Nəsimişünaslıqda yeni
yanaşmalar
Nəsimişünaslığın milli ədəbiyyatşünaslığımızda
təxminən bir əsrə yaxın yaşı var; Nəsimi
fenomeninə nəzərən bu tarix o qədər qədim
olmasa da, fikrimcə, üç mərhələ artıq
arxada qalıb.
Birinci mərhələ, milli ədəbiyyat
tarixçiliyimizin 20-30-cu illəridir ki, bu dövrdə Nəsiminin
həyatı, şəxsiyyəti və əsərlərinin
ilk dəfə üzə çıxması və ilk dəyərləndirmə
prosesi baş verib. Məşhur ədəbiyyatşünaslar
İsmayıl Hikmət, Əmin Abid, Salman Mümtazın
araşdırmaları kontektində nəsimişünaslıq
ilk addımlarını atıb. Hətta
bu araşdırmalar, xüsusilə, S.Mümtazın tədqiqatları
(Nəsimi "Divan"ının çapı, onun
Şamaxıdan olması faktı və s.) bir çox cəhətdən
çağdaş nəsimişünaslar üçün də
ən etibarlı mənbələrdən biri olaraq qalır.
İkinci mərhələ, 60-70-ci illərə təsadüf
edir ki, bu mərhələ H.Araslı, M.Quluzadə, Z.Quluzadə,
C.Qəhrəmanovun araşdırmaları ilə konseptual
istiqamət alır. Bu dövrdə nəsimişünaslıq
həm elmi-tənqidi mətn, həm də mətni şərhetmə
baxımından yeni mərhələ olur. Doğrusu, bu mərhələlər Nəsimini həyatı,
şəxsiyyəti baxımından mümkün olduqca irəli
getmişsə, yaradıcılığının mahiyyətinin
dünya kontekstinə çıxarılmasında bir qədər
geridə qalırdı. Yəni
düşünürəm ki, bu araşdırmalarda Nəsiminin
faciəli həyatı sanki onun
yaradıcılığını kölgədə qoyub.
Əslində isə Nəsimi dünyaya öz
ideyaları uğrunda canından keçən mücadiləçi
bir ideya adamı olmaqla yanaşı, zəngin bədii
yaradıcılığı (poeziyasının
orijinallığı, fəlsəfiliyi, insan konsepsiyası,
poetik sistemi, bədii təsvir və ifadə vasitələrinin
orijinallığı və s.) ilə tanınmalıdır.
Onun ölməzliyi ölümü ilə bərabər,
ictimai, fəlsəfi məzmunlu əsərlərindədir.
Onun poeziyası özünü və
dünyanı dəyişməyə qadir İnsan konsepsiyası
ilə İntibah ədəbiyyatının bütün mahiyyətini
özündə əks etdirir. Avropa
İntibah mədəniyyətindən öncə Nəsimi
İnsanın azad düşüncəsini hər cür
buxovdan azad etməyə və onun düşüncəsi
qarşısındakı bütün bağları
qırmağa çalışmışdır. İnsan qüdrətinin və gözəlliyinin vəsfi
Nəsimi şeirlərində simvollar şəklində ifadə
olunub. Onun poeziyası orijinal poetik sistemi, bədii
təsvir və ifadə vasitələrinin zənginliyi ilə
intibah düşüncəsini tamamlayır. Nəsimi poeziyası dil faktoru baxımından da zəngindir;
xalq danışıq dili ilə elmi poetik dil sintez şəklindədir.
Poetik dil semantik struktur, ritm, intonasiya, ahəng ilə
yeni bir poetik sistemi əhatə edir. Onun
poeziyasının zənginliyi forma (qəzəl, qəsidə,
tuyuğ və s.) müxtəlifliyi ilə davam edir. Nəsimi şeirləri hürufizmin, panteizmin poetik məcmusudur,
bu poetik şifrələri, dövrünə, gələcəyə
və İnsan faktoruna yönəlik mesajları açmaq
çağdaş ədəbiyyatşünaslığın əsas
vəzifələrindən biridir.
Bütün bunlar nəsimişünaslığın
üçüncü mərhələsində öz həllini
tapacaq faktorlardır. Artıq daxil olduğumuz bu mərhələdə onun konturlarını da
görmək olar. Çağdaş nəsimişünaslıq
əsrin əvvəllərindən yeni mərhələyə
daxil olub. Bu mərhələ üç
ayrı-ayrı qolları ilə paralel olaraq inkişaf etməkdədir.
Birincisi, ədəbiyyatşünas Səadət
Şıxıyevanın şairin poetikası ilə
bağlı araşdırmaları milli arealdan kənara
çıxmaqdadır. İkincisi, professor
Qəzənfər Paşayevin Nəsimi divanının fərqli
nüsxələrini çapa hazırlamaq, onun həyatı və
şəxsiyyəti ilə bağlı elmi dövriyyəyə
yeni məlumatlar gətirir (Bax: Nəsimi İmadəddin. İraq divanı. Bakı, 1987).
Bu tədqiqatçıların hər birinin
araşdırmaları nəsimişünaslığı irəli
aparan istiqamətlərdir. Üçüncüsü,
filologiya elmləri doktoru Rəhim Əliyevin
araşdırmalarıdır. Sonuncu nəsimişünaslıqda
yeni olmasına rəğmən, "sonuncu mogikan"
funksiyasını üzərinə götürüb. Rəhim
Əliyevin "Nəsimi nədən ənəlhəq
dedi" (Bakı, Mütərcim, 2020, 152 s.) monoqrafiyası
elmi tutumu, yeni yanaşması və problemlərin qoyuluşu
ilə bunu deməyə imkan verir. Lakin nəzərə
alaq ki, bu araşdırma ədəbiyyatşünasın ilk
araşdırması deyil. Buna qədər
onun Nəsimi və hürufizmə aid "Nəsimi və
klassik dini üslubun təşəkkülü" (Bakı,
Nafta-press, 2006) və "Cavidannamə" (Bakı, 2016))
monoqrafiyalarının çapı nəsimişünaslığı
zənginləşdirmişdir. Lakin bu
monoqrafiyalar nəsimişünaslıqda yeni istiqamətlər
açmasına baxmayaraq, ədəbiyyatşünaslığın
diqqətindən kənarda qalıb. Bütün bunlar
onu göstərir ki, R.Əliyevin Nəsimi
yaradıcılığı ilə
araşdırmalarının iyirmi illik bir tarixçəsi
var. Deyim ki, bu, az bir zaman deyil və bu zaman
içərisində ədəbiyyatşünaslığımız
bu sahədə verimlilik qazanıb.
Rəhim
Əliyevin problemlə bağlı üçüncü-o qədər
də irihəcmli olmayan "Nəsimi nədən ənəlhəq
dedi" monoqrafiyasında nəsimişünaslıqda indiyədək
öz həllini tapmayan bir çox məsələlər
işıqlandırılır; hürufilik və islam, Nəsiminin
Fəzlullahla ilk tanışlığı və onun
ölümü haqqında şeirlər, hürufilərin
Allah ehkamını açan şeirlərinin təhlili, insan
haqda ehkamı ifadə edən şeirlərin müəyyənləşdirilməsi,
Nəsiminin Fəzlullahın ölümü haqqında
yazdığı şeirlər və s. Monoqrafiya boyu
hürufilikdə və nəsimişünaslıqda indiyədək
çox az toxunulmuş, yaxud heç toxunulmamış problemlər
yeni yanaşma kontekstində təhlilə cəlb edilir. Nəticədə təsəvvürlərimizdə
olan Nəsimidən bir qədər fərqli Nəsimi görə
bilirik. Nəsiminin görünməyən tərəfləri
şair və mütəfəkkir obrazında üzə
çıxır və onu böyük islam
və hürufi mütəfəkkiri olmasını faktlarla əsaslandıra
bilir. Hər iki aspektdə tədqiqatçının
müraciət etdiyi ən etibarlı mənbə Nəsimi
yaradıcılığının özü olur, lakin
dünya nəsimişünaslığının son illərdəki
uğurlarını da elmi dövriyyəyə gətirməklə
tezislərini daha da möhkəmləndirir.
Rəhim Əliyevin üzərinə
götürdüyü ən böyük tədqiqatçı
məsuliyyəti Nəsiminin şeirlərinin bir çoxunun
ona məxsus olub-olmaması və onun
yaradıcılığının yad şeirlərdən təmizləmək
istəyidir. Nəsimi şeirlərini fərdi üslubuna görə
müəyyənləşdirmək və bu istiqamətdə
onu təhlil etmək də qarşısında duran əsas
problemlərdəndir. Deməliyəm ki, bu
məsələ ümumiyyətlə çağdaş və
gələcək nəsimişünasların əsas vəzifələrindən
olmalıdır. Ancaq o da var ki, klassik ədəbiyyatı
fərdi üslub üzərindən oxumaq çox çətindir;
gərək həm dövrü yaxşı biləsən, həm
hürufizmi və islamı, həm də fərdi üslubu
müəyyənləşdirməyi bacarasan. Xüsusən, klassik ədəbiyyatda fərdi
üslubu müəyyənləşdirmək
üçün təkcə nəzəri məsələləri
bilmək azdır, mətnşünaslıq məsələlərini
dövriyyəyə gətirmək, müxtəlif nəşrlərin
səbirlə müqayisəsini aparmaq gərəkir. Bu cəhətdən görkəmli tədqiqatçı
Nəsimi divanının bir neçə nüsxəsinin
müqayisəsini apararaq maraqlı nəticələrə gəlir.
Nəsiminin şeirlərindəki kodları (ideoloji
yönləri) açmaq üçün hürufiliyin islama
münasibəti araşdırılır. Bunun
üçün ən yaxşı mənbə Fəzlullahın
"Cavidannamə" əsəridir. Məhz
burada hürufiliyin islama münasibətinin fundamental məsələləri
öz əksini tapır. Tədqiqatçı
hürufiliyi islama yaxınlaşdıran cəhətlər
üzərində geniş dayanır və onu sufiliklə
eyniləşdirməyə, yaxud sufi cərəyanlardan
biri kimi qələmə verməyin əleyhinədir.
Hürufilərdə Allahın ikitərkibli olması
ehkamı üzərində dayanır: Allah Ata və Allah
oğul. Fəzlullahı isə Allah Oğulun
zühuru kimi verir. Əslində, Fəzlullahın
öldürülməsinin bir səbəbi kimi Fəzlullahın
Allahın Oğulu kimi zühur edərək insanlar arasında
vəhdət yaratması göstərilir. Fəzlullahın
öz məzhəbini Teymurləngə "etiqadi-vəhdətiyyə"
olaraq təqdim etməsi və Teymurləngin bunu qəbul etməməsi
və onu qətlə yetirməsi elmi düşüncəni dəyişir.
Yaxud hürifi etiqadının ikili mənbəyə (istifadə
etdiyi əlifba baxımından islama bağlıdırsa,
Allahın surəti və tərkibi baxımdan
xristianlığa və İsa Məsihin oğlu olması
haqda ehkama bağlıdır) əsaslanır: "Mənbələr
Fəzlullahın Teymurlənglə görüşdə ona
"etiqadi-vəhdətiyyə"dən
danışdığını qeyd edirlər. Bu
detal da göstərir ki, təkallahlı dinlərin birliyini
yaratmaq istəyi Fəzlullahın zühurunun əsas qayəsi
olmuşdur və o, bunu açıq şəkildə təblig
etmişdir".
Rəhim Əliyev "hürifilik müstəqil məzhəbdir,
yoxsa islama məxsus təriqət?" problemi ətrafında
da araşdırma aparır. Onun fikrincə, islamdakı şəriksiz
və dünyanı yaratmış Allahla, hürufilərin allah saydıqları Fəzlullah eyni deyildir. Tədqiqatçı Fəzlullahın statusu ilə
bağlı fikirlərində daha çox onun "Cavidannamə"
əsərinə və Nəsimi şeirlərinə istinad
edir. O, monoteizm tarixində Fəzlullahın Allah-insan
statusuna malik olması fikrini əsaslandırmağa
çalışır. Tədqiqatçının
belə bir fikri doğru səslənir ki, Fəzlullah
özü öz statusunu ardıcıllarına izah edərkən
İsa Məsihin messiya statusundan misal kimi istifadə edirdi və
bu, "Cavidannamə"də də əksini tapıb. Burada "Cavidannamə"yə istiunad olunmasa da, Nəsimi
yaradıcılığı köməyinə gəlir.
Nəsiminin onu "İsayi-sani"
adlandırması bu nəzəri fikri təsdiq edir. Nəsimi Fəzlullahı Allah kimi tanıyır,
sevir və tərənnüm edirdi. Onun
"Sənsən ey surəti-Allah ilə Rəhman, məscud,
Qılmayan səcdə sana div ilə şeytan demişəm"
beytindəki "ey surəti-Allah" müraciətinin Fəzlullaha
aid olduğu qənaətindədir.
Nəsimişünas alim R.Əliyev problemlə
bağlı həm Qərb, həm Şərq, eləcə də
türk və milli mənbələrlə yaxşı
tanışdır. Yeri gəldikcə bu mənbələrə
istinadlar edir və bir çox hallarda akademik nəşr
üslubundan kənara çıxaraq onlara öz hörmətini
izhar edir. A.Məhəmmədinin H.Araslı nəşrinə
yazdığı şərhinin, bəzi yerləri ilə
razılaşmasa belə, çox qiymətli tədqiqat
olduğunu bildirir və bu işin bir hünər olduğunu
qeyd edərək yazır: "...Azərbaycanda hürufiliyi bu
cür başa düşən üç alim olub; Salman
Mümtaz, Mirzə Abbasi və ...A.Məhəmmədi". Yaxud türk nəsimişünaslarından bəhs
edərkən Fateh Usluərin araşdırmalarına istinad
etməklə yanaşı, onu təqdir etməyi də
unutmur.
Rəhim Əliyevin nəsimişünaslıqda ən böyük
xidmətlərindən biri şeirlərinin yeni gözlə
oxunmasıdır. Məlumdur ki, Nəsiminin Nəimi ilə
tanışlığının bəlli bir tarixi vardır;
lakin bu tanışlığın şeirlərdə əks
olunmasını aydınlaşdırmaq tədqiqatçıdan
məsuliyyət, cəsarət və mətnşünaslığı
dərindən bilməsini zəruri edir. Tədqiqatçı
da bu faktorlara dayanaraq Nəsiminin Fəzlullah və
hürufiliklə bağlı şifrələrini
açmağa çalışır və fikrimizcə, bir
çox hallarda buna nail olur. Bu ayrı məsələdir
ki, Nəsimi şeirlərini bu aspektdə təhlil etmək
işi sistemli şəkildə indi başladığından
burada müəyyən qeyri-dəqiqliklər də ola bilər. Həqiqət odur ki,
tədqiqatçı bu araşdırmaları ilə nəsimişünaslıqda
yeni bir səhifə açır və gələcək tədqiqatlar
üçün imkanlar yaradır. Nəsiminin Bakı nəşrinin
bəzisinin "Mərhaba" rədifli beş
beytlik qəzəllə açılması ənənəsini
Nəsiminin özündən gəlməsi ilə əlaqələndirir
və bunu Nəsiminin özünün divanının tərtibinə
bağlayır.
Bu şeirin Fəzlullaha yazılan ilk şeirlərdən
biri olduğunu onun sadəliyi, sonrakı şeirlərində
olan dini fəlsəfənin incəliklərinin olmaması ilə
izah edir. Şeirin məzmunundan çıxış edərək
"Çün ləbin cami-Cəm oldu, nəfseyi-ruhülqüds,
Ey cəmilim, ey camalım, bəhrü-kanım, mərhaba!
Gəldi yarım naz ilə sordu, Nəsimi, necəsən,
Mərhaba, xoş gəldin, ey xırdabahanim, mərhaba!"
misralarının Fəzlullahın xatirəsini bütün həyatı
boyu əziz tutduğunu göstərir. Yaxud
"Könlümüz" rədifli dördlüklərini Fəzlullahla
ilk tanışlıq dövrünə bağlayır. Fikrini isə bu şeirlərdə hələ
ehtirasın, dialoq və polemikanın olmaması ilə əlaqələndirir.
Bu şeirlərin təhlili zamanı tədqiqatçı
özünün əvvəllər gəldiyi bəzi qənaətlərə
də düzəlişlər edir. Bu, ondan
irəli gəlir ki, bizim əlimizdə bu şeirlərin
yazılması tarixi və şəraiti ilə bağlı əlavə
mənbələr yoxdur. Buna görə də,
hələlik, şairin həyatı və şəxsiyyəti,
Fəzlullahla münasibətlərini şeirlərin məzmununa
görə müəyyən etmək əsas yol olaraq
qalır. R.Əliyev yazır: "Bu oxunuşda qəribə
bir şey diqqətimizi cəlb etdi: Fəzlullahın qətl
edilməsi haqda şeirlərdə ağrı və kədərlə
yanaşı, sevinc, bərat, töhfə, xoş xəbər
də var idi və böyük ehtirasla ifadə olunmuşdur. Bizə birdən aydın oldu ki, Nəsiminin Fəzlullahı
"ikinci" dəfə tapması və əlinə gətirməsi
haqda şeirlərin hamısı müəllimin qətlindən
sonra yazılıb". Ümumiyyətlə,
tədqiqat boyu biz Nəsimi yaradıcılığında Fəzlullaha
aid bəyanların təhlilinin şahidi oluruq. İndiyədək bu qəzəllər ümumi
şəkildə təhlilə cəlb edilirdisə,
R.Əliyev konseptində Fəzlullaha, islama, hürufizmə aid
şifrələr açılır. Tədqiqatçı
Nəsiminin bəyan şeirlərindəki ziddiyyət və
inkarlara da münasibət bildirir.
Rəhim Əliyev hürufilərin Allah
ehkamını açan, insan haqda ehkam sırasını
açan şeirlərini də təhlilə cəlb edir. Fəzlullahın
təkallahlıq dinləri birləşdirmək layihəsi ilə
bağlı araşdırmaları da yeniliyi və
konseptuallığı ilə diqqət çəkir. Tədqiqatçı "Cavidannamə"nin əsas
tezisi Rəbbin bəşər, insan surətində, Adəm
sifətində olmasının səbəblərini
araşdırarkən belə bir qənaətə gəlir ki,
Fəzlullah özünü Adəmin zühuru kimi sübut etmək
üçün haqq aşiqlərini inandırmalı idi ki,
Allahın fitrəti Adəmin fitrəti kimidir,
çünki Allah Adəmi öz surətində və
özünə oxşar yaratmışdır. "Cavidannamə"nin
ayrı-ayrı bablar üzərində konseptual təhlili tədqiqatçıya
hürufizmə aid bir çox kodları üzə
çıxarmağa imkan vermişdir.
Rəhim Əliyevin "nədən ənəlhəq
dedi" kitabında problemə aid olan bir çox əlavələr
də verilir. Bu əlavələr tədqiqatçının
qarşıya qoyduğu problemin aydınlaşmasında əhəmiyyətlidir.
Bu cəhətdən "Qısa hürufi terminləri
lüğəti"ni göstərmək olar. Belə ki,
burada tədqiqatçı həm Nəsimi
yaradıcılığında, həm hürufilikdə, həm
də "Cavidannamə"də olan əsas
anlayışları oxucu üçün aydın edir. Bu
anlayışların işığa çıxması nəticəsində
problemin daha dərindən dərk olunması üçün
imkanlar yaranır.
Vaxtilə mətbuatda çap etdirdiyi "Fatih
Usluərin "Hürufilik" kitabı haqda",
"Cavidannamə"nin türkcəyə tərcüməsi",
"Nəsimi və türkdilli hürufilik" məqalələrinin
buraya əlavə edilməsi problemi hərtərəfli təqdim
etmək məqsədilə edilir. Bu araşdırmalar
kitabın əsas tezisini daha da zənginləşdirir və
görümlü edir. Türkiyə
araşdırıcısı Fatih Usluərin
araşdırması son yüzillikdə hürufizmin yeni
istiqamətdə araşdırılmasının ən
yaxşı nümunəsi kimi çox doğru olaraq tədqiqatçının
diqqətini çəkir. "Cavidannamə"nin türkcəyə
ilk dəfə Fatih Usluər tərəfindən
çevrildiyini nəzərə almış olsaq, mənzərə
daha da aydınlaşmış olar. Bu araşdırmaları
ilə Rəhim Əliyev nəsimişünaslığın
coğrafiyasını genişləndirir. Tədqiqatçının
bu araşdırmaları kontekstində milli nəsimişünaslığımızın
əhatə dairəsi genişlənir, problematikasını dərinləşir
və mahiyyətə nüfuz edir. Faktlar və yeni
yanaşmalarla zəngin olan monoqrafiya inanıram ki, nəsimişünaslar
tərəfindən dəyərləndiriləcək, ali məktəblərdə
xüsusi kursların tədrisində
geniş istifadə ediləcək.
P.S. Məqalə hazır olarkən
mətbuatda görkəmli ədəbiyyatşünas Rəhim
Əliyevin anadan olmasının 70 illiyi ilə bağlı bir
məlumata rast gəldim. Ədəbiyyatımızın həm
müasir mərhələsi, həm nəzəri problemləri,
həm də hürufizm və nəsimişünaslıqla
bağlı fundamental araşdırmalar müəllifini bu münasibətlə
təbrik edir, həyatda can sağlığı,
yaradıcılığında uğurlar diləyirəm.
Bədirxan Əhmədlinin
525- ci qəzet.- 2020.-
22 oktyabr.