"Erməni faşizmi yırtıcı xislətli, ilan təbiətlidir"

 

"BUNA GÖRƏ GƏLƏCƏKDƏ DƏ ONLARA QARŞI AYIQ-SAYIQ OLMALIYIQ"

 

Müsahibimiz - yazıçı-publisist, ictimai xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranla da bu mövzuda söhbətləşdik.

 

***

 

- Səyyad müəllim, Azərbaycandakı mövcud vəziyyəti, əhval-ruhiyyəni necə qiymətləndirərdiniz?

 

- Azərbaycan tarix ərzində, bəlkə də, özünün ən şanlı, şöhrətli səhifələrini yazır. Biz artıq məğlub xalqdan qalib xalqa çevrilirik. Ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün dünya səviyyəsində böyük lider olaraq tanınır. Rusiya, Türkiyə, Fransa, Yaponiya, eləcə də ingilisdilli telekanallara verdiyi müsahibələrdə onu həm milli lider, həm son dərəcə iti məntiqə, dünyagörüşünə malik prezident, həm də öz xalqının ədəbiyyatından, folklorundan, milli-mənəvi dəyərlərindən köklü şəkildə bəhrələnən, istifadə edən ölkə başçısı kimi görürük. O, xalqın 30 ildən bəri yaşayan arzusunu bir anın içərisində gerçəkləşdirməyə başladı. Amma bu qələbəyə, bu nəticəyə birdən-birə deyil, illərlə formalaşdıraraq, atasından qalma siyasi məktəbdən bəhrələnərək gəldi. O, müasir siyasi prosesləri dərindən bildiyini, izlədiyini və mükəmməl analiz etdiyini sübut etdi.

 

İndi onun xalq danışığından, folklorundan bəhrələnərək söylədiyi sözlər cəmiyyətdə zərbi-məsəl, atalar sözü kimi işlənir. Bu, rəhbərin millətinə nə qədər yaxın və doğma olduğunun göstəricisi, eyni zamanda, millətin də öz rəhbərini necə ürəkdən sevməsinin parlaq ifadəsidir.

 

İllər uzunu Azərbaycanın başına çox oyunlar gəlib. Mənim belə bir qənaətim var ki, qəribədir, Səhl Sunbatdan üzü bəri 1300 ildir, eyni yerdə yıxılmışıq. Nədə? Erməni məsələsində. Xalqımızın gözəl bir ifadəsi var: kor eyni yerdə iki dəfə yıxılar. 1300 ildir ki, biz eyni çuxurda az qala iki min dəfə yıxılmışıq, amma yenə də düşünürük ki, yox, bəlkə düzəldilər. Tarix və erməni isə hər dəfə sübut edir ki, düzəlmir. Onlar əsrlər boyu Azərbaycan xalqına qarşı dəfələrlə simasız hərəkətlər edib, arxadan vurublar.

 

Məsələn, Andranik Türkiyədə general rütbəsinə qədər qalxmışdı. Amma Birinci Dünya müharibəsində türklərə xəyanət elədi. Türklər öz adətlərinə görə onu öldürmədilər, ən alçaq cəza verib qulağını kəsdilər. Yəni bundan o tərəfə təhqir yox idi. Amma o  qədər "qırmızısifət" millətdir ki, o, bununla ağıllanmadı, gəlib Qarabağda, Naxçıvanda, İranda azərbaycanlıların kütləvi qırğınını təşkil etdi. Ermənilər dəfələrlə azərbaycanılara qarşı ən vəhşi hərəkətlərlə soyqırımlar törədiblər.

 

Təsadüfi deyil ki, Zori Balayan Xocalıyla bağlı xatirələrində divara mıxlanmış azərbaycanlı uşağın dərisini soymağı və ölümünü izləməyini həzlə yazır. Adətən, ziyalı, yazıçı xarakter etibariylə daha humanist, ürəyiyumşaq olar. Bir millətin ki, ziyalısı, yazıçısı bu qədər qəddar, qaniçəndirsə, bu xalqla heç zaman yola getmək mümkün olmaz.

 

- Bəzi liberallar, humanistlər ermənilərlə barışığa səsləyir, daha düzəldiklərini, tarixdən dərs aldıqlarını deyirlər. Sizcə, bu, mümkündürmü?

 

- Bir vətəndaş olaraq, deyirəm ki, erməniylə yenidən o cür səmimi münasibətdə yaşamaq qətiyyən mümkün deyil. Bu şansın üstündən onlar özləri birmənalı şəkildə xətt çəkdilər. Onlar Qarabağ müharibəsində insanlarımızın başına nə oyunlar açdılar?! Neyləmişdilər ki, günahı nə idi onların? Sokratın dediyini əsasən qəbul edirəm ki, dünyada pis millət yoxdur, pis insan var. Ancaq məsələ burasındadır ki, ermənilərdə balans dəhşətli dərəcədə pisə doğru pozulub. Onlarda pis düşünən, pis xislətə malik insanlar həddindən artıqdır.

 

Bizdə deməzlər, "erməni yaxşıdır", deyərlər ki, "bu erməni o ermənidən yaxşıdır". Dəhşətə gəlirəm ki, qarşısındakını bu dərəcədə tanıyan, onlar haqqında doğru-düzgün qənaətə gəlmiş insanlarımız niyə yenə də səhv edirlər?

 

- Erməni təkcə bizə deyil, dünyaya qarşı da hər zaman satqın olub. Bəs dünya niyə yenə də erməninin tərəfini saxlayır?

 

- Qəribədir ki, nə vaxt türklərlə ermənilərin mübarizəsi olsa, dünya dövlətləri həmişə erməninin tərəfini saxlayır. Dünyada erməni soyqırımıyla bağlı mif yaranıb. Guya 24 apreldə türklər ermənilərə qarşı soyqırım ediblər. Halbuki onların türklərə xəyanətinə, rus çar ordusundan silah alıb türklərə qarşı vuruşmasına görə türk sultanı 24 apreldə fərman verdi ki, ermənilər Osmanlının mərkəzinə doğru çəkilsin və ya əli qana bulanmış adamlar bu ərazilərdən deportasiya olunsunlar. Həmin köçdə yolda və ya müharibədə ölənlər oldu, ermənilər bunu dünyaya erməni genosidi kimi təqdim etdilər. Onlar deyirlər ki, həmin gün milyon yarım erməni öldürülüb. Alimlər arxivləri açıb baxmırlar, 1915-ci ildə ümumiyyətlə, Türkiyədə nə qədər erməni yaşayırdı ki, bunun milyon yarımı qırıldı? Axı o qədər erməni yox idi orda. Amma erməni bu məntiqsizliyi dünyaya yayıb və həmişə də bununla nəsə qazanır, özünü olduqca fağır, məzlum göstərir, bəşəriyyəti aldadırlar və hər dəfə öz xeyirlərinə zarıya-zarıya dilənirlər.

 

Onlar o qədər həyasızdırlar ki, Xocalı soyqırımına aid şəkilləri, rəhmətlik Çingiz Mustafayevin çəkdiklərini bütün dünyaya erməni soyqırımının görüntüləri kimi yayırlar. Hələ bu günlərdə Gəncədəki terrorda yaralanan, üzündən qan axa-axa gülümsəyən dörd yaşlı balaca oğlanın şəklini paylaşıb, "erməni cocuğu barbar azərbaycanlıların vəhşiliyinə gülümsəyir və deyir ki, siz bizi bir xalq kimi məhv edə bilməzsiniz" yazıblar.

 

- Ermənilərin əlində olan Azərbaycan torpaqları Qarabağla yekunlaşmır. Bəs o biri torpaqların aqibəti necə olacaq?

 

- Azərbaycanın başına bəlaların çoxu o vaxt hakimiyyətdəkilərin ucbatından gəlib. Məsələn, 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan heç kimlə məsləhətləşmədən Mehri rayonunu Ermənistana bağışladı. Gör, dünya nə günə qalmışdı ki, Azərbaycanın başında erməni dayanırdı, o da torpaqlarımızı özünün dədə malı kimi paylayırdı. Bununla da bizim Naxçıvanla olan quru sərhəddimiz tamam kəsildi. Məkrli erməni hiyləsi bizi bir ölkə kimi paraladı və Naxçıvanı bu günə qədər bizdən ayırdı. Bu yara daim qan verdi. Sonralar Zəngəzur və Naxçıvanın da onlara verilməsi söhbəti yarandı. Amma Nəriman Nərimanov və digər ziyalılarımızın səyi nəticəsində Naxçıvan bizdə qaldı. Zəngəzuru isə mənimsədilər.

 

Biz artıq qalib xalqıq. İnşallah, yaxın günlərdə digər torpaqlarımızı da işğaldan azad edəcəyik. Dünya təcrübəsində isə qalib gələn ölkə diktə etmək hüququna malikdir. Fikrimcə, biz ən azı Naxçıvana quru yolla sərbəst gedib-gələ bilmək üçün müəyyən qədər Mehridən ərazi almalıyıq. Bu əcaib coğrafi bölgü aradan qalxmalıdır. Həm millət bunu tələb etməli, həm də əlaqədar orqanlar bu haqda düşünməlidirlər.

 

İkinci tərəfdən, qətiyyən muxtar vilayət məsələsi gündəmə gəlməməlidir. Və bu yerlərdə həm Azərbaycan ordusunun, həm də polisin sayı çox olmalı, hüquq-mühafizə orqanları o yerlərdə ciddi şəkildə möhkəmləndirilməlidirlər, xüsusən say etibarı ilə. Erməni faşizmi yırtıcı xislətli, ilan təbiətlidir. Əlinə fürsət düşən kimi heyif almağa çalışar. Buna görə gələcəkdə də onlara qarşı ayıq-sayıq olmalıyıq.

 

- Son günlərdə Ermənistan hakimiyyətinin öz daxilində də pərakəndəlik, fikir ayrılığı yaranıb. Sizcə, bu, onları hara aparır və müharibənin nəticəsinə necə təsir edəcək?

 

- Bu pərakəndəlik artıq Ermənistan hakimiyyətində siyasi krizis yaradıb. Onun əvvəlkilərlə indiki lideri arasında soyuq münasibət var. Paşinyan əslində, siyasi şizofrenikdir. Onun dövlət təcrübəsi yoxdur və hakimiyyətə küçədən gəlib. Ona qarşı xüsusən keçmiş prezidentlər - Köçəryan və Sarkisyan çox sərt mövqedədirlər. Levon Petrosyan isə hələ 1997-ci ildə demişdi ki, Dağlıq Qarabağa indi muxtariyyət verilməsi kifayətdir. İşğal edilmiş ərazilər geri qaytarılmalıdır. Biz Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlaya bilmərik. Əgər biz bunu indi eləməsək, vaxt gələcək, onların dediyi şərtlərə yalvarıb razı olacağıq. İndi onların hamısı bu sözə gəlirlər. Qarabağ klanı yenidən hakimiyyətə qayıtmaq istəyir. Onlar son dərəcə hiyləgər insanlardır. Müəyyən qurumlar və bəzi tanınmış şəxslər (bəzi dövlət başçıları da daxil) onları dəstəkləyirlər. Ancaq Ermənistan siyasəti bu gün elə bir dolanbaca girib ki, çıxış yolu yoxdur. Ordusu məhv edildi, texnikası darmadağındır. Bu gün əsgərləri, zabitləri ilk həmlədə meydandan qaçırlar. Əsgərlər qaçmasınlar deyə, topa zəncirləyirlər. Onların yüksək rütbəli zabitləri də anlayırlar ki, Azərbaycan qalib tərəfdir. Bu məğlubiyyətdən sonra onlar heç bir tələb irəli sürə bilməzlər və danışıqsız kapitulyasiyaya məhkumdurlar. Ermənistanda hakimiyyət çökür və əlbəttə, bu, bizim xeyrimizədir. Qoy, başları özlərinə qarışsın və başqasının torpağına zorla girib, oranı zəbt etməyin necə acınacaqlı nəticələrə gətirib çıxardığını anlasınlar.

 

Ermənilər hər cür vasitələrdən istifadə edərək Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Bir neçə dəfə cəhd ediblər ki, bunu dinlərarası münaqişə kimi təqdim etsinlər. Amma dünyanı aldada bilməyiblər. Onların bir sıra siyasi xadimləri bu məsələnin xristian-müsəlman müstəvisinə keçməsinə yenə də cəhd edirlər. Bu günlərdə "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan çıxışında dedi: "Gürcüstan Ermənistanla xristian həmrəyliyi nümayiş etdirə bilərdi. Emənistana qarşı satqınlıqları gələcəkdə Ukrayna və Gürcüstanın qarşısına çıxacaq". Bunlar həyasızcasına hər cür vasitədən istifadə etməyə çalışırlar. Amma heç nə alınmayacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 24 oktyabr.- S.8.