Tarixi dəyişən günlər.
Azərbaycanın ən yeni tarixində 27 sentyabr 2020-ci ilin
xüsusi yeri olacağı artıq hamı tərəfindən
qəbul edilən bir həqiqətdir.
Azərbaycan məhz həmin gündən etibarən 28
ildən artıq bir müddətdə Ermənistan
Respublikası silahlı qüvvələrinin
işğalı altında olan tarixi torpaqlarını azad etməyə
başlayıb. Qısa zaman kəsiyində Azərbaycan Ordusu erməni
vandalizminin bütün dəhşətlərini
yaşamış ərazilərimizdən Cəbrayıl və
Füzuli şəhərləri ilə bərabər, bu
rayonların demək olar ki, əksər kəndlərini,
Hadrut qəsəbəsini, Xocavəndin rayon mərkəzini və
bir sıra kəndlərini, Murov da daxil olmaqla neçə
strateji yüksəkliyi düşmən tapdağından
qurtarıb. Ağır döyüşlərdə
düşmənə sarsıdıcı zərbələr
vuran Ordumuz, qəhrəman əsgər və zabitlərimiz əzəli
və əbədi yurdlarımız olan həmin ərazilərdə
şanlı Azərbaycan bayrağını şərəflə
dalğalandırıblar.
Cəbrayıl,
Hadrut, Füzuli istiqamətlərində düşmənin
keçilməz hesab etdiyi müdafiə istehkamlarının
darmadağın edilərək, ermənilərin böyük
itki verərək geri sıxışdırılması, daha
doğrusu, dabanlarına tüpürərək
qaçmaları Azərbaycan Ordusunun böyük Qələbəsi
və növbəti qələbələrin müjdəsi
idi. Bu, eləcə də ondan əvvəlki və
sonrakı Qələbələrdə payı olanlar
dünyanın ən xoşbəxt insanlarıdır.
20 oktyabr 2020-ci ildə qurtuluş növbəsi Zəngilan
şəhərinə və rayonun 6 kəndinə də
çatdı.
Mənim üçün də doğma olan, ata, ana yurdum 27
ilin işğal əzabından qurtularaq öz
azadlığına qovuşdu! Ali Baş
Komandanın növbəti tapşırığını da
şərəflə yerinə yetirən Azərbaycan əsgəri
qürurla məruzə etdi və üç rəngli
bayrağımızı Zəngilan səmasında da
dalğalandırdı. Həmin an son
27 ildə qəlbində yaşatdığı dərd
yüküdən bir az da qurtulan Vətənin qəddi Zəngilan
boyda dikəldi. Təəssüf ki, təqribən 10 gün əvvəl
Tanrının rəhmətinə qovuşmuş anam və
minlərlə ata-analar, baba-nənələr az qala 3 onillik ərzində
həsrətlə gözlədikləri günləri,
torpaqlarımızın işğaldan azad olunmasını
görmədilər. Buna üzülsək də,
ruhlarının artıq şad olması, o yerlərdə bizləri
gözlədiyi ilə təsəlli tapırıq.
Anam da 27 il Zəngilan həsrəti, ata yurduna
qayıdacağı günün arzusu ilə
yaşamışdı. Ordumuzun sentyabrın 27-dən
başlayan zəfər yürüşündən,
torpaqlarımızın erməni işğalından azad edilməsindən
yaman ümidlənmişdi. İstəkli nəvəsi
könüllü cəbhəyə getmiş Emin "Nənə,
sizin kəndə az qalıb, tezliklə
bütün rayonu alacağıq, səni o yerlərə
özüm aparacam" demişdi. Ölümündən
bir gün qabaq hələ huşu özündə ikən yenə
"Zəngilan alındı", deyə ümidlə
soruşmuşdu. "Lap az qalıb", dedik.
Ömür vəfa etmədi. İndi anam da doğma
ruhlarla birlikdə bizim qədim yurdlara, azad olunmuş torpaqlara
qayıdacağımız günü gözləyir.
Anam kimi Kəlbəcərdə, Qubadlıda, Laçında,
Şuşada, Ağdamda minlərlə ata-anaların narahat
ruhlarının da bu üzüntüdən tezliklə
qurtaracağına tam inanırıq! Onlar yalnız
övladlarının doğma yerlərə qayıdıb qədim
ocaqlara bir də çatmasından sonra rahat olacaqlar!
Nə gizlədim, Ali Baş Komandan azad olunmuş
yaşayış məntəqələrimiz arasında Zəngilanın
adını çəkəndə çox təsirləndim,
sevincdən göz yaşımı saxlaya bilmədim. Anamın
itkisindən nə qədər üzülsəm də,
göz yaşlarımı qəlbimə sıxmağı
bacarmışdım. Yəqin milyonlarla azərbaycanlı
kimi anam da öz anası bildiyi Vətənin qurtuluş xəbərindən
belə təsirlənməyimi anlayışla
qarşılayardı. Bir də
bütün analar övladlarına yalnız sevinc göz
yaşı arzulamırmı?!
Cəbrayılın,
Füzulinin, Zəngilanın alınması bir çox tərəfləri
ilə yanaşı, Azərbaycan üçün həm də
düşmənin illər ərzində müxtəlif məqsədlərlə
istifadə etdiyi cənub sərhədlərimizin onun
üzünə əbədi bağlanması baxımından
da əhəmiyyətlidir.
Son günlər Azərbaycanın dünyaya qəbul
etdirməyi bacardığı bir həqiqət də var. Azərbaycan
xalqı, Azərbaycanın dövlət
başçısı, Azərbaycan Ordusu tarix yazır. Yüz ildən
artıq bir müddətdə ilk dəfədir ki, ermənilərin
Azərbaycandan növbəti torpaqları qoparmaq planları
baş tutmur. Ermənistan, dünya erməniliyi
üçün sarsıdıcı olan bu acı həqiqət,
məğlubiyyətin qaçılmazlığı onun
işğalçılıq planlarına cani dildən hamilik
edənləri də ciddi narahat edib. Bütün
vasitələrlə Ordumuzun işğal altındakı
torpaqlarımızın qurtuluşu naminə
başladığı Qələbə
yürüşünü durdurmağa
çalışırlar. Bütün bu təzyiq və
təhdidlərin qarşısında Azərbaycan Qardaş
Türkiyənin və onun haqq işinə mənəvi
güc qatan ədalətli dost dövlətlərin mənəvi
dəstəyi ilə mətanətlə, vüqarla duruş gətirir
və sonadək də gətirəcək! Atalarımız
nahaq deməyib ki, "vur deməklə, vurmaq
yarıdır". Bizə "vur!"
deyənlər Azərbaycanın haqlı olduğunu bilirlər
və onlar haqqın, ədalətin səfində yer
alanlardır. Çünki Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində
və onun ətrafında yerləşən, Ermənistan tərəfindən
28 ildən artıq müddətdə işğal altında
saxlanılan 7 rayonunda istənilən xarakterli əməliyyat
aparması müstəqil dövlət kimi haqqıdır. Bunu BMT və çoxsaylı beynəlxalq təşkilatlar
da qəbul edirlər, bu gün sussalar da. Yeri gəlmişkən,
Böyük Britaniya Parlamentinin Nümayəndələr və
Lordlar palataları da Ermənistana Azərbaycanın tarixi
torpaqlarının işğal altında
saxlanılmasının tam qanunsuz olması və bu əməllərdən
çəkinməsi, 27 sentyabrdan regionda hər gün artan gərginliyin
birbaşa səbəbkarı kimi, Azərbaycan ərazilərini
qeyd-şərtsiz boşaltması ilə bağlı
çağırış edib.
Azərbaycan əsgərinin addım səsləri
düşməni vahiməyə salır və hələ
çox vahimə salacaq. Bu addım səslərinə təşnə
qalmış yurd yerlərinə son baharda ilk bahar ovqatı gəlir.
Ən başlıcası məğlubiyyət
sindromundan qurtarmış Azərbaycan insanı sanki yenidən
doğulur, Qalib xalq, Qalib vətəndaş ovqatı onu tamam dəyişdirir,
qürurunu, özünə inamını, öz haqqına
sahib çıxmaq əzmini geri qaytarır. Qalib əsgərin, Qalib xalqın
qarşısında heç bir düşmənin tab gətirməyəcəyi,
nə qədər gec deyil, heç vaxt onun olmamış və
olmayacaq torpaqlardan getmək məcburiyyətində
qalacağına kimsə şübhə edə bilməz.
Bunun əksini düşünənlər əzəli
Azərbaycan ərazilərində yalnız öz ölümlərini
tapa bilərlər. Ermənilər gərək
bunu Tovuzda törətdikləri təxribatların
qarşısının alındığı günlərdə
on minlərcə Azərbaycan oğlunun və
qızının könüllü surətdə cəbhəyə
getmək istəyi ilə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinə israrla müraciət etdikləri günlərdə
başa düşərdilər. Heç olmasa,
özü ehtiyac içində olmasına baxmayaraq, Şəki
şəhərində yerləşən ASAN Xidmətə gəlib
230 manatlıq pensiyasının 180 manatını Silahlı
Qüvvələrə Yardım Fonduna köçürən
ağsaqqal Hikmət Musayev kimi fədakar insanlarımızı
görəndə ağılları başlarına gəlməli
idi. Gəlmədi və həqiqətən,
layiq olduqları cəzanı çəkməkdədirlər
və sonadak də çəkməlidirlər.
Ancaq hələ
də gec deyil, ermənilərin onları vərdiş etdikləri
yalanlarla sakitləşdirməyə, məğlubedilməzlik,
yenilməzlik mifləri ilə bəzədilmiş
ordularının darmadağın olunmasını gizlətməyə
çalışan rəhbərlərinə yeganə
düzgün cavabları bir nəfər kimi silahı yerə
qoymaları, ağ bayraq qaldıraraq Azərbaycan
torpaqlarını tərk etmələr ola bilər. Çünki onlar da gözəl bilirlər ki, Azərbaycanın
yeganə məqsədi öz ərazilərini Ermənistanın
silahlı qüvvə adı ilə Dağlıq Qarabağda
və işğal altında olan ətraf rayonlarımızda
yerləşdirdiyi quldur və terrorçu dəstələrdən
tamamilə təmizləməkdir. Azərbaycan
əsgəri Vətəndə Vətənin qurtuluş
uğrunda döyüşür. Onun məramı
aydın və ədalətli, missiyası müqəddəsdir.
Ermənistan isə həmişə olduğu
kimi, yenə də öz terrorçu mahiyyətinə sadiqdir.
Dünya da görür ki, son günlər Azərbaycanın
Gəncə kimi yarım milyondan artıq sakini olan şəhərini
və bir neçə böyük yaşayış məntəqəsini
öz ərazisindən atdığı raket zərbələrinə
məruz qoyan, dinc sakinləri, uşaq və qadınları
gecə vaxtı öz mənzilində qətlə yetirən,
bununla hərbi cinayətlər törədən Ermənistanın
növbəti təxribatları da heç bir nəticə
vermir və verməyəcək. Ermənilərin
barışıq, yaxud atəşkəs
yalvarışlarına gəlincə isə, yüz ildən
artıq hamıya yaxşı məlum olan bir həqiqəti
bir daha qeyd etmək yerinə düşərdi. Ermənilər
heç vaxt öz vədlərinə əməl etməyiblər
və bu razılaşmalardan həmişə kəmfürsətliklə
istifadə edərək, növbəti azərbaycanlı
qırğınları törədidib, yeni ərazilərimizi
ələ keçiriblər.
Yeri gəlmişkən, daha bir məsələ
barəsində. Azərbaycanın 1991-ci ildən etibarən
apardığı müharibənin, hərbi əməliyyatların,
bir sözlə, irili-xırdalı bütün
döyüşlərin adı Qarabağ, Vətən
müharibəsidir. Bu müharibə 30 ilə yaxındır
ki, davam edir və inşallah, lap yaxınlarda Azərbaycanın
tam Qələbəsi ilə başa çatacaq. Azərbaycan
bayrağı Şuşada, Xankəndində dalğalanacaq.
Qarabağ müharibəsinə gəlincə, onun nə
1-cisi, nə də 2-cisi yoxdur ki, ermənilər özlərini
birinci müharibənin qalibi saysınlar. Qarabağ,
Vətən müharibəsinə bu adları əlavə edənlərin
də bu məqamı nəzərə alıb, öz
yanlışlarını düzəltmələri doğru
olardı. Dünya tarixində 30 illik, 100 illik müharibə təcrübələri
var və həmin xalqlar bu müharibələri hansısa
süni mərhələlərə bölməyiblər. Bizim haqq işimiz uğrunda apardığımız
müharibənin də bir adı var - Qarabağ. Bunun yeganə
alternativi Vətən müharibəsidir və Vətən bu
gün onun bütövlüyünü özünə
qaytaranlarla qürur duyur, bu müqəddəs amal uğrunda
şəhid olanlara Tanrıdan rəhmət diləyir.
Azərbaycan Ordusuna, Azərbaycan xalqına
yalnız Qələbə yaraşır!
Lətif Şüküroqlu
525-ci qəzet.- 2020.-
23 oktyabr.- S.11.