"Onun dəstəyinə
ehtiyacımız yoxdur"
Dağlıq Qarabağ müharibəsinin
indiki şiddətli dövründə Elif Şəfəqin Ermənistan
tərəfini və erməni yazıçı
"dostlarını" dəstəkləməsi
onun türk vətəndaşı və
yazıçı adı
daşımasıyla bir
araya sığmır. Çoxmilyonlu əhalisi olan Türkiyə xalqı Azərbaycanla "tək millət, iki dövlət" formasında
sarsılmaz birlik nümayiş etdirdiyi indiki məsuliyyətli və şərəfli günlərdə Elif Şəfəq nəinki Azərbaycan xalqı, hətta türk xalqı ilə də biryerdə deyil, Ermənistan tərəfində görünür.
Strasburqda doğulan, qanı qarışıq olan, Madriddə orta təhsil alan, dünyanın
müxtəlif universitetləri
arasında sərgərdan
həyatı keçirən
Elif Şəfəqdən
vətən və millət, qardaş xalq və ölkə
hissinin çox uzaq olması təəccüblü deyildir.
Elif Şəfəqin Dağlıq Qarabağ ərazisində dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının və donuz, inək saxlanan müsəlman məscidlərinin deyil, erməni kilsəsi təəssübkeşliyini çəkib, kilsəni müdafiə edən yazıçı kimi özünü göstərməsi ilə uydurma sülh çağırışları bir-birini tutmayan addımlardır. Artıq hər kəsə çoxdan bəllidir ki, erməni xalqını torpaq işğal etmək xülyasına və bəlasına salanların bir çoxu elə bədnam erməni kilsəsinin təmsilçiləridir.
Elif Şəfəqin bədii əsərləri çox ziddiyyətlidir. O, bəzi Qərb dairələrindəki cinsi ayrı-seçiciliyin aradan qaldırılmasına dəstək verən feminizmin müdafiəçisidir. Fərqli cinsiyyətlərin bərabərliyini müdafiə edən Elif Şəfəqin türk və müsəlman adı daşımağa mənəvi haqqı yoxdur.
Hazırda müxtəlif üsullarla kilsə-keşiş təəssübkeşi kimi çıxış edib, cinsi azlıqları və fərqli cinslərin bərabərliyini müdafiə etməklə yüksək mükafatlara iddialı olmaq arzusunda olan "yazıçıların" sıralarında canfəşanlıq edən Elif Şəfəqin əsərləri Dardanel boğazından və Dəmir Qapı Dərbənddən bu tərəfə keçmək haqqını itirmişdir. Onun zahiri populizmlə oxucunu çaşdırmağa hesablanmış əsərlərinin Türkiyədə, Azərbaycanda, türk-müsəlman dünyasında heç bir dayağı yoxdur və ola bilməz. Özünü yazıçı hesab edən şəxsdən bundan böyük aşağılanmaq həddini təsəvvür etmək olmaz.
Təcavüzkar Ermənistanı müdafiə etmək son nəticədə qəsbkarlığı, cəlladlığı, vandalizmi, qaniçənliyi müdafiə etmək deməkdir. Heç şübhəsiz, bu məkrli və yaramaz mövqe isə Elif Şəfəqə mükafat yox, yalnız qəzəb və hiddət qazandıra bilər.
Azərbaycan xalqının Elif Şəfəq kimi "yazıçıların" dəstəyinə ehtiyacı yoxdur.
17 oktyabr 2020-ci il
İsa Həbibbəyli
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.12.