Beşikdən məzara qədər: Azərbaycan-Türkiyə  

 

 

Egeden Hazara kadar

Beşiktən mezara kadar

Azerbaycan-Türkiye.

Tarihin yazdığı destan

İki bedende bir can

Türkiyə-Azerbaycan.

 

Təsadüfən Yutubda dinlədiyim bu mahnının sözlərinin kimə məxsus olduğunu bilmirəm. Amma Azərbaycan-Türkiyə qardaşlığının bundan gözəl tərənnümü ola bilməzdi. Həqiqətən bir millət, iki dövlətik. Bu dostluğu, bu qardaşlığı, bu birliyi bu günlərdə artıq bütün dünya görür.

 

Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir", Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları bu gün hər iki dövlətin vətəndaşları üçün örnək xarakteri daşıyır.

 

Ortaq kök, dil din birliyi, oxşar mədəniyyət, adət-ənənələr - bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının sübutudur. SSRİ vaxtında dövlət olaraq bizi Türkiyədən qədər uzaqlaşdırmağa çalışsalar da, heç bir qüvvə buna nail ola bilmədi. Azərbaycan xalqı daim kimin kim olduğunu çox gözəl bilib. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını düşmən tapdağından xilas etməsi hər bir azərbaycanlının əbəbi olaraq yaddaşına yazılıb. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin dediyi "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır" fikri tariximizin ayrılmaz parçasıdır.

 

Sentyabrın 27-dən etibarən Böyük Vətən savaşındayıq. Bu haqq davamızda İsrail, Ukrayna, Pakistan kimi ölkələr ilk gündən Azərbaycana dəstəklərini nümayiş etdiriblər. Var olsunlar, hər birinə minnətdarıq. Haqqın, Azərbaycanın tərəfində olduqları üçün. Amma Türkiyənin yeri bir başqadır. Prezidentindən nazirinə, futbolçusundan aktyoruna, televiziyasından radiosuna qədər bütün Türkiyə bu savaşı bizimlə birgə yaşayır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan demək olar ki, hər çıxışında, xalqa hər çağırışında Azərbaycanın haqq davasından söz açır. Sonuna qədər yanımızda olduqlarını bildirir. Təbii ki, qürur duymamaq mümkünsüzdür.

 

Televiziya kanallarımızda çalışan həmkarlarımızın əməyini yerə vurmaq fikrindən uzağam. amma bəzən elə təəssürat yaranır ki, Qarabağ savaşında Türkiyə kanalları daha operativdirlər. Təsadüfi deyil ki, oktyabrın 17-də gerçəkləşən Gəncə terrorunu, ermənilərin növbəti vəhşiliyini ilk olaraq məhz Türkiyə kanallarından eşitdik. Türkiyəli jurnalistlər bu acı xəbəri, bu faciəni dünyaya öz acıları kimi təqdim etdilər. "Küçücük bir bebek çıkdı. Cansız bedeninə dokundum. Küçücük... Kan içindeydi, eli elime deydi. O kadar kötüydü ki..." - bu, türkiyəli xanım müxbirin gözyaşları içində faciə yerindən canlı yayımda dediyi sözlərdir. Bəli, Türkiyə xalqı Cəbrayılın, Füzulinin, Hadrutun işğaldan azad edilməsinin sevincini bizimlə bölüşdüyü kimi, dərdimizi də öz dərdi kimi yaşayır. Özübu, hər bir Türkiyə vətəndaşına aiddir. Cəmiyyətdə tutduğu mövqedən, siyasətçi, tanınmış, yaxud sıravi vətəndaş olmasından asılı olmayaraq bütün Türkiyə Azərbaycanın yanındadır. Antalyada yaşayan bir tanışım oktyabrın 17-də Gəncə terorundan sonra səs atmışdı. Səsindəki qəhəri hiss etməmək qeyri-mümkün idi: "Geçmiş olsun. Devamlı olarak Azerbaycan halkının yanındayık. Yaralılarımıza acil şifalar diliyoruz, vefat eden kardeşlerimizin mekanı cennet olsun, ailelerine başsağlığı diliyorum. Azərbeycan ordusu bunun hakkından gelecekdir. Karabağ zaten bizim. Bu defa it gibi kovalıyacaksınız ermenileri. Zaten kovalıyorsunuz, takip ediyorum. Sayın cumhurbaşkanı Aliyevin de bahs etdiyi gibi, it gibi kaçıyorlar..."

 

Kimin üçünsə bu sözlər adi gələ bilər. Amma bir yanda Türkiyənin sıravi bir vətəndaşının Azərbaycanın dərdinə şərik çıxmasına, haqq davamızda yanımızda olmasına baxırsan, bir tərəfdən də rusun, farsın tərəfinə yıxılan "sülh carçılarına". Heç kim müharibə tərəfdarı deyil. Qarabağda qan axmasını, şəhidlər verməyimizi kimsə istəməz. Amma düşmən torpağımızdan çəkilmirsə, onu it kimi qovmaq boynumuzun borcudur. Naftalanda, Gəncədə, cəbhə bölgəsində həyatlarını itirən körpələrin ruhu bizi bağışlamaz - əgər onların qisasını almasaq.

 

Haqq savaşındayıq. Bu müharibə Azərbaycanın tarixi qələbəsi ilə bitəcək. Amma bu günlərdə, bu sınaqda dostlarımızı da gördük, düşmənlərimizi də. Bir daha əmin olduq ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, daimidir, sarsılmazdır. Həqiqətən də bir bədəndə iki canıq.

 

 

İbrahim CƏFƏROV

 

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.12.