"Hansı partiyanı təmsil etsək
də, tək düşmənimiz işğalçı Ermənistandır"
“BİRİNCİ
QARABAĞ MÜHARİBƏSİNDƏ ÖLKƏDƏ
BİRLİK OLSAYDI, ERMƏNİSTAN BİR QARIŞ
TORPAĞIMIZI DA İŞĞAL EDƏ BİLMƏZDİ”
"Siyasi dialoq" rubrikasının növbəti
qonağı Azərbaycan Sosial Rifah Partiyasının sədri
Əsli Kazımovadır.
- Əsli
xanım, artıq bir müddətdir ki, Azərbaycanda hakimiyyətlə
siyasi partiyalar arasında dialoq başlayıb. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar
və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi
olaraq siyasi
partiya liderləri ilə görüşüb, onların
fikirlərini, təkliflərini dinləyir. Sizcə,
bu dialoq nə üçün vacibdir?
- Azərbaycanda
hakimiyyətlə siyasi partiyalar arasında dialoqun
başlaması ilə demək olar ki, ölkədə sağlam
siyasi münasibətlər formalaşır. Hesab
edirəm, Azərbaycan daxili problemlər və siyasi çəkişmələri
ilə beynəlxalq media arenasında tanınmamalıdır.
Ölkəmizin yetəri qədər uğurlu
beynəlxalq siyasi manevrləri var ki, bunlar dünya mediasına
çıxarılmalıdır. Siyasi
partiyalar arasındakı dialoq birmənalı olaraq, partiyalar
arasında sağlam rəqabət prinsipinə dayanaraq
inkişaf tendensiyasını təmin edən bir vasitə
rolunu icra etməkdədir. Düşünürəm
ki, bununla ölkədə illərdir partiyalar arasında gedən
qalmaqallara və çəkişmələrə çox
qısa zamanda son qoymağa müvəffəq olacağıq.
Bizə partiyalar arasında sağlam siyasi rəqabətlə
yanaşı, hakimiyyətlə sağlam və məhsuldar
dialoqların qurulması da lazımdır.
- Sizin
fikrinizcə, iqtidar-müxalifət dialoqu başlayandan bəri
Azərbaycan cəmiyyətində nələr dəyişib,
hansı yeni yanaşmalar formalaşıb?
- İqtidar və müxalifət arasında başlayan
dialoq çox perspektivli nəticələr verməkdədir. Fərqli siyasi ambisiyalara
xidmət edən iki fərqli siyasi qütbün eyni məqsədə
xidmət etməsini önə sürərək, birgə bəyanatlarla
çıxışlarına nail ola bilmək,
hesab edirəm, böyük uğurdur. Bu gün istər
iqtidar, istərsə də müxalifət cəbhəsində
olan hər bir soydaşımız üçün siyasi mövqeyindən
asılı olmayaraq, birmənalı şəkildə, işğal altında olan
torpaqların geri qaytarılması məsələsi önəmli
faktordur. Hesab edirəm, bu gün Azərbaycanda
hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm
dialoq mövcuddur.
İndiyə qədər hakimiyyət rəsmiləri ilə
partiya sədrləri arasında bir neçə dəfə
görüşlər baş tutub. Administrasiyanın yeni
strukturunda yaradılan müvafiq şöbə tərəfindən
ayrı-ayrı partiya, o cümlədən, müxalifət
partiyalarının nümayəndələri ilə
görüşlər keçirilir. PA-nın Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbaycan
Sosial Rifah Partiyası (ASRP), Bütöv Azərbaycan Xalq Cəbhəsi
(BAXCP), Böyük Quruluş (BQP), Respublikaçı
Alternativ (REAL), Ana Vətən (AVP), Yaşıllar Hərəkatı
(YH), Vəhdət, Azərbaycan Xalq (AXP) və digər partiya rəhbərləri
ilə keçirdiyi görüşlər qeyd olunanlara əyani
misaldır. Qeyd etmək gərəkdir ki, həmin
görüşlər zamanı siyasi partiyalar və dövlət
münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti,
həmçinin, digər məsələlər ətrafında
səmərəli, işgüzar söhbətlər
aparılıb.
- Məlumdur
ki, siyasi partiya liderləri tərəfindən bu
görüşlər zamanı hakimiyyətə müxtəlif
təkliflər verilir, cəmiyyəti narahat edən problemlər
qabardılır. Sizin rəhbərlik
etdiyiniz partiya hansı təklifləri irəli sürüb və
nə kimi problemlərə diqqət çəkmisiniz?
- Qeyd
etdiyim kimi, aparılan səmərəli görüşlər
çərçivəsində, Azərbaycan Sosial Rifah
Partiyası olaraq, beynəlxalq media və diaspor fəaliyyətində
partiyaların dəstəyi məsələsinin
artırılması təklifini irəli
sürmüşük. Bununla bağlı dəfələrlə
kütləvi informasiya vasitələrində də öz təkliflərimizi
bildirmişik. Hesab edirik ki, bu gün diaspor
fəaliyyətlərinin gücləndiriməsində siyasi
partiyaların rolü artırılmalıdır. Hər bir partiya sadəcə, ölkə daxilində
öz vətən və xalq sevgisini göstərməklə
məhdudlaşmamalıdır. Bunu məhdudlaşdırmamaq
üçün də mütləq sürətdə iqtidar
olmaq lazım deyil. Yəni hər kəs
milli ideologiyaya təmsil etdiyi partiyanın mövqeyindən
çıxış edərək də xidmət göstərə
bilər. Düşünürəm ki, bu
gün cənab biz siyasi partiya olaraq Prezidentin xarici KİV-ə
verdiyi müsahibələrdən də nəticə
çıxarmalıyıq. Hər bir partiya beynəlxalq
ictimaiyyəti
işğalçı Ermənistanın törətdiyi
terror aktlarının müəllifi olmasına
inandırmalıdır. Bu missiya bu gün müharibə şəraitində
yaşayan bir ölkənin istənilən partiyasını təmsil
edən hər bir
şəxs üçün ilk
məsələ olmalıdır. Bununla bağlı bir
neçə təkliflərimiz var, üzərində çalışdığımız fəaliyyət proqramı var.
Yaxın günlərdə bununla bağlı geniş bir
iş fəaliyyət proqramını təklif paketi
halında şöbəyə təqdim edəcəyik.
- Hakimiyyətin
dialoq başlayandan bəri atdığı addımları necə
qiymətləndirirsiniz? Ümumiyyətlə,
artıq dialoqun nəticələrdən danışmaq
mümkündür?
- Dialoqun
nəticələri göz qabağındadır. Yuxarıda qeyd etdiyim bütün nailiyyətlər və
uğurlar birmənalı olaraq, qısa zaman kəsiyində
hakimiyyət və müxalifət arasında başladılan
və müvəffəqiyyətlə davam etdirilən
dialoqların bariz nümunəsidir. Hesab edirəm, bu
dialoqlar formatını bir qədər inkişaf etdirmək və
kreativ fikirlər əlavə etməklə, çox qısa
zamanda daha prespektivli nəticələrə nail ola biləcəyik. Əgər hakimiyyətlə dialoqların səmərəli
şəkildə davam etdirilməsi qısa zaman kəsiyində
ölkədə partiyalararası sağlam siyasi rəqabət
atmosferi yaratmağa müvəffəq olubsa, əgər
hakimiyyət bu gün məhz bu dialoqların sayəsində
müxalif partiyaların təklif və şikayətlərini
dinləyirsə, bu, artıq böyük bir uğurdur. Hesab edirəm ki, ölkədə istənilən sahədə
sağlam rəqabət tendensiyasının yaradılmasına
nail olmağın tək yolu sağlam rəqabətin partiyalar
arasında yaradılmasına nail olmaq idi.
- Əvvəllər
də dialoq adına görüşlər
keçirilib. Siz də bunu bayaq
xatırlatdınız. Bu gün siyasi
partiya liderləri də etiraf edirlər ki, Ədalət Vəliyevin
hakimiyyət nümayəndəsi olaraq apardığı
dialoq daha uğurludur. Sizcə, əvvəl
və indi aparılan prosesi fərqli edən nədir?
-
Bilirsiniz, ölkədənin prespektivli gələcəyi və
inkişafı adına görülən hər
bir iş öz bəhrəsini verər. Şəxsi maraqlara və
ya vəzifədə qalmaq adına reklam xətrinə
görülən işlərin heç bir perspektivi ola bilməz.
Bu, yazılmamış qanundur. Hər yerdə və istənilən sahədə bu
belədir. Əlbəttə, bu gün Ədalət Vəliyevin
rəhbərliyi ilə aparılan siyasi dialoqdan daha əvvəl
aparılan dialoqlar arasında yerlə göy qədər fərq
var. Hazırda aparılan dialoq reklam xarakteri daşımır,
birmənalı olaraq, sadəcə və sadəcə ölkədə
siyasi çəkişmələrə son qoymaq və partiyalar arasında sağlam
siyasi rəqabəti qorumaq məqsədinə xidmət edir. Bunu həm görmək, həm də hiss etmək
mümkündür. Bariz nümunəsi isə
görülən və gözqabağında olan işlərdir.
Bu gün Azərbaycan Sosial Rifah Partiyası öz təklifləri
ilə müraciət edirsə və bu təklif hakimiyyət
tərəfindən müsbət qarşılanırsa, nəticə
olaraq Sosial Rifah Partiyası həmin təkliflərlə,
iqtidar partiyası olmasa belə, xalqa və dövlətə
xidmət etmiş olur. Bu tendensiyanı daha
öncə müşahidə etmək mümkün deyildi.
- Biz cəbhədə
düşmən təxribatına qarşı bütün cəmiyyətin,
eyni zamanda, siyasi partiyaların vahid mövqedən
çıxış etdiyini gördük. Sizcə,
ölkəmizin cəbhədə əldə etdiyi qələbədə
bu həmrəylik nə dərəcədə rol oynadı?
- Bir az öncə də, qeyd etdim, birincisi, siyasi mövqeyindən asılı olmayaraq, bütün siyasi partiyaların eyni mövqedən çıxışı ölkədə milli ideologiyanın var olmasının bariz nümunəsidir. Milli ideologiyası olmayan bir dövlətin döyüş meydanında qələbəsi də ümidverici olmazdı. Digər tərəfdən, bir ölkədə müxalif və iqtidar partiyasını təmsil etməsindən asılı olmayaraq, hər kəs eyni amala xidmət edə bilirsə, bu, ölkədə siyasi iradənin var olmasının göstəricisidir. Bu tendensiyaların heç biri bu gün Ermənistanda mövcud deyil. Müharibə şəraitində yaşayan bir dövlət üçün bu kimi amillərə sahib olmaq mütləqdir. Bütün bu önəmli faktorları əsas tutaraq, aparılan dialoq bu baxımdan böyük töhfə verib. Azərbaycan daim bərabərhüquqlu əməkdaşlığa, tərəfdaşlığa açıq olan ölkədir. Bu gün Azərbaycan hakimiyyəti daxili siyasi kursu da eyni tendensiya ilə davam etdirir. Ona görə də, hər bir sahədə uğurlu nəticələr əldə etmək imkanına sahib oluruq. Amma hesab edirəm, siyasi partiyalar sadəcə, daxili siyasi problemlərlə bağlı deyil, eyni zamanda, beynəlxalq arenada baş verən hadisələrlə bağlı, hazırkı durumda müntəzəm və intensiv dəyirmi masalar keçirməlidir. Siyasi partiyalar olaraq, yaydığımız birgə bəyanat milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizinin göstəricisi olduğu kimi, eyni zamanda, ölkədə daxili siyasi birliyin olmasının göstəricisi idi. Amma bu bəyanatdan başqa, beynəlxalq arenada baş verən bütün siyasi məqamlar, hesab edirəm ki, partiyalar arasında müzakirə edilməli və ortaq mövqe sərgilənməlidir. Hansı partiyanı təmsil etsək də, tək düşmənimiz işğalçı Ermənistandır!
- Bilirsiniz ki, AXCP dialoqda iştirak etmir və həmin müraciətə də imza atmadı. Müsavat Partiyasının sədri Ədalət müəllimlə görüşsə də, o da müraciəti imzalamadı. Sizcə, imtinadansa, danışmaq, müzakirə aparmaq cəmiyyət üçün daha faydalı ola bilərdimi?
- Mən hesab edirəm, müharibə aparan bir ölkə üçün, daxili siyasi birlik və bərabərlik çox önəmli faktordur. Bu tendensiyanın AXCP üçün önəmsiz olduğunu hələ müharibənin ilk başladığı illərdə də gördük. Birinci Qarabağ müharibəsində ölkədə birlik olsaydı, Ermənistan heç bir qarış torpağımızı işğal edə bilməzdi. Görürsünüz, ermənilərin gücünü də, müharibə etikalarını da, bacarıqlarını da... Hazırda da, eyni təfəkkürə xidmət edən müxalif düşərgənin nümayəndələri, heç olmasa keçmişə baxıb özləri üçün nəticə çıxarmalıdırlar.
PƏRVANƏ
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.8.