"Postpandemiya dövründə daha çox tünd rəngli geyimlərə üstünlük veriləcək"   

 

MODELYER-STİLİST MURAD VƏLİYEV: "GEYİM SEÇƏRKƏN HƏR ZAMAN GEYİNƏ BİLƏCƏYİN MALLARA ÜSTÜNLÜK VERMƏK LAZIMDIR"

 

 

Koronavirusla mübarizə apardığımız bu günlərdə geyim tərzimizə əvvəlki kimi diqqət yetirmir, rahat alış-veriş edə bilmirik. Bu müddət ərzində istər-istəməz moda anlayışını həyatımızdan uzaqlaşdırmışıq. Nəticədə, pandemiya dövrünün ən çox təsir etdiyi sahələrdən biri də moda sektoru oldu. Epidemiyanın dəbə təsiri, gələn ilin trendləri, ümumiyyətlə, moda haqqında maraqlı olanları öyrənmək üçün əl işləri Nyu-York, Berlin, Milan, Paris, Dubay, Tokio və digər şəhərlərin önəmli dərgi və jurnallarında çıxmış modelyer, stilist Murad Vəliyevə müraciət etdik. Murad Vəliyev 1996-cı il Bakı şəhərində anadan olub. İlk ali təhsilini Memarlıq və İnşaat Universitetində alan Murad Vəliyev inşaat mühəndisliyi fakültəsini bitirdikdən sonra təhsilini İstanbul Moda Akademiyasında davam etdirib. Karyerasına model olaraq başladıqdan sonra bir müddət Türkiyədə çalışan Murad Vəliyev hazırda modelyer-stilist kimi sərbəst fəaliyyət göstərir.

 

- Stilist olmağa necə qərar verdiniz? Sizdə olan bu istedadı kim kəşf etdi?

 

- Uşaqlıqdan incəsənətə həvəsim vardı. Atam rəssam idi, anam isə 22 ildir professional saç stilistidir. Yəni həm daxildən, həm də ailədən gələn bir maraq var idi. Modelyer stilist olmağa qərar verməyim isə təsadüf deyildi, çünki artıq 17 yaşımda nə etmək istədiyimi bilirdim. Ancaq bu sahəyə marağım müğənni Emi Van Hausu izlədikdən sonra yarandı. Bir gün evdə televizora baxırdım. Orada Emi Van Haus ölümünün bir ili haqqında danışırdılar. Onun geyim tərzinin, ümumiyyətlə, hər şeyinin yaşadığı dövrdə olan modadan fərqlənməsi diqqətimi cəlb etdi. Ondan sonra moda mənim üçün daha da maraqlı və fərqli görünməyə başladı.

 

- Məlumdur ki, Azərbaycanda bəzi qəlib düşüncələr var. Modelyer stilist olma qərarınıza ailənizin münasibəti necə oldu?

 

- Ailəm həmişə açıq düşüncəli olub. Onların insanların iş seçimlərinin standart qəliblərə uyğun olmamasını normal qarşılamalarının mənə çox köməyi dəydi. Ona görə də, ailəm, xüsusilə anam həm maddi, həm də mənəvi olaraq hər zaman mənə dəstək verib.

 

- Uğurlu stilist olmağın sirri nədir - zövq, yoxsa rənglərə və bədən formasına yaxşı bələd olmaq?

 

- Hər sahədə olduğu kimi, bu işdə də praktika və nəzəri biliklər vəhdət halında olmalıdır. Yalnız birinin olması istədiyiniz səviyyəyə gəlmək üçün kifayət deyil. Nəzərə alsaq ki, moda dünya üzrə trenddə olan, marağın çox olduğu sahədir, burada rəqabət də olduqca çoxdur. Belə olan halda, kütlədən sıyrılmaq üçün nəzəri biliklərin də olması vacibdir. Əlavə olaraq, məncə, burada doğuşdan gələn Allah vergisinin də rolu böyükdür. Çünki bu da bir incəsənətdir. Necə ki rəssam fikirlərini çəkdiyi rəsm ilə, musiqiçisi bəstələri, yazıçı əsərləri ilə ifadə edir, stilist də bunu geyimlər üzərindən edir.

 

 

 

- Hər bir insan peşəkarı olduğu sahəyə qarşı xüsusi diqqət göstərir. Məsələn, müəllim savadsız insan gördükdə ona bilik aşılamağa çalışır. Bəs sizdə necə, zövqsüz geyinən insan gördükdə bu sizi narahat edirmi?

 

- Əlbəttə, çox narahat oluram. Yolda və ya hardasa dəbli geyinməyən insan gördükdə özünə deyə bilməsəm də, bunu şəxsi stilistliyini etdiyim insanlara rahatlıqla deyə bilirəm. Onlar öz istəkləri ilə məni seçiblər. Ona görə də, geyim tərzlərində olan yanlışları deyəndə pis qarşılamırlar. İşim həm də filmlərlə, kliplərlə bağlı olduğu üçün film izləyəndə çətinlik çəkirəm. Bu da işimin mənə verdiyi bir qüsurdur ki, filmlərə, seriallara normal insanlar kimi baxa bilmirəm. Professional gözlə baxdığım üçün, dizaynda, sənətçilərin geyimlərindəki yanlışlar məni çox narahat edir.

 

- Gündəlik həyatda düzgün və dəbli geyinmək üçün nələrə diqqət yetirməliyik? İnsanların ən çox etdiyi yanlışlar nələrdir?

 

- Azərbaycanda olan birinci səhv moda təhsilinin yox dərəcəsində olması və öz dilimizdə moda jurnallarının olmamasıdır. İstedadlı insanlar çoxdur, amma təəssüf ki, fəaliyyət göstərmələri üçün məcra yoxdur. Digər yanlış isə insanların marketinq qurbanlarına çevrilmələridir. Hansısa məşhurun əynində gördükləri trenddə olan paltarı alırlar, iki ay sonra dəbdən düşəndə isə atırlar. Onlara zamansız geyimlər almalarını məsləhət görürəm -  bir geyimi yalnız bu il dəbdə olduğu üçün yox, bütün illərdə geyinə bilmək üçün almaq lazımdır.

- Araşdırdığıma görə, bir çox məşhur simalarla çalışmısınız, heç olubmu ki, yaratdığınız stilə kimsə etiraz etsin?

 

- Yox, hələ ki belə bir şey olmayıb. Çünki hər bir proyekt ərsəyə gələnə qədər dəfələrlə görüşlər, yoxlanışlar olur, layihə on nəfərin əlinin altından keçir. Ona görə də son anda problem yaranmır. Yəqin ki, bu, həm də peşəkarlığın nəticəsidir.

 

- Stilist üçün bu işin nəzəriyyəsini bilmək nə qədər vacibdir? Təhsili olmadan bu sənətlə məşğul olanlar nələri itirir?

 

- Moda sektoru çox yığcam və qapalıdır. Bir çox insan sadəcə uzaqdan baxa bilir, çünki işin içinə girmək çox çətindir. Qapalı olduğu üçün rəqabət də çox güclüdür. Belə olan halda, nəzəriyyə çox vacibdir. Mən özüm karyerama yeniyetməlik yaşlarımda model olaraq başlamışam. Daha sonra 18 yaşımda Hilari Aleksandr, Ledi Qaqa, Beyons kimi bir çox dünyaca məşhur insanların moda stilistlərinin yanında təcrübə keçmişəm. Bir sözlə, bu işin hərtərəfli təhsilini almışam. Güclü rəqabət arasında baş çıxarmaq istəyirsinizsə, mütləq təhsil almalısınız.

 

- Pandemiyanın moda sahəsinə təsirləri haqqında nə deyə bilərsiniz?

 

- Müsbət təsiri o oldu ki, pandemiya bir məhsulun uzun müddət davamlılığının vacibliyini göstərdi. Eyni zamanda, moda sahəsinin, əslində, insanlar üçün çox da lazım olmadığını, sadəcə, marketinq və lüksdən ibarət olduğunu göstərdi. Bütün markalar onlayn sistemin nə qədər vacib olduğunu öyrəndi. Onlayn tərəfdən güclü olmayan bütün markalar batdı. Moda dünyasında yavaşıma müşahidə olundu. Məsələn, əvvəllər ildə 6 moda sərgisi olurdusa, indi bu rəqəm 4-ə və 2-yə qədər enə bilir. Onu da deyim ki, keçən illərdə dünyaya zərər vuran sahələr arasında moda sektoru neft sahəsindən sonra ikinci yerdə idi. Yəni moda sahəsində baş verən yavaşımanın dünyanın, okeanın və təbiətin nəfəs almasına çox böyük təsiri göstərdi. Məncə, bu, çox yaxşı haldır.

 

- Bəs sizcə, pandemiya dövründən sonra moda aləmində nə kimi yeniliklər və fərqliliklər olacaq?

 

- Pandemiyadan sonra da təsiri yüz faiz görəcəyik. Əlcəklər dəbə minəcək. Artıq təkcə qışda yox, yaz, yay, payız fəsillərində də əlcək və maskalardan aksessuar olaraq istifadə ediləcək. Dərini daha az göstərən, bağlı, enli geyimlər dəbə gələcək. Əlavə olaraq, postpandemiya dövründə daha çox tünd rəngli geyimlərə üstünlük veriləcək. Çünki hər böyük böhrandan sonra insanların əhval-ruhiyyəsi pisləşir, belə olan halda modada da tünd rənglərdən istifadə olunur.

 

- Son illər dəbdə olan geyimlərə baxdıqda hər kəs deyir ki, əvvəlki stil geri qayıdır. Bəs siz bu işin peşəkarı olaraq nə düşünürsünüz - son illərin dəbi yenidən yaradılır, yoxsa təkrarlanır?

 

- İnsan yeganə varlıqdır ki, mühitə uyğunlaşmır, mühiti özünə uyğunlaşdırır. Ona görə də, köhnə dəb müasir həyata uyğunlaşdırılaraq modernləşdirilir.  Çünki yeni parçaların, formaların yaradılması üçün iqtisadiyyat və insanlar o dərəcə inkişaf etməyib. Bir sözlə, insanlıq buna hazır deyil.

 

- Karyeranızda ilk və ən böyük uğurunuz hansı olub?

 

- İlk uğurum "L'officiel Azərbaycan" üçün etdiyim moda çəkilişi olmuşdu.  Ən böyük uğurum isə "Vogue Arabia" jurnalında çıxan işimdir.

 

- Hazırda istədiyiniz yerdəsiniz, yoxsa gələcək üçün daha böyük məqsədləriniz var?

 

- Xarakterik xüsusiyyətimə görə hər zaman deyirəm ki, heç nə bəs deyil, daha da irəli get (gülür). Məqsədim isə gələcəkdə modanın tarixini yazan insanlardan biri olmaq və Azərbaycan modasını dünyaya tanıtmaqdır.  Necə ki, müharibə dövründə mənim moda çəkilişim "Pap magazine"də çıxdı. Və məncə, bu, Azərbaycanın adı keçən, məkan olaraq Azərbaycanda olan  beynəlxalq məcrada çıxan ilk çəkiliş idi. Dünyanın diqqətini müharibəyə yönləndirmək üçün həmin çəkilişin adını "On the caspian shore -Xəzərin sahillərində" qoymuşdum.

 

- Son olaraq, stilist olmaq istəyən, moda ilə yaxından maraqlanan insanlara məsləhətiniz nələrdir?

 

- Əsla İnstaqramdan izlədikləri modelyer stilistlərə, modellərə baxıb bu sahə haqqında özlərində hər hansı önyarğı yaratmasınlar. Ciddi araşdırsınlar və məsuliyyəti anlasınlar. Təəssüf ki, karyeralarına başladıqları ilk illərdə bu işdən gözlədikləri qədər gəlir əldə etməyəcəklər. Bu sahədə öncə sən adına görə, sonra isə adın sənə görə işləyir.

 

Aytac ASLAN

 

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.21.