"İnsanın ən böyük
evi Vətənidir"
KARİKATURAÇI RƏSSAM ŞƏHRİYAR SARICA: "VƏTƏNİNDƏ AXSAXLIQ OLAN İNSANIN XARAKTERİNDƏ DƏ AXSAQLIQ OLUR"
Karikaturaçılıq Azərbaycanda bir çox sahələr kimi, yeni deyə
biləcəyimiz sənət
növüdür. Dünyada isə
1700-cü illərə dayanan
bir tarixi var. Karikatura - səhifələrlə
yazıdakı fikirləri
bir rəsmdə ifadə etməyi bacarmaqdır. Bunu bacaran
insanlar da karikaturaçılardır.
Bu baxımdan, karikaturalar
karma hissləri doğura
bilən, güclü
təsiri olan sənət növüdür. Bu gün
ölkəmizdə bu
sənət növü
ilə məşğul
olan insanlar az da olsa, var. Onlardan biri də karikaturaçı
rəssam Şəhriyar
Sarıcadır.
Onunla söhbətimizdə
karikaturanın cəmiyyətdəki
önəmi, bu sahənin vətənpərvərlik
məsələsindəki rolu
və digər məsələlərdən danışdıq.
Şəhriyar Sarıca ilə müsahibəmizi təqdim
edirik.
***
- Şəhriyar bəy,
özünüzü məhz
karikaturaçılıqda ifadə etmək fikri, bu sahəyə
maraq necə yaranıb sizdə?
- Əslində, bu,
özünüifadə baxımından
çox çətin
sahədir. Təsəvvür edin ki, bir köşə yazarının üç
min işarə ilə
ifadə etmək istədiyi fikri siz 3-4 sözlə, yaxud da, ümumiyyətlə,
sözsüz ifadə
etməlisiniz. Bu baxımdan, karikaturaçılıq
özünü ifadə
üçün o qədər
də asan sahə deyil. Amma maraq olduqdan sonra insan hər
şeyi edə bilir. Mən, ilk dəfə 29 yaşımdan karikatura çəkməyə başlamışam.
O vaxta qədər isə bu işi
görən insanları
yaxından izləyirdim,
müxtəlif karikatura
dərgilərinə abunə
idim. Nədənsə,
bu iş mənə doğma gəlirdi. Amma o yaşa qədər
bir yarpaq şəkli belə çəkməmişdim. 2015-ci ildə "Kirpi.info" saytı açıldı
və mən də orda texniki
işçi olaraq çalışmağa başladım.
Bu saytda gənc
karikaturaçıların işləri yayımlanırdı.
Prosesi izlədikcə, fikirləşdim
ki, mən də bu işi
edə bilərəm.
Bu minvalla öz
üzərimdə işləməyə
başladım.
- Bildiyim qədəriylə,
bu sahədə təhsil də almamısınız. Bəs bu
bacarıqlarınızı inkişaf etdirmək nə qədər vaxtınızı aldı?
- Bəli, bu sahə
ilə bağlı heç bir akademik təhsilim olmayıb. Yalnız belə, axtarışlarla
bu sənəti öyrənmişəm. İxtisasım inşaat işidir. O
sahəni yoxladım və gördüm ki, bu, mənlik
deyil. Sonralar özümü bir
çox sahədə
yoxladım, qəzetlərdə
köşələr də
yazırdım. Bu karikatura işində özümü yoxlamağa
başlayanda gördüm
ki, məndə alınır. Sadəcə, öz üzərimdə çox işlədim.
Bir neçə alınan versiyaları ərsəyə
gətirsəm də,
ilk vaxtlar bəyənilmədi.
Yenə də ruhdan düşmədim, gecə-gündüz
bu işin üzərində çalışdım.
Əsas odur ki, gördüyün
işi sevəsən və gördüyün işin fərqində olasan. Bunu dərk edib hiss edəndən sonra, digər texniki faktorlar da yavaş-yavaş
düzəlir. Mən, ümumiyyətlə
istedaddan çox, zəhmətə inanan adamam. Nə ilə çox
məşğul olursansa,
o sahədə peşəkarlaşa
bilərsən. Əsas
o işə qoyduğun
əməkdir ki, əziyyətini çəkdiyin
heç bir iş ortada qalmır, deyə düşünürəm. Bu baxımdan, ilk karikaturamın
sosial şəbəkədə
bəyənilməsi 6-7 ay çəkdi.
Mən bu işə başlayan vaxtdan bu günə qədər öz üzərimdə işləyirəm
və bunu ömrümün sonuna qədər davam etdirəcəyəm.
- Karikaturaçılıq sənəti
yəqin insana bütün hallarda məsələlərə dramatik
yox, yumoristik yöndən yanaşmağı
da öyrədir?
- Hadisələrin yumor və yaxud da
dramatik olmasını
elə hadisə özü seçir. Əlbəttə, siz yumoristik
hadisəyə dramatik,
dramatik hadisəyə
də yumoristik yanaşa bilərsiniz.
Amma karikaturaçılıq mütləq
gülməli olmaq məcburiyyəti daşımır.
Bu işdə, əsasən qara yumor üstünlük təşkil edir. Məni də ən çox bu cəlb
edir. Amma karikaturalarla hər
hansı məsələyə
yanaşma şəkli
adətən karikaturaçının
öz ovqatından da asılı olur. Mənim fikrimcə, qara
yumoru nə qədər yaxşı bilirsənsə, yumoru da o qədər yaxşı biləcəksən.
- Bu günlərdə Nikol Paşinyanla bağlı işləriniz xüsusilə
maraq doğurur. Ümumiyyətlə, bu dönəm
yaradıcılığınız vətənpərvərlik motivləri
üzərində qurulub.
Bu, içinizdən gələn haldır, yoxsa məhz gündəmi əks etdirmək üçün
çəkirsiz?
- Əlbəttə, bugünkü
gündəmimiz ağırdır. Nikol Paşinyanla bağlı karikaturalar
da bu gündəmə
uyğundur. Amma bunlar səmimi,
içdən gələn
bir şeydir. Mən bütün səmimiyyətimi,
istedadımı ortaya
qoyaraq bunları yarada bilirəm. Hər halda oxucu da,
o səmimiyyəti görə
bildiyi üçün
bu karikaturalar belə yayılır.
Həm də, burada işlədiyim yerin də rolu var.
"Kirpi.info" karikatura sahəsi
üzrə ölkəmizdə
ən böyük işləri görən saytdır. İstəsək də, istəməsək
də, gündəm budur və biz bunu işləməliyik.
Amma bir var gündəmi sevə-sevə işləmək,
bir də var iş xətrinə
işləmək. Bugünkü gündəmlə bağlı
işlədiyim karikaturalar
hamısı bütün
səmimiyyətim və
bacarığımla əmək
verdiyim işlərdir.
Bu, boğazdan yuxarı vətənpərvərlik
deyil. Vətənimdən söhbət gedirsə,
mən bütün bacarığımı, əməyimi,
əlimdən gələn
hər şeyi ortaya qoymağa hazıram.
- İçinizdəki vətən sevgisi işinizdə də əksini tapır. Sizcə, bu
hal bütün sənət adamları üçün belə olmalıdır? İşinə vətən sevgisini qatmaq necə bir hissdir və
cəmiyyətdə öz
əksini necə tapır?
- Bilirsiz, insanın vətəni yoxdursa, o, heç kimdir. Kişinin evi onun ən
sonuncu yeri olmalıdır. Kişinin öz
evindən öncə
onun daha böyük evləri var. Onun ən böyük
evi isə vətənidir. Düşünürəm ki, vətənini qoruya bilməyən, vətənində axsaxlıq
olan kişinin xarakterində də axsaqlıq olur. Bu, mənim şəxsi fikrimdir və ola bilər
bu sözlərim kiminsə xətrinə dəysin. Amma mən, gənclərə
üzümü tutub deyirəm, vətən elə bir məfhumdur
ki, onu bu
coğrafiyadan başqa
heç yerdə tapa bilməyəcəksiz.
Yəni vətən anlayışı
təkcə bir parça torpaq demək deyil, bura sizin doğmalarınızın,
əzizlərinizin, sizi
sevən və sizin sevdiyiniz insanların birlikdə yaşadığı bir coğrafi məkandır.
Ölkədən kənarda vətənin haqqında hətta özünün də bildiyin, qəbul etdiyin neqativ nəsə eşidəndə
mütləq sənə
pis təsir edir. Vətənimiz bizim namusumuz,
qeyrətimizdir. Burda söhbət
bayağı mənada
yox, böyük mənada namusdan gedir. Vətən bütöv olmalıdır.
Vətəni bütöv olan
cəmiyyət də bütöv olur.
Qaldı ki, sənətçilərin
vətən sevgisinə,
dünyanın hər
yerində vətənpərvər
sənətkarlar bu sevgilərinə öz əsərlərində böyük
yer veriblər. Tarix boyu
vətənini sevən,
ən ağır savaşlarında iştirak
edən o qədər
yaradıcı insanlar
olub ki. Hansı işi görürsünüz
görün, əgər
onun içinə səmimi vətən sevgisi qatırsınızsa,
bu niyə pis olsun ki?
Vətəndən böyük
nə ola
bilər ki, onu öz əsərlərinə
daşımayasan?!
Qaldı ki, bu cür
əsərlər, yaradıcılıq
nümunələri cəmiyyətdə
müsbət qarşılanır. Çünki vətənin əziyyətini
ən çox xalqın orta və aşağı təbəqəsi çəkir.
Bu baxımdan, sənətkarların vətən
sevgisini öz əsərlərində ifadə
etmələrini xalq hamıdan yaxşı hiss
edə bilir və bunu çox
gözəl qarşılayır.
- Karikaturalarızda əsasən gənc nəslə xitab edilir. Bu baxımdan, onlarda vətənpərvərliyin, milli mənlik şüurunun formalaşması üçün bu, effektiv üsul hesab oluna bilərmi?
- Bəli, karikaturalar gənc nəsilin marağını daha çox cəlb edir. Vermək istədiyiniz mesajda səmimisinizsə və doğru mesaj verirsinizsə, əlbəttə, bu mesajlar ünvanına çatır. Gənclər bunu gözəl anlayırlar və səmimi şəkildə atılan addım onlarda öz müsbət əksini tapır. Buna misal olaraq deyə bilərəm ki, biz 5 ildir "Kirpi.info"da animasiyalar hazırlayır, karikaturalar çəkirik. Hamısı da müsbət qarşılanır. Tanımadığımız yüzlərlə vətəndaşdan aldığımız mesajlar bunun bariz nümunəsidir.
Bilirsiniz ki, indi sürət çağındayıq. Sizin bir gəncə səhifələrlə mətn oxudaraq onu vətənpərvər ruha kökləməyiniz, bir filmlə, bir animasiya, musiqi, karikatura ilə bunu etməyinizdən daha çətindir. Gəncləri lap uşaq yaşlardan bu ruhda böyütmək lazımdır. Uşaqlara o yaşda ən güclü təsir üsulu milli, yerli uşaq filmləri, animasiyalar, cizgi filmləridir. Amma bizim uşaqlar bu gün başqa dillərdə, başqa xalqların çəkdiyi xarici cizgi filmlərinə baxaraq böyüyürlər. Bunun gələcəkdə fəsadları olacaq. Gələcəkdə onlardan böyük vətən sevgisi gözləmək çətin işdir. Buna görə də bu sahənin inkişaf etdirilməsi olduqca vacibdir. Öz animasiya şirkətlərimiz yaradılmalı, öz animatorlarımız olmalıdır. Öz yazarlarımızın əsərlərindən cizgi filmlər tərtib etməliyik. Bunu universitet səviyyəsində həll etmək lazımdır.
Natavan ABDULLA
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.18.