Milli Kitabxana beynəlxalq konfransda

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Avropa Milli Kitabxanaları Konfransı təşkilatının (CENL) onlayn konfransında iştirak edib.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu il Belçika Kral Kitabxanasında keçirilməsi nəzərdə tutulan konfrans koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb və onlayn şəkildə keçirilib. Konfransa 33 Milli Kitabxananın direktorları və digər beynəlxalq təşkilatların nümayəndələri qoşulub.

 

Tədbir zamanı 2019-cu ildə Mo i Ranada Norveç Milli Kitabxanasında keçirilən 33-cü CENL İllik İclasının yekun sənədləri müzakirə olunub. Ardınca Belçika Kral Kitabxanasının Baş Direktoru Sara Lammens CENL-in 2019 və 2020-ci illərə dair maliyyə hesabatlarını məruzə edib. Daha sonra Britaniya Kitabxanasından Marcie Hopkins CENL-in Fəaliyyət Planı ilə bağlı çıxış edib.

 

Onlayn konfransdaMilli Kitabxanalar pandemiya şəraitində” mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov pandemiya şəraitində Milli Kitabxananın onlayn rejimdə fəaliyyətindən danışıb, eyni zamanda Azərbaycanda müharibə getdiyini və Azərbaycan Ordusunun Ermənistan tərəfindən 30 ildən artıq işğal altında saxlanılan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə apardığını və erməni vandallarının dinc əhalini raket atəşinə tutmasını Avropanın 33 ölkəsinin Milli Kitabxana direktorlarının diqqətinə çatdırıb. Milli Kitabxananın direktoru həmçinin, işğalçı Ermənistan ordusu tərəfindən atılan raket atəşlərindən mədəniyyət obyektlərimizin, o cümlədən kitabxanaların zərər çəkdiyini söyləyib.

 

İclasın sonunda CENL-in növbəti illik toplantılarının Brüsseldə (2021), Ankarada (2022) və Parisdə (2023) keçiriləcəyi elan olunub.

 

Qeyd edək ki, CENL 1987-ci ildə Avropa Şurasının təşəbbüsü ilə yaradılıb və onun dəstəyi ilə fəaliyyət göstərir. CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı beynəlxalq təşkilatına üzvlüyə qəbul edilib.

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.13.