Öz ayağınla gəl!..
Baş
leytenant Fərrux cəbhəyə yeni gələn əsgərləri
bir-bir nəzərdən keçirir, tanış olmağa
çalışırdı. Başının ortasında bir
topa saçı qızılı-sarı rəngə
boyanmış qarayanız dəliqanlıya növbə
çatdıqda baş leytenant soruşdu:
- Adın
nədir, oğlum, sənin?
- Əli,
komandirim.
-
Haralısan, Əli?
- Tokat Ziləli,
komandirim (Tokat Zilə Türkiyənin Qaradəniz bölgəsində
bir vilayətdir).
-
Yaxşı, əsgər, bəs bu başındakı nədir?
- Əsgər
gələndə anam xına
yaxdı, komandirim.
-
Yaxşı, Xınalı Əli! Elə olsun.
O gündən
sonra ziləli gənc igidin adı "Xınalı
Əli" qaldı. Komandirləri, yoldaşları tez-tez
xınalı saçından dolayı onunla
zarafatlaşırdılar.
Əli
qısa zamanda özünü hər kəsə sevdirdi. Cana
yaxın, cəsur bir əsgər idi.
Bir
gün Əli kəndə, anasına məktub yazmaq istədi.
Amma oxuyub-yazmaq bilmədiyindən Xınalının dediklərini
kağıza bir əsgər bir yoldaşı
köçürdü:
"Qiymətli
atam, necəsən, yaxşısanmı? Yaxşı olmanı
Allahdan niyaz edir, əllərindən öpürəm. Qiymətli
anam, necəsən, yaxşısanmı? Yaxşı olmanı
Allahdan niyaz edir, əllərindən öpürəm".
Xınalı Əli sonra böyük bacısını
soruşdu, əllərindən öpdü, özündən
bir yaş balaca qardaşını soruşdu, gözlərindən
öpdü. Xınalı quzusunu, ağca
öküzünü də soruşdu. "Məmləkətdən
nigaran qalmayın. Türk əsgəri
burada növbədədir. Düşmən bir addım belə
irəliləyə bilməz. Əllərinizdən
öpürəm, cavabınızı gözləyirəm",
- deyib tamamlanmış məktubun altından bir də belə
qeyd əlavə elədi:
"Balaca
qardaşım Məhmət tezliklə əsgər
ocağına gedəcək. Mabadə anam onun da başına
xına yaxsın. Dəstəmizdə komandirlərim də,
yoldaşlarım da buna görə mənimlə çox
zarafatlaşırlar".
Bir-iki
gün sonra ingilis donanması qəti nəticə almaq
ümidilə Geliboluya yollandı (Türkiyənin Marmara
bölgəsində bir vilayət). Döyüş xəttindəki
Məhmətcik-əsgərlər aslanlar kimi
döyüşdü, sayca qat-qat üstün olan düşmən
qarşısında canını verdi, lakin bir qarış belə
geri çəkilmədi, minlərcə şəhid verdi.
Köməyə dəstələr göndərildi, lakin onlar
da qırıldı.
Növbə
baş leytenant Fərruxun hələ təlimini
tamamlamamış yeni əsgərlərdən ibarət
bölüyünə gəlməkdə idi. Baş leytenant əsgərinin
hələ qızğın döyüşə hazır
olmadığını bilirdi. Onları ön cəbhəyə
göndərmək - ölümə göndərmək demək
idi. Gözünə yuxu girmirdi, bölüyünə
"İrəli!" əmrini verə bilmirdi.
Amma
Xınalı Əli və yoldaşları onu razı
saldılar. "Komandirim, biz artıq aslan kimi əsgərlər
olduq. Vətən
üçün ölməyə hazırıq, siz narahat
olmayın!" - dedilər.
Cəbhə
komandirindən də əmr gəldikdə, baş leytenant
çarəsiz halda əsgərlərinə "İrəli!"
əmrini verdi.
Döyüşdə
Xınalı Əlinin dəstəsindən sağ qalan
olmadı. Aslanlar kimi döyüşdülər, Vətən
üçün can verdilər. Əli də şəhidlər
arasında idi.
Elə o
günlərdə Tokat Zilədən Xınalı Əliyə
cavab məktubu gəldi.
Komandirləri
məktubu Xınalı Əlinin məzarı başında
açıb, ağlayaraq oxudular.
Salam
verib, gözlərindən öpdükdən, hər kəsdən
tək-tək xəbər verdikdən sonra, atası ağca
öküzünü satdığını söyləyirdi
oğluna. Artıq qara boyunduruğu atası özü çəkirmiş.
"Sənin və səndən sonra əsgərə gedən
qardaşın Məhmətin xərcliyi olsun deyə. Zatən,
bir qızla iki qocanın yediyi nədir ki" - deyə
oğlunu sakitləşdirirdi.
Hər kəsin
salamını söylədikdən sonra, "Bax, sənə
ananın da deyəcəyi var", - deyə atası
sözü Əlinin anasına verir. Məktub anasının
bu sözlərilə tamamlanır:
"Gözəl
oğlum, gözümün bəbəyi oğlum. Komandirlərin,
əsgər yoldaşların başındakı xınaya
güldü, deyirsən. Qardaşım Məhmətin nəbadə
başına xına yaxıb əsgərliyə göndərmə,
deyirsən. Məhmətin də saçına, sənin kimi
xına yaxıb yola saldım. İndi komandirlərinə de
ki, sənə və Məhmətimə lağ etməsinlər.
De ki, bizdə analar üç şeydə xına yaxarlar.
Birincisi, gəlin gedən qızlara yaxarlar ki, ailəsinə,
balalarına qurban olsun deyə. İkincisi, qurbanlıq
qoça yaxarlar ki, Allahına qurban olsun deyə. Bir də əsgərliyə
gedən igidlərə yaxarlar ki, Vətənə, Millətə
qurban olsun deyə.
Sağlıqla
qal, igid oğlum, Allaha əmanət ol!"
Bu,
yüz il əvvəl Çanaqqala döyüşlərində
şəhid olan əsgərin hekayəsidir. Deyilənə
görə, bu məktubun əsli Türkiyənin
Çanaqqala muzeyindədir. Hətta elə olmasa belə, nə
fərqi var. Onsuz da neçə Xınalı Əlilərin məktubları
qəlbimizdə, yaddaşımızdadır. Olacaq da. Məktublar
cürbəcür olur. Amma bəlkə də, ən qiymətlisi
əsgər məktublarıdır; istər Türkiyənin məhmətçiyinin
- Xınalı Əlisinin, istərsə də Azərbaycan əsgərlərinin
- Xınalı Əlilərinki
olsun. Nə fərqi var, onu yazan əsgərin hansı boydan
olduğunun. Əsas nər olduğunu, ər olduğunu bu
gün də dünyaya sübut etdi Azərbaycan əsgəri,
Türk əsgəri!
Türk
boyundan olmayanlar igidlərimiz də var. Suyundan içib,
torpağını öpüb, bu vətəndən olan, bu
torpaqda doğulan, digər xalqların igid, ər balaları
var. Gün bu gündür! - deyib, el birliyilə
döyüşə yollandılar, günlərdir canıyla,
qanıyla vuruşurlar, şəhid olurlar.
Bəli,
gün bu gün imiş. Bu günlərdən imiş. Qələbə!
Şücaət! Vida! Vüsal! Gözlər bir anda neçə
hala ağlayarmış. Sevincdən ağlayar, kədərdən
ağlayar. Necə ki, bu bir aya yaxın günlərin hər
gününü həm sevincdən, həm kədərdən
ağlayırıq. Bu onilliklərin göz yaşı, səbri,
şücaəti nə çox
yığılıbmış... Amma artıq tab gətirmədi.
Nə yaxşı ki, daşdı, coşdu. Haydı, Azərbaycan
əsgərləri - Xınalı Əlilər! Haydı, irəli!
- dedi. Sizi susdurmaq istəyənlərin, zəifdir deyənlərin
həddini bildirmək zamanı gəldi, - dedi.
Analar
günlərdir üzünü göylərə tutub: Əsmə
külək! Qar, yağış, yağma! Balam
üşüməsin, əli-ayağı donmasın! Duman,
çən, enməyin dağlardan. Balamın gözünə
pərdə çəkilməsin ki, düşmənə həddini
bildirsin - dedi.
Sonra bir
atayla anaya oğlundan xəbər gəldi. Gözün
aydın, ata! Gözün aydın, ana! Mən gəlirəm!
Amma ayaqlarım üstdə yox, dostlarımın başı
üstdə gəlirəm! Bayrağımı sinəmə
örtüb gəlirəm! Siz mənim üçün
ağlamayın! - dedi. Ana gözünün yaşını
bir nəfəsdə içinə axıtdı. Ürəyinin
dağına əlilə köz basdı. Qəlbinin acısıyla
saçlarına ömürlük ağ boya çəkdi.
Atanın beli büküldü. Amma qamətini var gücülə
dikəltdi. Ağlamasın deyə dilini, dodağını
sıxdı. Özlərini tox tutdular. Balalarının ruhu
üzülməsin deyə! Düşmən sevinməsin deyə!
Amma hər gecə xəlvətdə ana "lay-lay balam,
lay-lay" - deyə nənni oxudu. Ata kiçildi-kiçildi,
yumağa döndü - hər səhər
açılıncaya qədər. son nəfəsləri gəlincəyə
qədər, övladlarına qovuşuncaya qədər...
Onu gətirən
dostları geri qayıtdı. Qanını yerdə qoymamaq
üçün. Kimisi onun kimi şəhid oldu, kimisi
düşmən mərmisindən yaralandı. Hətta o
çətin vəziyyətlərilə belə, ayağa
qalxıb, yenidən döyüşə yollanmaq istədilər.
Kimilərsə hələ də odun, atəşin içində
düşmənə meydan oxuyur.
Xınalı
quzular, Xınalı Əlilər, biz sizinləyik! Nəinki
bütün Azərbaycan xalqı, hətta illərdir bu
günü sizdən də çox gözləyən əsgərindən
zabitinə, körpəsindən qocasına, jurnalistindən məmuruna
qədər bütün şəhidlərimizin ruhlarından
toplanan ordusu sizinlədir; sizinlə vuruşur, sizinlə hər
qələbənizə sevinir, hər şəhidə
sarılıb, vardığı ən uca mənzilinə "Xoş gəldin!" - deyir.
Zəfərlə
gəl, Azərbaycan əsgəri! Zəfərlə gəl ki,
anan əllərinə sevincdən xına yaxsın! Atanın
ürəyi atlansın, günlərdir içində
boğduğu nəfəsini dərindən ala bilsin! Sənin
eşqinə qurban dediyi xınalı qoçları kəssin!
Öz ayağınla gəl! Gəl ki, anan sənə yox,
beşikdə doğulan balalarına nənnilər oxusun! Gəl
ki, sən atanın çiynində yox, atan sənin
çiynində zamanı çatdığında son mənzilinə
yola düşsün!
Sağlıqla qal! Allaha
əmanət ol, Azərbaycan əsgəri!
Fidan Malik
525-ci qəzet.- 2020.-
23 oktyabr.- S.10.