uyğun
inkişaf edən, irəliləyən dövlətlərdir. Lakin bizə də, Türkiyəyə də
yenilikçiliyə canatma ilə bərabər
köklərə, ənənələrə sədaqət
də xasdır. Və prezidentlər Rəcəb
Tayyib Ərdoğanın da, İlham Əliyevin də
fəaliyyətlərini, davranışlarını,
söyləyişlərini izlədikcə onlarda bizim dövrdə
getdikcə az rast gəlinməyə başlayan,
aşınmaya uğrayan, amma həm millətimizə xas,
həm insanlığa bəzək bir para keyfiyyətləri
də görürük ki, sanki öz nümunələri
ilə bu üstün öndərlər belə dəyər
və məziyyətlərin yaşaması üçün
hər dəfə ibrət dərsləri verirlər.
Sədaqət, mərdlik, kişi sözü,
qorxmazlıq, ən çətin anlarda
dövlətlərinə və bir-birlərinə arxa durmaq,
dayaq olmaq mərdanəliyi.
Rəcəb Tayyib Ərdoğan haqda bu
ürək sözlərini Prezident İlham Əliyev televiziya
vasitəsi ilə birinci növbədə 90 milyondan artıq
oralı və buralı - türkiyəli və
azərbaycanlı insana deyib, sonra da bütün dünyaya.
İlk növbədə
özümüzə-oralı-buralı vətəndaşlara
ona görə söyləyib ki, dəyərlərinizi
yaxşı tanıyın, qədrini bilin və bunu da yadda
saxlayın ki, mənim nəzərimdə mənə
bəslənən münasibətin səmimiliyinin
ölçü dərəcəsi dostum və qardaşım
Ərdoğana göstərilən münasibətə
bağlıdır.
Dərs, ibrət dediyim məhz elə bu
yanaşmadır. İndi bu qəbil
yanaşma və etirafa siyasət aləmində lap nadir,
sıravi insanlar arasında da az-az təsadüf edərsiniz.
Prezident İlham Əliyev həmin sözləri
təkcə özündən daha gənc olanlara
nəsihət kimi demir, elə bir qardaş tövsiyəsi
sayaq özündən yaşlılara da ünvanlayır.
Dosta verdiyi belə qiymətiylə Prezident İlham
Əliyev əslində "Bu, mənəm, bu, bizik, bu, bizim
millətin özəlliyi, mənəviyyatımızın
onurğa sütunudur, itirməyək bu
keyfiyyətləri" çağırışını
edir: "Rəcəb Tayyib Ərdoğan mənim
qardaşımdır. Bizim çox yaxın
münasibətimiz var. Həm prezidentlər, həm də iki
insan kimi. Ona mənim çox
böyük hörmətim var. O, dünya lideridir. O,
Türkiyəni böyük zirvələrə
qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu
dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük
ədalətsizliklər, haqsızlıqlar edilir, həm
bəzi ölkələr tərəfindən, həm də,
təəssüf ki, Türkiyənin içində də
bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa
bilmərəm. Amma bir insan kimi buna
biganə də qala bilmərəm. Çünki
onun Türkiyə üçün gördüyü
işlər genişmiqyaslıdır və bu gün
Türkiyəni onun kimi sevən, onun maraqlarını
müdafiə edən, öz sinəsini irəli verən ikinci
bir insan yoxdur Türkiyədə. Bunu
hər kəs bilməlidir. Azərbaycanda
bunu hər kəs bilir. Türkiyədə
də bir çoxları bilir, amma bilməyənlər
üçün də mən demək istəyirəm ki, onlar
da görsünlər. Çünki
siyasi mübarizə hər yerdə var. Bir də milli
məsələ var. Milli məsələdə hər
hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında
birləşməliyik. Bu gün
Türkiyəyə də hər tərəfdən hücum
edirlər. Ona tab gətirmək, onun
qarşısında sipər kimi dayanmaq çox böyük
cəsarət tələb edir. Böyük
peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır.
... Mənim üçün
Türkiyədə əsas məsələ mənim
qardaşıma olan münasibətdir. Kim
ona yaxşı münasibət bəsləyir, o, mənim
ürəyimdədir. Kim ona haqsız münasibət
bəsləyir, kim ona qarşı
çıxır, mənim ürəyimdə onlar
üçün yer yoxdur. Dəstək
göstərmək istəyən hər kəsə mən,
əlbəttə ki, təşəkkürümü
bildirirəm. Ancaq hesab edirəm, hər kəs
bilməlidir ki, bu gün Ərdoğan olmasaydı,
Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər
kəs bilsin, hər kəs anlasın".
Bu sözləri ki Prezident İlham
Əliyev söyləyib, onu hər dövlət
başçısı belə açıq deməz. Qardaş dövlətin başçısına
məhəbbət və sayğısını hər lider
belə çılpaqlığı ilə, belə
səmimiyyətlə ifadə etməz.
Ən azı ortada keçmiş var,
örnəklər mövcuddur. Azərbaycana münasibətdə Türkiyədə,
Türkiyəyə münasibətdə Azərbaycanda
iqtidarın da, müxalifətin də sevgisi, dəstəyi
heç vaxt əsaslı şəkildə
fərqlənməyib. Lap sual kəskin
qoyulanda da diplomatik cavablar verilib ki, öz aranızdakı fikir
ayırlığı bizlik deyil, hər iki tərəf
bizimçün əzizdir.
Prezident İlham Əliyevsə hər
həqiqəti adı ilə deyir. "İ"nin üstünə nöqtəni
tərəddüdsüz qoyur ki, o, məhz "İ" kimi
səslənsin, "I" kimi yox. Həm
də bu sorğuya uzun düşünəndən sonra cavab
vermir. Kamera qarşısındadır,
Türkiyənin "A Haber" televiziya kanalının
aparıcısı sualı qoyur və cavab dərhal gəlir. Çünki ürəkdə bu cavab çoxdan
hazırdır. Amma ürəkdəki
hər sözü milyonların qarşısında bu cür
birmənalı qətiyyətlə dilə gətirmək
də bir ayrı hünər və səbatəlamətidir.
Azərbaycanın erməni
təcavüzü və həyasızlığı ilə
üzbəüz qalduğu bu sentyabr-oktyabr günləri
ərzində Türkiyədə Prezident Ərdoğanla
qatı müxalifətdə olanlar da bizə coşqulu
dəstək bəyanatları veriblər,
qardaşlıqlarını ortaya qoyublar. Prezident İlham Əliyev, əlbəttə ki, buna
görə minnətdardır. Fəqət
deməyə də bilmir ki, mənim üçün
ülgü Türkiyəni də, Azərbaycanı da candan
sevən və türk milləti üçün
xariqüladə işlər görən cümhur
başqanı Ərdoğandır.
Və bu cavabda həm də dəvət var: parçalanmayaq,
əl-ələ olaq, milli amallar naminə bir yerdə,
ürək-ürəyə, kürək-kürəyə,
səs-səsə çarpışaq.
Millət növbəti ildən
təqvimlərimizdə dəyişiklik gözləyir.
Hamının istəyidir ki,
təqvimlərimizdəki qırmızı yarpaqlardan biri
də artsın.
Xalqa qürurunu, özünəgüvəni, inamı
qaytarmış, ümidsizliyi, sınıqlığı
qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş və
Prezident İlham Əliyevdən Azərbaycana əbədi
yadigar qalacaq ZƏFƏR BAYRAMI GÜNÜ!
... Hələ bu harasıdır!
Bir əziz günün intizarındayıq ki, Xilaskar İlham Əliyev uzaq olmayan gələcəkdə Azərbaycan xalqına üz tutduğu hərəsi bir əsər olan növbəti parlaq və müjdəli nitqlərindən birindən sonra əlini uzadıb masasının üstündəki bir neçə vərəqi qaldıracaq, başlayacaq bizə ən gözəl, ən sevimli şeirlərdən də şirin gələcək çox uzun siyahını oxumağa.
Qərbi Azərbaycanda soydaşlarımızla yenidən qovuşan, onillərlə kələ-kötür, qondarma erməni kəlmələri ilə nişan verilmiş dədə-baba yer-yurdumuzun yenidən əslinə qayıdaraq bərpa edilən qədim, göyçək adlarının siyahısını: "Bu gündən etibarən Vardenis yoxdur, Basarkeçər var, Artaşat yoxdur, Qəmərli var, Spitak yoxdur, Hamamlı var, Vayk yoxdur, Paşalı var!..
Elə indiki qələbəli günlərin belə qəfil gəlişinə də inananlar az idi.
Gəlmədimi, olmadımı?
Bizi xoşbəxtlərin xoşbəxti edəcək O Gün də gələcək!
Rafael Hüseynov
525-ci qəzet.- 20 oktyabr.- S.8,9.