Fərqli talelərin oxşar zirvəsi

 

Qəhrəmanlar unudulmur

 

Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan  şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Dünya ölkələrinin təcrübəsinə baxsaq, daha çox vətənin yadelli işğalçılardan müdafiəsində iştirak edən görkəmli şəxsiyyətlərin adı həmin ölkələrin adı ilə qoşa çəkilir. Doğrudur, xalqın qəhrəmanı olmaq üçün mütləq əldə qılınc olması vacib deyil. Bir çox ölkələrin taleyində öz zəkası, dönməzliyi, həlledici anlarda rol oynaması ilə adı qəhrəmanlar sırasına yazılanlar az olmamışdır. Azərbaycan xalqının taleyində də müxtəlif dövrlərdə xarici düşmənlərə qarşı mübarizədə ad çıxarmış tarixi qəhrəmanlarımız var və xalqımız hər zaman bu böyük şəxsiyyətlərlə qürur duyur. "Kitabi Dədə Qorqud" dastanından Qazan xan, Bamsı Beyrək, Ərəb Xilafətinə qarşı vuruşmuş Cavanşir, Babək, dövlət başçısı-mürşüd-sərkərdə Şah İsmayıl Xətai, ədalətsizliyə qarşı döyüşən Koroğlu, Çar Rusiyasına qarşı mübarizə aparmış Qaçaq Nəbi, milli mübarizə döyüşçüsü Səttərxan və digərləri daim igidlik simvolu kimi tanınmışlar və hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

 

Azərbaycanın igid oğulları Sovet hakimiyyəti illərində də qəhrəman olmağı bacarmışlar. Dünya faşizm fəlakəti ilə üz-üzə qaldığında vətənimizin övladları Sovet qoşunlarının tərkibində ümumi düşmənə qarşı mərdliklə vuruşmuşlar. İkinci Dünya müharibəsi illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. General-mayor Həzi Aslanov isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmaqla, bütün İttifaq üzrə bu adı qazanmış 154 nəfərdən biri olmuşdur. Xalqımızın taleyində qanları, canları bahasına tarix yazan igidlərimiz bu gün də qəhrəman olmaq yolundadırlar.

 

Tarix elə gətirdi ki, müstəqillik dövründə Azərbaycan ilk Milli Qəhrəmanlarını qazanmış oldu. Müstəqilliyin ilk günlərindən Azərbaycan torpaqları Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldı. Xarici ölkələrdəki ciddi diaspor dəstəyi və Sovet ordusunun qalıqları hesabına yaxşı silahlanmış, dünyanın müxtəlif ölkələrində terror qruplaşmalarının tərkibində döyüş təcrübəsi qazanmış erməni daşnaklarının və muzdlularının qarşısına  Azərbaycanın mərd övladları çıxdı. Azərbaycanın Milli Qəhrəmanı adını almış 215 nəfərin böyük əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində döyüşlərdə göstərdikləri şücaətə görə bu yüksək ada layiq görülmüşlər. Milli Qəhrəmanlarımızın döyüş yollarına baxdıqda bir daha aydın olur ki, təpədəndırnağadək silahlandırılmış, müxtəlif terror qruplaşmalarının tərkibində cinayətkar döyüş təcrübəsi keçmiş erməni işğalçılarının qarşısının alınmasında hər birinin şəxsi şücaəti olmuşdur. Onların fərqli taleləri olsa da, bir oxşar zirvədə - qəhrəmanlıq zirvəsində hər biri bizim üçün örnək mənbəyidir. Ümumilikdə  münaqişə nəticəsində Azərbaycan tərəfdən 20000 nəfərədək insan şəhid olmuş, təxminən 4 000 nəfərə yaxın Azərbaycan Respublikasının vətəndaşı itkin düşmüşdür.

 

 Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan və Azərbaycan Respublikasının 1992-ci il 25 mart tarixli Qanunu ilə müəyyən edilən "Azərbaycanın Milli Qəhrəmanı" adı ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Müstəqillik tariximizdə ilk dəfə 1992-ci il 6 iyunda daxili işlər orqanlarının 11 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. İlk Milli Qəhrəmanlar arasında mayor Əlif Hacıyevin, kapitan Məhərrəm Seyidovun, baş leytenant Mikayıl Cəbrayılovun rəşadətli qəhrəmanlıq yolu hər bir Azərbaycan əsgəri üçün bu gün də örnəkdir. Xalqımızın igid övladı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılov da tanınmış  qəhrəman, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi olmuş, Fransa dövlətinin bir neçə mükafatı ilə təltif edilmişdir. Bir ailədən iki qəhrəman - ata alman faşistlərinə, oğul erməni faşistlərinə qarşı döyüşmüşdür. Ümumilikdə 1992-ci il ərzində 106 nəfər bu yüksək ada layiq görülmüşdür. Sonrakı dövrlərdə 1993-cü ildə 21 nəfərə, 1994-cü ildə 27 nəfərə, 1995-ci ildə 48 nəfərə, 1997-ci ildə 4 nəfərə, 1996-cı, 2009-cu, 2010-cu və 2017-ci illərin hər birində 1 nəfərə, 1999-cu ildə 2 nəfərə, 2016-cı ildə isə 3 nəfərə Milli Qəhrəman adı verilmişdir.

 

Hazırda Milli Qəhrəmanlarımızdan 17 nəfəri sağdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəşadətlə döyüşüb şəhidlik zirvəsinə ucalan ən gənc Milli Qəhrəman Abdullayev Namiq Vahid oğludur (1974-1993). 1993-cü ildə Xocavənd uğrunda döyüşlərdə şəhadətə qovuşan qəhrəmanın 19 yaşı belə tamam olmamışdır. Onunla birlikdə 7 Milli Qəhrəmanımızın (Elşən Hüseynov, İlham Həsənov, Eldar Xəlilov, Emin Quliyev, Samir Zülfüqarov, Eltun İsgəndərov) həlak olanda 19 yaşı, 24-nün isə 20 yaşı tamam olmamışdır. Şəhid olan zaman ən yaşlı Milli Qəhrəmanlarımızın isə 56 yaşları olub. Soltanağa Bayramov (1936-1993) 1993-cü ildə Azərbaycanın cənub bölgəsində silahlı cinayətkar hadisələrin qarşısı alınarkən, Baxşeyiş Paşayev (1936-1992) isə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı döyüşdə rəşadət göstərərək şəhid olmuşlar.

 

Milli Qəhrəmanlarımızdan 5-i Qarabağda döyüşlər zamanı itkin düşmüş və ya nəşləri döyüş meydanında qalmışdır. Riad Əhmədov "Daşaltı əməliyyatı"nda, Hikmət Nəzərli Xocalıda itkin düşmüşdür. Etibar İsmayılovun, İnqilab İsmayılovun və Mehman Səyyadovun cəsədlərini isə döyüş meydanından çıxarmaq mümkün olmamışdır. Ona görə də bu igidləri məzarsız qəhrəmanlar adlandırmaq olar.

 

Müstəqilliyin ilk illərindən vətən uğrunda canından keçənlərin Azərbaycanda yeni məkanları - Şəhidlər Xiyabanları yaradıldı. İlk Şəhidlər Xiyabanı 1990-cı ildə Bakıda 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olanların dəfni məqsədilə yaradılmışdır. Torpaqlarımız uğrunda həlak olanların sayı artdıqca, respublikanın əksər şəhər və rayonlarında Şəhidlər Xiyabanı yaranırdı. Milli Qəhrəmanlarımız ölkə ərazisində həm Şəhidlər Xiyabanlarında, həm də ayrı-ayrı şəhər və ya kənd qəbiristanlıqlarında dəfn olunmuşlar. 68 Milli Qəhrəmanımız Bakıda Şəhidlər Xiyabanında, 3-ü Fəxri Xiyabanda dəfn edilmişdir. Bundan başqa, Azərbaycanın 24 şəhərindəki Şəhidlər Xiyabanında və digər kənd qəbiristanlıqlarında Milli Qəhrəmanlarımız uyuyur. 5 Milli Qəhrəmanımız isə ölkəmizin hüdudlarından kənarda - Ukraynanın Zmiyev şəhərində, Belarusun Minsk vilayətində, Rusiyanın Tula vilayətində, Smolensk və Samara şəhərlərində dəfn olunublar. Bu yerdə ürək yanğısı ilə qeyd etməliyik ki, 28 Milli Qəhrəmanımızın məzarı ermənilərin işğal etdiyi ərazilərdə qalmışdır. Azərbaycan ordusunun 2020-ci il 27 sentyabr tarixindən başlayan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızı işğalçılardan təmizləməklə yanaşı, uzun illərdir əsir olan məzarlarımızı azad edəcəyimizə də ümid edirik. Artıq Milli Qəhrəman Vüqar Hüseynovun (1969-1991) dəfn olunduğu Cəbrayıl rayonunun Daşkəsən kəndi, Şikar Aslanovun (1970-1992) dəfn olunduğu Süleymanlı kəndi, Kazım Məmmədovun (1969-1991) dəfn olunduğu Böyük Mərcanlı kəndi, Nazim Quliyevin (1965-1992) dəfn olunduğu Füzuli şəhəri düşmən tapdağından azad olunmuşdur.

 

Qeyd etməliyik ki, müharibənin elə ilk günlərindən vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülməkdədir. Həmin dövrdən indiyədək respublikamızın əksər şəhər, rayon və kəndlərində Milli Qəhrəmanlarımızın şərəfinə minlərlə küçə adlandırılmış, onların büstləri ucaldılmış, xatirə bulaqları, guşələri yaradılmış, filmlər çəkilmiş, kitablar yazılmışdır.

 

 "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanunun 3-cü maddəsinə əsasən, vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi formalarından biri də vətən uğrunda həlak olanlar haqqında "Xatirə kitabı"nın aparılmasıdır. Respublika üzrə şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı informasiya bazasının hazırlanması ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan "Respublika Xatirə Kitabı" redaksiyası məşğul olur (http://xatirekitabi.az). Çox təqdirəlayiq haldır ki, bu günlərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası  tərəfindən "Azərbaycanın Milli Qəhrəmanları" barədə elektron məlumat bazası hazırlanmış və istifadəyə verilmişdir.

 

Azərbaycanda indiyədək 1400-ə yaxın məktəbə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin adı verilmişdir. 85 Milli Qəhrəmanın adı respublikanın 36 şəhər və rayonu üzrə 95 məktəbə verilməklə əbədiləşdirilmiş, Bakı şəhərində 30 məktəb, Goranboy rayonunda 5 məktəb və Qubadlı rayonunda 5 məktəb Milli Qəhrəmanlarımızın şərəfinə adlandırılmışdır. Hətta bəzi Milli Qəhrəmanların adı bir neçə rayon üzrə məktəblərə verilmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonunda 202 nömrəli məktəblə yanaşı, Ağstafa rayonu Həsənsu kənd, Qəbələ rayonu Hacıalılı kənd, Qazax rayonu Qazaxbəyli kənd, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd, Saatlı rayonu Qırağlı kənd, Qubadlı rayonu Zilanlı kənd orta məktəbləri Qarakənddə vurulmuş vertolyotda şəhid olan Milli Qəhrəman tanınmış jurnalist Alı Mustafayevin adını daşıyır.

 

Günümüzdə Azərbaycan tarixinə yeni səhifələr yazılır. Məlum olduğu kimi, 27 sentyabrda erməni hərbi birləşmələrinin növbəti təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatı başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 60-dan çox viran qoyulmuş yaşayış məntəqəsini erməni işğalından azad etmişdir. Ali Baş Komandan həm hərb, həm də diplomatiya səhnəsində yeni tarix yazır. Bugünkü gündə Vətən uğrunda Qarabağ döyüşlərində hər an böyük qəhrəmanlıqlar göstərən, torpaqlarımızı mənfur düşmənlərdən azad edən igidlərimiz isə Azərbaycanın hərb tarixinə adlarını qanla yazırlar. Birinci Qarabağ müharibəsində həlak olan şəhidlərin qısası alınır. Əminik ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları dərsliklərə, kitablara düşəcəkdir.

 

Müharibəyədək fərqli tale yaşayan hər bir döyüşçünün şücaəti isə heç zaman unudulmur.

 

Qəhrəmanlar unudulmaz!

 

 

Ərəstü HƏBİBBƏYLİ

İqtisadiyyat üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.10.